Azərbaycanla İtaliya arasında əlaqələr
bu gün ən yüksək səviyyədədir
“Böyük Yeddiliyin” üzvü olan İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür
Müstəqil Azərbaycanın milli maraqları əsas götürərək ardıcıllıqla həyata keçirdiyi məqsədyönlü siyasəti ölkəmizə beynəlxalq səviyyədə böyük hörmət və nüfuz qazandırıb. Təsadüfi deyil ki, dünyada respublikamızla əməkdaşlıq münasibətlərini dərinləşdirmək istəyən ölkələrin və beynəlxalq təşkilatların sayı getdikcə artır. Deyilənlər baxımından, siyasi çəkisi və güclü iqtisadi potensialı ilə Avropa İttifaqının önəmli dövlətləri sırasında yer alan İtaliya ilə müstəqil Azərbaycan arasında münasibətlərin bugünkü yüksək səviyyəsi yaxşı nümunə sayıla bilər. Bu gün müstəqil Azərbaycanla “Böyük Yeddiliyin” üzvü olan İtaliya müxtəlif istiqamətlərdə uğurla əməkdaşlıq edir. İki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Təsadüfi deyildir ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana səfər edən ilk Avropa nümayəndə heyəti məhz İtaliyadan olub. Qeyd edək ki, bu günlərdə İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti respublikamızda səfərdə olub. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də İtaliyanın nümayəndə heyətini qəbul edib. İtaliyalı parlamentarilər, həmçinin düşmən atəşinə məruz qalan Gəncə şəhərində, Vətən müharibəsində işğaldan təmizlənən Ağdam rayonunda olub, o cümlədən Milli Məclisdə, Xarici İşlər Nazirliyində önəmli görüşlər keçiriblər. Bu görüşlər zamanı müxtəlif istiqamətləri əhatə edən ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq bildirilib və tərəflər perspektivdə əməkdaşlığın daha da dərinləşdirilməsi ilə bağlı xoş niyyətlərini diqqətə çatdırıblar.
Siyasi dialoqun yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir
Azərbaycanla İtaliya arasında münasibətlərin zəngin tarixi var. Belə ki, ən azı 30 min ildən artıq yaşı olan petroqliflərin yerləşdiyi və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edimiş Qobustan Dövlət Tarixi Qoruğu ərazisindəki qayalar üzərində Roma İmperiyası legionlarının bizim eradan əvvəl I əsrə aid latınca yazıları vardır. Bu yazılar Roma İmperiyası legionlarının zamanında Azərbaycan ərazisində olduğunu təsdiqləyir. İtalyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycandan bəhs edib. XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi, diplomatik əlaqələr qurulub. 1469-1478-ci illərdə Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərib. Həmin dövrdə Azərbaycan ilə Neapol Krallığı arasında təmaslar mövcud olub. 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də respublikamızla İtaliya arasında diplomatik münasibətlər yaradılıb və İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərib. 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış şəhərlər elan ediliblər.
Tarixdən gələn ənənələr bu gün də yaşayır. İtaliya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib.
Bu gün iki ölkə arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir. Siyasi dialoqun yüksək səviyyədə olması Azərbaycan və İtaliya arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü təkan verir. Hər iki ölkənin yüksəksəviyyəli rəsmiləri müntəzəm olaraq qarşılıqlı səfərlər edirlər. İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana rəsmi səfəri əlaqələrin inkişafına mühüm töhfə verib.
Ekspertlərin qənaətinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya böyük uğurla başa çatan dövlət səfəri iki ölkə arasında münasibətlərin perspektivləri baxımından böyük əhəmiyyət daşıyır. Səfər çərçivəsində imzalanan sənədlərə, aparılan aktual müzakirələrə istinadən deyə bilərik ki, iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni tarixi mərhələyə qədəm qoyub. Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Romada, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalayıblar və mübadilə ediblər. Birgə Bəyannamə qarşıdakı uzun illər ərzində iki ölkə arasında sıx əməkdaşlığı müəyyən edən vacib siyasi sənəddir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yuxarıda bəhs olunan qəbulda ölkəmizlə İtaliya arasında siyasi dialoqun yüksək səviyyəyə yüksəlməsindən məmnunluğunu bildirərək vurğulayıb: “İtaliya ilə Azərbaycan arasındakı əlaqələr çox sürətlə inkişaf edir və bu gün ən yüksək səviyyədədir. Hesab edirəm ki, siyasi əlaqələr ən yüksək səviyyədədir. Mənim bu ilin əvvəlində İtaliyaya etdiyim dövlət səfəri bunun bariz nümunəsidir. Səfər zamanı bir çox önəmli sənədlər imzalanmışdır. Onların arasında Çoxölçülü Strateji Tərəfdaşlıq haqqında sənəd xüsusi yer tutur. Bu sənəd bizim strateji tərəfdaşlığımızı bir daha təsdiqlədi. Səfər zamanı həm Prezident, həm Baş nazirlə görüşlərim əsnasında bir çox önəmli məsələlər müzakirə olundu. Eyni zamanda, Senatın və Nümayəndələr Palatasının rəhbərləri ilə mənim görüşlərim də çox gözəl keçdi”.
Hər iki ölkənin parlamentləri səviyyəsində yaxşı əlaqələr qurulub
Azərbaycanla İtaliya arasında siyasi münasibətlərin möhkəmlənməsində hər iki ölkənin qanunverici orqanları arasında qurulan əlaqələr də mühüm rol oynayır. Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-İtaliya Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu fəaliyyət göstərir. İtaliya Respublikası Parlamentində Azərbaycanla həm İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyası, həm də Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu fəaliyyət göstərir.
Azərbaycan və İtaliya parlamentləri arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bu günlərdə ölkəmizdə səfərdə olan dost ölkənin nümayəndə heyəti ilə Milli Məclisdə keçirlən görüşdə də xüsusi vurğulanıb. Dekabrın 7-də Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, italiyalı qonaqları salamlayan Sahibə Qafarova bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında mövcud əlaqələrin dərinləşməsinə xidmət etdiyini deyib. Bildirilib ki, siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf etməkdədir. Siyasi dialoqun davamlılığı iqtisadi əməkdaşlığımızın daha da dərinləşməsinə öz müsbət təsirini göstərir. Görüşdə Milli Məclisin sədri ölkələrimiz arasında mədəni, humanitar, elm, təhsil sahələrində də əməkdaşlığımızın yüksək səviyyəsindən danışıb. Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri kimi İtaliyada həyata keçirdiyi layihələr geniş ictimaiyyətə yaxşı məlumdur. Söhbət zamanı Sədr diqqətə çatdırıb ki, münasibətlərimizin inkişafında parlamentlər yaxından iştirak edirlər. Son illər Milli Məclislə İtaliya parlamentinin hər iki palatası arasında sıx əməkdaşlıq yaranıb. Qarşılıqlı həyata keçirilən yüksəksəviyyəli səfərlər bunun bariz nümunəsidir. Görüşdə Sahibə Qafarova qonaqların ölkəmizə səfərləri çərçivəsində Azərbaycanın Gəncə və Ağdam şəhərlərinə səfər etmələrini, onların Ermənistan tərəfindən törədilən hərbi cinayətlərlə yaxından tanış olmalarını yüksək qiymətləndirib. Bildirilib ki, 44 gün ərzində Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa edib.
Milli Məclisdə keçirilən görüşdə İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore Rosato ölkəsinin Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük önəm verdiyini söyləyib. Qonaq bildirib ki, onların Azərbaycana səfəri məhz ölkəmizə olan dostluq münasibətinin göstəricisidir. Siyasi müstəvidə ən yüksək səviyyələrdə davamlı olan dialoq parlamentlərarası münasibətlərimizdə də özünü göstərir. İtaliya Senatının və Deputatlar Palatasının müxtəlif siyasi partiyaları təmsil edən bir qrup üzvünün Azərbaycanın Gəncə və Ağdam şəhərlərinə səfərlərini də məhz bu baxımdan dəyərləndirmək lazımdır.
O, qeyd edib ki, Azərbaycanın dostu kimi onlar bölgə həqiqətlərini, burada gördüklərini İtaliya və dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini əsirgəməyəcəklər. Ettore Rosato vurğulayıb ki, onlar Avropa institutlarında Azərbaycanın mövqeyinin güclənməsinə hərtərəfli dəstək verəcəklər.
İki ölkə arasında iqtisadi əməkdaşlığı genişləndirmək üçün heç bir maneə yoxdur
Yeri gəlmişkən, yuxarıda bəhs olunan qəbulda Prezident İlham Əliyev Azərbaycanla İtaliya arasındakı iqtisadi-ticarət əlaqələrinin yüksək səviyyəyə yüksəlməsinə xüsusi diqqət çəkib. Dövlət başçımız bildirib ki, İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatmışdır. Cari ilin yanvar-oktyabr aylarında isə bu göstərici 4,2 milyard ABŞ dolları təşkil edib. Ümumiyyətlə, hazırda ölkəmizin xarici ticarət dövriyyəsinin 18,04 faizi məhz İtaliya ilə qurulub. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin isə 92 faizi Azərbaycanın payına düşür. Son 10 ildə ölkələrimiz arasında ticari əlaqələr 70 faizə qədər artıb. Bəhs olunan dövrdə dost ölkənin Azərbaycandan olan idxalı 55,5 milyard avro təşkil edib.
(davamı
növbəti sayımızda)
Mübariz
ABDULLAYEV
Yeni
Azərbaycan.- 2020.- 10 dekabr.- S.- 8.