Birinci dünya müharibəsi illərində Osmanlı ərazisində soyqırıma məruz qalan ermənilər yox, türk-müsəlman əhalisi olmuşdur

 

 

Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Anar İsgəndərov

 

-Anar müəllim, məlum olduğu kimi ermənilər hər il 24 aprel tarixini uydurma “erməni soyqırımı” kimi qeyd edir. Ümumiyyətlə, erməni-türk probleminin tarixi kökləri barədə nə deyə bilərsiniz?

-Qeyd edim ki, 1915-ci il 24 aprel tarixinin qondarma “erməni soyqırımı” kimi qeyd olunmasının heç bir əsası yoxdur. Tarixə nəzər salsaq görərik ki, əslində türklər ermənilərə qarşı heç də düşmən mövqeyində olmayıb, əksinə yardım əlini uzadıblar. Faktlara diqqət yetirək.

Uzun illər Bizansın hökmranlığı altında yaşayan ermənilərin vəziyyətini erməni tarixçisi Urfalı Matevos belə təsvir edir: "Ermənilər zülm-əsarət altında qalmışdı. Bütün məmləkət qan içində idi". Dini inanclarına görə ermənilər ciddi təqibə məruz qalırdı. Erməni katolikosları, din xadimləri Bizansdan sürgün edilirdi. Bütün təqiblərə baxmayaraq, erməni məsələsini gündəmdə saxlamaq üçün kilsə bütün vasitələrdən istifadə edirdi. VI əsrdə Roma kilsəsindən ayrılan ermənilər Qüdsdə yeni bir patriarxlıq yaratdılar. 993-994-cü illərdə Roma ordusu erməniləri qılıncdan keçirdi, sağ qalanları əsarət altına aldı.

Erməni kilsəsi Roma təhlükəsindən xilas olmaq üçün Səlcuq sultanı Alp Arslana müraciət etdi. Sultan erməniləri öz himayəsinə alaraq, onları təhlükədən xilas etdi. Sultan Məlikşah erməni kilsəsi və monastrların, erməni din xadimlərinin vəziyyətini yaxşılaşdırmaq haqqında sərəncam verdi. Ermənilərin dəfələrlə bizanslarla birləşərək türklərə qarşı vuruşduqlarına baxmayaraq, Səlcuq və Osmanlı imperiyalarının hakim dairələr tərəfindən onların dini inanclarına, adət-ənənələrinə, həyat tərzi və milli ləyaqətlərinə heç bir müdaxiləyə yol verilmirdi. Erməni tarixçilərindən Levon Dabağyan yazırdı: "Ermənilər indiki dövrdə milli varlıqlarına görə səlcuq və osmanlı türklərinə borcludurlar. Bizansların və ya başqa avropalıların əlində qalsaydıq, erməni adı bu gün sadəcə tarix kitablarında saxlanılan bir ad ola bilərdi".

Səlcuqlardan sonra hakimiyyətə gələn Osmanlı dövləti də ermənilərin sülh və rifah şəraitində yaşaması üçün hərtərəfli şərait yaratmışdı. Bursa paytaxta çevriləndən sonra ermənilərin Bizansın təhlükəsindən xilas olması üçün Orxan bəy onların bir etnos kimi Anadoluda yaşamalarına icazə verdi. İstanbul fəth ediləndən sonra erməni katolikosluğu bura köçürüldü.

XVII əsrin 30-cu illərində Osmanlı imperiyası əvvəlki qüdrətini saxlamaq iqtidarında deyildi. Ermənilərin bir qismi Roma kilsəsinin təsiri altında katolikliyi qəbul etdi. İngilislər 1840-ci ildə Qüdsdə erməni protestant kilsəsini tikməyə icazə aldılar. 1846-cı ildə ingilislərin təkidi ilə İstanbulda erməni protestant icması təşkil edildi. XIX əsrdə qərb dövlətləri və çar Rusiyası bu dövlətin parçalanması üçün planlar cızır, erməni şovinizminin dirçəlməsi üçün ciddi səy göstərirdilər.

-Buna səbəb nə idi?

-Osmanlı imperiyasının üç qitədə geniş ərazilərə sahib olması Qərb dövlətlərini və Rusiyanı ciddi narahat edirdi. 1829-cu ildə Rusiya ilə Osmanlı dövləti arasında bağlanmış Ədirnə sülhü Rusiyanın iddialarını tam təmin edə bilmədi. Doğrudur, Ədirnə sülhünün 14-cü maddəsinə görə erməni əhalisinin Cənubi Qafqaza, o cümlədən Azərbaycan torpaqlarına köçürülməsi rəsmiləşdirildi. 10 minlərlə erməni ailəsinin Osmanlı dövləti ərazisindən Azərbaycan torpaqlarına köçürülməsi Rusiyanın Osmanlı ərazisində "Qərbi Ermənistan" dövlətinin yaradılmasına olan marağını artırdı. Lakin 1853-1856-cı illər Krım müharibəsində Rusiyanın məğlub olması ona bu planını reallaşdırmağa imkan vermədi. Krım müharibəsində Osmanlı dövləti ilə müttəfiq olan İngiltərə və Fransa ermənilərin əli ilə bu ərazidə nüfuz sahibi olmağa çalışırdılar.

1878-ci ilin martında erməni patriarxı Nerses Varjapetyan İngiltərənin İstanbuldakı elçisi Loyarda müraciətində deyirdi.: "Bir il bundan əvvəl bizim Osmanlı üsul-idarəsindən heç bir şikayətimiz yox idi. Lakin Rusiyanın bu son zəfərləri vəziyyəti dəyişdirdi. İndi biz də Qərbdə müstəqil bir Ermənistana sahib olmaq istəyirik. Əgər siz yardım etməsəniz, biz bu istəyimizi gerçəkləşdirmək üçün Rusiyaya müraciət etməli olacağıq". Loyardın bəs harada, hansı torpaqları ələ keçirib Ermənistan yaradacaqsınız sualına patriarx Van, Sivas, Diyarbəkir, Kilikiya vilayətlərinin adını çəkdi. İngilis elçisi bu yerlərin heç birində ermənilərin çoxluq təşkil etmədiyini xatırlatsa da patriarxı fikrindən döndərə bilmədi.

Ümumiyyətlə, bu fakta xüsusi diqqət yetirmək lazımdır ki, ermənilərin yaşadıqları ərazidə çoxluq təşkil etməsi heç bir zaman mövcud olmamışdır. Nə Osmanlı, nə İran, nə də Rusiya ərazisində elə bir vilayət olmamışdır ki, ermənilər əhalinin üçdə birindən çox olsunlar. Faktiki olaraq ermənilər yaşayan vilayətlərdə böyük üstünlüyü türklər, kürdlər və başqa etnik qruplar təşkil etmişlər.

Berlin konqresinə qədər erməni nümayəndə heyətinin Avropada döymədiyi qapı qalmadı. Erməni nümayəndə heyəti İtaliya, Fransa, İngiltərədə öz planlarını gerçəkləşdirə bilmədiklərini yəqin edib Almaniyaya pənah gətirdilər. Konqresin sədri Bismarka erməni nümayəndələrinin onunla görüşmək istədyini bildirdi. Bismarkın cavabı çox sərt oldu: "Bütün erməniləri Pomeranlı bir əsgərin sümüyünə dəyişmərəm". Ermənilərin alman imperatoru I Vilhelmlə görüşmək arzuları da boşa çıxdı. Berlin konqresini çağıran Avropa dövlətləri öz maraqlarını təmin edən qərarlar qəbul etməklə kifayətləndilər.

Hadisələrin bu şəkildə cərəyan etməsi ilə barışmaq istəməyən ermənilər bu məsələnin həlli yolunu Osmanlı dövlətinə qarşı qiyam və terrora başlamaqda görürdülər. Erməni məsələsini silahlı vasitələrlə həll etməyə çağıran komitə, təşkilat və cəmiyyətlər şəbəkəsi Avropanı, Kiçik Asiyanı, Qafqazı və Rusiyanın iri şəhərlərini bürüdü. "Hnçaq" və "Daşnaksütyun" partiyaları terrorçu fəaliyyətə başladılar. 1878-1884-cü illərdə Zeytunda ermənilər tərəfindən iki dəfə silahlı üsyana cəhd göstərildi. 1884-cü ildə Sasunda, 1895-ci ildə Zeytunda və 1896-cı ildə Vanda Osmanlı dövləti əleyhinə silahlı qiyamlar təşkil edildi . Osmanlı dövləti Qərb dövlətlərinin və Rusiyanın təzyiqlərinə baxmayaraq, çətinliklə də olsa bu qiyamları yatıra bildi.

-Birinci dünya müharibəsində bəzi dövlətlər ermənilərdən Osmanlı dövlətinə qarşı istifadə etdilər. Əslində, bu dövrdə türklərə qarşı soyqırımı törədilib…

-Daşnakların dənizdən-dənizə erməni dövləti yaratmaq arzusu I dünya müharibəsi ərəfəsində daha geniş miqyas aldı. Birinci dünya müharibəsi ərəfəsində Osmanlı dövlətinin 3-cü ordusuna rəhbərlik edən Ənvər paşa Ərzurumda erməni liderləri ilə görüşündə yəqin etdi ki, ermənilər müharibə başlanacaq təqdirdə Osmanlı dövlətinə xəyanət edəcəklər. Çünki, çar Rusiyası gələcəkdə müharibənin nəticəsindən asılı olaraq Osmanlı ərazisində erməni muxtar dövlətinin yaradılmasına təminat verməklə, bu ərazidə yaşayan erməniləri Türkiyəyə qarşı müharibəyə cəlb edə bilmişdi. Birinci dünya müharibəsi ərəfəsində çar II Nikolayın Qafqaza gəlişi və ermənilərə osmanlılara qarşı əməkdaşlıq təklif etməsi məsələni daha da ciddiləşdirdi. Türk torpaqlarının işğalına və əhalisinin məhv edilməsinə hazırlaşan erməni silahlı birləşmələri erməni kilsəsindən xeyir-dua aldılar.

Ermənilərin bir qismi Osmanlı torpaqlarına soxulan rus ordusuna qoşuldu, bir hissəsi isə mallarını və mülklərini sataraq könüllü erməni dəstələrinə yazıldılar. Dinc türk əhalisnə qarşı həyata keçirilən qırğınlarda fəal iştirak edən ermənilər bölgəni yaxşı tanıdıqları üçün həm ruslara bələdçilik edir, həm də təxribatlar törətməklə məşğul olurdular.

1914-cü il noyabrın 1-də rus ordusu Qafqaz istiqamətində Osmanlı sərhədlərini keçdi. Qars, Ərdəhan və Batum uğrunda döyüşlərdə hər iki tərəf böyük itki verdi. Lakin Sarıqamış yaxınlığındakı döyüşdə bir tərəfdən sərt qış, o biri tərəfdən rus ordusunun daha güclü hazırlığı türklərdən 90 min əsgər və zabitin əsir alınması ilə nəticələndi. Rus ordusunun Şərqi Anadoluya daxil olması ermənilərin türklərə qarşı kütləvi qırğın törətməsi üçün şərait yaratdı. Rus ordusunun tərkibindəki ermənilər yerli ermənilərlə birləşərək heç bir günahı olmayan yüz minlərlə dinc əhalini qətlə yetirir və onları öz dədə-baba yurdlarından didərgin salırdılar. 1915-ci ilin yanvarında Sarıqamış, 1916-cı ilin fevralında Ərzurum, martda İsfahan, apreldə Trabzon, mayda Xoy və Dilman, iyunda Ərzincan, avqustda isə Muş rus ordusu və erməni silahlı birləşmələri tərəfindən işğal edildi. Ermənilər müsəlman kəndlərini qarət edir, yandırır, əhalini fərqinə varmadan qılıncdan keçirirdilər. Dinc əhalini zorla evlərə, məscidlərə dolduraraq diri-diri yandırırdılar. Qocaları və uşaqları torpağa basdırır, hamilə qadınların qarnını yırtıb körpələri çıxarıb boğurdular və anaları öz balalarının ətini yeməyə məcbur edirdilər.

Ermənilərin yerli əhaliyə qarşı həyata keçirdiyi bu qırğınlar Osmanlı dövlətini müəyyən müdafiə tədbirləri görməyə məcbur etdi. Belə ki, 1915-ci il mayın ortalarında Van, Bitlis və Ərzurumdan erməni əhalisi döyüş meydanından uzaqlaşdırıldı. Bununla da türklərin rus və ingilislərə qarşı döyüşlərində ermənilərin neytrallığı təmin edildi. Eyni zamanda, Osmanlı dövlətinin hərbi rəhbərliyi türklərə və digər müsəlmanlara ermənilərə qarşı hər hansı zorakılıq törətməyi qadağan edən göstəriş verdi. 1919-cu il yanvarın 30-da Londonda çıxan "Tayms" qəzeti yazırdı:"Köçürülən erməni əhalisinin gələcəkdə öz evlərinə qayıtması və əmlakına sahib durması üçün Osmanlı hökuməti tərəfindən xüsusi komissiya yaradıldı. Komissiyanın işi erməni əhalisinin siyahıya alınmasından ibarət idi. Komissiyanın sənədlərində dönə-dönə qeyd olunur ki, müharibə başa çatandan sonra erməni əhalisi öz evlərinə qaytarılacaqdır" .

Antantanın təbliğat maşını və erməni millətçiləri sübut etmək istəyirlər ki, birinci dünya müharibəsi illərində Osmanlı ərazisində bir milyondan artıq erməni öldürülmüşdür. Bunun üçün fakt kimi müharibəyə qədər Osmanlı ərazisində ermənilərin 2,5 milyon nəfər olduğu göstərilirdi. Halbuki, Osmanlı dövlətinin rəsmi məlumatına görə müharibəyə qədər bu ərazidə 1,3 milyon erməni yaşayırdı. Göstərilən əhalinin yalnız yarısı döyüş əməliyyatları gedən ərazidə yaşayırdı. Müharibə dövründə yarım milyon erməni Türkiyədən Qafqaza və başqa yerlərə köçmüş, 150-200 min erməni Qərbi Avropa və ABŞ-a mühacirət etmişdi və ehtimal etmək olar ki, ölən əhalinin sayı 200 min nəfər olmuşdur. Təbii ki, bu rəqəmin içində təkcə köçürmə nəticəsində ölənlər yox, aclıqdan, soyuqddan ölənlər və itkin düşənlər də vardır. "Tayms" qəzeti yazır: "Bu bir danılmaz həqiqətdir ki, müharibə illərində Osmanlı ərazisində iki milyon türkün həyatına son qoyulmuşdur" .

-Ermənilərin iddiaları ilə bağlı hər hansı tarixi sənəd varmı?

-Erməni ideoloqları dünyanı inandırmaq istəyir ki, guya 1915-ci il aprelin 24-də daxili işlər naziri Tələt paşa erməni əhalisinin dövlət səviyyəsində qırılmasına dair yazılı göstəriş vermişdir. Bu günə qədər erməni ideoloqları həmin sənədin əslini fakt kimi heç kimə göstərə bilmirlər. Ona görə ki, belə bir sənəd, ümumiyyətlə, yoxdur.

1920-ci ildə Qərb dövlətlərinin Osmanlı dövlətini parçalamaq planı təbliğ olunan dövrdə Aram Andonyanın "Ermənilərin kütləvi şəkildə öldürülməsi haqqında rəsmi sənədlər" adlı saxta əsəri də bir neçə dildə işıq üzü gördü. Aram Andonyan hamını inandırmaq istəyirdi ki, ingilis qoşunlarının Hələbə hücumu dövründə o, Osmanlı çinovniki Naim bəylə görüşmüş və daxili işlər naziri Tələt paşanın ermənilərin kütləvi şəkildə öldürülməsi haqqında şifrəli əmrini ondan almışdır. İngilis dilində nəşr olunmuş kitabda 48 "rəsmi Osmanlı sənədi" verilmişdir. Halbuki, fransız nəşrində bu rəsmi sənədlərin məzmununda, həm də çapında fərq vardır. Andonyanın "rəsmi sənədləri" içərisində 14 şəkil verilmişdir. Müəllifdən şəkillərin əsli tələb olunduqda, o bunları itirdiyini bildirmişdi. Andonyanın sənədlərinin saxta olduğu heç kimə sirr deyil. Çünki müəllif bu saxta sənədləri tərtib edərkən müsəlman dövlətləri üçün məcburi etiket qaydasını belə yaddan çıxarmış, "Allahın adı ilə başlanan ifadələri" unutmuşdur. İkincisi, Andonyan saxta sənədlərə tarix qoyarkən müsəlman təqvimi əvəzinə rum təqvimindən istifadə etmişdir. Bir sözlə, Andonyanın bu saxtakarlığı hamıya məlumdur. Lakin bu saxta "sənədlər" bir çox qərb dövlətlərinin maraqlarını təmin etdiyinə görə siyasi dairələrin diqqət mərkəzindədir.

1919-cu il Paris sülh konfransı dövründə Osmanlı rəhbərlərinin gizli yazışmaları diqqətlə yoxlanıldıqdan sonra ermənilərin kütləvi surətdə öldürülməsi haqqında heç bir sənəd və əmr tapılmadı. Əksinə, Avropadan gələn məmurlar belə faktla rastlaşdılar ki, köçürülən erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı dövləti tərəfindən onlarla əmr və göstəriş verilmişdir.

Amerika tarixçisi Stenford Corc Şou yazırdı: "Osmanlı ərazisində müsəlman əhalisinə qarşı ilk qırğınlar 1915-ci il mayın 14-də Van şəhərində rus ordusunun iştirakı ilə erməni dəstələri tərəfindən törədildi. İki gün ərzində şəhərin müsəlman əhalisi qılıncdan keçirilərək onlara olmazın işgəncələr verildi. Osmanlı ərazisində rus ordusunun himayəsi altında "Erməni Van dövləti" yaradıldı . Van soyqırımından sonra erməni və rus birləşmələrinin Bitlis vilayətinə hücumları başladı. Mosula qədər böyük bir ərazi erməni daşnak qüvvələrinin işğalı altına düşdü. 1915-ci il iyulun ortalarına qədər Van ərazisinə 250 min erməni köçürüldü. Halbuki, bu ərazidə 50 mindən artıq erməni yaşamamışdı .

1915-ci il iyulun ortalarından etibarən ermənilərin bu ərazilərdə törətdikləri cinayətlərin sayı-hesabı yox idi. İyulun ortalarından sonra Osmanlı ordusunun əks hücumu nəticəsində geri çəkilən rus-erməni ordusu ilə birlikdə erməni əhalisi də bu əraziləri tərk etməyə başladı. 200 minlik erməni əhalisi rus ordusunun müşaiyəti ilə Cənubi Qafqaz istiqamətinə üz tutdu.

Birinci dünya müharibəsi illərində erməni-Osmanlı münasibətlərinə dair həm obyektivlik baxımdan, həm də sənədlərin əksəriyyəti qeyri-müsəlman müəlliflərinə məxsus olduğuna görə ABŞ konqresi kitabxanasında saxlanılan "Bristolun sənədləri" diqqəti cəlb edir . Bu külliyyatda qeyd olunur ki, "dəqiq statistik mənbələrdən məlumdur ki, 1912-1922-ci illər ərzində 600 minə yaxın erməni həlak olmuşdur. 1,5-2 milyon ermənin ölümü ilə bağlı fikirlər fərziyyədən başqa bir şey deyildir. Müharibə gedən ərazidə insanların ölümü və itkin düşməsi adi bir haldır" . Bristolun sənədlərində göstərilir ki, qeyd olunan dövrdə isə 2,5 milyon türkün həyatına son qoyulmuşdur. Türklərin ölümü və öldürülməsi ermənilərdən daha faciəli olmuşdur.

Yuxarıdakı faktlardan belə nəticəyə gəlmək olar ki, I dünya müharibəsi illərində Osmanlı ərazisində soyqırıma məruz qalan ermənilər yox, türk-müsəlman əhalisi olmuşdur. Osmanlı ərazisində öz mənfur planlarını həyata keçirə bilməyən erməni silahlı dəstələri geri çəkilərək Azərbaycanın cənubunda, qərbində və şimalında türk-müsəlman əhalisinə qarşı kütləvi qırğınlara başladılar.

-Anar müəllim, bu gün dünyanın bəzi dövlətləri uydurma “erməni soyqırımını” tanıyıb. Ermənistan bu prosesi davam etdirməyə çalışır. Bu barədə nə deyə bilərsiniz?

-Tarixdə olmayan bir hadisəni bu gün dövriyyədə saxlamaq cəhdləri siyasi məqsədlər üçündür. Bilirsiniz ki, illər öncə Türkiyə Ermənistana hər iki tərəfdən arxiv sənədlərinin açılmasını və tarixçilərin bu məsələni araşdırıb ortaq qərara gəlməsini təklif etmişdi. Amma erməni tərəfi bu təklifi qəbul etmədi. Çünki tarixdə belə bir “soyqırımı” olmayıb və tarixçilərdən ibarət birgə komissiya yaradılıb bu məsələ araşdırılsaydı, erməni yalanları ifşa olunardı. Bununla da, məsələ birdəfəlik qapanardı.

Bu məsələni gündəmdə saxlamaq istəyən dövlətlərə gəlincə, onlar bu məsələdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Yəni, ermənilər həmin dövlətlərin əlində alətdir. Dünyada müəyyən qüvvələr, dövlətlər var ki, Türkiyəni güclü görmək istəmir. Eləcə də Azərbaycanı. Əgər belə olmasaydı, müasir dövrümüzdə , 20-ci əsrin sonunda ermənilər Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdilər. Həmin dövlətlər ədalətlidirsə, ilk növbədə Xocalı qətliamını soyqırımı kimi tanısınlar. Amma təəssüf ki, onların məqsədi başqadır.

Türkiyə və Azərbaycan erməni saxtakarlığına qarşı həmişə mübarizə aparıb və bu gün də aparırlar. Bu istiqamətdə tarixçilərimiz də elmi-tarixi əsərlər yazıb dünyaya təqdim edir.

 

Yeni Azərbaycan.- 2020.- 24 aprel.-S.7.