Akademik Rafael Hüseynovun “Böyük yolun həqiqəti” kitabı çapdan çıxıb

 

2020-ci ildir, onillərin həsrətlərindən sonra yenidən qovuşduğumuz müstəqilliyimiz 29 yaşına çatıb, 30-na doğru irəliləyir.

 

Bu bir haqq yoludur ki, gedirik.

 

Millətimizə və yurdumuza qismət bu Müqəddəs Yolun ən mühüm həqiqəti isə ondan ibarətdir ki, həmin mübarizəli zaman məsafəsinin, yaşlaşdıqca dönməzləşən istiqlalımızın 27 ili İki Qüdrətli İnsanın, İki Mətin Rəhbərin adı ilə bağlıdır.

 

AZƏRTAC xəbər verir ki, bu fikirlər N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun bu günlərdə çapdan çıxmış “Böyük yolun həqiqəti” kitabında yer alıb.

 

Kitabda müasir müstəqil Azərbaycan dövlətinin quruculuğunda və inkişafında müstəsna xidmətləri olan iki görkəmli şəxsiyyətin – ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətləri fonunda dövlətimizin XX əsrin sonunda və XXI yüzilliyin ilk onilliklərində keçdiyi çətin və mübarizələrlə dolu yoldan bəhs edilir. Azərbaycanın bərpa edildikdən sonra yenidən ciddi təhlükələrlə qarşılaşmış dövlət müstəqilliyini, vətəndaş müharibəsi astanasında olan ölkəni, çökmüş iqtisadiyyatın doğurduğu fəsadlardan əziyyət çəkən xalqı dərin və miqyaslı düşüncəsi, əzmi və qətiyyəti ilə xilas edərək sağlam məcraya yönəltmək, müasir və qüdrətli dövlətin əsaslarını yaratmaq Heydər Əliyevin tarixi missiyası idi. Prezident İlham Əliyev həmin böyük yolu uğurla davam etdirərək Azərbaycanın istiqlalını daha da sarsılmaz edib, ölkəmizi dünya dövlətləri arasında üstün mövqeyə çıxarıb, qlobal enerji və nəqliyyat layihələrini gerçəkləşdirərək müstəqilliyimizin dönməzliyinin və xalqımızın firavanlığının təmin edilməsinə əvəzsiz töhfələr verib. İki qüdrətli liderin çoxcəhətli coşqun fəaliyyətlərini əks etdirən kitabı onların böyük yolu haqqında müəllifin sözlərinə Azərbaycanın tanınmış bəstəkarlarının yazdığı musiqi əsərləri tamamlayır.

 

Bu yolda yorulmaq yox

 

Akademik “Bu yolda yorulmaq yox” adlı “Ön söz”də qeyd edir ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti bütöv Azərbaycan tarixinin pozulmaz səhifələridir. Heydər Əliyevin ömür möhləti başa çatsa, onun Azərbaycana rəhbərlik etdiyi onillərin mənzərəsi tam halda göz önündə olsa da, İlham Əliyev fəaliyyətdədir, yolunu getməkdədir və söz yox, yeni illər bu şəxsiyyətin dövlətçi tərcümeyi-halını daha dolğun edən yeni səhifələri də doğuracaqdır.

 

Müəllifin fikrincə, dünyada mövcud olan bütün bəlli xəritələrdən fərqli olan Millət Yaddaşı Xəritəsi də var: “Heydər Əliyevi və İlham Əliyevi Millət Yaddaşında bu gün və gələcək zamanlarda da daim yaşadacaq, unudulmağa qoymayacaq başlıca ƏMƏL onların məhz istiqlalımızı, müstəqilliyimizi yeni-yeni addımlamağa başladığı, hələ saysız təhlükələrlə üz-üzə olduğu dövrlərdə qoruyub qüvvətləndirməyi bacarmaları, ölkəni böhranlardan xilas edərək, tərəqqi yoluna çıxarmaları, Azərbaycanın dünya dövlətləri ailəsində özünü daha artıq təsdiq etməsinə, seçilən, parlayan bir ölkəyə çevrilməsinə nail olmalarıdır”.

 

Müstəsnalıq

 

1994-cü ildə xarici səfərdə lentə alınacaq müsahibədən əvvəl Ulu Öndərlə söhbətini xatırladan akademik Rafael Hüseynov qeyd edir ki, taleyinin enişli-yoxuşlu illərini yada salarkən Heydər Əliyevin sadə bir etirafında onun daim zirvələr fatehi olub sonacan da zirvədə qalmasının əsas cövhəri gizlənmişdi: “Elə bilirsən asan olub? Mübarizə aparmaq, çarpışmaq lazım idi”. Müəllif bu qənaətə gəlir ki, fitrətən insana nəsib olan üstün keyfiyyətləri öz yerində, amma əvvəldən-axıradək zirvədə qala bilməyin, Heydər Əliyev müstəsnalığına çatmağın, SINMAZ POLAD olmağın düsturu elə bu imiş – bir ömür boyu mübarizlik!

 

Kitabda bir məsələyə də diqqət çəkilir ki, hələ sovet dövründə erməni lobbisi Heydər Əliyevin – qüdrətli azərbaycanlının Kremldəki ucalığına dözə bilmirdi: “Nə qədər ki Heydər Əliyev orada idi, nə ona bata, nə Azərbaycan əleyhinə qara məkrlərini həyata keçirə bilirdilər. Nəhayət, ən müxtəlif vasitələrlə Heydər Əliyevin Kremldən uzaqlaşdırılmasına nail olandan sonra Qarabağ tonqalını da alışdırdılar”.

 

Alimin fikrincə, Heydər Əliyevin insanları təsiri altına çəkən qaçılmaz maqnitizmi vardı. Bu maqnitizmin, cəlbediciliyin bir tərəfi tabe olmağa vadar edirdisə, bir tərəfi də qarşıdakını ona ürək bağlamağa, mehr salmağa cəzb edirdi. Heydər Əliyev həm də iti söz sahibi, sözünün kəsəri olan dövlət başçısı idi.

 

Onun söykəndiyi dağ

 

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin peşəkar siyasi xadim olmaqdan tutmuş müasir iqtisadiyyatın həm təcrübəsi, həm nəzəriyyəsilə bilavasitə məşğul olmasınacan əsl müasir dövlət başçısı olduğunu vurğulayan akademik Rafael Hüseynov yazır: “2003-cü ildən Azərbaycan dövlətini idarə etməyə başladığı ilk gündən indiyədək Prezident İlham Əliyev onillərə sığacaq qədər nəhəng quruculuq işləri görüb və bunlar da, şəksiz ki, zaman-zaman yaşayacaq, gələcək nəsillərdə minnətdarlıq hissi oyadacaq. Amma Prezident İlham Əliyevin də bütün millətə xeyir işlərinin ən ucasında dayanan onun itkilərsiz, acılarsız, xalqı və ölkəni zənginləşdirə-zənginləşdirə istiqlalımızı 29 yaşına çatdırmasıdır”.

 

Bu məqamda kitabın yer alan “Heydər oratoriyası” silsiləsindən “Davamçın var” şeirindən aşağıdakı misraları qeyd etmək yerinə düşər:

 

Çiçəklənən Azərbaycan

Səndən bizə bir yadigar

Ruhun şaddır, bəxtiyarsan,

Özün kimi davamçın var!

Müəllifin fikrincə, Heydər Əliyev kimi siyasət və dövlətçilik dahisindən sonra ölkə rəhbərliyinə gəlmək və yurdunu sələfinin dövründən 20 dəfə zəngin edə bilmək hakimiyyət hünəri, idarəçilik qəhrəmanlığıdır. Bu, Prezident İlham Əliyevin əvəzsizliyidir. Bütün ardıcıl və çox zaman tab gətirilməz güclü xarici təzyiqlərə sinə gərərək müstəqil siyasət aparmaq, işğalçı Ermənistanı bütün iqtisadi layihələrdən təcrid vəziyyətində saxlayaraq müflis duruma endirmək, düşməni atəşkəs dönəmində mükəmməl siyasi gedişlərlə məğlub halına gətirmək İlham Əliyevin misilsizliyidir.

 

Kitabda Prezident İlham Əliyevin hələ 2003-cü ildə Avropa Şurasında keçirilən müzakirələrdə bir siyasi xadim olaraq qazandığı müvəffəqiyyətdən tutmuş bu günədək Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istiqamətində beynəlxalq məkanlarda, o cümlədən bu ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə qazandığı uğurlara diqqət çəkilir: “Çətin olan ən lazımlı ifadəni gərək olan anda, düşmənin üzünə çırpılmalı dəlilləri yerində və məqamındaca yada salıb ifadə etmək, tərs şillə kimi rəqibin abır-həyası çoxdan qeyb olmuş sürtük sifətinə vurmaq ustalığıdır.

 

Bu baxımdansa Azərbaycan siyasət meydanında Prezident İlham Əliyevə tay olan yoxdur.

 

Amma yalnız Azərbaycan siyasət meydanındamı?

 

Bu misilsiz qabiliyyətləri ilə də Prezident İlham Əliyev bu gün dünyanın siyasi elitasındakı üstün təklərdəndir!”.

 

Kitabda, həmçinin qeyd olunur ki, Azərbaycanın paytaxtından tutmuş ən ucqarlarınadək heyrət doğuran inkişafa müvəffəq olmaq, 17 il əvvəl yolunun başlanğıcından vəd etdiyi kimi, hər bir azərbaycanlının Prezidenti olmaq öhdəliyini ləyaqətlə yerinə yetirmək şərəfdir. Bu şərəfi Prezident İlham Əliyev 17 il boyunca çəkdiyi zəhmətlər, səylər, apardığı mübarizələr sayəsində qazanıb.

 

Prezident sözünün gücü

 

Bu il iyulun 12-də Ermənistanın hərbi təcavüzündən və təxribatından söz açan akademik Rafael Hüseynov Ali Baş Komandanın göstərişi ilə Milli Ordumuzun düşmənə sarsıdıcı zərbə vurduğunu qeyd edərək yazır: “Ermənistan elə itkilərə məruz qoyuldu ki, əvvəlcə bunları öz ictimaiyyətindən gizlətməyə çalışsa da, miqdarın və həcmin həddən artıq iriliyi asta-asta onları etirafa vadar etdi.

 

Lakin Prezident İlham Əliyevin danılmaz sübutlara söykənən ifşaçı sözləri ilə düşmənə vurduğu zərbə Tovuz səmtində ordumuzun qəsbkar Ermənistanın canlı qüvvəsini, hərbi texnikasını, sərhədboyu yerləşən dayaq məntəqələrini məhv etməklə yekunlanan zərbələri ilə müqayisədə daha sarsıdıcı oldu”.

 

Akademikin fikrincə, iyulun 15-də televiziya ekranından göstərilən və Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə Prezident sözlərini, əlbəttə ki, yalnız həmin dəqiqələrdə onunla ekranda üzbəüz olan nazirlərə deyil, hamıya deyirdi.

 

Bizə və dünyaya.

 

O cümlədən qulaqlarını şəkləyərək Azərbaycandan gələn hər yeniliyi, illah da Prezidentin dilindən çıxan hər kəlməni güdən Ermənistana.

 

Prezident İlham Əliyev bir daha elan edirdi: “Ermənistan qüvvələri bir santimetr belə Azərbaycan torpağına girə bilməmişlər və heç vaxt buna nail olmayacaqlar”.

 

Akademik bu qənaətə gəlir ki, Prezident İlham Əliyevin sözünə millətin həmişə ehtiyacı var. Çünki bu səs xalqa həqiqətləri çatdırır, onu ümidləndirir, qələbələrə kökləyir, inamlı edir. “Səslə bizi” şeirində olduğu kimi:

 

“Qalxın” desən, qalxar ellər,

sıldırımı yıxar, keçər.

Torpağına göz dikəni

Şimşək kimi yaxar keçər.

 

Bu torpağın hər balası

Qeyrət dolu, susmuş vulkan,

“Vətən!” deyib alov olar,

Şahə qalxar sən çağırsan.

Kitabda müəllifin “Yenilməzlik hekayəti”, “Vəfa dərsi”, “Sənin arzun”, “İki qüdrət”, “Sən tarixi yaradan”, “Zirvələrdən baxan Öndər” və digər şeirləri yer alıb. Akademik Rafael Hüseynov yazır: “Unudulmaz Heydər Əliyev ilk dəfə Azərbaycan Respublikasına rəhbərlik etməyə başlayanda mən məktəbli idim. Həmin iyul gününü, bu xəbəri radioda ilk eşitdiyim anları dəqiqliyi ilə xatırlayıram və aradan yarım əsrlik bir vaxt keçib. Bütöv bir ömür.

 

Müasir Azərbaycan dövlətinin özünütəsdiqi, möhkəmlənməsi, tərəqqisi yolunda bu iki şəxsiyyətin xidmətləri çoxdur və millətimin sıra nəfəri olaraq istiqlal içərisində olan dövlətimizin varlığını isə mən millətimin də, öz ömrümün də əsas nailiyyəti hesab edirəm”.

 

Ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə akademik Rafael Hüseynovun müxtəlif illərdə həsr etdiyi və hamısı nəğmələşmiş bu şeirlər yalnız bilavasitə onların özü barəsində deyil, həm də elə yurdumuz, xalqımız, bayrağımız, himnimiz, yolumuz haqqındadır.

 

 

Yeni Azərbaycan.- 2020.-12 avqust.- S.4.