Həm ölkəmizdə, həm də
xaricdə yaşayan soydaşlarımızın nümayiş
etdirdikləri milli birlik haqq savaşımızın qələbə
ilə başa çatmasında əhəmiyyətli rol
oynadı
Bu fikir “Yeni Azərbaycan” qəzetinin “Azərbaycançılıq
ideologiyasının diasporumuzun fəaliyyətindəki rolu”
mövzusunda keçirdiyi onlayn “dəyirmi masa”da səsləndirilib
Dövlət müstəqilliyimizin ilk illərində
Azərbaycanda ictimai-siyasi, o cümlədən sosial-iqtisadi vəziyyət
heç də ürəkaçan deyildi. Bütün
sahələrdə xaos və özbaşınalıqların
hökm sürməsinin fonunda milli birliyin olmaması isə
ölkəni vətəndaş müharibəsi və yenicə
əldə etdiyimiz dövlət müstəqilliyinin itirilməsi
təhlükəsi ilə baş-başa qoymuşdu. Məhz belə bir ağır zamanda, 1993-cü ilin
iyununda Ulu Öndər Heydər Əliyevin xalqın təkidli
tələbi ilə yenidən hakimiyyəti gəlişi ilk
növbədə ölkəmizdə milli birliyin
formalaşmasında əsas rol oynadı. Ümummilli Liderimiz cəmiyyətin
bütövləşməsi, azərbaycançılıq
ideologiyasının milli həmrəyliyin
aparıcı amilinə çevrilməsi istiqamətində
mühüm işlər gördü. Azərbaycançılığın
bütün dünya azərbaycanlılarını birləşdirən
ideologiya halına gəlməsi, müstəqil Azərbaycan
dövlətinin ideya əsasına çevrilməsi
Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətidir.
Bu fikirlər “Yeni Azərbaycan” qəzetinin
növbəti onlayn “dəyirmi masa”sında səsləndirilib.
Qeyd edək ki, “Azərbaycançılıq
ideyasının təbliği” istiqaməti üzrə “Azərbaycançılıq
ideologiyasının diasporamızın fəaliyyətindəki
rolu” mövzusunda keçirilən onlayn “dəyirmi masa”da Milli
Məclisin deputatı Ramin Məmmədov və “Azərbaycan
Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin
rəhbəri Ayaz Mirzəyev iştirak ediblər.
“Dəyirmi masa”da qeyd olunub ki, hər zaman
dövlətinə sadiq olan Azərbaycan vətəndaşları,
o cümlədən xaricdəki soydaşlarımız 44
günlük Vətən müharibəsi zamanı da vahid
mövqeden çıxış etdilər. Sentyabrın
27-dən başlayan Vətən müharibəsi
dövründə xalqımız, o cümlədən də
ölkəmizdə fəaliyyət göstərən siyasi
qüvvələr birmənalı şəkildə Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın düşmən
işğalından azad olunması uğrunda
apardığmız haqq savaşının qələbə
ilə başa çatmasında əhəmiyyətli rol
oynadı. Vətənin bütövlüyü uğrunda
ortaya qoyulan bu milli həmrəylik isə ən böyük
uğurlarımızdandır.
Ümummilli Lider Heydər Əliyev diaspor
quruculuğu işinə böyük önəm verirdi
“Dəyirmi masa”da çıxış edən
Milli Məclisin üzvü Ramin Məmmədov bildirib ki,
ötən yüzillikdə Azərbaycan xalqı qlobal həmrəylik
istiqamətində böyük yol keçib. Onun
sözlərinə görə, istər Şərqin ilk
cümhuriyyətini qurduğu dövrdə, istərsə də
Sovet ittifaqı zamanında xarici ölkələrdə təhsil
almış xalqımızın nümayəndələri
yaşadıqları dövlətlərdə belə milli
maraqlarımızın qorunması yönümündə
gördükləri işlərlə seçiliblər.
Ulu Öndər Heydər Əliyevin SSRİ-nin
siyasi rəhbərliyində təmsil olunduğu zamanlarda azərbaycanlı
gənclərin sovet respublikalarında təhsil alması
üçün imkanların yaradıldığını
diqqətə çatdıran millət vəkili
vurğulayıb ki, həmin dövrdə bu böyük cəsarət
tələb edirdi. Bununla belə, Ulu
Öndər Heydər Əliyev məhz ölkəmizin gələcəyi
üçün milli kadrların hazırlanması istiqamətində
böyük işlərə imza atdı: “1993-cü ildə
xalqın təkidli tələbi ilə Ulu Öndərin
hakimiyyətə qayıdışının ardından bu fəaliyyət
yenidən diqqət mərkəzinə düşdü və
bununla yanaşı, diaspor quruculuğu işinə də
böyük önəm verildi. Qeyd etdiyim kimi,
sovet dönəmində atılan addımların bəhrələrini
bu günlərdə bir daha gördük. Ümumiyyətlə,
diaspor quruculuğu dedikdə mütləq mənada diasporun
formalaşmasında ideoloji əsaslar da nəzərə
alınmalıdır. Ümummilli Liderin hakimiyyətə gəlişindən
sonra Azərbaycan xalqı istər daxildə, istərsə
də ölkə xaricində vahid bir ideoloji konsepsiya ətrafında
birləşdirildi”.
Millət vəkili bildirib ki, Ulu
Öndər hələ 1990-cı illərin əvvəllərində
ilk xarici səfərləri zamanı həmin ölkələrdə
yaşayan diaspor nümayəndələrimizlə
görüşlər keçirir, Azərbaycan dövlətinin
perspektivləri, qarşıya qoyulan məqsədlər,
Dağlıq Qarabağ məsələsinin həlli
istiqamətində görülməsi nəzərdə tutulan
işlər haqqında müzakirələr aparır, dialoq
keçirirdi. Bu isə özlüyündə yeni
yaranmış bir dövlətin gələcək fəaliyyətində
böyük bir missiyanın güdülməsi demək idi. “Sonrakı illərdə azərbaycançılıq
ideologiyasının daha geniş təbliğ olunması
nöqteyi-nəzərdən Ulu Öndər Heydər
Əliyev daha bir dahiyanə addım atdı və dünya azərbaycanlılarının
ilk qurultayını çağırdı. Məhz həmin
qurultay milli diasporumuzun təşkilində, quruculuğunda əsaslı
dönüş nöqtəsinə çevrildi. Həmin
qurultayda Azərbaycan diasporu ilə bağlı ideoloji
nöqteyi-nəzərdən çox maraqlı və strateji əhəmiyyət
daşıyan fikirlər səsləndirildi. O
fikirlərin nəticəsi kimi, Azərbaycan dövləti irəliyə
doğru daha bir addım atdı və dünya azərbaycanlılarının
paytaxt Bakıdan koordinasiya edilməsi üçün
müvafiq dövlət qurumunu formalaşdırdı. Beləliklə
də diasporla iş üzrə dövlət siyasətinin
konkret icrası ilə bağlı tapşırıqlar
verilir, normativ aktların hazırlanması, onların
icrası ilə bağlı əməli işlər həyata
keçirilirdi”, - deyən Ramin Məmmədov əlavə edib
ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı Azərbaycan
Respublikasının qanununun qəbul edilməsi və
onların hüquqlarının orada təsbiti bu istiqamətdə
daha uğurlu nəticələrə yol açdı.
Millət vəkili deyib ki, xaricdə
yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsi
istiqamətində xüsusi dövlət qurumunun
yaradılması mütləq mənada diaspor təşkilatları
üçün bir mayak, flaqman rolunu oynadı. Çünki
vaxtilə Azərbaycandan xaricə köçüb getmiş
həmin insanların məhz yaşadıqları
ölkədə dünyaya gələn övladlarının,
gənclərimizin müstəqil və milli-ideoloji konsepsiya
çərçivəsində fəaliyyət göstərməsinə
ehtiyac yaranmışdı. Bu addım xarici ölkələrdə
yaşayan soydaşlarımız tərəfindən yüksək
əhval-ruhiyyə ilə qarşılandı.
Xaricdə yaşayan soydaşlarımız qəti
və davamlı şəkildə Azərbaycan dövlətinin
maraqlarını qoruyurlar
Ramin Məmmədov onu da bildirib
ki, ötən illər ərzində diasporla bağlı
dövlət qurumunun fəaliyyətində həyata
keçirilən islahatların və ölkəmizin diaspor
siyasətində çoxşaxəli yol seçməsinin
müsbət nəticəsi bu ilin iyulunda Tovuz hadisələri
zamanı özünü açıq şəkildə
büruzə verdi. Onun fikrincə, xaricdə yaşayan
soydaşlarımızın dəstək aksiyaları çox
aydın şəkildə özünü müsbət tərəfdən
göstərdi. “Artıq xaricdə yaşayan
soydaşlarımız qəti və davamlı şəkildə
Azərbaycan dövlətinin maraqlarını qoruyurlar. Biz bunu
iyul ayında xarici ölkələrdə gördük. Onlar
erməni diasporuna çox layiqli şəkildə cavablar
verdilər. Bu da onu göstərir ki, dövlətimiz ilk illərdən
apardığı diaspor siyasətinin bəhrələrini
görməyə başlayıb. Qeyd etdiyim kimi, bu mənada məhz
xarici ölkələrdə doğulan, böyüyən gənclərimizin
fəallığı bizi daha çox sevindirir. Həmin gənclər
fərqli xarici ölkələrin pasportunu daşısalar da,
öz azərbaycanlı kimlikləri ilə fəxr edirlər.
Dövlətimizin illər ərzində
apardığı mütəşəkkil, ardıcıl
strateji xəttin uğurlu icrasının nəticəsi olaraq
bu gün Azərbaycan diasporu keyfiyyət baxımından bir
neçə pilləni geridə qoyaraq daha yüksək mərtəbələrdə
möhkəmlənib”, - deyən Milli Məclisin
deputatı vurğulayıb ki, bununla belə, Azərbaycan
diasporunun qarşısında həll olunacaq yeni vəzifələr
dayanır. Beynəlxalq hüququn normalarını əsas
götürərək torpaqlarımızın işğaldan
azad edilməsinin nəticələri ilə bağlı
diasporumuzun üzvlərinin üzərinə bu gün
böyük bir missiya düşür. Belə
ki, erməni diasporunun apardığı yalan kampaniyalara
qarşı müqavimət göstərərək Azərbaycanın
haqq səsini dünyada və yaşadıqları ölkələrdə
müxtəlif tribunalardan dünyaya çatdırmaq
soydaşlarımızın mühüm vəzifələrindəndir:
“Əminliklə deyə bilərik ki, diaspor məsələsində
böyük bir yol qət etmişik və böyük
uğurlarımız mövcuddur. Ancaq qeyd edildiyi kimi,
qarşımızda böyük vəzifələr
dayanır. Xüsusən də ərazilərimizin
işğaldan azad edildiyi bir dövrdə hər birimizin
üzərinə böyük məsuliyyət
düşür. Azərbaycana qarşı olan haqsız
reaksiyaların qarşısının alınması
günümüzün ən aktual mövzusudur”.
Diasporumuz Vətən müharibəsi zamanı
da öz fəallığı ilə seçildi
“Azərbaycan Jurnalistlər Şəbəkəsi”
İctimai Birliyinin sədri Ayaz Mirzəyev də bu ilin iyulunda
Tovuz rayonunda baş verən erməni təxribatları
zamanı xaricdə yaşayan azərbaycanlıların olduqca
yüksək fəallıq nümayiş etdirdiyini, sonrakı
dövrdə də sosial şəbəkələrdə aktiv
olduqlarını diqqətə çatdırıb. Onun
sözlərinə görə, buraya həm də diaspor
üzvlərimizin keçirdikləri kütləvi
aksiyaları və yaşadıqları ölkələrin rəsmilərinə
etdikləri çoxsaylı müraciətləri də əlavə
etmək lazımdır: “Milli diasporumuzun bu fəallığı,
ümumiyyətlə formalaşması son 20 il ərzində
görülən işlərin məntiqi nəticəsidir. Mən
bir faktı qeyd etmək istəyirəm ki, dünyada öz Vətəninə
bağlı, yurdunu, dövlətini sevən diasporlardan biri məhz
Azərbaycan diasporudur. Sentyabrın 27-dən başlayaraq erməni
təxribatlarına qarşı həyata keçirilən əks-hücum
əməliyyatları dövründə də diasporumuzun fəaliyyəti
xüsusi vurğulanmalıdır. Bu mənada ki, artıq
ölkəmizə qarşı aparılmasına cəhd
göstərilən “qara piar” kampaniyalarının
qarşısı həm də diasporumuz tərəfindən
alınır. Bir daha qeyd etməliyəm ki, son illərdə
atılan uğurlu addımlar xaricdə yaşayan
soydaşlarımızın fəaliyyətində
aparıcı rola malikdir”.
Gənclərimizin yaşadıqları xarici
ölkənin vətəndaşları olaraq Azərbaycanla
bağlı reallıqları təbliğ və təqdim etmələri
mühüm əhəmiyyətə malikdir
Ayaz Mirzəyev onu da əlavə
edib ki, xaricdə yaşayan soydaşlarımız ölkəmizlə
bağlı həqiqətləri, dövlətimizin
inkişafını, Dağlıq Qarabağ məsələsi
ilə bağlı 30 ilə yaxın
uğradığımız ədalətsizlikləri
dünyaya çatdırırlar.
(davamı növbəti sayımızda)
Pərviz
SADAYOĞLU
Yeni
Azərbaycan.- 2020.- 1 dekabr.- S.7.