Dmitri Savelyev: Azərbaycan
Prezidenti Davos Forumundan ölkənin uğurlarını nümayiş
etdirmək məkanı
kimi bacarıqla istifadə edir
İsveçrənin Davos şəhərində
keçirilən Dünya
İqtisadi Forumunun işi başa çatıb. Dünyanın
siyasi və işgüzar elitası nümayəndələrinin builki
görüşündə ən nəzərəçarpan
iştirakçılardan biri
Azərbaycan Prezidenti İlham Əliyev olub. Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq
Qrupunun rəhbəri Dmitri Savelyev AZƏRTAC-a müsahibəsində dünya
birliyində Azərbaycanın
artan rolu və bu artımın
Rusiya-Azərbaycan iqtisadi
əməkdaşlığına təsiri barədə danışıb.
- Dmitri İvanoviç,
Siz Davos İqtisadi Forumunu necə səciyyələndirərdiniz?
- İlin mühüm
beynəlxalq hadisələrindən
biri statusuna malik olan bu
tədbir artıq yarım əsrə yaxındır ki, keçirilir. Bəzən Davos forumunu
dünyanın beyin mərkəzi adlandırırlar,
çünki praktiki olaraq bütün ölkələrdən Davosa
toplaşan aparıcı
siyasətçi və
iqtisadçılar dünya
iqtisadiyyatının yeni
trendlərini müəyyən
edir və kollektiv strategiyanı əlaqələndirirlər. Bu Foruma əliboş
gəlmirlər, axı,
dünya miqyaslı ideyaları və investisiya layihələrini
məhz burada təqdim etmək olar. Bu sahədə
inanılmaz rəqabət
gedir və Dünya İqtisadi Forumunun səriştəli
auditoriyasını nəyləsə
maraqlandırmaq çox
çətindir.
- Siz Azərbaycanın
bu Forumda iştirakını necə
qiymətləndirirsiniz?
- Prezident İlham
Əliyev bu foruma hər il perspektivli layihələr və təkliflər portfeli ilə gəlir, həmin layihələr və təkliflər hər dəfə potensial investorların güclü marağına
səbəb olur. Transmilli korporasiyaların bəzilərinin rəhbərləri
hətta açıq
etiraf edirlər ki, onlar Davosa
məhz Azərbaycan lideri ilə görüşmək üçün
gəliblər. Bunlar quru sözlər deyil: Azərbaycan Prezidentinin Forum çərçivəsində iş cədvəlini təhlil etsək görərik ki, İlham Heydər oğlu dörd gün ərzində iri biznes nümayəndələri
və siyasi xadimlərlə onlarca görüş keçirib.
Azərbaycan Prezidenti bu Forumdan ölkənin
iqtisadi sahədə qazandığı bütün
uğurları təqdim
etmək mümkün
olan bir məkan kimi bacarıqla istifadə edir. Axı, Azərbaycanın təcrübəsi
energetika sahəsində
əldə edilmiş
gəlirləri rentabelli
infrastruktur layihələrinə
nə dərəcədə
uğurla sərmayə
qoymaq mümkün olduğunu göstərən
parlaq nümunədir.
Azərbaycan öz coğrafi mövqeyindən səmərəli
istifadə edərək
ölkələri birləşdirən
beynəlxalq hab missiyasını öz üzərinə götürüb.
Respublika
elektrik enerjisi istehsalına və qazlaşdırma səviyyəsinin
artırılmasına (ölkədə
bu göstərici 95 faizdir), yol tikintisinə
(yolların keyfiyyətinə
görə Azərbaycan
dünyada 34-cü yeri
tutur), həmçinin
“Şimal-Cənub” nəqliyyat
dəhlizi, Bakı-Tbilisi-Qars
dəmir yolu və ya Ələt
Beynəlxalq Ticarət Limanı kimi qlobal layihələrin
həyata keçirilməsinə
çox sanballı vəsait qoyur. Bütün bunlar son 15 ildə ölkəyə genişmiqyaslı
- 250 milyard dollara yaxın sərmayə cəlb etməyə imkan verib. Dünya
Bankının “Doing Business” hesabatında əks olunmuş məlumatlara görə, hazırda Azərbaycan iqtisadi inkişaf sürəti üzrə dünyada 25-ci yerdədir.
Bir il ərzində
respublika 32 bənd irəliləyib. Bu, rekord artımdır.
- Sizin fikrinizcə,
Azərbaycanın bu qədər sürətlə
inkişaf etməsi neft-qaz gəlirlərindən
bacarıqla istifadə
edilməsindən başqa
daha nəyin sayəsində mümkün
olur?
- İqtisadiyyata savadlı rəhbərlik edilməsə, təbiətin
respublikaya bəxş
etdiyi ehtiyatlar gərəksiz bir yük kimi qalardı.
Bu məsələdə
Azərbaycanın rəhbər
sarıdan çox bəxti gətirib: Prezident İlham Əliyev vəziyyəti bir neçə gediş qabaqcadan hesablamağı bacarır,
perspektivli layihələri
və innovasiya ideyalarını dərhal
hiss edir və qiymətləndirir.
Bundan əlavə, O, diplomatiya istedadına malikdir, axı, Azərbaycan özünün
bütün qonşuları
ilə (əlbəttə,
Ermənistan istisna olmaqla) əla münasibətlər yarada
bilib. Bu ölçülüb-biçilmiş, çoxvektorlu siyasət həm də sanballı iqtisadi səmərə verir. Rusiya ilə tərəfdaşlıq buna
əla nümunə ola bilər: burada mehriban qonşuluq münasibətləri
genişmiqyaslı müştərək
layihələrin əsası
olub.
- Xahiş edirəm,
Azərbaycan Prezidentinin
Davosda Rusiya nümayəndə heyətinin
üzvləri ilə görüşlərinin yekunları
barədə danışın.
- Rusiya Azərbaycanın
strateji tərəfdaşıdır.
Forumun kuluarlarında Prezident İlham Əliyev Rusiya Federasiyasının iqtisadi
inkişaf naziri Maksim Oreşkin ilə görüş keçirib. Azərbaycan lideri respublikanın ərazisində iri neft-qaz layihələrinin həyata keçirilməsi
məsələsini dünyanın
aparıcı neft şirkətlərinin rəhbərləri
ilə müzakirə
edib. Onların arasında Rusiyanın “LUKoyl” şirkətinin prezidenti Vahid Ələkbərov da vardı. VTB Bankı Azərbaycanda çoxdan və səmərəli fəaliyyət göstərir.
Prezident İlham Əliyev bu əməkdaşlığın perspektivləri barədə
VTB Bankının prezidenti
Andrey Kostinlə fikir mübadiləsi aparıb. Təkrar edirəm: bütün perspektivli və innovasiyalı layihələr
azərbaycanlıları maraqlandırır,
çünki respublikanın
maliyyə sabitliyinin güclənməsi rəqəmsal
iqtisadiyyatın təməlini
qoyur. Məsələn,
Azərbaycan dəmir yolları boyunca çəkilən magistral
optik-lifli rabitə xətləri Azərbaycanın
Rusiya və digər qonşu dövlətlərlə davamlı
genişzolaqlı rabitə
imkanlarını formalaşdırır.
- İqtisadiyyat sahəsində Rusiya-Azərbaycan
münasibətlərinin cari
vəziyyətini necə
qiymətləndirirsiniz?
- Bizim ölkələrimiz
arasında münasibətlərə
müəyyən hədd
qoymaq çətindir,
çünki iqtisadi əməkdaşlıq daim
hərəkətdədir, inkişaf
edir və genişlənir. Müxtəsər
desək, təkcə
2018-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə
dövriyyəsinin həcmi
20 faiz artaraq, təqribən 2,5 milyard dollara çatıb. Bu göstərici onun sayəsində əldə
edilib ki, biz qarşılıqlı
kapital qoyuluşunu genişləndirməyə (bu
gün kapital qoyuluşunun həcmi 5 milyard dollara yaxındır), sənaye sahəsində kooperasiyanı
dərinləşdirməyə, habelə müştərək
şirkətlərin və
istehsalatların fəaliyyətini
stimullaşdırmağa
nail olmuşuq. Prezidentlər Vladimir Putin
və İlham Əliyev arasında sentyabr ayında aparılmış danışıqların
yekunlarına əsasən,
Rusiya-Azərbaycan iqtisadi
əməkdaşlığının üstün istiqamətlərini
əks etdirən beş “yol xəritəsi”
işlənib hazırlanıb.
2018-ci il dövlətlərimizin
tərəfdaşlığı və ticari-iqtisadi münasibətlərin inkişafı
baxımından xüsusilə
uğurlu olub.
- Siz əsas
amillər kimi məhz hansı amilləri fərqləndirərdiniz?
- Belə amillərdən
biri Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın imzalanması
oldu. Bu tarixi sənəd diplomatların və siyasətçilərin çoxillik
gərgin əməyinin
nəticəsidir. Xəzərdən və onun təbii
ehtiyatlarından istifadə
məsələsində Xəzəryanı
dövlətlərin hüquq
və vəzifələrini
müəyyən edən
bu Konvensiya sayəsində indi Rusiya və Azərbaycan şirkətləri
neft hasilatı, nəqliyyat, yükdaşımalar,
turizm, balıq ovu, ekologiya və Xəzərin bioloji ehtiyatlarının qorunub saxlanması sahəsində
çoxsaylı layihələri
birgə həyata keçirə biləcəklər.
Ölkələrimizin regionlararası səviyyədə
qarşılıqlı əlaqələrinin
inkişafı daha bir mühüm amil oldu. Bu
gün bizim ölkənin 83 regionundan
71-i Rusiyanın cənub
qonşusu ilə əməkdaşlıq edir,
onlardan 20-si Azərbaycan
ilə ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq
haqqında ikitərəfli
sazişlər imzalayıblar.
Bütün bunlar biznesi daha fəal
inkişaf etdirməyə,
ticarəti və humanitar əlaqələri
genişləndirməyə imkan yaradır. İqtisadiyyat siyasətin əsasıdır. Ona görə deyə bilərik ki, Rusiya və Azərbaycan möhkəm iqtisadi baza əsasında
həqiqətən dürüst
və qarşılıqlı
faydalı tərəfdaşlıq
münasibətləri qurmağa
nail olublar.
Səs.-
2019.- 30 yanvar.- S.5.
Yeni Azərbaycan.-
30 yanvar.- S.6.