Xalqımızın və
dövlətimizin qədim tarixini dərindən
öyrənmək Azərbaycan arxeologiya elminin başlıca
hədəfidir
Arxeologiya elminin
üfüqləri
“Arxeologiya”
“arxayos”- qədim, “loqos” - elm mənasını bildirən iki
yunan sözünün birləşməsindən
əmələ gəlib və qədim tarixi
öyrənən elm deməkdir. Amma arxeologiyanın bir elm
olaraq yaranma tarixi o qədər də qədim deyil. Başqa
sözlə, arxeologiya tarixin nisbətən son
dönəmində yaranan və çox sürətlə
inkişaf edən elm sahələrindəndir. XIX əsrin sonu
- XX əsrin əvvəllərində arxeologiyanın bir elm
olaraq məhz hansı elmlər qrupuna aid edildiyi hələ
də polemika mövzusu idi. Bəziləri onu antropologiya
ilə birlikdə bioloji elmlər qrupuna, digərləri
isə incəsənət tarixi ilə birlikdə
incəsənət elmləri qrupuna aid edirdilər.
Arxeologiyanın dəqiq və ya humanitar elmlərə aidliyi
ətrafında diskussiya açanlar da az olmayıb. Amma hər
cür fikir ayrılıqlarına rəğmən son və
qəti sözü də elə arxeoloqlar özləri
dedilər. Yəni, dünyanın ayrı-ayrı
nöqtələrində arxeoloji tədqiqatlar elə
vüsət aldı ki, artıq bu elmin ictimai elmlər
sırasındakı yeri daha heç kəs üçün
polemika mövzusu olmadı.
Məlum
olduğu kimi, bəşər tarixi iki qrupdan olan
mənbələr əsasında öyrənilir: 1. Maddi
mədəniyyət nümunələri. 2. Yazılı
mənbələr. Maddi mədəniyyət
nümunələri o mənbələrdir ki, məhz onlar
əsasında arxeoloqlar tarixi öyrənirlər.
Xatırladaq ki, yazılı mənbələr
əsasında ən yaxşı halda
bəşəriyyətin son 5000 illik tarixinin (Misir
yazılarından sonrakı dövr nəzərdə tutulur)
yalnız müəyyən məqamlarını
öyrənmək mümkündür. Əslində, hətta
yazılı mənbələrin bol olduğu dövrlərin
tarixinin öyrənilməsində də maddi
mədəniyyət nümunələrinin geniş
surətdə tədqiqata cəlb olunması
qaçılmazdır. Bu fikir eynilə, Azərbaycan
tarixinə də aiddir. Yəni, yazılı qaynaqlar
əsasında Azərbaycan tarixinin olsa-olsa son 2000 illik tarixini
qismən öyrənmək mümkündür.
Nəzərə alaq ki, yazılı
mənbələrdəki bir sıra məlumatların
özü də kifayət qədər səhih deyil.
Məsələn, Strabon yazırdı ki, albanlar pul
tanımır, deməli ticarətdə puldan istifadə
etmirdilər. Lakin Azərbaycan ərazisində aparılan
arxeoloji tədqiqatlar zamanı alban abidələrindən
çoxsaylı sikkə nümunələri tapıldı.
Onlar içərisində dünyanın ayrı-ayrı
ölkələrində və şəhərlərində
zərb olunmuş pullarla yanaşı, çoxsaylı yerli
alban pulları da vardır. Bu isə o
deməkdir ki, əcdadlarımız olan albanlar nəinki pul
tanıyırdı, hətta onların özlərinin zərb
etdiyi pullar da tarixi reallıqdır.Yazılı
mənbələrin nisbətən daha geniş
yayıldığı orta əsrlər dövrünün
tarixini də arxeoloji materiallarsız tam və əhatəli
şəkildə öyrənmək mümkün deyil.
Yəni, arxeoloji tədqiqatlar olmadan
əsrlər boyu ölkənin iqtisadi, siyasi və
mədəni həyatında olduqca mühüm iştirakı
olan, bir çox iri hərbi əməliyyatlara şahidlik
etmiş şəhər və qalalarımızın tarixini
necə və hansı səviyyədə öyrənə
bilərdik?! Nəhayət, belə bir
məqamı da qeyd edək ki, əsrlər boyu torpaq
altında yatan qədim yazılı mənbələrin bir
çox nümunələri də məhz arxeoloji tədqiqatlar
zamanı tapılaraq elmi dövriyyəyə gətirilib. Müxtəlif vaxtlarda və müxtəlif
yerlərdə arxeoloqların taparaq aşkara
çıxarmış olduğu çoxsaylı daş,
kağız, papirus, gil qablar, dəri və ağac
nümunələri üzərində işlənmiş
çox qiymətli kitabələr bəşər tarixinin bir
sıra mühüm problemlərinin araşdırılmasında,
sözün əsl mənasında, açar rolu
oynamışdır. Deməli, yazılı
mənbələrin mövcud olduğu dövrlərin də
tarixini öyrənmək tarixçilərlə
yanaşı, həm də arxeoloq alimlərin işidir.
Qürurverici
haldır ki, ölkəmizin ərazisində yazıya
qədərki və ondan sonrakı tariximizin bütün
mərhələlərini tam şəkildə
özündə yaşadan olduqca çoxsaylı maddi
mədəniyyət abidələri şəbəkəsi
mövcuddur. Bu, o deməkdir ki,
əcdadlarımız Qədim Daş dövründən
başlayaraq tarixin bütün sonrakı
mərhələlərində də bəşəri
sivilizasiyanın parlaq nümunələrindən ibarət olduqca
zəngin mədəni irs qoyub getmişlər. Belə bir məqamı da xüsusi olaraq qeyd edək
ki, Azərbaycan arxeoloqlarının zaman-zaman aşkarlayaraq
tədqiq etmiş olduqları qədim insan
düşərgələri və onlardan toplanan çox
zəngin maddi mədəniyyət qalıqları təkcə
Azərbaycan tarixinin deyil, bütövlükdə
ümumdünya tarixinin bir sıra mühüm, həm
də olduqca aktual problemlərinin də
öyrənilməsində əvəzsiz töhfə kimi
dəyərləndirilir.
Azərbaycan
arxeologiyasının uğurları
Keçən əsrin 50-ci illərinə
qədər Azərbaycan ərazisindəki erkən insan
məskənlərinin ən çoxu 4-5 min il yaşı
olduğu belə şübhə ilə qarşılanırdı.
Başqa sözlə, Azərbaycan ərazisində qədim
insan düşərgələrinin olmadığı və
burada heç vaxt ibtidai insanların yaşamadığı
güman edilirdi. Lakin
keçən əsrin 50-ci illərindən etibarən
istedadlı arxeoloq Məmmədəli Hüseynovun
rəhbərliyi ilə aparılan tədqiqatlar
nəticəsində bir-birinin ardınca aşkar olunan
mağara düşərgələri o vaxtadək güman
edilən 4-5 minillik tariximizi birdən-birə 2-2,5 milyon
ilədək qədimləşdirməyə imkan verdi. Azərbaycan ərazisində, həm də məhz
Azərbaycan alimləri tərəfindən elmə
gətirilən “Quruçay”, “Şomutəpə”,
“Leylatəpə”, “Kür-Araz”, “Xocalı-Gədəbəy”,
“Boyalı qablar”, “Muğan” və bir sıra digər arxeoloji
mədəniyyətlər təkcə Azərbaycan
alimlərinin deyil, bütövlükdə Qafqaz və
ona qonşu olan ölkələrin arxeoloqlarının da
sonrakı illərdə aparmış olduqları
tədqiqatlar üçün bir növ ipucu oldu.
Fəxr
edirik ki, Azərbaycan ərazisi dünyada insanın ilkin olaraq
məskunlaşdığı ərazilərdəndir. Fəxr
edirik ki, ulu əcdadlarımız minilliklər boyu bu torpaqda
məskunlaşaraq, dünya mədəniyyəti
xəzinəsinə layiqli töhfələr bəxş
etmişlər. Bəli, biz ulu, həm də şərəfli
tarixi keçmişimizlə fəxr edirik.
Ulu
Öndər Heydər Əliyevin tariximizin qədim
dövrlərini özündə yaşadan arxeoloji
abidələrə olan həssas və qayğıkeş
münasibəti nəsillərə örnək olası bir
nümunədir. Təsəvvür edin, 1969-cu ildə
hakimiyyətə gəlişindən az sonra O,
Mədəniyyət Nazirliyi və Elmlər Akademiyası
rəhbərliyinə respublika ərazisindəki tarix və
mədəniyyət abidələrinin uçotunun
aparılması barədə tapşırıq verib. Bu iş həyata keçirilərkən
çoxsaylı yeni abidələrin qeydiyyata alınması
ilə yanaşı, o da məlum olub ki, əvvəllər
dövlət qeydiyyatında olan bir sıra nadir maddi
mədəniyyət nümunələrimiz müəmmalı
şəkildə yoxa çıxıb.
Neçə-neçə abidələrin
təyinatını və mənsubiyyətini bildirən
yazı və simvollar sındırılıb,
dağıdılıb və ya onların “erməniləşdirilməsinə”
cəhdlər olunub. Sən demə, sovet təbliğat
maşını hər yerdə xalqlar dostluğundan bəhs
etdiyi bir vaxtda ermənilər əl altından Azərbaycan
abidələri hesabına özlərinə saxta tarix
yaratmaqla məşğul imişlər.
1977-ci ilin sonlarında
Mingəçevirdən Qəbələ RLS-ə
çəkilən yüksək gərginlikli elektrik xətti
ilkin layihəyə görə qədim Azərbaycan
dövləti Albaniyanın paytaxtı olan Qəbələ
şəhəri qalıqlarının olduğu
ərazidən keçməli imiş.
İnşaatçılar bu işi görərkən arxeoloq alimlər etiraz
ediblər. Vəziyyətdən xəbər tutan Ulu
Öndər məsələni hərtərəfli
araşdırmaq məqsədilə Ali Sovetin Rəyasət
Heyətinin sədri Qurban Xəlilovun sədrliyi ilə oraya
dövlət komissiyası göndərib. Komissiyanın
hazırladığı 13 yanvar 1978-ci il tarixli arayış
Azərbaycan KP MK-nın büro iclasının
müzakirəsinə çıxarılıb və cavabdeh
şəxslərə vəzifə səlahiyyətlərini
icra edərkən yol verdikləri səhlənkarlığa,
qətiyyətsizliyə və prinsipsizliyə görə ciddi
partiya cəzası verilib. MK bürosunun qərarında,
həmçinin qədim paytaxt şəhərinin sel
sularının dağıdıcı təsirindən
qorunması, orada tədqiqatların intensivləşdirilməsi
və Dövlət Qoruğu elan olunması
məsələləri də öz əksini tapıb.
Gəlin
etiraf edək ki, Azərbaycan dövləti ölkə
ərazisindəki abidələrin arxeoloji cəhətdən
öyrənilməsi, onların qorunması və
təbliği üçün nə lazımdırsa
hamısını edib və bu gün də etməkdədir.
Uzun illərdir ki, ali məktəblərimizin tarix
fakültələrində arxeologiya müstəqil fənn
kimi tədris olunur. Bakı Dövlət Universitetində
arxeologiya kafedrası, AMEA-nın tərkibində isə
Arxeologiya və Etnoqrafiya İnstitutu fəaliyyət
göstərir. Milli Azərbaycan Tarixi Muzeyi, Arxeologiya
və Etnoqrafiya İnstitutu nəzdindəki Arxeologiya muzeyi,
habelə respublikanın bütün şəhər və
rayonlarında fəaliyyət göstərən
tarix-diyarşünaslıq muzeylərinin ekspozisiya və
fondlarında yüz minlərlə arxeoloji material
mühafizə və nümayiş olunmaqdadır. Hər
il arxeologiya ixtisası üzrə neçə-neçə
istedadlı gənc doktorantura və dissertanturaya qəbul
olunur. Azərbaycanda arxeologiya ixtisası üzrə
fəlsəfə doktoru və elmlər doktoru elmi
dərəcəsi almaq üçün müvafiq dissertasiya
şurası fəaliyyət göstərir. Hansı ki,
hər il həmin şura vasitəsi ilə
neçə-neçə elm adamı öz dissertasiya
işini müvəffəqiyyətlə müdafiə
edərək alimlik dərəcəsi alır.
Diqqətəlayiq
haldır ki, ölkəmizdə hər il təqribən 40-a
yaxın ekspedisiya ayrı-ayrı bölgələrdə
Qədim Daş dövründən tutmuş Son Orta
əsrlərədək olan abidələrdə arxeoloji
tədqiqat işləri aparır. Son illər arxeoloji
ekspedisiyaların maddi-texniki şəraiti və maliyyə
təchizatı da əhəmiyyətli dərəcədə
yaxşılaşdırılmışdır.
Minnətdarlıq hissi ilə qeyd olunmalıdır ki,
ekspedisiyaların səmərəli işlənməsi
üçün hər il dövlət büdcəsindən
çox sanballı məbləğdə vəsait
ayrılır. Bundan əlavə, ölkə Prezidenti və
respublika hökuməti tərəfindən də bu
məqsədlə vaxtaşırı maliyyələr
ayrılır.
Bu
yerdə Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin son illər bilavasitə arxeoloji
tədqiqatların miqyasını artırmaq və
keyfiyyətini yüksəltmək məqsədilə
imzaladığı sərəncamları xüsusi olaraq qeyd
etmək istərdim. Möhtərəm
Prezidentimizin “Azərbaycan Milli Elmlər Akademiyasının
Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən
2008-2009-cu illərdə aparılması nəzərdə
tutulan arxeoloji ekspedisiyaların maliyyələşdirilməsi
ilə bağlı əlavə tədbirlər haqqında” 5
fevral 2008-ci il tarixli, “Göytəpə Arxeoloji Parkının
yaradılması ilə bağlı
bəzi tədbirlər haqqında” 18 aprel 2012-ci il tarixli,
“Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və
Etnoqrafiya İnstitutunun maddi-texniki bazasının
gücləndirilməsi haqqında” 26 aprel 2012-ci il tarixli
və “Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd
edilməsi haqqında” 29 oktyabr 2013-cü il tarixli
sərəncamları ölkəmizdə arxeologiya elminin
inkişafına göstərilən dövlət
qayğısının bariz nümunəsi olaraq hər zaman
minnətdarlıq hissi ilə xatırlanacaqdır.
Ölkə Prezidentinin Tovuz rayonu
ərazisindəki Göytəpə arxeoloji kompleksinə
səfəri, bölgələrə səfərləri
çərçivəsində rayon və
şəhərlərimizdəki tarix-diyarşünaslıq
muzeyləri ilə tanış olması, Qəbələ
Arxeoloji Mərkəzinin və Dəmirçi arxeoloji muzeyinin
açılışında iştirakı da bu elm sahəsinə olan maraq və
diqqətdən xəbər verir. Azərbaycan arxeoloqları
yüksək və hərtərəfli dövlət
qayğısı ilə əhatə olunduqlarına
görə möhtərəm Prezidentimiz İlham Əliyevə
və hörmətli Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya dönə-dönə minnətdardırlar. Amma
tam səmimi olaraq onu da etiraf edək ki, təkcə
minnətdar olmaq azdır, ortaya daha sanballı tədqiqatlar
və fundamental əsərlər qoymaq gərəkdir.
Bu
sahədə atılması vacib olan addımlar
Hər
kəsə bəlli olduğu kimi, müstəqillik
illərində ölkəmizdə arxeoloji abidələrin
dövlət tərəfindən mühafizəsini təmin
edən mükəmməl qanunvericilik bazası
yaradılıb. Azərbaycan Respublikası
Konstitusiyasının 40-cı maddəsində
göstərildiyi kimi, ölkəmizdə “Hər kəs
tarixi, mədəni və mənəvi irsə
hörmətlə yanaşmalı, ona qayğı
göstərməli, tarix və mədəniyyət abidələrini
qorumalıdır”. Lakin təəssüf
hissi ilə onu da bildirməliyik ki, bir sıra hallarda
müvafiq dövlət orqanlarının və
ayrı-ayrı vəzifəli şəxslərin biganəliyi
və səhlənkarlığı üzündən
hələ də bu sahədə qanunvericiliyin
tələblərinin kobud surətdə pozulduğu hallarla
rastlaşırıq. İnşaat və
təsərrüfat işləri zamanı arxeoloji
abidələrin dağıdılması hallarına
xüsusilə tez-tez rast gəlinir. Bu da,
hər şeydən öncə, iki səbəbdən baş
verir. Birincisi, ölkə
ərazisindəki bəzi yerlərdə arxeoloji
abidələrin qeydiyyata alınması,
inventarlaşdırılması, onların mühafizə
zonasının müəyyənləşdirilməsi işi
hələ də tələb olunan səviyyədə deyil.
Yəni bir çox yerli hakimiyyət orqanları
hələ də onların xidməti ərazisində konkret
olaraq hansı arxeoloji abidələr olduğu barədə
yetərincə məlumatlı deyil. Məhz bu
səbəbdən də yerlərdə torpaq islahatı
həyata keçirilərkən bir çox mühüm
əhəmiyyətli arxeoloji abidələr pay torpaq sahəsi
kimi ayrı-ayrı vətəndaşların xüsusi
mülkiyyətinə verilmişdir. Vətəndaşlar
da həmin torpaqlardan istifadə edərkən təbiidir ki,
arxeoloji abidələr bu və ya digər
dərəcədə dağıntıya məruz qalır,
beləliklə də uzaq keçmişimizin yadigarları olan
çoxsaylı maddi mədəniyyət nümunələri
əzilərək, sındırılaraq məhv edilir, yaxud da
təsadüfi şəxslər tərəfindən
ələ keçirilərək itbat olur. Halbuki, “Tarix
və mədəniyyət abidələrinin qorunması
haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü
maddəsində göstərildiyi kimi “İnşaat və
digər təsərrüfat işləri
görülərkən abidə aşkar edilərsə,
dərhal iş dayandırılmalı, bu barədə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi elmi təşkilata məlumat verilməlidir”.
Bu
sahədə qanunvericiliyin tələblərinin pozulması
ilə bağlı çoxsaylı konkret misallar da
göstərə bilərik. Məsələn,
qədim Şamaxının yerləşdiyi
Xınışlı ərazisində son illər çoxsaylı
sakinlərə torpaq sahəsi verilib və həmin insanlar da
orada yeni evlər tikiblər. Göyçay
rayonunun Yekəxana kəndi ərazisindəki qədim
yaşayış yeri olan təpələrin aqibəti də
təhlükədədir. Kürdəmir
rayonunun Ərəbqubalı kəndi ərazisindəki orta
əsrlərə aid Şəhərgah şəhər yeri
də uzun illər şumlanaraq əkilib, becərilib.
Aqrar islahatlar aparılarkən isə pay torpaq sahəsi kimi
sakinlər arasında bölüşdürülüb. Eyni sözləri Ağsu rayonunun Bəyimli kəndi
ərazisində yerləşən Mehrəvan şəhər
yeri barəsində də demək olar. Əfsuslar
olsun ki, digər rayon və şəhər ərazisində
də oxşar hallar mövcuddur.
Təbiidir ki, pay torpaq
sahəsi kimi vətəndaşların şəxsi
mülkiyyətinə verilmiş həmin yerlərdə
arxeoloji tədqiqat aparmaq zərurəti yarananda bir sıra
ciddi problemlər ortaya çıxır. Vətəndaşların bəziləri buna etiraz
edir, etiraz etməyənlərin isə torpağının
ən azı bir hissəsi arxeoloji tədqiqatlar zamanı
dövriyyədən çıxır. Aidiyyatı
orqanlar tərəfindən həmin vətəndaşların
rastlaşdığı problem vaxtında hüquqi
cəhətdən tənzimlənmədikdə isə
təbiidir ki, sonda həmin insanlar da narazı
düşürlər. Narahatlıq hissi ilə onu da
bildirək ki, son vaxtlar Azərbaycanın, demək olar ki,
bütün bölgələrində qızıl və
digər əntik əşyalar “axtarışı” ilə
məşğul olan dələduz işbazlar
tərəfindən arxeoloji abidələrdə
axtarışlar aparılması geniş yayılıb. Mətbuatdan bəlli olduğu kimi, bu yaxınlarda
Şəki rayonu ərazisində belə bir dələduz qrup
hüquq-mühafizə orqanları tərəfindən
birbaşa “iş başında” yaxalanaraq ifşa olundu.
Xatırladaq ki, bu cür qanunsuz yollarla əldə olunan
əntik əşyalar davamlı olaraq “qara bazar”a
ötürülməkdədir.
Bundan
başqa, mütəxəssislər hesab edirlər ki,
şəraitindən asılı olmayaraq istənilən
zirzəmi arxeologiya fondu üçün əsla yararlı yer
hesab edilə bilməz. Bu, məsələnin bir
tərəfidir. Məsələnin digər, həm
də daha ciddi tərəfi ondadır ki, əksəriyyəti
fraqmentlər halında tapılan və çox
çətinliklə konservasiya və bərpa olunan arxeoloji
materiallar, xüsusən də dəmir, keramika,
şüşə, sümük və toxuculuq məmulatı
nümunələri bəzən sadəcə yerindən tərpədildikdə
belə dağılıb məhv olmaq təhlükəsi
yaranır.
Arayış
üçün onu da əlavə edim ki, hər il Azərbaycan üzrə 40-a yaxın arxeoloji
ekspedisiya müxtəlif yerlərdə tədqiqat
işləri aparır və üst-üstə təqribən
6-7 min ədəd elm üçün nadir hesab olunan eksponatı
qeydiyyata alaraq götürür. Bu, o deməkdir
ki, yalnız müstəqillik illərində Azərbaycan
arxeoloqları tərəfindən ümumilikdə
təqribən 18-20 min ədəd nadir tarixi
əhəmiyyəti olan eksponat aşkar edilərək
qeydiyyata alınıb. Göründüyü
kimi, bu, tariximizi daha dərindən və hərtərəfli
öyrənmək üçün həqiqətən bu
olduqca dəyərli mənbəəşünaslıq
bazasıdır və onun qədrini bilməliyik.
Bu gün
hətta arxeologiya sahəsində çalışan
gənclərin bir çoxu Gəncə, Mingəçevir,
Beyləqan, Xınışlı, Qəbələ və
digər iri kompleks arxeoloji ekspedisiyaların
materiallarının harada və hansı şəraitdə
saxlanıldığından xəbərsizdir. Son illər tarix və arxeologiyaya əsla dəxli
olmayan digər peşə sahələrindən olan diletant
insanların arxeologiyaya axını müşahidə olunur.
Belələrinin tələm-tələsik ona-buna
yazdırdıqları, başdan-başa saxta, plagiat və
mənasız “elmi işlər” axı kimə lazımdır?
Tarixi-mədəni
yadigarların olduğu kimi gələcək
nəsillərə ötürülməsi üçün
qarşıda duran vəzifələr
Yuxarıda qeyd olunan
problemləri aradan qaldırmaqla Azərbaycanda arxeologiya elminin
inkişafını təmin etmək, tarixi-mədəni
yadigarların olduğu kimi, yəni dağıntısız
və itkisiz şəkildə gələcək
nəsillərə ötürülməsi üçün
qarşıda duran ən ümdə vəzifələr
bunlardır:
1. Respublika
ərazisində mövcud olan bütün arxeoloji
abidələrin müfəssəl uçotu və
qeydiyyatı aparılmalı, onların mühafizə
zonası müəyyənləşdirilməli,
pasportlaşdırılmalı, müvafiq xəritələr
işlənməli və nəhayət, onların
mühafizəsi təşkil olunmalıdır.
2. Torpaq islahatı
zamanı naşılıq, məsuliyyətsizlik və ya
başqa bir səbəb ucbatından pay torpaq sahəsi olaraq
vətəndaşların şəxsi mülkiyyətinə
verilmiş ərazilərdəki, habelə islahatdan sonrakı
dövrdə aşkar olunmuş xüsusilə mühüm
əhəmiyyətli arxeoloji abidələrin taleyinə
aydınlıq gətirilməlidir. Əsasən
antik və orta əsrlər dövrünə aid
şəhər və şəhər tipli yaşayış
məntəqələrindən, habelə qədim nekropallardan
ibarət olan həmin abidələrin ərazisi heç bir
halda ağır texnikadan istifadə olunmaqla qazıla və ya
şumlana bilməz. Bu, çox ciddi
dağıntılara yol aça bilər və
təəssüf hissi ilə bildiririk ki, artıq belə
hallar baş verməkdədir. Odur ki, bu
sahədə də müvafiq tənzimləmə
tədbirləri həyata keçirilməlidir.
3. Fikrimizcə,
respublikanın ayrı-ayrı muzey və fondlarında,
şəxsi kolleksiyalarda pərakəndə halda
saxlanılmaqda olan zəngin arxeoloji tapıntıları bir
yerə toplamaqla vahid mərkəzləşdirilmiş arxeoloji
fond və arxeologiya muzeyinin yaradılmasının da vaxtı
çatmışdır.
4. Arxeoloji
abidələrin tədqiqinin başa
çatdırılmasından sonrakı taleyi barədə
də düşünməyə dəyər. Bizcə,
konservasiya təminatı olmayan abidələrin tədqiqi
hələlik bir qədər təxirə salınsa
yaxşıdır. Bu mənada arxeoloji
tədqiqatların prioritet istiqamətlərinə yenidən
baxmaq zərurəti gündəmdə olan
məsələlərdəndir. 3-4
nəfərlik heyətdən ibarət çoxsaylı
xırda ekspedisiyalar əvəzində genişplanlı
kompleks ekspedisiyaların təşkili praktikasına
üstünlük verilməlidir. Hesab edirik ki, arxeoloji
ekspedisiyaların təşkili və onların
hesabatlarının tərtibi qaydalarına dair Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 289
saylı və 22 may 2015-ci il tarixli 196 saylı
qərarlarındakı bəzi müddəalar da zamanın
tələblərinə
uyğunlaşdırılmalıdır.
5. Arxeoloji
tədqiqatların səmərəsini artırmaq,
bütövlükdə respublikada arxeologiya elminin
inkişafını təmin etmək naminə AMEA-nın
Arxeologiya və Etnoqrafiya İnstitutunun strukturunun
təkmilləşdirilməli, arxeologiyaya dair
əsərlərin və dissertasiyaların elmi
səviyyəsi qaldırılmalı, Elmi Şuralar və
Problem Şuraları tərəfindən dissertasiya
mövzuları müəyyənləşdirilərkən mütləq
surətdə Azərbaycan arxeologiya elminin prioritetləri
əsas götürülməlidir.
6. Arxeoloji irsin
təbliği istiqamətində maarifçilik işi
genişləndirilməli, uzun müddətdir ki, Arxeologiya
və Etnoqrafiya İnstitutunun nəşriyyat planında olan
“Azərbaycan arxeologiyası” çoxcildliyinin son illərinin
ən yeni elmi nailiyyətləri nəzərə alınmaqla
tamamlanaraq nəşri təmin olunmalı, ölkə
ərazisində mövcud olmuş qədim
dövlətlər, antik və orta əsr
şəhərləri, memorial abidələr və
müdafiə tikililəri haqqında yeni və daha sanballı
əsərlər işlənməlidir.
Xalqımızın
və dövlətimizin qədim tarixini dərindən və
hərtərəfli öyrənmək Azərbaycan arxeologiya
elminin başlıca hədəfidir. Alim üçün
belə bir nəcib və vacib missiyaya xidmət etməkdən
daha şərəfli nə ola bilər?!
Əziz tarixsevərlər!
Tariximizi öyrənməyə Azərbaycan
arxeologiyasını öyrənməkdən başlayın.
Çünki Azərbaycanın qədim tarixi,
hər şeydən öncə, Azərbaycan arxeologiyası
üzərində, arxeoloq alimlərimizin elmimizə
bəxş etdiyi yeniliklər əsasında formalaşır.
Ulu Öndər Heydər Əliyevin dediyi kimi,
“Müstəqil Azərbaycanda fizika, riyaziyyat, bilogiya, kimya,
yaxud başqa fənlərin hamısı inkişaf
etməlidir. Bunların hərəsinin
özünəməxsus çərçivəsi var. Amma
tarix hər bir insan üçün yeniyetməlikdən
başlayaraq ömrünün sonuna qədər lazımdır”.
Qafar
Cəbiyev, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun
baş elmi işçisi, tarix elmləri doktoru, professor
Yeni Azərbaycan.-
2020.- 29 iyul.- S. 5.