"Koronavirusla mübarizədə həlledici
mərhələ başlayıb"
SİA Milli Məclisin Əmək və sosial
siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının
üzvü Musa Quliyevin müsahibəsini təqdim edir:
- Musa müəllim, ölkəmizdə
koronovirus pandemiyasının geniş yayılmasının
qarşısının alınması məqsədilə həyata
keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
- Koronavirusla mübarizədə
həlledici mərhələ başlayıb. İki həftəlik
sərt karantin rejimi bəşəriyyətin ümumi bəlasına
çevrilmiş bu pandemiyanın ölkəmizdə sabitləşməsinə
və idarə olunan həddə enməsinə təminatlar
yaratmaqla yanaşı, həm də bizim milli birliyimizin,
xarakterimizin indikatoru kimi də əhəmiyyətli
olacaqdır. Azərbaycanda koronavirus pandemiyası ilə
mübarizə kompleks şəkildə bütün parametrlər
nəzərə alınmaqla aparılır. Prezidentimiz cənab
İlham Əliyevin müəyyən etdiyi qabaqlayıcı tədbirlər
ölkəmizdə epidemiyanın geniş
yayılmasının qarşısını almağa yönəlib
və öz müsbət nəticələrini göstərməkdədir.
Dünya təcrübəsi də
göstərir ki, yoluxma sürəti olduqca yüksək olan
bu virus pandemiyası ilə mübarizənin effektli nəticəsi
önləyici, profilaktik tədbirlərin vaxtında və
geniş həcmdə aparılmasından çox
asılıdır. Cənab Prezidentin
tapşırığı ilə ölkəmizin bütün
resursları səfərbər olunub və koronavirus
epidemiyası ilə ardıcıl, sistemli, çox şaxəli
mübarizə aparılır.
Sərhədlərin
bağlanması, xaricdə olan 15 mindən çox vətəndaşımızın
ölkəyə gətirilməsinin və karantin rejiminə
keçirilməsinin təmin edilməsi, müayinə test və
laboratoriya ləvazimatlarının, eləcə də
müalicə vasitələrinin alınıb gətirilməsi,
Nazirlər Kabineti yanında Operativ Qərargah
təşkil olunması, Koronavirusla Mübarizəyə Dəstək
Fondunun yaradılması, koronavirus infeksiyasının mənfi
təsirlərinin azaldılması məqsədi ilə
dövlət büdcəsindən başlanğıc olaraq 1
milyard manat vəsaitin Hökumətə ayrılması , iki həftəlik
sərt karantin rejiminə keçilməsi
və s. kimi tədbirlər Azərbaycan dövlətinin bu
ümumbəşəri bəla ilə mübarizədə nə
qədər güclü və əzmkar olmasının,
dövlət başçısının siyasi
müdrikliyinin və qətiyyətinin göstəricisidir.
- Sumqayıt Kimya Sənaye Parkında Bakı
Tekstil Kombinatının tibbi maska istehsalı müəssisəsinin
açılışı oldu. Sizcə, bu müəssisənin
istifadəyə verilməsi bu sahədə ehtiyacları
qarşılamaq baxımından nə dərəcədə əhəmiyyətlidir?
- Bu günlər bütün dünyada
koronavirusla mübarizədə tibbi vasitələrin,
xüsusi ilə qoruyucu maskaların qıtlığı
hökm sürür, hər kəs bu problemi öz imkanları
daxilində həll etməyə çalışır. SSRİ kimi superdövlətin hüquqi və siyasi
varisi olan, bu gün də dünyanın supergüclərindən
sayılan nəhəng Rusiyada maska qıtlığını
aradan qaldırmaq üçün evlərdə, sexlərdə,
dərzi emalatxanalarında kustar üsulla maska tikməyə
başlamışlar. Əlbəttə bu da bir yoldur və heç
olmamaqdansa, belə maskalara da qoruyucu vasitə kimi etibar etmək
olar.
Azərbaycanda indiyə qədər maska
istehsalı olmayıb və bu tibbi vasitəyə olan ehtiyac
idxal hesabına ödənilib. Lakin koronavirus pandemiyası
başlanandan hətta maska istehsal edən ölkələr də
bu qoruyucu vasitənin defisiti ilə üzləşməli
oldular. Problemin əsaslı həlli isə yerli istehsalı təşkil
etməkdən keçirdi. Cənab Prezident bu məsələni
də öz nəzarətinə görürdü və
olduqca qısa müddətə- cəmi iki həftəyə
ölkəmizdə tibbi maska istehsalı müəssiəsi
yaradıldı və fəaliyyət başladı!
Cənab Prezident İlham
Əliyevin və Birinci Vitse- Prezident Mehriban xanım
Əliyevanın açılışını etdikləri
Sumqayıt Kimya Sənaye Parkında Bakı Tekstil
Kombinatının tibbi maska istehsalı müəssisəsi
qısa müddət ərzində yaradılmış ən
müasir texnologiya və tibbi standartlara cavab verən bir
istehsal müəssisəsidir.
Ayrı bir vaxtda və şəraitdə
bu müəssisənin açılışına bəlkə
o qədər də diqqət cəlb etməyəcək
sıradan bir hadisə kimi baxmaq olardı. Çünki biz bir
vətəndaş olaraq, on beş ildən çoxdur ki, hər
gün ölkəmizdə bir, yaxud bir neçə müəssisənin,
yeni iş yerlərinin, sosial obyektlərin, parkların,
yolların, körpülərin
açılışını müşahidə edirik və
bəlkə də bunları görmək bizim
üçün adiləşmişdir. Hərçənd ki,
bizə adi, gündəlik hadisə kimi gələn bu
açılışlar, əslində, Azərbaycanın
yeniləşmə, inkişaf və rifah göstəricisidir!
Amma koronavirusla mübarizədə
dünyanın İran, İtaliya, Ispaniya, Fransa, Amerika və
s. kimi qos-qoca dövlətləri az qala
çaşqınlıq, ümidsizlik və depressiya içərisində
çabaladığı bir dövrdə Azərbaycan dövləti
özəl sektorla birlikdə ən qısa müddətdə
öz daxili tələbatını ödəyə biləcək gücdə tibbi maska istehsal edən yeni bir
müəssisə qura bilirsə, bu dövlətin
gücünün, nüfuzunun, dövlət rəhbərinin
siyasi əzminin, iradəsinin, prosesləri qabaqlayaraq idarə
etmək və zamanında düzgün qərar qəbul etmək
kimi müdrikliyinin göstəricisidir!
Yeni müəssisə ilk vaxtlarda gündə
130 min, daha sonra isə 250 min tibbi maska, eləcə də
dezinfeksiya vasitələri istehsal edəcəkdir.
- Müəssisənin
açılışı zamanı Prezident İlham Əliyev
Azərbaycan xalqına müraciət etdi. Bu barədə də
fikirlərinizi bilmək istərdik...
- Cənab Prezidentin müəssisənin
açılışında dediyi bu fikirlər olduqca qiymətli
və ibrətamizdir: "Mən son illər ərzində
yüzlərlə, bəlkə də mindən çox sənaye
müəssisəsinin açılışında iştirak
etmişəm, ancaq bu istehsalat sahəsi xüsusi əhəmiyyət
daşıyır. Çünki bu gün Azərbaycanda
istehsal olunan tibbi maskalar və dezinfeksiya vasitələri
insanlarımızı qoruyacaq. Bizim də əsas məqsədimiz
ondan ibarətdir ki, insanlar bu xəstəliyə yoluxmasın,
insanların sağlamlığı təmin edilsin və buna
nail olmaq üçün bütün tədbirlər
görülür".
Mindən çox sənaye müəssisəsinin
açılışını edən Rəhbər
üçün tibbi maska istehsal edən, o qədər də
böyük olmayan, iqtisadi səmərə verməyə
hesablanmayan bu müəssisənin açılışı
ona görə xüsusi əhəmiyyət daşıyır
ki, bu müəssisənin məhsulları
insanlarımızın sağlamlığını qoruyacaq!
Cənab Prezident dəfələrlə vurğulayıb ki,
bizim siyasətin mərkəzində Azərbaycan vətəndaşı,
onun sağlamlığı və sosial rifahı dayanır!
Cənab Prezidentin çıxışında
xüsusi əhəmiyyət daşıyan mesajlardan biri də
dövlət və özəl sektor partnyorluğudur, dövlətin
sahibkarı qoruması, çətin dövrdə belə,
iş adamına, işçiyə dəstəyini göstərməsi
təşəbbüslərinin vacibliyidir.
Məhz bu müəssisə də dövlətin
özəl sektora siyasi, hüquqi və güzəştli
kredit dəstəyi sayəsində cəmi iki həftəyə
qurulub fəaliyyətə başlamışdır. Eyni zamanda
bu müəssisənin fəaliyyətə başlaması
bizim daha bir sahədə- qoruyucu və dezinfeksiya edici vasitələrlə
təminat sahəsində idxaldan
asılılığımızı aradan
qaldıracaqdır.
Cənab Prezidentin
çıxışındakı başqa bir mühüm məqam
defisitlə əlaqədar yaranmış möhtəkirlik
hallarına qarşı ciddi mübarizə
aparılmasımı vacibliyinin vurğulanmasıdır:
"İndi əsas məsələlərdən biri də
odur ki, apteklərdə və digər ticarət yerlərində
süni qiymət artımı olmasın. Çünki
maska qıtlığı artıq süni qiymət
artımına da gətirib çıxarmışdır və
bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və
müvafiq dövlət qurumları çox ciddi nəzarət
mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət
artımı olarsa, bu işdə əli olan şəxslər
ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya
şəraitində belə addımlar xəyanət kimi qəbul
ediləcək".
Bəli, belə çətin bir zamanda
xalqın ehtiyacından və defisitdən yararlanaraq möhtəkirlik
etmək Vətənə və Millətə qarşı xəyanətdir!
Günahını heç bir cəza yumayacaq, hər iki
dünyada insanın üzünü qara edəcək bir xəyanətdir!
Eyni zamanda sosial şəbəkələrdə
insanları çaşdıran, sərvaxtdan salan, dövlətin
gördüyü böyük işlərə qara yaxan, vətəndaşlarımızda
inamsızlıq yaradan informasiyalar və
çağırışlar da xəyanətdir!
Ümumi evimiz olan bu gözəl
Vətənimizə bəla gəlib, bu bəla ilə əl- ələ
verb birgə mübarizə aparmaq əvəzinə kimsə
özünün cılız siyasi və iqtisadi
maraqlarını təmin etmək naminə xəyanət yolu
tutubsa, onlar bizlərdən deyillər və koronavirusla bir cəbhədədirlər!
Onlara qarşı da lazımi dezinfeksiya tədbirləri
görülməlidir!
Epidemiyalarla mübarizədə karantin
dövrünün davranış şərtləri hərbi və
fövqəladə rejim dövrünün şərtlərinə
bərabər tutulur və o şərtlər daxilində intizam
tədbirlərinin görülməsi zəruridir. Belə
zamanda gərəkirsə, müəyyən hüquq və
azadlıqların məhdudlaşdırılmasını da
qanunvericilikdə nəzərdə tutmaq olar. Koronavirusla
bağlı bütün mülahizə və
davranışlarda Operativ Qərargahın tövsiyyələri
nəzərə alınmdlıdır. İstənilən
qanun pozuntusu sərt şəkildə cəza mexanizmi ilə
aradan qaldırılmalıdır!
Azərbaycan koronavirusla mübarizədə
önləyici addımlar atmaqda davam edir. Son günlərin məlumatları
heç kimdə təşviş yaratmasın ki, xəstələrin
sayı artır. Əslində belə düşünmək
daha doğru olardı ki, xəstələrin deyil, aşkar
olunanların sayı artır. Biz bu günə kimi 45 mindən
çox insanımızı testdən keçirmişik.
Ən kiçik şübhə olan hər kəsi!
45 min yoxlananın içərisindən 600-ə
yaxın xəstənin aşkar edilməsi cəmi 1,4% təşkil
edir, ölüm halları isə, şükürlər olsun
ki, daha da azdır! Bu faiz nisbəti ilə
götürüldükdə ən qabaqcıl ölkələrin
göstəricisi səviyyəsindədir.
- Koronavirusun ölkəmizin iqtisadi və sosial
həyatına vura biləcəyi zərərin
qarşısının alınması ilə bağlı
hökumət tərəfindən müvafiq tədbirlər
planı təsdiq edilib. Sizcə, bu kimi tədbirlər
hansı nəticələri verəcək?
- Koronovirusla və onun fəsadları ilə
mübarizə sahəsində dövlətimizin
gördüyü tədbirlər qənaətbəxşdir. Prezidentin sərəncamının icrası olaraq
Nazirlər Kabineti ilk mərhələdə görüləcək
tədbirlər paketini təsdiq edib. Əsas 3 istiqməti-
iqtisadi artıma və sahibkarlığa dəstək , məşğulluq
və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə
sabitliyinin təmin olunması istiqamətlərini nəzərdə
tutan tədbirlər planı bir milyard manatdan çox vəsaiti
əhatə edəcəkdir. Bu planın artıq icrasına
başlanılıb və təxminən iki milyona yaxın vətəndaşımızın
sosial müdafiəsini nəzərdə tutur.
Görüləcək tədbirlər
dövlət sektorunda 910 min, özəl sektorda 664 min muzdlu
işçinin, habelə iş axtaran vətəndaşların,
sosial müdafəyə ehtiyacı olan şəxslərin, tənha
ahılların, ödənişli əsaslarla təhsil alan tələbələrin
və s. kateqoriyadan olan vətəndaşlarımızın
sosial müdafiəsini təmin edəcəkdir.
Cənab Prezident xalqa müraciətində yeni,
daha əhatəli, və böyük maliyyə tutumlu dəstək
proqramının hazırlanması barədə məlumatı
da bir xoş müjdə kimi verdi: "Ancaq sonra
əlavə hesablamalar bunun kifayət etməyəcəyini
göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq
ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla
bağlı problemlər öz həllini tapsın və həm
də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit
olsun".
Heç şübhəsiz ki,
ikinci tədbirlər planı daha geniş, daha əhatəli
olacaq, bütün kateqoriyadan olan vətəndaşlarımızın,
o cümlədən, əmək müqaviləsi olmadan,
günəmuzd çalışan, hazırda isə işsiz
qalmış insanların sosial müdafiəsini təmin etməyə
imkanlar tanıyacaqdır.
Dost dar gündə sınanır. Bu çətin
gündə dövlətimiz xalqımızın yanında,
onun xidmətində olduğunu hər anda göstərir.
Dövlət, hökumət, alimlərimiz, tibb işçilərimiz,
polisimiz, mətbuat nümayəndələrimiz karantin şəraitində
də yorulmadan çalışır, titanik zəhmət
çəkir. Bütün bu işlər cənab Prezident
İlham Əliyevin rəhbərliyi və nəzarəti
altında aparılır.
Azərbaycan koronavirusla mübarizənin həlledici
mərhələsinə hazırlaşdığı ərəfədə
ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva da
xalqa növbəti müraciətini etdi. "Sizin
Mehriban" imzası ilə edilən bu son dərəcə
sadə və səmimi, eyni zamanda həyəcanlı və səfərbər
edici müraciətin hər sətirində öz doğma
xalqına hədsiz sevgi, qayğı, xidmət etmək istəyi
və xoşbəxt gələcəyimizə inam hissi əks
olunmuşdur:
"Mən sizə bir övlad, bir həyat
yoldaşı, bir ana və nənə olaraq müraciət
edirəm! Qəlbimin dərinliklərindən gələn və
hər birinizə ünvanlanan bu sözlərimi eşidib məni
anlayacağınıza ümid edirəm! Xahiş edirəm,
bunu mütləq zərurət və vəzifəniz kimi qəbul
edin - NÖVBƏTİ 20 GÜN ƏRZİNDƏ HAMI EVDƏ
QALMALIDIR. AİLƏLƏRİNİZLƏ
BİRLİKDƏ. XAHİŞ EDİRƏM, VACİB
ZƏRURƏT OLMADAN EVLƏRİNİZİ TƏRK ETMƏYİN!"
Koronavirus dövlət sərhədlərini
tanımır, sosial sədləri tanımır, alim-nadan,
varlı-kasıb, qoca-cavan tanımır. Bu bəladan heç
kəs sığortalamayıb. Bu bəladan hamımız
birlikdə qoruna bilərik, bir- birimizi qorumqla!
Sosial təcrid tədbirlərinə ciddi əməl
etməklə! Hamımız anlamalıyıq və
bir- birimizi anlatmalıyıq ki karantin qaydalarını pozmaqla
təkcə özümüzü və
yaxınlarımızı xəstələnmək riski ilə
üz-üzə qoymuruq, həm də cəmiyyətə
qarşı sayğısızlıq göstərir, onun dəyərlərinə
qəsd etmiş oluruq!
Xalqın mədəniyyəti və xarakteri
ekstremal vəziyyətlərdə özünü daha
qabarıq şəkildə büruzə verir. Mədəniyyətin
ən mühüm göstəricilərindən biri də
intizamlı olmaq və özünü təşkil etmək
keyfiyyətidir. Xalqımızın bir məqsəd naminə
səfərbər olunması keyfiyyəti olduqca yüksəkdir
və biz bunun dəfələrlə şahidi olmuşuq.
Böyük təhlükələri böyük mütəşəkillklə,
böyük birliklə, böyük intizamla önləmək
mümkündür.
Çəkicimizi bir zindan vurmaq
zamanıdır! Biz birlikdə güclüyük!
Yeni Azərbaycan.-
2020.- 8 aprel.- S.5.