Azərbaycanın
dövlət başçısı növbəti dəfə
mühüm beynəlxalq platformada Ermənistanın
işğalçılıq siyasətini ifşa etdi
Prezident
İlham Əliyev: Danışıqların mahiyyət və
formatını məhv etməyə çalışan Ermənistanın
baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ
Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və
bütün dünya bunu belə tanıyır
Azərbaycan Ermənistanın
ölkəmizə qarşı apardığı
işğalçılıq siyasətini ifşa etmək,
Dağlıq Qarabağ problemi ilə bağlı əsl həqiqətləri
dünya birliyinin nəzərinə çatdırmaq və
münaqişənin tezliklə ədalətli həllinə
nail olmaq üçün bütün beynəlxalq
platformalardan maksimum dərəcədə istifadə
edir. Bu baxımdan, iyunun 18-də keçirilən Şərq
Tərəfdaşlığı ölkələrinin
videokonfrans formatında Sammiti də istisna olmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Sammitdəki çıxışında Ermənistanın
Azərbaycan ərazilərini işğal etdiyini, həmin ərazilərdə
qeyri-qanuni məskunlaşdırma siyasəti həyata
keçirdiyini vurğulayıb və BMT Təhlükəsizlik
Şurasının məlum qətnamələrinin hələ
də Ermənistan tərəfindən icra edilmədiyini
bildirib.
Ermənistan
Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazisinin 20 faizini işğal altında
saxlamaqda davam edir
Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllində
prinsipial mövqedən çıxış edərək Ermənistanın
işğalı nəticəsində pozulmuş ərazi
bütövlüyünün təmin olunmasına
çalışır. Respublikamız
nümayiş etdirdiyi prinsipial mövqeyində ilk növbədə
tarixi faktlara və beynəlxalq hüquqa əsaslanır.
İşğalçı Ermənistanın Dağlıq
Qarabağa iddia etməsinin heç bir tarixi əsası
yoxdur. Əksinə, Dağlıq Qarabağın Azərbaycan ərazisi
olduğunu təsdiqləyən çoxsaylı tarixi faktlara və
sənədlərə istinad etmək
mümkündür.
Eyni
zamanda, beynəlxalq hüquq da Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı aparılan
danışıqlarda ölkəmizin mövqeyini gücləndirən
fundamental amillərdən biri qismində çıxış
edir. Siyasi və hüquqi baxımdan respublikamızın ədalətə
əsaslanan mövqeyi mükəmməldir, Ermənistanın
isə özündə separatizmi ehtiva edən mövqeyi
qüsurludur. Müasir dünyada separatizm, bir dövlətin
başqa bir ölkənin ərazisini zor gücünə ilhaq
etməsi kəskin şəkildə pislənilir. Dünya
birliyinin birmənalı mövqeyi belədir ki, bu kimi faktlar təhlükəli
presedent yarada bilər. Təsadüfi deyil ki,
separatçı və qondarma “DQR” heç bir xarici dövlət
və beynəlxalq təşkilat tərəfindən
tanınmayıb. Əksinə, indiyədək ayrı-ayrı
dövlətlər, eləcə də bütün dünyada
böyük nüfuza malik olan təşkilatlar məhz beynəlxalq
hüquqa əsaslanaraq ölkəmizin ərazi
bütövlüyünü və suverenliyini dəstəkləyən
sənədlər qəbul ediblər.
İşğalçılıq siyasətini dövlət
siyasəti səviyyəsinə qaldıran Ermənistan tarixi
faktlara və beynəlxalq hüquqa məhəl qoymur.
Forpost dövlət olan Ermənistan bütün vasitələrdən
istifadə etməklə substantiv danışıqlardan
yayınmağa və beləliklə də, işğal məhsulu
olan status-kvonu qoruyub saxlamağa çalışır. Sammitdəki
çıxışında işğalçı dövlətin
qeyri-konstruktiv mövqeyinə diqqət çəkən Prezident
İlham Əliyev vurğulayıb: “Ermənistan Azərbaycanın
beynəlxalq səviyyədə tanınmış ərazisinin
20 faizinin işğalını davam etdirir. Dağlıq
Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə
yaxındır ki, Ermənistanın işğalı
altındadır. Ermənistanın etnik təmizləmə
siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı
qaçqın və məcburi köçkünə
çevrilmişdir”.
Məlum
olduğu kimi, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
Ermənistan qoşunlarının Azərbaycanın
bütün işğal edilmiş ərazilərindən
qeyd-şərtsiz və tam çıxarılmasını tələb
edir. Ermənistan bu qətnamələrə,
habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa
Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən
qəbul olunmuş müvafiq sənədlərə əməl
etmək əvəzinə, işğal altındakı ərazilərdə
qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir.
Ermənistan rəhbərliyinin
danışıqların pozulmasına yönələn səylərinə
diqqət çəkən Prezident İlham Əliyev
“Danışıqların mahiyyət və formatını məhv
etməyə çalışan Ermənistanın baş
nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan
deyil, Dağlıq Qarabağ Azərbaycandır və
bütün dünya bunu belə tanıyır. Azərbaycanın
ərazi bütövlüyü bərpa olunmalıdır”, -
deyə bildirib.
Azərbaycanın dövlət
başçısı bu xüsusda 2018-ci ildə Brüsseldə
paraflanmış Azərbaycan-Aİ Tərəfdaşlıq
Prioritetləri sənədinə toxunaraq bildirib ki, sənəddə
tərəflərin bir-birilərinin ərazi
bütövlüyü, suverenliyi, müstəqilliyi və
ölkələrin beynəlxalq sərhədlərinin
toxunulmazlığının
dəstəklənməsi öhdəliyi gələcək tərəfdaşlığın
sütunlarından biri kimi təsbit edilib. Ermənistan və
Azərbaycan arasında olan münaqişə eyni prinsiplər
əsasında həll edilməlidir.
Paşinyan
növbəti dəfə özünü gülünc vəziyyətə
salıb
Azərbaycan Prezidenti İlham
Əliyevin bundan əvvəl Ermənistanın baş naziri
Nikol Paşinyanı Valday Klubunun toplantısında,
Aşqabadda MDB dövlət başçılarının
Sammitində, Münxen Təhlükəsizlik Konfransında necə
çıxılmaz duruma saldığı hər kəsin
yadındadır. Eyni hal bu dəfə Şərq Tərəfdaşlığı
ölkələrinin videokonfrans formatında keçirilən
Sammitində yaşanıb.
Tədbirdə
Ermənistanın baş nazir N.Paşinyan Azərbaycan
Prezidentinin çıxışına isterik tərzdə
reaksiya verib. N.Paşinyan həm gülüş doğuran tərzdə
ingilis dilində, həm də erməni dilində
danışmağa başlayıb. Xüsusilə,
N.Paşinyanın erməni dilində
danışığı videokonfrans
iştirakçılarında çaşqınlıq
yaradıb və istehza ilə qarşılanıb. Bir müddət
sonra tərcüməçi onun dadına çatıb.
N.Paşinyan ingilis dilində “danışarkən”
“Dağlıq Qarabağ münaqişəsi”, erməni dilində
danışarkən isə “Artsax” ifadəsi işlədib. Bu
isə bir daha onu göstərir ki, Ermənistanda hələ də
münaqişənin adının nə olduğunu bilmirlər.
Sammitdə Prezident İlham
Əliyevin çıxışına cavab verməyə
çalışan N.Paşinyan Aşqabatda MDB dövlət
başçılarının Zirvə görüşündə,
Münxen Təhlükəsizlik Konfransında və Valday
Klubunun toplantısında olduğu kimi, gülünc vəziyyətə
düşüb. O, Avropa İnsan Haqları Məhkəməsinin
R.Səfərovla bağlı işinə toxunaraq qərarın
mahiyyətini saxtalaşdırıb və utanmadan
iştirakçıları aldatmağa cəhd göstərib.
Açıq-aşkar yalan danışmaqla N.Paşinyan
özünü ifşa edib. Belə ki, onun dediklərinin əksinə
olaraq, sözügedən məhkəmə Azərbaycan
dövlətini baş vermiş hadisədə müqəssir
bilməyib. Azərbaycan Paşinyanın iddia etdiyi kimi, guya
irqçilikdə günahlandırılmayıb və dövlət
məsuliyyəti müəyyənləşdirilməyib. Bu
hal fərdi əsasda baş vermiş davranış kimi qiymətləndirilib.
Prezident
İlham Əliyev bir daha söz alaraq faktlara əsaslanmaqla səlis
və mükəmməl ingilis dilində N.Paşinyanın
yalanlarını ifşa edib. Dövlətimizin
başçısı bildirib: “Çıxışımda
dediklərim beynəlxalq təşkilatların qətnamələrinə
əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər
kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın
ərazisini işğal edib. İkincisi isə, Ermənistanın
baş nazirinə irqçilik haqqında
danışmağı məsləhət görməzdim,
çünki erməni terrorçuları dünyaca məşhurdurlar.
Parisin Orli hava limanında terror hadisəsi törədən
Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya
edilib və Ermənistan prezidenti tərəfindən əfv
olunub. Məhz buna görə belə məsələlər ətrafında
müzakirə gedəndə ona sakit oturmağı tövsiyə
edərdim”.
Bütövlükdə,
N.Paşinyanın videokonfransda həm Azərbaycan Prezidenti, həm
də bütün iştirakçılar qarşısında
aciz və gülməli duruma düşməsi bir daha
küçə adamının böyük siyasətdə
yeri olmadığını nümayiş etdirdi. N.Paşinyan
bir daha göstərdi ki, mitinqlərdə populist
çıxışlar etməklə yüksək səviyyəli
konfranslarda özünü aparmaq, söz alıb
danışmaq, ümumiyyətlə, dövlət idarəçiliyi
tamamilə ayrı-ayrı şeylərdir.
Yardım
dilənən Ermənistanla qlobal səviyyədə humanitar
missiya yerinə yetirən Azərbaycanın fərqi aydın
göründü
Başqa bir vacib məqama diqqət yetirək. N.Paşinyan
çıxışında Aİ-nin koronavirus pandemiyası
ilə bağlı Ermənistana 92 milyon avro həcmində
yardım ayırmasını yüksək qiymətləndirdiyini
bildirib. Bununla Ermənistanın, əslində, bir daha
xaricdən yardım diləndiyini nümayiş etdirib. Azərbaycanın mövqeyi isə tamam fərqli
rakursdan diqqəti çəkir. Ölkəmiz
qlobal pandemiya şəraitində beynəlxalq miqyasda birləşdirici
missiya yerinə yetirir, çox vacib humanitar təşəbbüslərlə
çıxış edir. Bunu Sammit
iştirakçılarının diqqətinə
çatdıran Prezident İlham Əliyev “Azərbaycan
pandemiya ilə mübarizə üçün Ümumdünya
Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində
könüllü maliyyə yardımı
ayırmışdır. Eyni zamanda, ölkəmiz
bu günə qədər 29 dövlətə humanitar
yardım göstərib və bu işi davam etdirməyi
planlaşdırır”, - deyə vurğulayıb.
Təkcə bu fakt Azərbaycanla Ermənistanın fərqini
qabarıq şəkildə nəzərə
çatdırır. Azərbaycan Aİ ilə bərabərhüquqlu əməkdaşlıq
edir. Ermənistan isə bu formatda əməkdaşlığa
dilənçilik imkanı kimi baxır. Yeri
gəlmişkən, Paşinyanın videokonfransda maska ilə
oturmasıda bir sıra suallar doğurur. Tək
oturan N.Paşinyan özünü kimdən qoruyur? O, guya
özünün koronavirusa yoluxmasını bildirməklə,
əslində, erməni xalqını aldadıb. Məqsəd koronavirusa qarşı
apardığı bərbad siyasəti malalamaq, erməni
xalqının qəzəbini soyutmaqdır. N.Paşinyan həmişə olduğu kimi, bu dəfə
də səmimi deyil.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan. - 2020.-20 iyun.- S.2.