Hikmət Hacıyev: Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir

 

Bu günlərdə Ermənistan özünün yeni Milli Təhlükəsizlik Strategiyasını ictimaiyyət üçün açıqlayıb. Strategiyaya ön söz kimi yazılmış qeydlərdə baş nazir N.Paşinyan geniş şəkildə erməni tarixinə istinadlar edir, Ermənistan dağlıq yaylası, Hayk, çar Artaşes, Arşakilər, Van çarlığı, soyqırımı və s. kimi mifik tarixi məqamlara toxunur ki, bu da format olaraq belə sənədlərə tamamilə uyğun gəlmir.

 

Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Ad­ministrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı AZƏRTAC-a şərhində yer alıb.

 

Prezidentin köməkçisi qeyd edir ki, ümumiyyətlə, Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir. Adətən belə sənədlərdə tarixə bu qədər istinadlar olmur. Hiss olunur ki, Ermənistan yenə də keçmi­şin girovluğundan qurtula bilməyib və çatışmazlıq kompleksi özünü bu sənəddə də büruzə verib.

 

Strategiya ilə tanış olduqca orada şovinist, ksenofob və irqçi dəyərlərin təbliğ edildiyi dərhal sezilir. Erməni xalqının böyüklüyü, onun digər xalqlar­dan üstünlüyü barədə, eləcə də qonşu xalqlara qarşı dözümsüzlük kimi mesajlar verilir. Ermənistanın baş naziri Vahan Teryanın şerindən gətirdiyi sitatla böyük Babil sivilizasiyasının yer üzündən silinməsini şadyanalıqla qarşılayır. Əslində, Strategiyanın bütün məğzi “Babil bizim düşmənimiz idi. Bəs indi haradadır? Səhralarla örtülüb” sitatında cəmləşib. Bu düşüncə sahiblərinin Yaxın Şərqdə qədim tarixi abidələri dağıdan terrorçulardan heç bir fərqi yoxdur. Bütün bunları görəndə, faşist Qaregin Njdenin “Sekaqron” kimi şovinist nəzəriyyəsinin necə yaranmasının və belə ideologiyala­rın nəyə görə Ermənistanda bu dərəcədə geniş təbliğ olunmasının səbəbləri tam aydın olur.

 

Bəlkə də Ermənistandan başqa heç bir ölkənin Milli Təhlükəsizlik Strategiyasın­da şeir yer almayıb.

 

Sənəddə “məxməri inqilab”a toxunu­lur və onun yeni standartlar müəyyən et­diyi bildirilir. Əslində, Milli Təhlükəsizlik Strategiyasında bu tipli istinad sənədin formatına uyğun deyil və məntiqsizdir. Çünki belə sənədlərdə hər hansı bir siyasi qüvvə təbliğ edilməməli, dövlətin ümumi və uzunmüddətli təhlükəsizlik konsepsi­yası təsvir olunmalıdır. Yəni, konsepsiya hakimiyyətdəki qüvvələrə deyil, dövlətin maraqlarına uyğun bir sənəd olmalı­dır. Belə çıxır ki, sabah Ermənistanda N.Paşinyana və “məxməri inqilab”a əks olan qüvvələr hakimiyyətə gəldikdən sonra bu strategiya avtomatik surətdə artıq etibarsız olacaq. Belə təəssürat yaranır ki, bu Ermənistanın deyil, Soros və ona yaxın dairələrin dəstəyi ilə baş vermiş “inqilab” nəticəsində hakimiyyətə gələn, Soros fondundan pul alan N.Paşinyan hakimiyyətinin Milli Təhlükəsizlik Strate­giyasıdır.

 

Sənəddə Ermənistan–Azərbaycan münaqişəsinə dair çoxsaylı istinadlar edilir, Azərbaycan tərəfi günahlandırılır və guya Azərbaycanda ermənifobiyanın olduğu bildirilir. Bundan əlavə, sənəddə Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qanunsuz rejimlə bağlı məqamlar yer alır.

 

Bununla bağlı vurğulamaq istərdim ki, strategiyada münaqişə ilə bağlı fakt və arqumentlər də saxtadır. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionu­nu və ətraf yeddi rayonunu işğal edib. Ermənistan azərbaycanlılara qarşı soyqı­rımı törədib, etnik təmizləmə həyata ke­çirib, müharibə cinayətləri törədib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə baxmayaraq, Ermənistan hələ də öz ordusunu işğal etdiyi ərazilərdən geri çəkməyib. Ermənistan işğal olun­muş ərazilərdə qeyri-qanuni fəaliyyət, o cümlədən qeyri-qanuni məskunlaşma siyasəti aparır. Ermənistan işğal olun­muş ərazilərdə Azərbaycan izlərini yox etməyə çalışır. Ermənistan təmas xəttində və dövlət sərhədində atəşkəsi kobud şəkildə pozaraq təxribatlar törədir, qəsdən Azərbaycanın mülki əhalisini və obyektlərini atəşə tutur. Ermənistan danışıqlarda maraqlı deyil, süni ola­raq status-kvonu uzatmağa və işğalı möhkəmləndirməyə çalışır.

 

2016-cı ilin Aprel döyüşləri barədə uydurma fikirlərlə bağlı qeyd etmək istərdim ki, həmin vaxt Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribata əl atmışdı. Azərbaycan öz əhalisini qorumaq üçün cavab tədbirləri görmək məcburiyyətində qalmışdı. Ermənistanın Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribat zamanı da növbəti dəfə mülki əhali və mülki obyektlər qəsdən hədəfə alınıb.

 

Sənəddə xalqların öz müqəddəratını təyinetmə prinsipinə bir neçə dəfə isti­nadlar edilir. Qeyd edilir ki, qondarma qurumun öz müqəddəratını təyinetmə hüququ qeyri-şərtsiz tanınmalıdır.

 

Ermənistan işğal faktını öz müqəddəratını təyinetmə prinsipi ilə ört-basdır etməyə çalışır. Heç bir halda bu prinsip Azərbaycanın Dağlıq Qara­bağ bölgəsinə aid edilə bilməz. Bu, öz müqəddəratını təyinetmə yox, işğaldır. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir və buna alternativ yoxdur. Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlü­yü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək.

 

Qondarma qurumun qeyd-şərtsiz və məhdudiyyətsiz öz müqəddəratını təyinetmə hüququnun tanınmasını tələb edən və bu qanunsuz rejimi “azad ölkə” kimi tanıyan bu strategiya sənədi özlüyündə Ermənistan tərəfindən ATƏT-in Minsk qrupu çərçivəsində aparılan da­nışıqlar prosesinə vurulmuş növbəti ağır zərbədir. Hesab edirəm ki, həmsədrlər və ümumiyyətlə beynəlxalq ictimaiyyət bu sənədə reaksiya verməlidir.

 

Ümumiyyətlə, Ermənistanın özünə aid olan bir sənəddə başqa dövlətin ərazisinə dair şərhlərin verilməsi işğalçı­lıq siyasətinin bariz nümunəsidir.

 

Sənəddə iddia olunur ki, Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara sadiqdir. Lakin bu ölkənin baş nazirinin “Qarabağ Ermənistandır və nöqtə”, müdafiə nazirinin “yeni torpaqlar naminə yeni müharibə” kimi bəyanatları, qondarma rejimi tərəf kimi danışıqlara cəlb etmək cəhdləri, eləcə də strategi­yada münaqişə ilə bağlı təxribat xarak­terli fikirlər sübut edir ki, Ermənistan məqsədli şəkildə danışıqlar prosesini pozur və onun niyyəti işğalı davam etdirməkdir.

 

Strategiyada qeyd olunur ki, qon­darma qurumun təhlükəsizliyini, eləcə də Ermənistan da daxil olmaqla xarici dünya ilə təhlükəsiz və şaxələnmiş kommunikasiyasını təmin edəcək lazımi müdafiə xətləri olmalıdır. Bununla Laçın rayonu və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə bitişik digər işğal olunmuş rayonlara işarə edilir. Bu bir daha onu göstərir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını qaytarmaq niyyəti yoxdur.

 

Sənəddə bir neçə yerdə qeyd olu­nur ki, Ermənistan qondarma qurumun təhlükəsizliyinin qarantıdır. Bu işğalın açıq etirafıdır. Bundan əlavə iddia edilir ki, Azərbaycanın münaqişəni hərbi yolla həll etmək cəhdi qondarma qurumun əhalisinin fiziki mövcudluğuna təhdiddir. Əslində isə Ermənistanın işğalçı siyasəti Azərbaycanın mülki əhalisinin öz doğma torpaqlarında fiziki mövcudluğuna son qoyub. Ermənistan bir milyona yaxın mülki azərbaycanlını öz doğma yurdla­rından qovmaqla etnik təmizləmə siyasəti həyata keçirib.

 

Strategiyada bildirilir ki, danışıq­lar prosesinin məqsədi “müharibənin nəticələrinin qorunması”dır. Bu, açıq şəkildə göstərir ki, Ermənistan Azərbaycan ərazilərinin işğalını davam etdirmək niyyətindədir və dayanıqlı sülhə xidmət edən danışıqlarda maraqlı deyil.

 

Sənədlə tanış olduqca Ermənistanın Azərbaycanın dövlət sərhədinin Tovuz ra­yonu istiqamətində törətdiyi son təxribatın məqsədyönlü şəkildə həyata keçirilməsi bir daha aydın olur.

 

Strategiyanı oxuduqca Ermənistanda azərbaycanafobiya aydın sezilir. Bu ölkədə azərbaycanlılara qarşı açıq nifrət aşılanır.

 

Sənəddə Azərbaycan tərəfindən guya ermənilərə qarşı həyata keçirilmiş uydurma qırğınlardan danışılır. Gəncə Qandzak adlandırılır. Azərbaycanlılara qarşı soyqırımı və vəhşiliklər törətmiş, Ermənistanda və işğal edilmiş ərazilərdə Azərbaycan irsini məhv edən və toponimlərini dəyişdirən bir ölkənin bu iddiaları əsl riyakarlıqdır.

 

Strategiyada deyilir ki, Ermənistan cəmiyyətində zorakılıq və ksenofobiyaya yer yoxdur. Əslində isə Ermənistan öz ərazisindən, eləcə də işğal etdiyi torpaq­lardan 1 milyondan çox azərbaycanlını zorakılıqla qovub. Ermənistan məscidləri, tarixi abidələri, qəbirləri dağıdan bir ölkədir. Ksenofobiyanın həddi o səviyyədədir ki, Yerevandakı Göy məscidin, Şuşadakı Yuxarı Gövhər ağa məscidinin memarlıq xüsusiyyətləri və mahiyyəti dəyişdirilir, İran abidələri kimi qələmə verilir. Ermənistanda böyük Azərbaycan şairi aşıq Ələsgərin qəbri dağıdılıb. Ermənistanın keçmiş prezidenti 2003-cü ildə Avropanın mərkəzində qeyd etmişdi ki, “ermənilərlə azərbaycanlılar etnik cəhətdən uyğunsuzdur”.

 

Sənəddə qeyd olunur ki, ermənilər XX əsrin ilk “soyqırımı”nın qurbanlarıdır və Ermənistan beynəlxalq səviyyədə soy­qırımının qarşısının alınması mövzusuna xüsusi diqqət yetirir. Bu da növbəti yalan­dır. Ermənistan özü XX əsrin sonlarında Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədib.

 

Strategiyada Türkiyəyə qarşı da fikirlər öz əksini tapır, qondarma soyqırımına istinadlar edilir. Bunun səbəbi Türkiyənin beynəlxalq hüququ və tarixi ədaləti əsas tutaraq Ermənistanı Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə çağırmasıdır. Mifik tarixə köklənən Ermənistan bir daha nümayiş etdirir ki, qonşuları ilə sülh şəraitində yaşaya bilmir və bu səbəbdən də Ermənistanın bir dövlət kimi gələcək inkişafı mümkün deyil.

 

Sənəddə qeyd olunur ki, regi­onda demokratiya və insan haqları sahəsindəki geriləmə Ermənistanı narahat edir. Əlavə edilir ki, Azərbaycan və Türkiyədə demokratiya və insan haq­ları sahəsində geriləmə var və bu da bu ölkələrin beynəlxalq öhdəliklərini yerinə yetirməsinə mənfi təsir göstərir. Bu bir daha irqçilik və şovinizmin göstəricisidir. Hesab edirəm ki, başqa dövlətin ərazisini işğal etmiş, etnik təmizləmə həyata keçir­miş Ermənistan insan hüquqları barədə danışmaq haqqı olan ən axırıncı ölkədir. Yalandan və utanmadan özünü demok­ratiya carçısı, insan haqları müdafiəçisi kimi təqdim edən Ermənistan bizə görə narahat olmasın, diqqətini özündə geniş yayılmış insan haqları problemlərinin həllinə yönəltsin.

 

Ümumiyyətlə, Ermənistanın demok­ratiya və insan haqlarından danışma­sının özü gülüncdür. Bu ölkədə 20 ilə yaxın hərbi xunta hakimiyyətdə olub, parlamentdə yüksək vəzifəli dövlət rəsmiləri güllələnib, indiki baş nazir isə siyasi rəqiblərini “asfalta uzatmaq”la hədələyir və asfalta uzadır. Ermənistanda siyasətçilər, jurnalistlər siyasi baxışlarına görə təqib olunur. Jurnalist Mger Yegia­zaryan türmədə aclıq aksiyasından sonra vəfat edib.

 

Sənəddə regiondakı təhdidlərə istinad edilir. Vurğulamaq istərdim ki, region­da ən böyük təhdid elə Ermənistan və onun işğalçı siyasətidir. Ermənistanın milli təhlükəsizliyinə ən böyük təhlükə də məhz elə Ermənistan və N.Paşinyan hakimiyyətinin siyasətidir.

 

Strategiyada qeyd edilir ki, Azərbaycan və Türkiyə Ermənistanı iqtisadi blokadada saxlayır və onu regio­nal layihələrdən kənarda qoyur. Bu açıq həyasızlıqdır. Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğalda saxlaması şəraitində belə ittiham­larla çıxış etməsi heç bir əndazəyə sığmır.

 

Sənəddə bildirilir ki, Ermənistanın xarici siyasət baxışı beynəlxalq, millətlərarası və sivilizasiyalararası dialoqa əsaslanır. Ermənistanın belə tezislə çıxış etməsi çox gülüncdür. Bu reallığı əks etdirmir. Yuxarıda qeyd etdiyim kimi, Ermənistan öz ərazisində və Azərbaycanın işğal edilmiş torpaqla­rında etnik təmizləmə aparıb, Azərbaycan xalqının mədəni və tarixi abidələrini dağıdıb, mənimsəyən bir dövlətdir. Belə dövlətin xarici siyasəti millətlərarası və sivilizasiyalararası dialoq üzərində qurula bilməz. 2016-cı ildə Ermənistan Azərbaycanda keçirilmiş BMT-nin Sivili­zasiyalar Alyansının 7-ci Qlobal Forumu­nu boykot etmiş yeganə ölkə olub. Bu bir daha Ermənistanın təşviq etdiyi dəyərlərlə BMT-nin Sivilizasiyalar Alyansının təbliğ etdiyi dəyərlərin tamamilə bir-birinə zidd olmasını göstərir.

 

Strategiyada Ermənistanın Ya­xın Şərq ölkələri ilə münasibətlərinin inkişafından bəhs edilir. Ermənistan İslam dünyasına aid dövlətin ərazisini işğal edib və onun İslam irsini dağıdır. Müsəlman ölkələrinin belə bir dövlətlə hansı əməkdaşlığından söhbət gedə bilər. Hesab edirəm ki, Yaxın Şərq ölkələri bu məqamı nəzərə almalıdır.

 

Sənəddə qeyd olunur ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin bir-birinə münasibətdə müttəfiqlik öhdəliklərini yerinə yetirmələri və təşkilatın səmərəliliyinin artırılma­sı istiqamətində iş aparacaq. Sanki Ermənistan bu təşkilatın sahibidir və onun digər üzvlərinə dərs keçəcək. Ermənistan KTMT-nin heç bir üzvü ilə məsləhətləşmədən onun keçmiş baş katibini həbs etdi, indi isə təşkilatın digər üzvlərinə öhdəlikləri barədə dərs keçmək fikrindədir. Uzun müddət KTMT-nin yeni baş katibinin təyin olunmasını boykot edən Ermənistanın özü bununla da təşkilatın səmərəliliyinə ən böyük zərbə vurub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Sorosun tör-töküntüləri KTMT-nin müttəfiqləri ola bilməz.

 

Strategiyada deyilir ki, Ermənistan azad söz və plüralizmi təbliğ edir, terro­rizm və ekstremizmə qarşıdır. Halbuki bu tam yalandır. Bu yaxınlarda Los- Ancelesdə, Brüsseldə və dünyanın digər şəhərlərində ermənilər azərbaycanlılara barbarcasına hücum etdilər və on­lara xəsarətlər yetirdilər. Bu, məhz, Ermənistanın ekstremizm siyasətinin nəticəsidir. Erməni diasporu da əsassız, mifik erməni müstəsnalığı üzərində qurulmuş ideologiyanı təbliğ edir. Nəticədə diaspor öz dağıdıcı fəaliyyəti ilə Ermənistan–Azərbaycan münaqişəsinin də həllinə əlavə maneələr törədir.

 

Sənəddə “panermənilik” haqqında yer almış məqamlarla bağlı isə qeyd etmək istərdim ki, bu, faktiki olaraq digər ölkələrin daxili işinə qarışmaq anlamına gəlir. Çünki orada yaşayan ermənilər üçün Ermənistan tərəfindən istiqamət və prioritetlər müəyyən edilir.

 

Strategiyada ermənilərin Ermənistana repatriasiyası üçün şəraitin yaradılacağı qeyd edilir. Bununla da Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz məskunlaşma siyasəti üçün əlavə insan resursları əldə etmək niyyəti güdür.

 

Sənəddə Ermənistanda demoq­rafik böhran, dərin yoxsulluq, sosial bərabərsizlik və sosial qütbləşmənin mövcudluğu açıq etiraf edilir və ar­tan emiqrasiya başlıca problemlərdən biri kimi göstərilir. Bununla yanaşı, Ermənistanın iqtisadi inkişafı ilə bağlı bir sıra fikirlər yer alır. Lakin unutmaq olmaz ki, Ermənistan Azərbaycan tor­paqlarını azad etməyənə qədər regional iqtisadi layihələrdən kənarda qalacaq, iqtisadi təcrid şəraitində yaşayacaq. Münaqişə həll edilmədiyi təqdirdə, Ermənistanda hər hansı iqtisadi inkişaf perspektivlərindən, eləcə də emiq­rasiya, yoxsulluq, işsizlik və sosial bərabərsizliyin aradan qaldırılması barədə danışmaq mənasızdır.

 

Əhalinin sayının sabitləşdirilməsi və demoqrafik artıma nail olmaq Ermənistan dövlətinin məqsədi kimi qarşıya qo­yulub. Lakin Ermənistan öz işğalçılıq siyasətini davam etdirəcəyi təqdirdə, heç cür bu məqsədlərə nail ola bilməyəcək və vəziyyət daha da pisləşəcək. Çünki insanların Ermənistanın gələcəyinə inamı yoxdur və Azərbaycanla qarşıdurmadan qorxan bir çox erməni ölkəni tərk edir.

 

Strategiyada Ermənistanın yüksək texnologiyalar mərkəzi kimi inkişafı prosesində elm-təhsil sisteminin roluna xüsusi önəm veriləcəyi qeyd olunur. Hal­buki, elə strategiyanın özündə də etiraf edildiyi kimi, savadlı insanların ölkəni kütləvi surətdə tərk etməsi fonunda bu məqsədə necə nail olmaq olar?!

 

Sənəddə qeyd olunur ki, ermənilər arasında daxili problemlərin zorakılıqla həlli yolverilməzdir, azad məhkəmələr yolu ilə tənzimləmə olmalıdır. Əslində isə onsuz da azad olmayan məhkəmələrə siyasi təzyiqlər çoxalır, baş nazirin göstərişlərini yerinə yetirmək istəməyən Konstitusiya məhkəməsi sıxışdırılır və hakimlər dəyişdirilir.

 

Sənədin ətraf mühitə aid bölməsində məntiqlə Metsamor atom elektrik stansi­yası məsələsinə toxunulmalı idi, amma maraqlıdır ki, bu haqda heç bir istinad yoxdur. Halbuki, fəal seysmik zonada yerləşən və istismar müddəti bitmiş bu AES, ilk növbədə, elə Ermənistanın özü üçün böyük təhlükə mənbəyidir.

 

Ümumiyyətlə, sənədin təhlili göstərir ki, Ermənistan diqqəti iqtisadi inki­şaf, təhsil, elm kimi məsələlərə deyil, daha çox Azərbaycan və Türkiyəyə qarşı əsassız ittihamlara yönəldir. Bu, Ermənistan hakimiyyətinin gələcəyə baxışını xarakterizə edir. Əsas məqsəd erməni xalqını münaqişənin girovu kimi saxlamaqdır.

 

Yeni Azərbaycan.- 2020.- 13 avqust.- S.3.