Regionlarda
müasir təhsil infrastrukturunun yaradılması işləri
uğurla davam etdirilir
2019-cu ildə
respublikamızda 100-dən çox məktəbin tikintisi nəzərdə
tutulur
Məlum olduğu kimi, Cənubi Qafqaz regionunun lider
dövləti olan Azərbaycan dinamik inkişaf yolunda inamla irəliləyir. Prezident
İlham Əliyevin uğurlu siyasəti nəticəsində
Azərbaycan ötən müddət ərzində möhtəşəm
nailiyyətlər qazanıb, ölkəmizin beynəlxalq
nüfuzu daha da artıb. Son 15 il ərzində
ölkəmizdə bütün sahələri əhatə edən
sistemli və kompleks islahatlar aparılıb, Azərbaycan
iqtisadiyyatının dayanıqlı və dinamik
inkişafı təmin edilib. Həyata
keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi
sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın
diversifikasiyası, qeyri-neft sektorunun və regionların
inkişafı sürətlənib, sahibkarlığa dövlət
dəstəyi gücləndirilib, özəl bölmənin
inkişafı üçün azad rəqabət və
münbit investisiya mühiti yaradılıb, əhalinin sosial
rifahı daha da yaxşılaşıb. Təsadüfi
deyil ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri də
ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində əldə
etdiyi uğurları, eləcə də həyata keçirilən
kompleks islahatların səmərəli nəticələrini
olduqca yüksək qiymətləndirir, müsbət proqnozlar
ifadə edirlər.
O da qeyd
edilməlidir ki, ölkəmizdə ötən müddət ərzində
infrastruktur quruculuğu da geniş vüsət alıb, bu
istiqamətdə ardıcıl və məqsədyönlü
tədbirlər həyata keçirilib, səmərəli nəticələr
əldə olunub. Xüsusilə də, Azərbaycanın
bütün bölgələrində infrastrukturun yenilənməsi,
o cümlədən abadlıq-quruculuq işləri
reallaşdırılıb və bu gün də uğurla
davam etdirilir. “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” çərçivəsində
ölkə miqyasında bəhs olunan istiqamətlərdə
qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə
icra edilib. Yeri gəlmişkən, Nazirlər Kabinetinin
2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunan
iclasında çıxışı zamanı bu məqamlara
toxunan Prezident İlham Əliyev bildirib ki, keçən il
regionların üçüncü sosial-iqtisadi
inkişafı Dövlət Proqramı başa çatdı:
“Bu beşillik proqram artıqlaması ilə yerinə yetirildi.
Bu proqram bizə imkan verdi ki, bölgələrdə
infrastruktur layihələrinin icrası daha sürətlə
getsin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye
müəssisələri yaradılsın, kənd təsərrüfatı
daha sürətlə inkişaf etsin. Bir sözlə, regional
inkişaf proqramının çox böyük əhəmiyyəti
və gözəl nəticələri var. Bu il
biz regionların dördüncü sosial-iqtisadi inkişafı
Dövlət Proqramını qəbul edəcəyik. Demək olar ki, proqramın əsas hissəsi
hazırdır”.
Ümumiyyətlə, Azərbaycanda sosial infrastruktur
quruculuğu prosesi davamlı xarakter daşıyır və
2018-ci ildə də bu istiqamətdə ardıcıl işlər
görülüb. Dövlətimizin başçısı yuxarıda bəhs
olunan çıxışı zamanı diqqətə
çatdırıb ki, keçən il
140-dan çox məktəb tikilib: “Bu il 100-dən çox məktəbin
tikintisi nəzərdə tutulur. Qəzalı vəziyyətdə
olan məktəblərin yenidən tikilməsi, hesab edirəm
ki, maksimum iki il çəkə bilər. Bu il və gələn il biz bu proqramı başa
çatdırmalıyıq”.
Qeyd edək ki, 2019-cu ildə də infrastruktur
quruculuğu prosesi davam etdiriləcək. Bu barədə dövlət
başçısı Nazirlər Kabinetinin sözügedən
iclasında bildirib: “Bu il infrastrukturla bağlı bir çox
önəmli layihələr icra ediləcək. Biz son illər ərzində infrastrukturun
yaradılması ilə çox ciddi məşğul
olmuşuq. Təsadüfi deyil ki, Davos
Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə,
Azərbaycan infrastrukturun inkişafı üzrə qabaqcıl
yerlərdədir, 30-cu yerdədir. Ancaq hələ
ki, görüləsi işlər var və bu istiqamətdə
işlər aparılacaq”.
Yeri gəlmişkən, qeyd edək ki, ölkəmizdə
təhsil infrastrukturunun yenidən qurulması işi də
dövlətimizin xüsusi diqqət mərkəzindədir. Məlumdur ki,
Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş
təhsilin inkişafı istiqamətində davamlı işlər
görülür, həyata keçirilən islahat xarakterli tədbirlər
müsbət göstəricilərin əldə
olunmasını təmin edir. Yəni Azərbaycanda
hər bir sahədə müşahidə olunan dinamik
inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə
çarpır. Prezident İlham Əliyevin
yüksək diqqət və qayğısı sayəsində,
eləcə də müvafiq göstərişləri əsasında
atılan addımlar, icra edilən Dövlət proqramları təhsil
sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin
meydana çıxmasını, yüksək nəticələrin
qazanılmasını şərtləndirib.
Bu gün
təhsilin bütün pillələrində - uşaq
bağçalarında, məktəbdənkənar müəssisələrdə,
orta məktəblərdə, kolleclərdə, peşə təhsilində,
ali təhsil sahəsində, ali təhsildən
sonrakı təhsil, əlavə təhsil sahəsində yeni
layihələrin reallaşdırılması istiqamətində
mühüm addımlar atılır. Təhsil
sahəsində həyata keçirilən islahatlar - təhsildə
infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi,
ümumtəhsil məktəblərinin kadr potensialının
və tədrisin keyfiyyətinin yüksəldilməsi
xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nın qəbulundan ötən
dövr ərzində ölkəmizdə təhsil sahəsində
müsbət dinamika müşahidə olunub.
Belə ki, son 15 ildə Prezident İlham Əliyevin təşəbbüsü
ilə məktəb tikintisinə dair bir neçə Dövlət
Proqramı qəbul edilib. Bundan başqa, digər
sahələri əhatə edən Dövlət
proqramlarında da məktəb tikintisinə böyük diqqət
yetirilir. Məsələn, regionların,
Bakı şəhərinin və ətraf qəsəbələrin
sosial-iqtisadi inkişafı ilə bağlı, eləcə də
yoxsulluğun azaldılması, məcburi köçkünlərin
həyat şəraitinin yaxşılaşdırılması
və məşğulluğunun artırılması ilə
bağlı Dövlət proqramlarında məktəb
tikintisinə dair geniş müddəalar öz əksini
tapıb. Eyni zamanda, “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nda da təhsil müəssisələrinin
infrastrukturunun yenilənməsinə geniş yer
ayrılıb.
Dövlət
proqramları çərçivəsində son 15 il ərzində
Bakıda və şəhərətrafı qəsəbələrdə,
həmçinin respublikanın bölgələrində 3 mindən
çox məktəb tikilib və yaxud əsaslı təmir
edilib ki, bu da təhsil sahəsinə çox böyük
töhfədir. Ölkə boyu 2004-cü ildən
bəri yeni təhsil müəssisələrinin tikilməsi və
yaxud mövcud məktəblərin əsaslı şəkildə
yenidən qurulması sayəsində 1 milyon şagirdin təhsil
şəraiti yaxşılaşıb, o cümlədən də
birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin
sayı əhəmiyyətli dərəcədə artıb.
Beləliklə, ölkəmizdə təhsil
ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi
istiqamətində mühüm işlər görülür. Qəsəbə
və kəndlərdə yeni-yeni məktəb binaları
tikilir, mövcud binalar isə əsaslı təmir olunur.
Hazırda bu proses uğurla davam etdirilir. Məsələn,
Mingəçevirdə 14 nömrəli tam orta məktəbin
binası əsaslı təmirdən sonra istifadəyə
verilib. Bu münasibətlə keçirilən
tədbirdə iştirak edən şəhər İcra
Hakimiyyətinin başçısı İlham
İsmayılov əvvəlcə məktəbin foyesində
Ulu öndər Heydər Əliyev və Prezident İlham
Əliyevin fəaliyyətlərindən bəhs edən sərgilərə
baxıb. Sonra məktəb binasında
yaradılan şəraitlə tanışlıq olub. Kimya, fizika kabinələri və laboratoriyaları,
kompüter otağı, ibtidai sinif otağı, kitabxana, yeməkxana,
idman zalı və digər tədris sahələri müasir
avadanlıqlarla təchiz edilib.
Müəllim və şagirdlərlə
görüş zamanı İlham İsmayılov Prezident
İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın ölkə təhsilinin inkişafı məqsədilə
gördüyü işlərdən danışıb, bilikli
və vətənpərvər gənclərin yetişdirilməsində
məktəbin kollektivinə uğurlar arzulayıb.
Sabirabad rayonunun Qaratəpə kənd tam orta məktəbinin
binasında aparılan əsaslı təmir işləri də
başa çatıb. 1981-ci ildə istifadəyə verilən 1176 şagird
yerlik məktəb binasında 35 il ərzində
təmir işləri aparılmamışdı. Bu da məktəbdə təhsilin yüksək səviyyədə
təşkilində müəyyən çətinliklər
yaradır, təhsil islahatı ilə bağlı
qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə
mənfi təsir göstərirdi. Təhsil
ocağında yaranmış çətinlik nəzərə
alınaraq ötən ilin sonlarında məktəb
binasında təmir işlərinə başlanılıb.
Təmir zamanı məktəb binasının su, qaz, elektrik xətləri,
dam örtüyü, qapı və pəncərələri
yenilənib, isitmə və havalandırma sistemi qurulub, sinif
otaqları, fənn kabinələri, idman və akt zalları,
dəhliz və digər yardımçı otaqlar, demək
olar ki, yenidən tikilib. Məktəb binası
yaxın günlərdə müəllim və şagirdlərin
istifadəsinə veriləcək.
Salyan rayonunun Kürsəngi kənd tam orta məktəbində
də aparılan təmir işləri başa çatıb. 40 il
bundan əvvəl tikilib istifadəyə verilən 624
şagird yerlik məktəb binası müasir tələblərə
uyğun gəlmədiyindən təhsilin yüksək səviyyədə
təşkilində müəyyən çətinliklər
yaranırdı. Bu isə təhsil islahatı ilə
bağlı qarşıya qoyulan vəzifələrin yerinə
yetirilməsinə mənfi təsir göstərirdi. Təhsil ocağında yaranmış çətinlik
nəzərə alınaraq, məktəbdə təmir
işlərinə başlanılıb.
Təmir
zamanı məktəb binasının su, qaz, elektrik xətləri,
dam örtüyü, qapı, pəncərələri və
döşəməsi yenilənib, isitmə sistemi qurulub, sinif
otaqları, fənn kabinələri, kitabxana, idman və akt
zalları yenidən tikilib. Hazırda təhsil
ocağında yeni avadanlıq və inventarlar
quraşdırılır, sinif otaqları, fənn kabinələri
əyani və texniki vasitələrlə təmin olunur.
Təhsil Nazirliyi tərəfindən Salyanın Sarvan kənd
tam orta məktəbində aparılan əsaslı təmir
işləri isə yekunlaşmaq üzrədir. 1960-cı ildə tikilib istifadəyə
verilən və 1974-cü ildə əlavə sinif otaqları
ilə yeniləşdirilən təhsil ocağında 44 il ərzində bir dəfə də olsun əsaslı
təmir işləri aparılmayıb. Bu da məktəbdə
təhsilin yüksək səviyyədə təşkilində
çətinliklər yaradır, təhsil islahatı ilə
bağlı qarşıya qoyulan vəzifələrin yerinə
yetirilməsinə mənfi təsir göstərirdi. Təhsil ocağında yaranmış çətinlik
nəzərə alınaraq ötən ilin əvvəllərində
məktəbdə əsaslı təmir işlərinə
başlanılıb.
(davamı növbəti
sayımızda)
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 29 yanvar.- S.7.