Kreativ siyasətin, qlobal düşüncənin, liderlik və idarəçilik mədəniyyətinin nəticələri
Qlobal
koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə
10 iyul 2020-ci il tarixində BMT-nin Baş
Assambleyasının xüsusi sessiyası öz işinə
başladı. Bu xüsusi sessiyanın
başlanması ümumilikdə dünya və xüsusilə
Azərbaycan üçün tarixi əhəmiyyət kəsb
edir. Bu sessiyanın Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin təşəbbüsü
ilə baş tutması kreativ siyasətin, ümumbəşəri
düşüncənin, qlobal liderlik və idarəçilik
mədəniyyətinin təcəssümüdür.Bəşər
tarixi boyunca dünya ilk dəfədir ki, bu dərəcədə
qlobal, mürəkkəb, anlaşılmaz, qeyri-müəyyən
və proqnozlaşdırıla bilinməyən siyasi, iqtisadi,
sosial və demoqrafik fəlakətlə üz-üzədir. İlk dəfədir deyirik, çünki,
dünyanın heç vaxt indiki səviyyədə
qlobaballaşması, milli iqtisadiyyatların
qarşılıqlı asıllığı və bir-birinə
qarşılıqlı təsiri müşahidə
olunmayıb. Bəlkə də, yeni
koronavirus (COVID-19) pandemiyasının hazırda şahidi olduğumuz
siyasi, iqtisadi, sosial nəticələrinin iri miqyası və
demək olar ki, bütün dünya ölkələrini əhatə
etməsi məhz, XXI əsr qloballaşmanın nəticəsidir.
Bu hadisənin dünya üçün əhəmiyyəti
bundan ibarətdir ki, birincisi, BMT-nin Baş Assambleyasının
xüsusi sessiyası məhz bu qlobal virus bəlası ilə
mübarizə məqsədi ilə təşkil olunur və
beynəlxalq səviyyədə yaranan təhlükənin
ciddiliyindən xəbər verir. İkincisi, BMT tarixində
Baş Assambleyanın xüsusi sessiyaları cəmi 30 dəfə
keçirilib və 3 dəfə, məhz bu dəfə olduğu
kimi üzv dövlətlərin təşəbbüsü ilə
təşkil olunub. Üçüncüsü,
sözügedən sessiyanın təşkili beynəlxalq
ictimaiyyətin vahid ideya, vahid məqsəd üçün səfərbərliyinin,
qlobal həmrəyliyinin və birgə fəaliyyətin zəruriliyinin
ifadəsidir. Dialektik vəhdətdə olduqları
düşünülsə də, əslində öz milli mənafeləri
üçün və ya okeanlara, təbii sərvətlərə,
maliyyə resurslarına və s. nəzarət uğrunda
mübarizədə olan dünya ölkələrinin bu həmrəylik
nümayişi humanizm, multikulturalizm, dini və irqi
dözümlülük, bir sözlə dünyəvi dəyərlərin
qələbəsinin təcəssümüdür. Lakin
unutmamalıyıq ki, bu gün dünyada hələ də
mövcud olan qeyri-insani ideologiyalar, “qızıl milyardlar” kimi
nəzəriyyələr, “300-lər komitəsi”
adlandırılan dünyaya meydan oxuyan, artıq dünyaya
deyil, yer üzündə yaşayan hər bir insana nəzarət
etmək iddiasında olan qara qüvvələr koronavirus
pandemiyası pərdəsinə bürünərək
planetimizin üzərində kabus kimi
dolaşmaqdadırlar.Mübaliğəsiz demək olar ki,
BMT-nin Baş Assambleyasının xüsusi
sessiyasının keçirilməsi Azərbaycanın
diplomatiya tarixinə qızıl hərflərlə
yazılacaq mühüm tarixi hadisədir. Çünki,
qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə
mübarizə məqsədilə BMT Baş
Assambleyasının dövlət və hökumət
başçıları səviyyəsində videokonfrans
formatında xüsusi sessiyasının keçirilməsi təşəbbüsü
ilk dəfə Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən həm milli, həm də
Qoşulmama Hərəkatının sədri statusunda səsləndirildi.
BMT-nin tarixində üzv dövlətlərin təşəbbüsü
ilə 4-cü dəfə təşkil olunan bu 31-ci xüsusi
sessiyanın baş tutması məhz Azərbaycan Prezidentinə
dünya dövlətlərinin regional və beynəlxalq
arenadakı rəğbəti, etimadı nəticəsində
mümkün oldu. Ölkə
başçımızın bu təşəbbüsünün
dünyanın 130-dan çox dövlət və hökumət
başçıları tərəfindən həm
Qoşulmama Hərəkatı çərçivəsində,
həm də fərdi şəkildə ayrı-ayrı
dövlətlər səviyyəsində dəstəklənməsi
və sözügedən sessiyanın BMT-yə üzv olan
bütün dövlətlərin, beynəlxalq ictimaiyyətin
ümumi məsələsinə çevrilməsi Azərbaycanın
beynəlxalq nüfuzunun növbəti yüksəlişi və
İlham Əliyev diplomatiyasının beynəlxalq
uğurudur. Təsadüfi deyildir ki, möhtərəm
Prezidentimiz qlobal pandemiya ilə mübarizə
üçün beynəlxalq həmrəylik və səfərbərlik
çağırışını ilk səsləndirən
və bu istiqamətdə ilk real addımlar atan dövlət
başçısıdır. 2020-ci ilin aprelin 10-da
keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının koronavirus pandemiyası ilə mübarizə
mövzusuna həsr olunan fövqəladə Zirvə
görüşü və mayın 4-də təşkil olunan
Qoşulmama Hərəkatının Təmas Qrupunun COVID-19
pandemiyası ilə mübarizəyə həsr edilmiş
onlayn Zirvə görüşü dünyada bu mövzuya həsr
olunan ilk beynəlxalq tədbirlər oldu.
Beləliklə,
Azərbaycan, altı aydan çoxdur ki, bütün
dünyanı öz məngənəsinə alan,
dünya iqtisadiyyatını sarsıdan, istisnasız olaraq
bütün dünya ölkələri üçün qlobal
sınağa çevrilən yeni koronavirus (COVID-19)
pandemiyası dövründə də qlobal
çağırışlara cavab verən ölkə
olduğunu birmənalı olaraq sübut etdi. Azərbaycanın
milli və beynəlxalq səviyyədə pandemiya ilə
mübarizədəki uğurlu fəaliyyəti bir sıra beynəlxalq
təşkilatların, o cümlədən BMT-nin, Dünya Səhiyyə
Təşkilatının, BMT-dən sonra dünyanın ən
böyük beynəlxalq təsisatı sayılan Qoşulmama
Hərəkatı və onun üzvü olan dövlətlərin,
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının bəyanatlarında öz təsdiqini
tapdı.Pandemiya bütün bəşəriyyət, dünya
ölkələri və ayrı-ayrılıqda hər bir
dövlət, ölkə başçısı, xalq və
adi insanlar üçün ciddi problemlər
yaratdığı kimi, qlobal kontekstdə humanizm, insanların
sağlamlığı, yoxsa iqtisadiyyat dilemmasını da
gündəmə gətirdi. “Seçim qarşısında
olanda bizim seçimimiz birmənalı, tərəddüdsüz
idi, insanların sağlamlığı ön plandadır,
iqtisadiyyat ikinci plandadır” – deyən Prezident İlham
Əliyev insanların sağlamlığının hər
şeydən üstün olduğunu birmənalı olaraq təsdiq
etdi.Heç kimin ağlına belə gəlməzdi ki, XXI əsrin
sürətlə qloballaşdığı,
iqtisadiyyatların ayrılmaz şəkildə bir-birinə
qovuşduğu və bir-birindən sıx asıllıqda
olduğu bir dövrdə gözlənilmədən dövlətlərin
sərhədləri bir neçə ay müddətinə
qarşılıqlı olaraq bağlanacaq, dünya ölkələri
bu dərəcədə özünəqapanmaya,
özünütəcridə məhkum olunacaq və
bütün dünyada insanlar zəruri sosial izolyasiyaya məruz
qalacaqlar. Əslində bu dözülməz situasiya həm də
qlobal miqyasda kimin kim olduğunu, hər bir
dövlətin iqtisadiyyatının, səhiyyəsinin və
idarəçiliyinin nəyə qadir olduğunu, hər bir
ölkə başçısının siyasi, iqtisadi, sosial
prioritetlərinin nədən ibarət olduğuna diqqət
çəkdi. İyulun 6-da Bakının Xətai
rayonunda koronaviruslu xəstələrin müalicəsi
üçün nəzərdə tutulan modul tipli
hospitalının açılışında cənab
Prezidentin çıxışında qeyd edildiyi kimi, “Əlbəttə,
məhz çətin günlərdə ölkələr
bir-birinə dəstək verməlidirlər. Yaxşı günlərdə hər kəs
yaxşı sözlər deyə bilər, yaxşı bəyanatlar
verə bilər. Ancaq biz bu həmrəyliyi
sözdə yox, əməldə göstərməliyik və
bunu göstərmişik.” Həqiqətən, bu sitatdan
da göründüyü kimi cənab İlham Əliyev Cənubi
Qafqazın lider ölkəsinin rəhbəri kimi dünyaya
sözün əsl mənasında qlobal liderlik, qlobal həmrəylik
və dünyanı narahat edən qlobal problemlərə
yanaşmada yeni ümumbəşəri konsepsiya təqdim
edir.Bütün bəşəriyyət üçün,
insanlıq üçün taleyüklü bu çətin və
qeyri-müəyyənlik dövründə ölkə
başçımızın simasında Azərbaycanın
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına və Qoşulmama Hərəkatına sədrliyi
və İlham Əliyevin koronavirusla mübarizədə qlobal
əhəmiyyətli təşəbbüslərinin,
xüsusilə, BMT Baş Assambleyasının xüsusi
sessiyanın keçirilməsi təşəbbüsünün
dünya dövlətlərinin əksəriyyəti tərəfindən
qəbul edilməsi və dəstəklənməsi həm
ölkəmizin yüksələn beynəlxalq nüfuzunun və
beynəlxalq qurumlarda söz sahibliyinin, həm də Azərbaycan
Respublikası Prezidentinin liderlik qabiliyyətinin, şəxsi
nüfuzunun, kreativ siyasətinin və qlobal idarəçilik
məharətinin bariz ifadəsidir.Təkzib edilməz həqiqətdir
ki, hazırda İlham Əliyevin rəhbərliyi ilə Vətənimiz
Azərbaycan bütün müstəqil dövlətçiliyi
tarixinin ən möhtəşəm və misilsiz nailiyyətlər
dövrünü yaşayır. Bu gün sözün əsl
mənasında siyasi və iqtisadi cəhətdən müstəqil
olan, öz siyasəti ilə dünya ölkələrinin,
beynəlxalq ictimaiyyətin nüfuzunu və rəğbətini
qazanan, beynəlxalq təşkilatlarda öz mövqeyinə, təşəbbüslərinə
hörmətlə yanaşılan, nəhəng transmilli
enerji, nəqliyyat layihələrini reallaşdıran, beynəlxalq
münasibətlər sistemində, xüsusilə iqtisadi
münasibətlərdə özünü etibarlı tərəfdaş
kimi təsdiq edən, güclü iqtisadiyyata və hərbi
gücə malik olmaqla regionun lider ölkəsinə
çevrilən Azərbaycan, xalqımız üçün,
millətimiz üçün, hər bir Azərbaycan vətandaşı
üçün böyük qürur mənbəyidir.Pandemiya
sınağı ölkəmiz üçün güclü
lider və güclü siyasi iradə sayəsində
xalq-iqtidar birliyinin bir daha təsdiqlənməsi, Azərbaycanın
dünyəvi dövlət olmasının qlobal miqyasda
etirafı, ölkəmizdə dövlət siyasətinin
söz və əməl vəhdətinə əsaslanması,
hər bir vətəndaşın sağlamlığına, təhlükəsizliyinə
və rifahına əsaslanan sosialyönümlü dövlət
siyasətinin reallaşmasının əyani sübutu oldu. Möhtərəm Prezidentimizin “Biz Birlikdə
Güclüyük!” çağırışı cəmiyyətimizdə
birlik, bərabərlik, mütəşəkkillik, həmrəylik
və xalq-dövlət-ordu birliyinin şüarına
çevrildi. Ölkəmizdə COVID-19 virusu
ilə mübarizədə ardıcıl, sistemli və
qabaqlayıcı tədbirlər vaxtlı-vaxtında icra olundu
və gündəlik dinamikaya uyğun bu tədbirlər bu
gün də lazımi səviyyədə davam etdirilir.
Müvafiq iqtisadi və sosial çətinliklərin
müşahidə olunduğu karantin dövründə dövlət,
aztəminatlı ailələrin, həssas təbəqəyə
aid qayğıya ehtiyacı olan vətəndaşların
sosial müdafiəsi, sahibkarlara dəstək üçün
sosial yardım paketlərini uğurla icra etdi.İqtisadi fəallığın
zəiflədiyi və milyonlarla manat iqtisadi itkilərin
olduğu dövrdə dövlət üçün vətəndaşın
sağlamlığının qorunması və sosial
müdafiəsinin gücləndirilməsi prioritet məsələyə
çevrildi. Pandemiya ilə əlaqədar
karantin dövründə məlum iqtisadi çətinliklərə
baxmayaraq dövlət başçısının siyasi iradəsi
sayəsində ölkəmizdə heç bir sosial proqram
ixtisar olunmadı, sosial infrastruktur layihələri davam
etdirildi, dövlətin sosialyönümlü siyasəti əməli-praktiki
işlərdə, vaxtında görülən tədbirlərdə
bir daha öz təsdiqini tapdı. Fövqəladə vəziyyətə
dərhal adekvat reaksiya verən Azərbaycan hökuməti vətəndaş
sağlamlığının maksimum qorunması
üçün səhiyyə sistemini hazırlıqlı vəziyyətə
gətirdi, 20 xəstəxana sırf koronavirusla mübarizə
üçün ayrıldı, modul tipli 10 yeni xəstəxananın
inşasına başlanıldı, 5 modul tipli xəstəxana
artıq fəaliyyətdədir. Mövcud yoluxma dinamikasına
uyğun daha 15 modul tipli yeni xəstəxananın
inşasına başlanılıb və s. (Arzu edirik ki,
yoluxma sayı gündən-günə azalsın və bu yeni
xəstəxanalara heç ehtiyac da qalmasın). Bir sözlə, dövlət bu sahədə
mümkün olan hər şeyi etdi və “Bu məqsədlər
üçün istənilən vəsaiti xərcləməyə
hazırıq, vəsaitimiz də var və heç kimdən də
asılı deyilik” deyən cənab Prezident pandemiya ilə
mübarizədə Azərbaycanın bütün lazımi
potensialının mövcud olduğunu bir daha diqqətə
çatdırdı. Beləliklə, təhlükəli
və ziddiyyətli pandemiya dövründə biz bir daha
şahidi olduq ki, Prezident İlham Əliyev siy-asətinin mərkəzində
Azərbaycan vətəndaşı, onun
sağlamlığı, təhlükəsizliyi və
rifahı dayanır. Pandemiya dövründə öz həssaslığı
ilə seçilən məsələlərin həllində
və xüsusi qayğıya ehtiyacı olan
insanlarımızın sosial ehtiyaclarının
qarşılanmasında Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti
xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata
keçirilən genişmiqyaslı işlər xüsusi qeyd
olunmalıdır.Dövlətimiz beynəlxalq səviyyədə
də qlobal pandemiya ilə mübarizəyə əhəmiyyətli
töhfələr vermişdir. Ümumdünya Səhiyyə
Təşkilatına könüllü olaraq iki dəfə 10
mln. dollar həcmində ianələr ayrılması,
30-dan artıq ölkəyə humanitar yardımlar göstərilməsi,
xüsüsilə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının
Zirvə görüşündə pandemiya ilə mübarizə
məqsədilə BMT Baş Assambleyasının dövlət
və hökumət başçıları səviyyəsində
xüsusi sessiyasının keçirilməsi təklifini irəli
sürməsi bu töhfələrin bariz nümunəsidir.Burada
xüsusi qeyd olunmalıdır ki, möhtərəm
Prezidentimizin bu təşəbbüsü BMT-nin Baş Katibinə
rəsmi müraciət olunduqdan sonra 130-dan çox dövlət
tərəfindən fərdi şəkildə,
ayrı-ayrılıqda dəstəkləndi və bununla da bu
məsələ artıq, BMT-yə üzv olan bütün
dövlətlərin ümumi məsələsinə
çevrildi. Təbii ki, bu Azərbaycana beynəlxalq arenada
dünya birliyi tərəfindən göstətilən ilk həmrəylik
dəstəyi deyildi, yada salmaq vacibdir ki, 2011-ci ildə BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilərkən
Azərbaycanın leyhinə 155 ölkə səs vermişdi.
Bütün bu misilsiz nailiyyətlər İlham Əliyev
diplomatiyasının uğuru və onun simasında ölkəmizə
olan pozitiv münasibətin və etimadın nəticəsidir.İlham
Əliyevin xarici diplomatiyasında daha bir mühüm məqam,
ölkə başçımızın əzəli
düşmənlərimiz olan işğalçı Ermənistanın
Azərbaycana qarşı işğalçı, etnik təmizləmə
siyasətinə, onların faşist ideologiyasına, erməni
lobbisinin dünyada anti-Azərbaycan, anti-Türk təbliğatına
və erməni miflərinə qarşı mütəmadi
olaraq endirdiyi sarsıdıcı zərbələrdir. Valday
Sammitində, Aşqabadda, Münhendə diplomatik
cılızlığı və tarixi
savadsızlığı ifşa olunan Paşinyan Şərq
Tərəfdaşlığı platformasında Azərbaycana
əsassız və mövzudan kənar millətçilik
ittihamları ilə, özünü növbəti dəfə
həm rüsvay etdi, həm erməni şovinizminin terrorist
simasını nümayiş etdirdi.İlham Əliyevin BMT
Baş Assambleyasının xüsusi sessiyasının
keçirilməsi təşəbbüsünə də
etiraz edən və dünya ictimaiyyəti qarşısında
özünün anti-humanist, anti-həmrəylik kimi
içüzünü növbəti dəfə göstərən
Paşinyan, əslində Ermənistanı yenə mənfi
obrazda, qara rəngdə dünyaya təqdim etdi. Bu təşəbbüsə
səssiz qalan bəzi ölkələr olsa da, Ermənistan
yeganə dövlətdir ki, bu təşəbbüsə də
etiraz etdi, halbuki hazırda koronavirus pandemiyasında istər
yoluxma, istər ölüm hallarının sayı Ermənistan
kimi azsaylı əhalisi olan, kiçik ölkə
üçün kifayət qədər yüksəkdir. Bununla belə Ermənistan, daha doğrusu bu dövləti
öz savadsızlığı və
bacarıqsızlığı ilə uçuruma
sürükləyən Paşinyan, beynəlxalq həmrəylik
çağırışını rədd etməklə,
yenə özünü proqressiv düşüncədən və
humanizmdən təcrid etdi. Səbəb isə
aydındır, işğalçı yenə də
özünü faşist xislətinin qurbanına çevirdi
və Azərbaycanın beynəlxalq dəstək qazanan təşəbbüsünə
dəstək verməməklə əsl simasını və
humanizmdən, beynəlxalq əməkdaşlıqdan nə qədər
uzaq olduğunu, regionda sülhə, birgəyaşayışa,
iqtisadi inkişafa və tərəqqiyə mane olan yeganə
dövlət olduğunu dünyaya nümayiş
etdirdi.Əminik ki, məhz İlham Əliyevin təşəbbüsünün
dünya ictimaiyyəti tərəfindən dəstəklənməsinin
nəticəsində öz işinə başlayan BMT-nin
Baş Assambleyasının xüsusi sessiyası bütün
dünyanı “Biz Birlikdə Güclüyük!”, “Biz Birlikdə
Yaşamalıyıq” şüarları ilə vahid amal və
məqsədlər üçün birləşdirəcək.
Bu xüsusi sessiyadan bütünlüklə
dünya ölkələrinin və dünya ictimaiyyətinin
gözləntiləri olduqca böyükdür.
Şübhəsiz ki, bu mötəbər forumda yeni koronavirus
pandemiyası ilə mübarizə kontekstində birgə səylər,
elmi araşdırmalar, alınan nəticələr,
qazanılan təcrübələr və atılacaq real
addımlar haqqında əhəmiyyətli müzakirələr
aparılacaq, qərarlar qəbul olunacaq və dünya dövlətləri
tərəfindən konkret, məqsədəmüvafiq, effektiv
tədbirlər görüləcək. Nəzərə
alsaq ki, virusa qarşı peyvəndin hazırlanmasında
artıq xeyli yol qət edilib, düşünürük ki, bu
peyvəndin inkişaf və gəlir səviyyəsindən
asılı olmayaraq hər bir ölkə və hər bir vətəndaş
üçün əlçatan olması bu sessiyada müzakirə
olunan prioritet məsələ olmalıdır. Digər
müzakirə mövzuları isə sözsüz ki, dünya
iqtisadiyyatının vəziyyəti, post-pandemiya mərhələsində
iqtisadi artımla bağlı olan məsələlər və
pandemiyadan ən cox ziyan çəkən ölkələrə,
iqtisadi sektorlara və biznesə dəstəklə
bağlı olacaqdır.Təəssüf ki, ümumbəşəri
təhlükəyə çevrilmiş koronavirus (COVID-19)
pandemiyası 2020-ci ilə öz mənfi damğasını
vurdu. Qlobal miqyas almış virusla mübarizə
ilə əlaqədar bir çox ölkələrdə tətbiq
olunan sərt karantin rejimlərinin ayrı-ayrı milli
iqtisadiyyatlar və ümumilikdə dünya iqtisadiyyatı
üçün iqtisadi fəsadları artıq
özünü büruzə verir. Koronavirus
pandemiyası bəşəriyyət üçün yeni
çağırışlar yaratdı, dünyada artıq
yeni qlobal düzən, yeni iqtisadi münasibətlər və
beynəlxalq iqtisadi qaydalar formalaşır. Bu gün
bütün dünya dövlətləri post-pandemiya
iqtisadiyyatı, yeni Keynsçilik, daha sərt proteksionist tənzimlənmə
mexanizmlərinə əsaslanan yeni iqtisadi modellər
haqqında düşünür, çünki bəşəriyyətin
başqa yolu yoxdur, bu pandemiyanın nə zamana kimi davam edəcəyi
haqqında ziddiyyətli proqnozlar onu deməyə əsas verir
ki, biz bu qeyri-müəyyən pandemiya şəraitində
yaşamağı və işləməyi öyrənməliyik.Pandemiya
bütün dünya dövlətlərini
düşündürən yeni iqtisadi dilemmalar yaratdı. Birincisi, pandemiya hələ də davam edir, bu
situasiyanın nə zamana kimi davam edəcəyi bilinmir və
hər bir dövlət iki seçim
qarşısındadır – insanların sağlamlığı,
yoxsa iqtisadi fəaliyyətin bərpası. Hər iki seçimdə müəyyən itkilər
qaçılmazdır. Belə ki, bu gün
pandemiyanın qlobal iqtisadiyyata vurduğu ziyan ən azı $5-6
trilyon ABŞ dolları həcmində qiymətləndirilir ki,
bu da son 100 ildə, Böyük Depressiyadan sonra ilk dəfədirki,
müşahidə olunur. Dünya Bankı və Beynəlxalq
Valyuta Fondunun proqnozlarına əsasən ilin sonunadək qlobal
iqtisadiyyatda ən azı 5% (İEÖ-lərdə 7-9%, zəif
inkişaf etmiş ölkələrdə 2,5%, resurs və
xammal ixrac edən ölkələrdə 4-5%) azalma gözlənilir
ki, bu da təbii ki, çox böyük itkidir (yeri gəlmişkən
qeyd edək ki, Azərbaycanda 2020-ci il üçün
ÜDM-nin 1,2% azalacağı proqnozlaşdırılır).
Qlobal iqtisadiyyat üçün bu itkinin miqyasını
düzgün təsəvvür etmək üçün, bu rəqəmi
Yaponiyanın ($5.15 trilyon ABŞ dolları), Almaniyanın ($3.86
trilyon ABŞ dolları), Hindistanın ($2.94 trilyon ABŞ
dolları), Böyük Britaniyanın ($2.83 trilyon ABŞ
dolları), Fransanın ($2.71 trilyon ABŞ dolları), İtaliyanın
($1.99 trilyon ABŞ dolları) və Rusiya Federasiyasının
($1.64 trilyon ABŞ dolları) ÜDM-si ilə müqaisə
etmək kifayət edərdi.Bütün bunlar göstərir
ki, qısa müddətdə qlobal böhran aradan
qaldırılmazsa və iqtisadi fəallıq bərpa olunmazsa
dünya ölkələri daha böyük iqtisadi və sosial
problemlərlə qarşılaşa bilər ki, bu da birmənalı
olaraq qəbulolunmazdır. Milli iqtisadiyyatlarda
kütləvi işsizlik, yüksək inflyasiya, devalvasiya kimi
arzuolunmaz proseslərin baş verməsi qaçınılmaz
olacaqdır. Bu səbəblə, insanların
sağlamlığının prioritetliyinin təmin
olunması əsasında iqtisadiyyatın dirçəlməsi,
böhranın aradan qaldırılması, ölkələrarası
iqtisadi münasibətlərin tam bərpa olunması
üçün pandemiya dövrünün şərtlərinə
uyğun olaraq düşünülmüş, təxirəsalınmaz,
ciddi və birgə addımlar
atılmalıdır.İkincisi, hələ pandemiyanın
geniş yayılmadığı dövrdə, 2020-ci ilin
martında OPEC+ formatında Səudiyyə Ərəbistanı
və Rusiyanın qarşılıqlı anlaşma əldə
edə bilməməsi nəticəsində dünya neft
bazarında baş verən şok hadisələri və
dünya neft qiymətlərinin tarixdə görünməyən
səviyyəyə enməsi, yəni bir müddət
sıfırın altına enməsi ayrı-ayrı milli
iqtisadiyyatlara, xüsusilə neft ixracatçı ölkələrin
iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir
göstərdi, birjalarda, xüsusilə qiymətli
kağızlar bazarında şok azalmalarla müşayiət
olundu.Neft bugünün reallığıdır və neft
amili hələ bundan sonra da neçə 10 illiklər boyu
dünya iqtisadiyyatına ciddi təsir edən faktor olaraq
qalmaqda davam edəcəkdir. OPEC+ razılaşmaları çərçivəsində
bir çox ölkə kimi, Azərbaycan da son aylarda neft
hasilatını azaltdı və bu öhdəliklərin 2021-ci
ilin martınadək davam etməsi sözsüz ki, qlobal
müzakirə predmeti
olmalıdır.Üçüncüsü, pandemiya şəraiti
dünya dövlətləri üçün ortaq olan problemlər
yaratdı, məsələn bütün dünya dövlətləri
genişlənən fiskal siyasət, yəni büdcə
hesabına sosial xərclərin artırılması, tədiyyə
balansında kəskin dəyişikliklər, turizm,
otelçilik, restoran fəaliyyəti kimi bizneslərin ən zərərçəkən
sahələr olması problemləri ilə üzləşdi.
Ortaq problemlər varsa, yeni iqtisadi idarəetmə
modelləri ilə qarşılıqlı əməkdaşlıq
və səylərin birləşdirilməsi ilə ortaq həll
yolları da tapılmalıdır. Bu
problemlər xüsusilə, zəif inkişaf etmiş və
inkişaf etməkdə olan ölkələrdə daha kəskin
şəkildə nəzərə çarpır. Pandemiyanın uzanması bir reallığı da
göstərdi ki, sərt karantin rejimlərinin tətbiqi,
iqtisadi fəaliyyətin dayandırılması və dövlətin
əhaliyə sosial-iqtisadi dəstəyi, bizneslərə,
sahibkarlara iqtisadi güzəştləri məsələdən
çıxış yolu deyil. Ölkələr,
əhali və biznes üçün bu pandemiya şəraitində
uzunmüddətli həll yolları təqdim olunmalı və
ayrı-ayrı dövlətlərə bu istiqamətdə
beynəlxalq təşkilatlar səviyyəsində müvafiq
yollar göstərilməli və real maliyyə dəstəyi
verilməlidir. Bəli, cənab Prezidentin qeyd etdiyi kimi, məhz
çətin günlərdə ölkələr bir-birinə
dəstək verməli və beynəlxalq təşkilatlar bu
mənada öz üzərinə müvafiq məsuliyyətlər
götürməlidirlər.Düşünürük ki,
BMT-nin Baş Assambleyasının xüsusi sessiyasında beynəlxalq
ictimaiyyəti narahat edən mövzular ətrafında
müzakirə olunacaq və bu sessiyanın qərarları
ümumbəşəri əhəmiyyət kəsb edəcəkdir.
Bütün bunları nəzərdən
keçirdikdə bir daha əmin oluruq ki, İlham Əliyevin
bu qlobal həmrəylik çağırışı nə
qədər əhəmiyyətli, vaxtında və yerində
qəbul olunmuş zəruri qərar idi. Budur
düşünülmüş siyasət, budur praqmatik
düşüncə, budur qlobal liderlik və idarəçilik
mədəniyyəti. Müstəqil Azərbaycan
Respublikasının bugünkü uğurları ilə və
Sizinlə qürur duyuruq, cənab Prezident! Bütün
Azərbaycan xalqı Sizinlədir və Sizin “Biz Birlikdə
Güclüyük!” çağırışınız bu
gün dünya ictimaiyyətinin şüarına
çevrilir.
Şəmsəddin Hacıyev
Yeni Azərbaycan Partiyası Səbail rayon
təşkilatının sədri,
İqtisad elmləri
doktoru, Professor
Yeni Azərbaycan.-
2020.-1iyul.- S.5.