Azərbaycanın regionlarında xalçaçılığın yeni inkişaf mərhələsi başlayıb

 

Son illərdə respublikanın bölgələrində 20 xalça fabriki yaradılıb, daha 11 belə müəssisənin isə 2019-cu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub

Son illərdə Azərbaycanın bölgələrində qədim ənənələrə malik xalçaçılığın inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Maddi-texniki bazanın möhkəmləndirilməsi, xammal və boyaq maddələri ilə təchizatın gücləndirilməsi, əlverişli satış bazarlarına çıxış imkanlarının yaradılması öz növbəsində ölkə üzrə insanlarda qədim sənət növünə böyük maraq oyadıb. İndiyədək respublikanın müxtəlif bölgələrində dövlət dəstəyi ilə 20 xalça fabriki yaradılaraq istifadəyə verilib. 2019-cu ildə respublikada daha 11 xalça istehsalatının yaradılması nəzərdə tutulub. Bundan başqa, ölkədə 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin, həmçinin Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq Fabrikinin tikintisi davam etdirilir.

“Azərxalça” respublikanın bölgələrində özünün filial şəbəkəsini genişləndirməkdə davam edir

Artıq tarixə dönən 2018-ci il “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) kollektivi üçün bir sıra uğurlu göstəricilərlə yadda qalıb. İlk nöbədə onu vurğulamaq lazımdır ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq ötən il ASC-nin daha 10 filialı üçün münasib binalar tikilib. Həmin filiallardan Lənkərandakı xalça istehsalı emalatxanası dövlət başçısının iştirakı ilə istifadəyə verilib. 2018-ci ildə Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Qobustan, Şabran, Kürdəmir, Goranboy, Tərtər rayonlarında, Biləsuvar rayonunun ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün yaradılan filial binalarında işlər tamamlanıb. Ötən il yaradılan filialların 9-da artıq xalça toxunmasına başlanılıb. Bəhs olunan filialların hər birində 150 toxucu, 14 inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək.

Ölkə ərazisində “Azərxalça”nın filial şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Prezident İlham Əliyevin 27 avqust 2018-ci il tarixli Sərəncamı ilə İsmayıllı rayonunda yeni xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı, eləcə də müvafiq infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2,4 milyon manat vəsait ayrılıb. Bəhs olunan filialda tikinti işlərinin 2019-cu ilin aprel ayına qədər başa çatdırılması nəzərdə tutulub. Bütövlükdə cari ilin sonuna qədər ASC-nin bütün filiallarının yaradılması prosesi başa çatdırıldıqdan sonra “Azərxalça”nın emalatxanalarında 5000-dən çox insan çalışacaq.

2018-ci ildə “Azərxalça” ASC üzrə istehsal göstəriciləri kifayət qədər yüksək olub

2018-ci ildə “Azərxalça” ASC üzrə istehsal göstəriciləri kifayət qədər yüksək olub. Belə ki, ötən il “Azərxalça”nın fəaliyyət göstərən 11 filialında 1456 ədəd, ümumilikdə 5049,23 kvadratmetr xalça toxunub.

“Azərxalça” ASC-nin ayrı-ayrı filiallarının uğurları barədə də geniş söhbət açmaq mümkündür. 2017-ci ilin sonlarında fəaliyyətə başlayan Ağstafa filialında 100 nəfərə yaxın toxucu çalışır. Ötən il filialda 557,36 kvadratmetr həcmində 133 xalça toxunub. Burada, əsasən, Qazax-Borçalı qrupu xalçalarının toxunmasına üstünlük verilir. Filialın direktoru Raya Eyyubova deyib ki, kollektiv bu xalçaların şöhrətini özünə qaytarmaq üçün səylə çalışır. Məqsəd məşhur Qazax-Borçalı xalçalarının yeni nümunələrini yaratmaqdır. Filialın direktoru bildirib ki, toxucular keyfiyyət amilinə ciddi diqqət yetirirlər. Onlar hər bir ilməni elə vururlar ki, sanki öz evlərinə xalça, doğmalarına cehizlik toxuyurlar.

“Azərxalça”nın digər filialları kimi, Ağstafadakı xalça istehsalı emalatxanasında da çalışanların çoxu gənclərdir. Onlar “Azərxalça”nın təşkil etdiyi tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Gənc toxucu Lətifə Vəliyeva xalçaçı olmaqdan məmnundur və onlar üçün yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirir. Ağstafada xalça istehsalı emalatxanasının yaradılmasının onun kimi xalçaçılığa marağı olan gəncləri çox sevindirdiyini deyən L.Vəliyeva vurğulayıb: “Bu filial bizim üçün həm iş yeridir, həm də milli dəyərimiz olan xalçaçılığı yaşatmaq ünvanıdır. Filialdakı gənclərin toxuduğu xalçaları mütəxəssislər yüksək qiymətləndirirlər. Deməli, tədris-hazırlıq kursunda xalçaçılığın sirlərini bizə yaxşı öyrədiblər. Biz gənc toxucular öz üzərimizdə daim işləyirik, həm nəzəri biliklərimizi, həm də praktiki vərdişlərimizi artırmağa çalışırıq. Filialımızda çalışan təcrübəli toxucular gənclərin sənətin sirlərinə daha dərindən yiyələnmələri üçün əllərindən gələni əsirgəmirlər”.

“Azərxalça” ASC-nin bir il bundan əvvəl fəaliyyətə başlayan Quba filialında indiyədək 365 kvadratmetr olmaqla, 130 ədəd xalça toxunub. Müəssisədə yüzə yaxın xalçaçı işlə təmin olunub. Filialın direktoru Nəzakət Novruzova qeyd edib ki, burada çalışan xalçaçılar Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridirlər. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər.

Hazır olan xalçalar Quba, Şirvan və Qarabağ çeşniləri əsasında toxunub. Hər bir xalçanın üzərində çeşnilərin adı və “Azərbaycan” yazısı qeyd olunub. Bu da qədim sənətkarlıq nümunələrinin müəllif hüququnun qorunmasına, eyni zamanda, Azərbaycan incəsənətinin dünyaya tanıdılmasına xidmət edir.

Naxçıvanda müvafiq Dövlət Proqramının icrası uğurla təmin edilir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bölgədə xalçaçılıq sənətinin inkişafı istiqamətində görülən işləri daha da sürətləndirib, xalçaçılıq ənənələrinin dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar açıb.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dövlət proqramında milli xalçaçılıq ənənələrinin qorunması və inkişaf etdirilməsi, ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi yeni vəzifələr kimi müəyyənləşdirilib. Ötən dövrdə bu istiqamətdə bir sıra təşkilati işlər görülüb, “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında milli ornamentlər əsasında, müasir bədii-estetik zövqü oxşayan müxtəlif ölçülərdə 35 xalça toxunub və dəyəri 8 min 439 manat olan 30 xalçanın satışı həyata keçirilib. Emalatxanada işə təcrübəli xalçaçılarla yanaşı, gənclər də cəlb olunublar.

Muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, kənd əhalisinin bu sənətə olan marağının artırılması məqsədilə Şərur rayonunun Cəlilkənd kəndindəki XIX əsrə aid “Buzxana” Kompleksində xalçatoxuma sahəsi fəaliyyətə başlayıb, işçilər üçün müasir iş şəraiti yaradılıb, 5 hana quraşdırılıb. “Ənənəni qoruyaq, evdə xalça toxuyaq” sosial layihəsi çərçivəsində 7 xalçaçı qadınla müqavilə bağlanıb, milli çeşnilər əsasında evlərdə xalça toxunması məqsədilə onlar material və avadanlıqlarla təmin olunublar. Bu, məşğulluğu təmin etməklə yanaşı, həm də xalçaçılıq sənətinin yaşadılması istiqamətində atılan mühüm addımlardandır.

Xalçaçılıq sahəsini inkişaf etdirmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması da davam etdirilib. Hazırda Naxçıvan şəhərində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin xalça istehsalı emalatxanasının tikintisi davam etdirilir.

“Azərxalça”nın təşkil etdiyi növbəti tədris-hazırlıq kursları başa çatıb

Regionlarda xalçaçılıq emalatxanaları yaratmaq, onları xamalla təmin etmək işin bir tərəfidir. Digər mühüm bir məsələ isə kadr hazırlığı ilə bağlıdır. Toxucu kadrların hazırlanması üçün “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti filialların yaradıldığı şəhər və rayonlarda tədris-hazırlıq kursları təşkil edir. 2016-2017-ci illərdə yaradılan filialların fəaliyyətinin təmin edilməsi məqsədilə Füzuli, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı, Qəbələ, Tovuz, Ağstafa, Qazax və Ağdam rayonlarında belə kurslar təşkil olunub. Həmin kursları bitirən 1000-ə yaxın toxucuya sertifikat verilərək onlar “Azərxalça”nın filiallarında işlə təmin ediliblər. “Azərxalça”nın ötən il yaradılan daha 10 filialında çalışacaq toxucular da tədris-hazırlıq kurslarında bu sənətin sirlərinə yiyələniblər. Artıq başa çatan sonuncu kurslara da 1000 nəfərdən çox toxucu cəlb edilib. Onların əksəriyyəti sertifikat alaraq ASC-nin regionlarındakı filiallarında fəaliyyətə başlayıblar.

Toxucular tədris-hazırlıq kurslarının təşkilindən olduqca razıdırlar. Kürdəmirdəki tədris-hazırlıq kursunda iştirak edən rayonun Şilyan kənd sakini Hürü Hacıyeva deyib: “Tədris-hazırlıq kursunda bizə təkcə xalça toxumağı öyrətməyiblər. Uzun illərdir, Şilyanda xalça toxusaq da, biz öz kəndimizin belə xalçaçılıq tarixi haqqında müfəssəl məlumata malik deyildik. Kurslarda isə biz xalça toxumaqla yanaşı, həm də xalçaçılıq tariximizi öyrənmişik”, - deyə H.Hacıyeva bildirib. .

Qobustanda təşkil olunan tədris-hazırlıq kursunu bitirən Şövkət Cəfərova da oxşar fikirlər səsləndirib: “Şirvan bölgəsi Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biridir. Mənim yaşadığım Qobustan şəhərində, dədə-baba yurdumuz olan Çalov və Cəyirli kəndlərində həmişə gözəl xalçalar toxunub. Son vaxtlar xalçaçılığa marağın azalması bu sənətin az qala unudulmasına gətirib çıxarmışdı. Yaşlı nəsil artıq xalça toxumur, gənclər isə öyrənmirdi. Qobustan şəhərində xalça fabrikinin yaradılması qədim el sənətimizi özümüzə qaytardı. Burda təşkil olunan kursda bizimlə bərabər onlarla gənc xalça toxumağı öyrənib. Bu da o deməkdir ki, xalçaçılıq yaşadılacaq, gələcək nəsillərə ötürüləcək”.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2019.- 26 yanvar.- S.7.