Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata
keçirilən mədəniyyət diplomatiyası xarici siyasətimizə
əhəmiyyətli töhfələr verməkdədir
Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası əlaqələr komitəsinin sədr
müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin
müdiri Sevinc Fətəliyeva www.yap.org.az saytına
müsahibə verib:
-
Sevinc xanım, bu gün Azərbaycançılıq məfkurəsinin
təbliği, habelə ölkəmizdə sosial rifahın
yüksəldilməsində, elm və təhsilin
inkişafında Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın müstəsna rolu vardır. Bu
barədə sizin fikirlərinizi bilmək istərdik...
- Azərbaycanda humanizm və
tolerantlığın simvoluna çevrilmiş, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, birinci xanım, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycançılıq
məfkurəsinin təbliğinə, habelə ölkədə
sosial rifahın yüksəldilməsinə, elm, təhsil, mədəniyyət,
idman sahələrinin inkişafına əhəmiyyətli
töhfə verib, məhz onun təşəbbüsü ilə
keçirilən çoxsaylı layihələr milli dəyərlərin
qorunması və bu dəyərlərin ictimai şüurda
möhkəmlənməsinə xidmət edir.
Mehriban xanım Əliyevanın
ali bəşəri dəyərlərə əsaslanan, Azərbaycanın
milli maraqlarını rəhbər tutan fəaliyyətindən
bəhs edərkən, ilk növbədə, onun 2004-cü ildə
əsasını qoyduğu, hazırda da Mehriban
Əliyevanın rəhbəri olduğu Heydər Əliyev
Fondunun Azərbaycanın inkişafına verdiyi töhfələrə,
sərgilədiyi çoxsahəli fəaliyyətə nəzər
yetirmək kifayətdir. Heydər Əliyev Fondu
yaradılarkən Azərbaycan xalqının Ümummilli Lideri
Heydər Əliyevin zəngin irsini öyrənməyi, təbliğ
etməyi, Ulu Öndərin ölkənin sosial-iqtisadi və mədəni
tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti
barədə gələcək nəsillərdə əyani təsəvvür yaratmağı, dahi şəxsiyyətin
müəllifi olduğu beynəlxalq layihələrin həyata
keçirilməsini dəstəkləməyi, həmçinin,
Azərbaycan mədəniyyətinin və tarixinin dünyada
daha geniş tanıdılması ilə bağlı
aparılan işlərə kömək göstərməyi
qarşısına əsas məqsəd qoymuşdur.
Bu gün Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə Fond Ulu Öndərin ideyalarını böyük əzm
və sədaqətlə həyata keçirir. Məhz
bu məqsədlə, Heydər Əliyev Fondunun fəaliyyətində
müxtəlif kateqoriyadan olan insanların problemlərinin həllinə,
ölkənin yaradıcı və elmi potensialının
artırılmasına, müasir tələblərə cavab
verən təhsil ocaqlarının, xüsusilə yeni
müasir ibtidai tədris müəssisələrinin
tikilməsinə, habelə ətraf mühitin, fauna və
floranın qorunması və qeyd olunan sahələrdə
mühüm tədqiqatların həyata keçirilməsinə
dəstək göstərilməsi prioritet təşkil edir.
Xüsusi olaraq vurğulamaq
lazımdır ki, Mehriban Əliyevanın rəhbərliyi ilə
Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması, o
cümlədən Ermənistanın Azərbaycana qarşı
təcavüzkar və işğalçılıq siyasətinin
ifşa edilməsi istiqamətində məqsədyönlü
və ardıcıl iş aparır. Təsadüfi
deyil ki, Fondun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı yaratdığı
internet portalı, müxtəlif dillərdə
hazırladığı “Qarabağ həqiqətləri”
adlı bukletlər dünya ictimaiyyətini Ermənistanın əsrlər
boyu azərbaycanlılara qarşı apardığı
soyqırımı və etnik təmizləmə siyasəti
haqqında daim məlumatlandırır. YUNESKO-nun
xoşməramlı səfiri kimi bu təşkilatın
bütün tədbirlərində qaçqın və məcburi
köçkün ailələrindən olan uşaqların təhsili,
həmçinin işğal olunmuş Azərbaycan
torpaqlarında erməni vandalizminə məruz qalmış,
dağıdılmış tarixi abidələrlə bağlı problemlərə toxunaraq beynəlxalq ictimaiyyətin
diqqətini Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən
işğal olunması məsələsinə yönəldən
Mehriban Əliyevanın rəhbərliyi ilə hazırlanan bu
layihə əzəli Azərbaycan torpağı olan Qarabağ
haqqında həqiqətləri dünya ictimaiyyətinə
olduğu kimi çatdırmaq məqsədi ilə həyata
keçirilmişdir.
- Heydər Əliyev Fondunun dəstəyi ilə
müxtəlif ölkələrdə Xocalı
soyqırımı ilə bağlı mühüm tədbirlər,
layihələr reallaşdırılıb. Bütün
bunların əhəmiyyəti nədən ibarətdir?
- Bəli, Heydər Əliyev
Fondunun dəstəyi ilə hər il müxtəlif ölkələrdə
Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər
keçirilir, ermənilərin Xocalıda törətdikləri
soyqırımı, insanlıq əleyhinə və müharibə
cinayətləri barədə məlumatlandırma
kampaniyası aparılır. Bu mənada, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə 2008-ci ildə başladılmış “Xocalıya ədalət!”
beynəlxalq kampaniyası xüsusi olaraq qeyd edilməlidir. Kampaniyanın əsas məqsədi Xocalı
soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin tarixi səbəbləri və
nəticələri, həmçinin Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın işğal olunmuş
Dağlıq Qarabağ regionu və ətraf yeddi rayondan tam,
qeyd-şərtsiz və dərhal
çıxarılmasının zəruriliyi ilə
bağlı beynəlxalq maarifləndirmənin
artırılmasını özündə ehtiva edir. Təsadüfi deyil ki, məhz bu kampaniyanın
başlanmasından sonra bir sıra ölkələrin
parlamentlərində Xocalı soyqırımının
tanınması ilə bağlı qərarlar qəbul
edilmiş, ayrı-ayrı dövlətlərdə Xocalı
soyqırımı abidələri ucaldılmışdır.
- Mehriban xanım Əliyevanın
çoxşaxəli fəaliyyətində onun Azərbaycan mədəniyyətinin
inkişafı üçün göstərdiyi xidmətlər
də müstəsna rol oynayır...
- Respublikamızın Birinci vitse-prezidenti
Mehriban xanım Əliyeva müstəqilliyimizin ilk dövrlərindən
etibarən Azərbaycan mədəniyyətinin qorunması və
inkişafı istiqamətində hərtərəfli fəaliyyət
göstərmişdir. 1995-ci ildə Mehriban xanımın təşəbbüsü
ilə hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu
yaradılmış, 1996-cı ildə Azərbaycan mədəniyyətinin
ölkədən kənarda geniş şəkildə təbliğ
olunması məqsədilə 16 dildə çap olunan və
dünyanın onlarla ölkəsində yayımlanan “Azərbaycan
- İrs” jurnalı təsis olunmuşdur.
Azərbaycan mədəniyyətinin dünyada təbliğində,
mədəniyyətlərarası dialoqun genişləndirilməsində
Heydər Əliyev Fondunun BMT-nin Təhsil, Elm və Mədəniyyət
Təşkilatı (YUNESKO) ilə əlaqələri
xüsusi yer tutur. Azərbaycan-YUNESKO əlaqələri
yüksələn xətt üzrə inkişaf etməsində
Fondun Prezidenti Mehriban Əliyevanın səyləri
danılmazdır. Qeyd etmək lazımdır ki,
Azərbaycanın birinci xanımı ənənəvi
musiqinin, ədəbiyyat və poeziyanın inkişafına
verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin
mübadiləsi sahəsindəki xidmətlərinə görə
2004-cü il də təşkilatın şifahi ənənələr
və musiqi ənənələri sahəsində xoşməramlı
səfiri adına layiq görülmüşdür. Xüsusi olaraq vurğulamaq lazımdır ki, məhz
dövlət başçısı İlham Əliyevin və
Birinci Vitse-Prezident Mehriban Əliyevanın səmərəli fəaliyyətinin
nəticəsi olaraq muğam və aşıq sənəti,
tar ifaçılıq sənəti, kamança, Azərbaycan
xalçası, qadın baş örtüyü kəlağayı, Azərbaycan milli mətbəxinin
nümunələrindən olan lavaş və dolma, habelə qədim
Azərbaycan şəhəri Şəki YUNESKO-nun Qeyri-maddi mədəni
irs siyahısına daxil edilmiş, Qarabağ atı ilə
oynanılan çovqan atüstü oyunu və
Naxçıvanın ənənəvi qrup rəqsləri -
yallı, köçəri, tənzərə təşkilatın
Təcili qorunma ehtiyacı olan qeyri-maddi irs siyahısında
yer almışdır.
- Sizcə, mədəniyyət diplomatiyası
ölkəmizin xarici siyasətinə nə kimi töhfələr
verir?
- Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə Heydər Əliyev Fondu tərəfindən həyata
keçirilən mədəniyyət diplomatiyası ölkənin
xarici siyasətinə əhəmiyyətli töhfə verməkdədir.
Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü
ilə Heydər Əliyev Fondu humanitar sahədə digər
dövlətlərlə ikitərəfli münasibətlərin
dərinləşməsinə töhfə verməklə, mədəniyyətlərarası
və dinlərarası əlaqələrin inkişafına
xidmət edir. 2009-cu ildə “Tolerantlığın ünvanı
- Azərbaycan” layihəsi çərçivəsində
Fond tərəfindən Strasburq Kafedral kilsəsinin XIV əsrə
aid olan pəncərələri bərpa edilmişdir. 2007-ci
ildə Fond Paris şəhərində yerləşən
Versal Sarayının parkında yerləşən iki
arxitektura abidəsinin, habelə Fransanın Normandiya bölgəsində
yerləşən, X-XI əsrlərə aid yeddi kilsənin
bərpa işlərini həyata keçirmişdir. Fond 2015-ci
ildə Roma şəhərində yerləşən,
Xristianlığın ən dəyərli abidələrindən
hesab olunan Müqəddəs Marçellinio və Pietro
katakombalarının (100-200-cü illərə aid) bərpasını
başa çatdırmışdır. Heydər Əliyev
Fondunun mədəniyyətlərarası və dinlərarası
əlaqələrin inkişafına verdiyi mühüm
töhfə kimi 2016-cı ildə Bolqarıstanda yerləşən
üç pravoslav kilsəsinin bərpa edilməsini qeyd etmək
lazımdır.
Tolerantlıq və dialoq sahəsində
görülmüş işlərin nəticəsi olaraq, Roma
Papası Fransisko 2016-cı ildə Azərbaycana səfər
etmiş, Müqəddəs Məryəm katolik kilsəsində
dua mərasimi zamanı Azərbaycanı “sivilizasiyalar
arasında körpü” adlandırmışdır. Heydər Əliyev Fondu tərəfindən həyata
keçirilən bütün layihələr bir daha onu
göstərir ki, müxtəlif xalqlar və mədəniyyətlər
arasında əməkdaşlığın gücləndirilməsinə
və səmərəli dialoqun aparılmasına xidmət edən
“Bakı Prosesi”nin təşəbbüskarı
olan Azərbaycan dünyada sülh və təhlükəsizliyin
təmin edilməsinə öz töhfəsini verərək,
mədəni müxtəliflik dəyərlərinin, əməkdaşlığın,
qarşılıqlı anlaşmanın, multikulturalizmin və
sivilizasiyalararası dialoqun təşviq edilməsində
mühüm rol oynayır.
Bütövlükdə, Mehriban xanım
Əliyevanın uzaqgörən ictimai-siyasi fəaliyyəti
geniş miqyasda fəal və dünyəvi Azərbaycan
qadını obrazının formalaşmasında əvəzsiz
rol oynayır. Onun humanitar, elm, təhsil sahələrində
həyata keçirdiyi tədbirlər həm Azərbaycanda, həm
də digər ölkələrdə yaşayan qadınlar
üçün əsl örnək kimi çıxış
etməklə yanaşı, bu gün Azərbaycan
Respublikasında siyasətin prioritet istiqamətlərindən
biri olan qadınların cəmiyyətdə rolunun, habelə
dövlət və ictimai sektorda fəallığının
artırılmasının təşviq olunmasına xidmət
edir.
Yeni Azərbaycan.-
2020.- 25 avqust.- S.5.