Azərbaycanla ISESCO arasında əməkdaşlıq son illər daha da intensivləşib

Ölkəmizin İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə münasibətlərinin zəngin tarixi var.

Məlum olduğu kimi, Azərbaycan Respublikası müstəqillik qazandığı ilk vaxtlardan xarici ölkələrlə və nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr qurmağa başlayıb. Bu münasibətlər xüsusilə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra geniş vüsət alıb. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursunda dünya dövlətləri ilə ikitərəfli münasibətlərlə yanaşı, nüfuzlu regional və beynəlxalq qurumlarla əlaqələrə də mühüm önəm verilib. Ümummilli Liderin əsasını qoyduğu bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində yeni-yeni uğurlar əldə edilib. Bu konteksdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (Islamic World Educational, Scientific and Cultural Organization - ISESCO) ilə ölkəmiz arasında münasibətlər son illər daha da intensivləşib. Ümumiyyətlə, İslam dünyasında elm, təhsil və mədəniyyətin inkişafında xidmətləri böyük olan ISESCO ilə əlaqələrə yüksək dəyər verən Azərbaycan bu təşkilatla sıx əməkdaşlıq edir. Çünki ISESCO təhsil, elm, mədəniyyət sahələrində İslam dünyasının tərkib hissəsi olan müxtəlif müsəlman dövlətlərini birləşdirmək istiqamətində uğurlu addımlar atır. Azərbaycanla bu qurum arasında əlaqələr Prezident İlham Əliyevin və Birinci vitse-prezident, ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyləri nəticəsində davamlı olaraq inkişaf edir.

Azərbaycan-ISESCO əməkdaşlığı uğurlu inkişaf mərhələsinə qədəm qoyub

Məlumat üçün bildirək ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının təsis edilməsi haqqında təşəbbüs İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin xarici işlər nazirlərinin 1978-ci ildə Seneqalın paytaxtı Dakarda keçirilmiş 9-cu konfransında irəli sürülüb. İƏT-ə üzv dövlətlərin 1981-ci ildə Məkkədə keçirilmiş 3-cü Zirvə görüşündə müsəlman dövlətlərinin təhsil, elm və mədəniyyət məsələləri üzrə birliyi olan ISESCO-nun təsis edilməsi və daimi qərargahının Mərakeşin Rabat şəhərində yerləşdirilməsi barədə qərar qəbul edilib. ISESCO-nun təsis konfransı isə 3 may 1982-ci ildə Mərakeşin Fəs şəhərində keçirilib.

Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən dərhal sonra, hələ 1991-ci ildən ISESCO-ya üzv qəbul olunub. Yuxarıda qeyd olunduğu kimi, üzv olduğu dövrdən ölkəmizin ISESCO ilə əməkdaşlığı yüksək səviyyədə olub. Bu məqamda xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 23-də sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Yeri gəlmişkən, Mehriban xanım Əliyeva ISESCO-nun bu yüksək adına layiq görülmüş ilk qadındır.

Azərbaycan-ISESCO əlaqələri mədəni irsimizin beynəlxalq miqyasda tanıdılmasında mühüm rol oynayır.

Qeyd edək ki, sonrakı illərdə Azərbaycan-ISESCO münasibətləri davamlı olaraq yüksələn xətt üzrə inkişaf edib. Bu konteksdə 2008-ci ildə Mərakeşdə Azərbaycan mədəniyyət günlərinin keçirilməsində ISESCO rəhbərliyinin göstərdiyi hərtərəfli dəstəyi, həmçinin Azərbaycan gənclərinin planlaşdırdığı beynəlxalq tədbirlərə ISESCO tərəfindən maliyyə və təşkilati yardım göstərilməsini də qeyd etmək yerinə düşər.

ISESCO-Azərbaycan əlaqələrininin inkişafından danışarkən bildirmək yerinə düşər ki, bu beynəlxalq təşkilatın xətti ilə Azərbaycanda keçirilən tədbirlərə Heydər Əliyev Fondu həmişə hərtərəfli dəstək göstərib. Bu sırada Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO-nun və ISESCO-nun dəstəyi ilə keçirilmiş “Mədəniyyətlərarası dialoqda qadınların rolu” mövzusunda forumu (2008-ci il), İslam ölkələri Elm və təhsil nazirlərinin VI Konfransı (2008-ci il), “Bakı - İslam mədəniyyətinin paytaxtı - 2009” Mədəniyyət ilinin açılış mərasimini (2009-cu il), İslam ölkələri Mədəniyyət nazirlərinin VI Konfransını və digərlərini qeyd etmək olar.

ISESCO-nun aylıq xüsusi jurnalında Azərbaycan ilə əlaqələrə həmişə geniş yer ayrılması, ISESCO rəhbərliyinin təşkilatçılığı ilə görkəmli şərqşünas alim Aida İmanquliyevanın “Müasir ərəb ədəbiyyatının korifeyləri” əsərinin və “Ərəb hərfləri ilə Azərbaycan yazısı” kitabının ərəb dilində çap edilməsi bu təşkilat tərəfindən ölkəmizə göstərilən diqqət və qayğının mühüm hissəsidir. Eyni zamanda, bu təşkilatla ölkəmiz arasındakı münasibətlərin inkişafında uzun müddət ISESCO-nun Baş direktoru vəzifəsində çalışmış Osman əl-Tuveycrinin rolunu da xüsusi vurğulamaq gərəkdir.

Qeyd edək ki, ISESCO ilə əməkdaşlığı səmərəli şəkildə əlaqələndirmək məqsədilə Azərbaycan Prezidentinin 14 yanvar 2016-cı il tarixli Sərəncamı əsasında ISESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılıb.

Bu məqamda onu da bildirmək yerinə düşər ki, 2017-ci ilin noyabrında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Mərakeş Krallığına səfəri zamanı “ASAN Xidmət” modelinin ISESCO-ya üzv dövlətlərdə tətbiqi məsələləri ilə bağlı “ASAN Xidmət” və ISESCO arasında Anlaşma Memorandumu imzalanıb.

Əksər ekspertlərin də vurğuladıqları kimi, ISESCO-Azərbaycan əməkdaşlığı mədəni irsimizin beynəlxalq miqyasda tanıdılmasında da müstəsna rol oynayır. Belə ki, 2019-cu ilin dekabrında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ISESCO-nun İslam İrsi Siyahısına daxil edilib. Qız qalası və Şirvanşahlar Sarayı Kompleksi də qoruğun tərkib hissəsi olaraq siyahıya əlavə edilib. Bundan başqa, Azərbaycanın daha iki tarixi məkanı - Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi və Qobustan qayaüstü rəsmləri də siyahıya əlavə olunan məkanlar sırasındadır.

ISESCO Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb

Bu təşkilat Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ probleminə də lazımi qiymət verib. Belə ki, ISESCO çərçivəsində qəbul edilmiş bir çox qərar və qətnamələrdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maddələr öz əksini tapıb. Eyni zamanda, Xocalı soyqrımının dünyada tanınması məsələsində də ISESCO-nun Azərbaycana dəstəyi əvəzsizdir. Belə ki, 2012-ci ilin fevralın 24-də ISESCO-nun mənzil qərargahında Mərakeşdəki səfirliyimizin, ISESCO-nun və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Bununla yanaşı, 2014-cü ilin 26 fevral tarixində ISESCO-nun baş qərargahında Xocalı soyqırımına həsr edilmiş tədbir baş tutub.

Yeri gəlmişkən, qeyd edək ki, Prezident İlham Əliyev 4 may 2017-ci ildə ISESCO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini qəbul edərkən Azərbaycan ilə ISESCO arasında əməkdaşlıq məsələlərinə toxunularkən, Azərbaycanın sivilizasiyalararası və dinlərarası dialoqa verdiyi töhfənin önəmi, ölkəmizdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin müsəlman ölkələrinin bir-birinə daha da yaxınlaşması işinə xidmət etdiyi xüsusi qeyd olunub. Görüşdə, həmçinin uzun illərdir ki, ISESCO-nun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsi yüksək qiymətləndirilib.

Onu da qeyd edək ki, 2019-cu yanvarın 18-də “20 Yanvar” faciəsinin 29-cu ildönümü münasibətilə ISESCO-nun saytında təşkilatın Baş direktoru adından ilk dəfə olaraq bəyanat yayılıb və faciə insanlığa qarşı bir cinayət kimi pislənilib. Eyni zamanda, Bəyanatda dünyanın vacib regionunda sülhün və təhlükəsizliyin bərqərar olması üçün ISESCO tərəfindən beynəlxalq ictimaiyyətə işğal etdiyi Azərbaycan torpaqlarından Ermənistanın dərhal çıxması üçün məcbur edilməsinə dair müraciət ünvanlanıb.

Azərbaycan ISESCO tərəfindən təsis edilmiş Qlobal Humanitar Koalisiyaya dəstək verir.

Bundan başqa, ISESCO-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” mədəniyyət ili çərçivəsində 2009-cu il oktyabrın 13-15-də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının, 2015-ci il noyabrında ISESCO-nun 12-ci Baş Konfransının və İcraiyyə Şurasının 36-cı iclasının Bakıda keçirilməsi, 2018-ci il Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunması ilə əlaqədar tədbirlər də sübut edir.

Yeri gəlmişkən, onu da qeyd edək ki, pandemiya ilə əlaqədar 2020-ci il iyunun 17-də ISESCO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin növbədənkənar virtual konfransı keçirilib. Konfransın açılış sessiyasında ISESCO-nun Baş direktoru Salim əl-Malik, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Osaymin və BMT-nin Sivilizasiyaların Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos da çıxış ediblər.

Konfransda COVID-19 pandemiyası dövründə mədəniyyət sahəsinin üzləşdiyi çətinliklər, pandemiyadan sonrakı dövrdə mədəniyyət, mədəni turizm sahəsində yeni trendlər mövzuları barədə müzakirələr aparılıb.

Virtual konfransda ölkəmizi Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev və ISESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Vasif Eyvazzadə təmsil edib. Azərbaycan nümayəndə heyəti COVID-19 pandemiyası dövründə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən layihələr barədə məlumat verib, həmçinin Azərbaycanın ISESCO tərəfindən təsis edilmiş Qlobal Humanitar Koalisiyaya dəstək verdiyini ifadə edib.

Qaşqay ZİYƏDDİNOĞLU.

Yeni Azərbaycan.- 2020.- 30 iyul.- S. 8.