Hesablama Palatası pandemiya ilə
mübarizə şəraitində büdcə parametrləri
ilə bağlı təkliflər hazırlayıb
Dünyanı
bürüyən COVİD-19 pandemiyasının həyatın
bütün aspektlərini öz təsiri altına alması hər
bir ölkənin öz imkanlarına yenidən baxmasını
və gələcək prioritetlərini bir daha gözdən
keçirməsini zərurətə çevirib. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov
yeni şəraitin yaratdığı şərtlər, fəsadların
aradan qaldırılması istiqamətində atılan
addımlar və postpandemiya dövründə zəruri olan tədbirlər
barədə AZƏRTAC-ın suallarını
cavablandırıb.
–İlk olaraq Hesablama Palatasının cari fəaliyyətinin
təşkili və sonrakı dövr üçün
planları barədə danışaq.
–Pandemiya əlbəttə, bir dövlət
qurumu olaraq bizim də fəaliyyətimizə təsir göstərib.
Biz fəaliyyətimizi qəbul edilmiş qərarlar çərçivəsində
qurmuşuq, belə ki, “evdən iş” prinsipinə
keçmişik. Aydındır ki, 2020-ci il üçün
İş planına yenidən baxmaq zərurəti yaranacaq. Biz, planlaşdırılmış tədbirlərin
tam olaraq həyata keçirilməsi üçün əlimizdən
gələni edəcəyik. Ötən ildən tətbiq etməyə
başladığımız AFİS proqramı audit fəaliyyətinin
bütün mərhələlərinin distant idarə
olunması imkanlarını da yaradır. Cari ildə
başlanılan auditlərin bu şəraitdə başa
çatdırılmasına çalışırıq.
İş planına yenidən baxılan zaman
diqqətimizdə beynəlxalq təcrübədə ali audit
orqanlarının tətbiq etdiyi yanaşmaları öyrənməklə
bu şəraitdə üstünlük verilən nəzarət
metodları və istiqamətləri də olacaq. Pandemiya ilə
mübarizə istiqamətində icra olunan vəsaitlərin nəticəliliyinin
səmərəlilik (performans) auditindən istifadə etməklə
qiymətləndirilməsi məsələləri diqqətdə
saxlanılacaq.
Biz öz “Facebook” səhifəmizdə pandemiya
şəraitində xarici dövlətlərdə ali audit
orqanlarının öz fəaliyyətini necə təşkil
etməsi ilə yanaşı, hansı məsələlərə
diqqət yetirəcəyi barədə kiçik arayış
yerləşdirmişik. Sizə də minnətdaram ki, ilk
olaraq mətbuat səhifələrində bu məlumatları
təqdim etdiniz.
–Pandemiya vətəndaşın həyatı
ilə bağlı təhlükələr yaradır, lakin
bunun həyat səviyyəsi göstəricilərinə də
təsiri olacaq.
–COVİD-19 pandemiyasından yəqin
ki, ən çox zərər görən sahə dünya
ölkələrində olduğu kimi, Azərbaycanda da sosial
sahədir. Əlbəttə, pandemiya məşğulluq
imkanlarını məhdudlaşdırıb ki, bu da gəlir əldə
etmə imkanlarının məhdudlaşması deməkdir.
Son dövrlərdə kölgə
iqtisadiyyatı ilə aparılan əhəmiyyətli
mübarizə tədbirləri fonunda gizli iqtisadiyyatın
azalması müşahidə olunsa da, bu hal hələ də tam
aradan qaldırılmayıb və işlər davam edir.
Əlbəttə ki, mövcud və yüksələn
qeyri-müəyyənlik, azalan tələb ilk növbədə
bu tip iqtisadi fəaliyyətdən gəlir əldə edənlərin
maddi vəziyyətinə təsir edəcək. Digər tərəfdən,
yalnız həyat üçün zəruri hesab edilən obyektlərin
işləməsinin sahibkarlığa nəzərəçarpacaq
dərəcədə ziyan vuracağı
qaçılmazdır.
Makrofiskal şəraitdə atılan
addımlar üzrə ilk olaraq qeyd edək ki, dövlətimizin
addımları zamana və şəraitə uyğun olaraq
operativ şəkildə atılıb. Belə ki,
ayrı-ayrı ölkələrin hazırkı təcrübəsi
(ABŞ, Fransa, Rusiya, Honkonq və sair) nağd pul vasitəsilə
əhali və biznesin maddi maraqlarını
qarşılamağa çalışır. Hətta sosial həssas
qruplara aylıq və davamlı ödənişlər edilir.
Bu şəraitdə dövlətimiz tərəfindən
atılan addımların mərkəzində məhz vətəndaşların
sosial rifahının dəstəklənməsi durur. Bu, qəbul
edilmiş Tədbirlər Planında aydın şəkildə
öz əksini tapıb. Pul vəsaitlərinin
inflyasiya təsiri ilə bağlı səsləndirilən
gözləntilərə cavab olaraq qeyd edim ki, cari şərtlərdə
bu, aktual deyil, belə ki, hazırda prioritet məsələ
ölkə vətəndaşlarının həyat səviyyəsinin
qorunmasıdır və atılan addımlar da bu istiqamətdədir.
Koronavirusla mübarizəyə yönəldilən vəsaitlər,
hesab edirik ki, cari il üçün ÜDM-in 5 faizindən
çox olacaq.
–Cari şərtlərin büdcəyə təsirlərini
qısa şəkildə icmallaşdırmaq olarmı?
–Gəlirlər barədə danışsaq,
qeyd edək ki, pandemiyanın sürətlə
yayılmasının qarşısının alınması məqsədilə
tətbiq olunan qadağa tədbirlərinin sərtləşdirilməsi
və kütləviləşdirilməsi iqtisadi
artımın, eləcə də büdcəyə daxil
olması planlaşdırılmış qeyri-neft sahələri
üzrə vergi gəlirlərinin azalmasına səbəb
olacaq.
Xərclərə təsirinə
gəldikdə, qeyd edim ki, pandemiya ilə mübarizə istiqamətində
atılan addımlar artıq büdcə xərclərinin
strukturunun dəyişməsinə səbəb olacaq və bu
da, öz növbəsində, dövlət büdcəsi
haqqında qanuna yenidən baxılmasını zəruri edir.
–Büdcəyə yenidən baxılması zərurəti
daxilində ali audit orqanı olaraq Hesablama Palatasının təklifləri
barədə danışaq.
–İlk olaraq deyim ki, Hesablama Palatasının
onlayn rejimdə struktur şöbələrlə bu barədə
müzakirələr aparılıb və təkliflərimizi
həftənin sonuna qədər Nazirlər Kabinetinə təqdim
etməyi planlaşdırırıq. Hər bir təklifin
mümkün qədər əsaslandırılmasına
çalışacayıq.
Göndəriləcək təkliflərin
hökumətin fəaliyyətinə faydalı olması və
bu ağır sınaqdan az itkili çıxmasına səbəb
olacağı qənaətindəyik.
–Hesablama Palatasının təklifləri barədə
nələri xüsusi qeyd etmək istərdiniz.
–Yenə də ilk olaraq gəlirlər barədə.
Qeyd etdiyim kimi, pandemiya gəlirlərə təsirsiz
ötüşməyəcək və bu təsir mənfi
istiqamətlidir. Bu baxımdan büdcəyə yenidən
baxılması prosesində neft sahələrindən gəlirlər,
həmçinin əmlak vergisi və torpaq vergisi istisna olmaqla
digər vergi növləri üzrə proqnoz göstəricilərin
yenidən hesablanması vacibdir. Bu zaman zərərçəkən
və gəlirləri artan sahələrin mütləq qaydada
nəzərə alınması lazımdır.
Aydındır ki, gəlir
imkanlarının məhdudlaşması və xərclərin
artımı “Büdcə sistemi haqqında” Azərbaycan
Respublikası Qanunda nəzərdə tutulmuş büdcə
qaydasının tətbiqinin də müvəqqəti olaraq
dayandırılması məsələsini aktuallaşdırır.
ümumiyyətlə, fiskal intizamın ən kəskin
keşikçilərindən hesab olunan ali audit orqanları belə
cari şərtlərdə bu intizamın bir qədər
yumşaldılması tərəfdarlarındandır.
Düşünürük ki, Azərbaycan
nümunəsində büdcə xərclərinin
ünvanlılığının artması - daha həssas
qruplara davamlı olaraq müavinətlərin verilməsi (hətta
pandemiya bitdikdən sonra) ilk addımlardan olacaq. Pandemiyanın
nə qədər müddət davam edəcəyini və tam
fəsadlarının miqyas olaraq qiymətləndirmək
çətindir. Həssas qruplar davamlı olaraq əziyyət
çəkdiyi üçün bu tədbirlər müntəzəm
xarakter alacaq.
Cari xərclərin artımının
davamlı xarakter daşıyacağı şübhəsizdir.
Xüsusilədə büdcə sektorunda çalışan
(sosial sahədə çalışan) işçilərin
maliyyələşdirilməsi davam edəcək. Dövlət
büdcəsinə yenidən baxılan zaman cari xərclərin
həcminin 2020-ci il ilin birinci rübü səviyyəsində
saxlanılmasına da diqqət yetirməliyik.
İnvestisiya xərclərinin
daxili borclanma hesabına icra edilməsi, həmçinin əsaslı
xərclərin yalnız məşğulluğu davamlı
olaraq təmin edəcək (zavod, fabrik və sair) layihələrin
maliyyələşdirilməsinə yönəldilməsi, həmçinin
vəsaitlərdən səmərəli və nəticəli
istifadənin daha da qabarıq şəkildə təbliği
cari şərtlərdə aktualdır. Çünki
hazırkı şəraitdə iqtisadi artım və məşğulluq
balansı büdcə modelinin gələcəyi hesab edilir.
Təkliflərimizdən biri də
real sektorda azad rəqabətin və
özünüreallaşdırmanın daha da
artırılması baxımından dövlət
satınalmalarını tənzimləyən qanunvericilik
aktlarının yenilənməsi və onlara əməl
olunmasına nəzarətin gücləndirilməsi,
müsabiqə proseslərinin tam elektron qaydada
aparılması imkanlarının da mərkəzləşdirilmiş
qaydada tənzimlənməsi ilə bağlıdır.
Digər bir tərəfdən,
gözlənilməz və sosial-iqtisadi əhəmiyyətə
malik xərclərin maliyyələşdirilməsi məqsədi
daşıyan ehtiyat fondların həcminə qanunvericiliklə
nəzərdə tutulan sərhədlərin müvəqqəti
olaraq genişləndirilməsi məsələsinə də
baxıla bilər.
Prezident İlham Əliyev tərəfindən
büdcə xərclərinə yenidən baxılması
istiqamətləri konkret olaraq səsləndirilib. Ölkə
başçısının göstərişlərinin
yetirilməsi investisiya xərclərinin prioritet istiqamətlər
saxlanılmaqla azaldılması və strukturunun dəyişməsi,
büdcə təşkilatlarının “evdə qal”
prinsipindən “qənaətlə xərclə” prinsipinə
keçirilməsini nəzərdə tutur. Eyni zamanda,
bütün xərc istiqamətlərinin sərt qənaət
prinsipləri ilə icrası bir zərurətdir.
Düşünürük ki, minimum sosial standartlara yenidən
baxılması zərurəti yaranacaq.
Cari şərtlər dövlət borcunun da
diqqətdə saxlanılmasını tələb edir.
Fikrimizcə, xarici borcların Dövlət Neft Fondunun büdcəyə
nəzərdə tutulan transfertləri hesabına ödənilməsi
bu borcu daha az “təhlükəli” edər. Yeri gəlmişkən,
Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə
dair orta və uzun müddət üçün
Strategiyanın yeni prioritetlər və şərait
nöqteyi-nəzərindən yenidən işlənilməsi,
formalaşan yeni risklərin bu Strategiyada nəzərə
alınması da bir zərurətə çevrilib.
Ümumiyyətlə, belə bir şəraitdə
dövlətin büdcə vasitəsilə iqtisadiyyata
müdaxiləsi imkanlarının genişləndirilməsi gələcəkdə
iqtisadi artımın təmin edilməsinə xidmət
göstərmiş olacaq. Belə yanaşma Azərbaycan
Prezidentinin tapşırıqlarının müvəffəqiyyətli
icrasını da təmin etmək imkanlarını
artırar.
–Beynəlxalq təcrübə göstərir
ki, xüsusi şərtlər, o cümlədən
yaşadığımız pandemiya şəraitində
dövlətin müxtəlif addımlar atmasını zərurətə
çevirir. Azərbaycanda bu məqsədlə hansı digər
tədbirlər Hesablama Palatası tərəfindən
tövsiyə edilə bilər?
–Qeyd edim ki, Beynəlxalq Valyuta Fondunun ekspertləri,
ümumiyyətlə, bu şəraitdə dövlətlərin
iqtisadiyyata büdcə vasitəsilə fəal müdaxiləsini
zəruri hesab edir. Bu ilk növbədə, baş verən
pandemiyanın çox ağır fəsadları ilə əlaqələndirilir.
Bu böhran digərlərindən tamamilə fərqlənir və
ekspertlər tərəfindən bu şərait daha çox
“müharibə” kimi dəyərləndirilir.
Beynəlxalq Valyuta Fondu həyata keçirilməli
tədbirləri 3 istiqamət üzrə
qruplaşdırır.
Həyati əhəmiyyət kəsb edən
sektorların fəaliyyətinin bərpası;
Böhrandan əziyyət çəkənlərə
zəruri həcmdə resursların təqdim edilməsi;
İqtisadiyyatın daha dərin fəsadlarla
üzləşməsinin qarşısının
alınması.
Təcrübənin araşdırılması
ali audit orqanları tərəfindən
aşağıdakı məsələlərin diqqətdə
saxlanıldığını göstərir:
sosial ehtiyacların ödənilməsinə
yönəldiləcək xərclərin sərhədlərinin
genişləndirilməsi məqsədilə yeni
potensialların formalaşdırılması, bunun
üçün xərclərin
faydalılığının artırılmasına daha
çox xidmət məhsuldar xərclərin
dəstəklənməsi fonunda səmərəlilik, nəticəlilik
və qənaətlilik üçlüyünə
üstünlük verilməsi;
maddi artımlar ilkin mərhələdə
əməkhaqqı və müavinət artımı kimi olsa
da sonradan daha çox iqtisadi artıma hədəflənən
sosialyönümlü addımların dəstəklənməsi,
başqa sözlə yeni iş yerlərinin yaradılması və
mövcud iş yerlərini qoruyub saxlayacaq şirkətlərin
dəstəklənməsi, son nəticədə büdcənin
iqtisadi artımın mənbəyinə çevrilməsi məqsədilə
xərclərin strukturunun sosial faydalılığa hədəflənməsi;
Xarici valyutada alınan borcların
mümkün təhdidlər fonunda “təhlükəli”
olması baxımından əsasən daxili borclanmaya
üstünlük verməklə, həmçinin
işçi sayı və əhatəsi böyük olan
dövlət müəssisələrinə qısa müddətli
daxili borclanma dəhlizini açmaqla xarici borclanma
imkanlarının minimallaşdırılması, son nəticədə
məcmu dövlət borcunun strukturun dəyişməsi.
Beləliklə də, pandemiyanın sərhədlərinin
qlobal olması hər bir ölkədə atılan
addımların eyni məqsədə xidmət etdiyini qeyd etmək
imkanı verir. Bu baxımdan ümumiləşmə
apararaq diqqətə çatdırım ki, cari şərtlər
daxilində fəaliyyətimizin davamılılğını
təmin etməklə beynəlxalq yanaşmaların öyrənilməsi
və daha yaxşı təcrübələrin seçilməsinə
üstünlük verəcəyik. Belə
ki, bir dövlət qurumu və bu ölkənin vətəndaşları
olaraq məqsədimiz Prezident İlham Əliyevin həyata
keçirdiyi tədbirlərə dəstək olmaq, bu problemin
doğurduğu fəsadların daha az ağrı və ziyanla
aradan qaldırılmasında fəal iştirak etməkdir.
Yeni Azərbaycan.-
2020.- 7 aprel.- S.5.