Adil Əliyev: Türk Şurası ölkələri arasında
əməkdaşlığın inkişafında Azərbaycanın
fəallığı danılmazdır
Aprelin 10-da Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (Türk
Şurası) videokonfrans
vasitəsilə fövqəladə
Zirvə görüşü
keçirildi. Videokonfransa türkdilli
dövlət başçıları
ilə yanaşı, Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus da qatılmışdı.
Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları
səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşü keçirir. Bu da türkdilli ölkələr arasında
həmrəyliyin daha bir təzahürüdür.
Bu sözləri
AZƏRTAC-a açıqlamasında Milli Məclisin Sədrinin müavini Adil Əliyev söyləyib.
Adil Əliyev
qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü
ilə keçirilən
videokonfrans bir neçə səbəbdən
vacib idi. Birincisi, dövlət başçıları dünyanı,
sözün həqiqi
mənasında, lərzəyə
salan koronavirusla
(COVID-19) mübarizə məsələsini
müzakirə etdilər.
Möhtərəm Prezidentimiz də
qeyd etdiyi kimi, fövqəladə Zirvə görüşünün
əsas məqsədi
dövlətlər səviyyəsində
atılan addımlara dair təcrübə mübadiləsinin aparılması,
türkdilli ölkələrin
bir-birinə dəstək
göstərməsi və
xalqlarımız arasında
həmrəyliyin möhkəmləndirilməsi
idi. Prezidentimiz xüsusi olaraq vurğuladı ki, Azərbaycan ayrı-ayrı
ölkələrə də
öz dəstəyini
göstərməkdədir.
İkincisi, türkdilli
dövlətlərin fövqəladə
Zirvə görüşünün
keçirilməsi Türk
Şurasının indiki
ağır şəraitdə
də fəaliyyətini
davam etdirməyə qadir olduğunu, müzakirələrə ara
vermədiyini göstərdi.
Türk Şurasının
beynəlxalq təşkilatlarla
əməkdaşlığı genişləndirməyə hazır
olduğu videokonfransın
tribunasından bir daha bəyan edildi. Bu mənada
Zirvə toplantısı
digər beynəlxalq təşkilatlara və birliklərə örnək
sayıla bilər. Koronavirus pandemiyası özlərini
strateji tərəfdaş
adlandıran ölkələr
arasında müxtəlif
fikir ayrılıqları
yaradarkən, qarşılıqlı
ittihamlara yol açarkən, bəzilərini
hətta strateji tərəfdaşlarının tibbi maskalarını hava limanlarından “oğurlamaq” dərəcəsinə
çatdırarkən, gələcəkdə vəziyyətdən necə çıxacaqlarını
bilməyənlərdən fərqli olaraq, Türk Şurasının
üzvləri əsl əməkdaşlıq və
anlaşma nümunəsi
göstərirlər, bu
əzmlə davam etmək niyyətində olduqları videokonfransdan bir daha göründü.
Üçüncüsü, fövqəladə Zirvə görüşündə
iqtisadi mövzuların
da müzakirə olunması onu göstərdi ki, Türk Şurası hətta bu ağır
şəraitdə belə
iqtisadi və regional əməkdaşlığın
inkişaf yollarını
təhlil edərək
gələcək addımları
müəyyənləşdirir. Prezident İlham Əliyev dedi ki, pandemiyanın
mənfi təsirlərinə
baxmayaraq, 2020-ci ilin ilk 3 ayı ərzində türkdilli ölkələrdən 180 min
tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb,
bu da ötən
ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur. Bu, mühüm göstəricidir.
Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın
öz çıxışında
Türkiyə, Azərbaycan
və Gürcüstan
arasındakı yükdaşımaları
üçün qurulan
dəmir yolunun Orta Asiyaya qədər
uzadılması mümkünlüyünü
vurğuladığını bildirən Milli Məclis Sədrinin müavini deyib: “Türkiyə Prezidenti bildirdi ki, hazırda
əsas məqsəd Bakı-Tbilisi-Qars dəmir
yolu ilə gündəlik 3500 ton yükün daşınmasına
nail olmaqdır. Şübhə etmirəm
ki, türkdilli dövlətlər buna da nail olacaqlar”.
Videokonfransda Türk Şurası
ölkələrinin milli
böhran mərkəzləri
arasında əməkdaşlığın
qurulmasının da təklif edildiyini diqqətə çatdıran
Adil Əliyev bildirib ki, beləliklə,
quruma üzv ölkələr həm koronavirusa qarşı birgə mübarizə, həm də iqtisadi və regional əməkdaşlığın
inkişafı yollarını ətraflı
müzakirə etdilər.
Əlbəttə, Türk
Şurası ölkələri
arasında hər iki istiqamətdə əməkdaşlığın inkişafında Azərbaycanın
fəallığı danılmazdır.
Hazırda ölkəmizdə
koronavirus xəstələrinin
20-dən artıq dövlət
xəstəxanasında müalicə
olunduqlarını qeyd
edən A.Əliyev deyib: “Azərbaycan Prezidentinin qərarı ilə yaxın müddətdə hər birinin 200 çarpayılıq
yeri olmaqla 10 müasir modul tipli xəstəxana istifadəyə veriləcək.
Dövlətimizin başçısı
koronavirusla mübarizə
aparan həkimlərimizin
əməyini yüksək
qiymətləndirib. Bu
infeksiyaya yoluxmuş vətəndaşlarımıza xidmət göstərən
həkimlərin maaşı
əvvəlki əməkhaqlarının
3-5 misli məbləğində
artırılıb. Bu,
dövlətin həkimlərə
göstərdiyi qayğının
təzahürüdür.
Azərbaycanın pandemiya dövründəki
fəaliyyəti, həmçinin
Ümumdünya Səhiyyə
Təşkilatı ilə
əməkdaşlığı ilə başqa dövlətlərə örnəkdir.
Ölkə rəhbərliyinin
təşəbbüsü ilə ÜST-ün nümayəndələri hələ
martın əvvəllərində
Bakıya dəvət
olunmuşdular. O zaman koronavirusa qarşı birgə mübarizə məsələləri müzakirə
edildi. Vaxtında görülən tədbirlərin
nəticəsidir ki, Azərbaycanda koronavirusun yayılmasını indiyədək
nəzarətdə saxlamaq
mümkün olub. Halbuki, dünyanın aparıcı ölkələri
epidemiya nəticəsində
ağır itkilər
verməkdə davam edirlər. Azərbaycan həmin dövlətlərin
səhvlərini təkrarlamadı.
Buna görədir ki, Ümumdünya Səhiyyə Təşkilatının
Baş direktoru Tedros Adhanom Qebreyesus martın 23-də
Prezident İlham Əliyevə göndərdiyi
məktubda Azərbaycanda
görülmüş işlərə
yüksək qiymət
verdi. O, pandemiyaya
qarşı görülmüş
tədbirlərə görə
Azərbaycanı nümunəvi
ölkə kimi dəyərləndirdi. Təşkilatın
rəhbəri videkonfransda
bu dəyərləndirməsini
bir daha təkrarladı”.
Azərbaycan Prezidentinin koronavirusdan əziyyət çəkən
vətəndaşları və
sahibkarları da diqqət mərkəzində
saxladığını vurğulayan
Milli Məclis Sədrinin müavini bildirib ki, pandemiya
dünya ölkələrinin
iqtisadiyyatına zərbə
vurub. Prezidentimiz əhalinin sosial rifahını düşünərək
Azərbaycanda iqtisadi sabitliyi təmin etmək, məşğulluqla
bağlı problemləri
həll etmək, həm də makroiqtisadi durumu və maliyyə vəziyyətini sabit saxlamaq üçün
2,5 milyard manat vəsait ayırıb. Təəssüf ki, Azərbaycanın koronavirusla
uğurla mübarizə
apardığı və
bu mübarizənin dünya miqyasında yüksək qiymətləndirildiyi
bir vaxtda ölkəmizdəki və
xaricdəki marginal qüvvələr çirkin
kampaniyalarından yenə
də əl çəkmirlər. Doğrudur,
xaricdən dövlətimizin
ünvanına hər
zaman yalan və böhtan yağdıran birisi dünən yazdığı
statusda özü də etiraf etməli oldu ki, Azərbaycanın koronavirusla mübarizədə
uğurları var. Marginalların ümumi dəst-xətti isə budur ki, dövlətin
bütün etdikləri
səhvdir.
“Dövlətimiz bütün institutları
ilə gərgin fəaliyyət göstərir,
hər sahə, xüsusilə də sosial problemlərin həlli diqqət mərkəzindədir. Biz
ayaqdayıq, kimimiz ehtiyacı olan vətəndaşları müəyyənləşdirərək
onlara yardıma tələsir, kimimiz qan verir və
ağır xəstələri
xilas edir. Kimlərsə də azsaylı marginallar kimi kənarda dayanıb, heç kimə yardım etmədən, özlərinin
“siyasi ambisiyalarından”
çıxış edərək
iş görənlərin
fəaliyyətini qaralamağa
çalışırlar. Ancaq
unudurlar ki, cəmiyyət bizim nə etdiyimizi də görür, sosial şəbəkənin
əllərini ağdan-qaraya
vurmayan qara təbliğatçılarını da müşahidə edir”, - deyə Adil Əliyev bildirib.
Yeni Azərbaycan.- 2020.- 14 aprel.-
S.5.