Milli
Məclisin növbəti iclası keçirilib
Sahibə
Qafarova: Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın
xarici siyasətinin əsas prioritetlərindən biridir
İyunun
19-da Milli Məclisin növbəti iclası keçirilib.
İclası açan parlamentin Sədri Sahibə Qafarova iyunun
18-də Şərq Tərəfdaşlığı ölkələrinin
videokonfrans formatında keçirilmiş Sammitindən
danışıb. O, Avropa İttifaqı ilə əməkdaşlığın
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən
biri olduğunu vurğulayıb. Spiker bildirib ki, Azərbaycan ilə
Avropa İttifaqının 9 üzv ölkəsi arasında
strateji tərəfdaşlıq haqqında sənəd
imzalanıb. “Prezident İlham Əliyev sammitdə vurğuladı
ki, biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq
sazişinə dair danışıqların yekun mərhələsindəyik,
mətnin 90 faizi artıq razılaşdırılıb. Ona
görə də belə bir mərhələdə sammitin
keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan
arasında münasibətlərin gələcək inkişafı
baxımından çox əhəmiyyətlidir”, - deyə
Sahibə Qafarova qeyd edib.
Spiker
Azərbaycan Prezidentinin sammitdə növbəti dəfə
işğalçı Ermənistanın baş nazirini
ifşa etdiyini vurğulayıb. O əlavə
edib ki, dövlətimizin başçısı Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli barədə
ölkəmizin qəti və ədalətli mövqeyini bir
daha beynəlxalq ictimaiyyətə çatdırdı.
Prezident Ermənistan hakimiyyətinin danışıqları
pozmaq cəhdlərini açıq şəkildə ifşa
edərək dedi ki, Ermənistan beynəlxalq təşkilatlar
tərəfindən münaqişəyə dair qəbul
edilmiş müvafiq sənədlərə əməl etmir və
işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma
siyasəti həyata keçirir. Ermənistan
danışıqların mahiyyətini və formatını məhv
etməyə çalışır. Prezident
İlham Əliyevin səsləndirdiyi təkzibedilməz
faktlar və dəlillər qarşısında Ermənistanın
baş naziri yenə də beynəlxalq ictimaiyyətin
gözü önündə aciz vəziyyətə
düşdü. Dövlətimizin
başçısının irqçilik və terrorizmlə
bağlı məsələlər ətrafında müzakirə
gedəndə “ona sakit oturmağı tövsiyə edərdim”,
- deməsi həm də Ermənistanın
işğalçılıq siyasətinin, terrorizmi dəstəkləməsinin
ifşası oldu. Nikol Paşinyan isə daha bir beynəlxalq səviyyəli
tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə
əsaslanan faktları qarşısında heç bir cavab verə
bilmədi. Bunu işğalçı dövlətin
aldığı növbəti diplomatik zərbə kimi dəyərləndirmək
olar.
Milli Məclisin Sədri bildirib
ki, hələ ötən ilin oktyabr ayında Soçi şəhərində
“Valday” Diskussiya Klubunun toplantısında, daha sonra Aşqabad
şəhərində MDB Dövlət
Başçıları Şurasının iclasında, bu
ilin fevral ayında isə Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində keçirilən
müzakirələrdə dövlətimizin
başçısı öz zəngin biliyi və cəsarəti
ilə işğalçı ölkəni ifşa etmişdi.
Azərbaycan Prezidenti bir daha sübut etdi ki, ölkəmizin
maraqlarını, ədalətli mövqeyini bütün
platformalarda ən yüksək səviyyədə və cəsarətlə
müdafiə edir. Bu, Milli Məclisin deputatları olaraq hər
birimiz üçün bir örnəkdir.
Sonra
parlamentin Sədri Sahibə Qafarova iclasın gündəliyi
barədə məlumat verib. O, gündəliyə 17 məsələnin
daxil edildiyini deyib. Gündəlik təsdiq olunduqdan sonra
deputatlar cari məsələlərdən
danışıblar.
Mili
Məclisin deputatı Arzu Nağıyev parlamentin beynəlxalq
fəaliyyətinin əhəmiyyətindən
danışıb.
Milli Məclisin deputatı Soltan
Məmmədov isə Azərbaycanın Ermənistan tərəfindən
işğal edilmiş Dağlıq Qarabağ bölgəsində
çəkilmiş və Kann Festivalına təqdim
olunmuş Nora Martirosyanın “Külək sakitləşərsə”
(Si le vent tombe) filmi ilə bağlı Azərbaycan ictimaiyyətinin
etirazını diqqətə çatdırıb. Soltan
Məmmədov işğal olunmuş Azərbaycan
torpaqlarında çəkilmiş bu filmin münaqişənin
bütün tarixini, səbəblərini və məğzini
təhrif etmək məqsədinə xidmət etdiyini bildirib. O, həmin filmin ərsəyə gəlməsində
Fransa şirkətinin də iştirakını, eyni zamanda,
Kann festivalına təqdim olunmasını təəssüf
hissi ilə qeyd edib: “İlk növbədə, onu vurğulamaq
istərdim ki, bu və buna bənzər təşəbbüslər
sürətlə inkişaf edən Azərbaycan-Fransa
münasibətlərinin bugünkü ruhuna, xalqlarımız
arasındakı dostluq əlaqələrinə, habelə
ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın vasitəçilik
missiyasının məqsədinə adekvat deyil. Xüsusilə
ona görə ki, hər iki ölkə iqtisadi, siyasi, humanitar
və mədəni sahələrdə
qarşılıqlı faydalı münasibətlərin
inkişafına böyük önəm verir. Azərbaycan
Respublikasının Fransa Respublikasındakı səfirliyi də
Fransanın müvafiq qurumlarına məsələ ilə
bağlı öz etirazını bildirib. Qeyd etmək istərdim
ki, Fransanın iki regionu tərəfindən filmin çəkilişinə
maliyyə və maddi-texniki yardım göstərilib. Eyni zamanda, Kann festivalının sponsor tərəfdaşı
olan Provence Alpes Cote d’Azur regionu da filmin istehsalına dəstək
verib. Bu cür fəaliyyətlər
Fransa qanunvericiliyi ilə tənzimlənən ərazi vahidlərinin
beynəlxalq əməkdaşlıqda davranış və nəzarət
qaydaları üzrə hüquqi çərçivədə
müəyyən edilmiş prinsiplərə ziddir.
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr
üzrə işçi qrupun rəhbəri kimi Fransanın Azərbaycandakı
səfirliyinə müraciət edərək bu məsələ
ilə bağlı mövqeyini ifadə etməyə dəvət
edirəm. Səfirlikdən
bu cür addımların Azərbaycan və Fransa xalqları
arasında dostluq münasibətlərinin ruhuna zidd olduğu,
münaqişə tərəfləri arasında
qarşılıqlı etimada xidmət etmədiyi, tarixi həqiqətləri
yanlış təqdim etdiyi barədə fikirlərimizi
bölüşəcəyini gözləyirəm və əminəm
ki, səfirlik səslənən fikirləri anlayışla
qarşılayacaq. Fürsətdən
istifadə edərək deputat həmkarlarıma, Azərbaycan
kino sənayesi işçilərinə, incəsənət
adamlarına, kütləvi informasiya vasitələrinə
müraciət edərək bu cür hallara kəskin
etirazını bildirməyə çağırıram.
Qəti şəkildə inanıram ki, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi və bu qəbildən
olan digər mübahisəli mövzulara həsr olunmuş belə
filmlər tarixi faktların təhrif olunmasına və beləliklə
də ziddiyyətlərin dərinləşməsinə deyil,
əksinə, sülh və qarşılıqlı etimad atmosferinin
yaradılması məqsədinə xidmət etməlidir”.
“Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr
komissiyasının sədri Volkan Bozkır Birləşmiş
Millətlər Təşkilatı (BMT) Baş
Assambleyasının 75-ci sessiyasının sədri
seçilib. Bu, tarixdə ilk dəfə olaraq, Türkiyə
nümayəndə heyətinin həmin posta seçilməsidir”.
Bu fikirləri isə Milli Məclisin Müdafiə,
təhlükəsizlik və korrupsiya ilə mübarizə
komitəsinin sədri Ziyafət Əsgərov deyib. Komitə sədri bu münasibətlə
V.Bozkırı təbrik edib. Milli Məclisin
Sədri Sahibə Qafarova da təbrikə qoşularaq qeyd edib
ki, V.Bozkır Türkiyə xalqının ləyaqətli
oğludur.
Vitse-spiker Adil Əlyev isə vətənpərvərlik
duyğularından uzaqlaşmış bəzi şəxslərin
sosial şəbəkələrdə, KİV-lərdə
şəhidlərimizlə bağlı xoşagəlməz
ifadələr işlətmələrindən
narahatlığını ifadə edib. O bildirib ki, ölkə
başçısının və Birinci vitse-prezidentin şəhid
ailələrinə daim qayğısı var: “Şəhidlərimiz,
qazilərimiz insan üçün ən uca nemət olan
canlarında üçrəngli bayrağın daim
dalğalanması üçün keçiblər. Cinayət
Məcəlləsində təhqir edilən şəxslərlə
bağlı xüsusi maddə var. Qeyd olunan proses isə kifayət
qədər ağrılıdır. Bununla o ailəyə
ikiqat əziyyət olur. Təklif edirəm
ki, Cinayət Məcəlləsinə şəhid olmuş
şəxslərin şərəf və ləyaqətinin
qorunması ilə bağlı xüsusi maddə əlavə
edilsin”.
Cari məsələlərlə
bağlı, həmçinin parlamentin İnsan
hüquqları komitəsinin sədri Zahid Oruc, millət vəkilləri
Kamran Bayramov, Fazil Mustafa, Əli Məsimli, Nizami Cəfərov,
Müşfiq Cəfərov və Fəzail Ağamalı
çıxış edərək müxtəlif məsələlərlə
bağlı fikir və təkliflərini bildiriblər.
Sonra gündəliyə daxil olan məsələlər
müzakirə edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarliq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan
Respublikasının 2019-cu il dövlət büdcəsinin
icrası haqqında” qanun layihəsini üçüncü
oxunuşda təqdim edib. Komitə
sədri layihənin birinci və ikinci oxunuşlarda müzakirəsi
zamanı 34 deputatın çıxış etdiyini, qeyd və
təkliflərini verdiyini, bir sıra məsələlərə
Maliyyə naziri Samir Şərifovun aydınlıq gətirdiyini
xatırladıb. O qeyd edib ki, 2019-cu il Azərbaycanda
ən sürətli, əhatəli islahatlar ili kimi yadda
qalıb. Həyata keçirilən iqtisadi
islahatlar sürətli və inklüziv iqtisadi inkişafla nəticələnib.
Vurğulanıb ki, ötən ilin dövlət
büdcəsi Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi
strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət
istiqamətləri ilə uzlaşdırılaraq qlobal
iqtisadiyyatda gedən proseslərin icmal və dövlət
büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri
nəzərə alınmaqla icra edilib. Bütün
sosial proqramlar və xüsusilə də iki böyük sosial
paket icra edilib, nəzərdə tutulan hədəflərə
nail olunub.
İclasda iştirak edən Maliyyə naziri Samir Şərifov
deputatları maraqlandıran bir sıra məqamlara
aydınlıq gətirib.
Qanun layihəsi üçüncü oxunuşda səsə
qoyularaq qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin
üzvü Əminə Ağazadə “Məhkəmə-Hüquq
Şurası haqqında” Qanunda dəyişiklik edilməsi barədə
sənədlə (üçüncü oxunuş)
bağlı məlumat verib. O, layihə barədə birinci və ikinci oxunuşlarda
ətraflı məlumat verildiyini qeyd edib. Bu dəyişikliyin
ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin
artırılması sahəsində görülən tədbirlər
çərçivəsində məhkəmələrin fəaliyyətinin
monitorinq sisteminin təkmilləşdirilməsi məqsədini
daşıdığı diqqətə
çatdırılıb. Layihə səsə
qoyularaq təsdiqlənib.
Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynli “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi
barədə məlumat verib. Bildirib ki, qanunun bir neçə maddəsinə
əsasən sənədin qüvvəyə minmə tarixi dəyişdirilir.
2020-ci il 1 iyul tarixindən etibarən
iqtisadi, ailə və əmək münasibətlərindən
irəli gələn mübahisələr üzrə məhkəməyə
müraciət etməzdən öncə ilkin mediasiya
sessiyasında iştirak etmək nəzərdə
tutulmuşdur. Ölkədə koronavirus pandemiyası ilə
bağlı xüsusi karantin rejimi tətbiq edildiyindən
“Mediasiya haqqında” Qanunun ilkin mediasiya sessiyalarında məcburi
iştirakı nəzərdə tutulan müddəalarının
qüvvəyə minmə tarixinin 2021-ci il
1 yanvar tarixinədək təxirə salınması məqsədəuyğun
hesab edilir. Sənəd səsə qoyularaq qəbul
olunub.
İnzibati Xətalar Məcəlləsinə və “Yol
hərəkəti haqqında” Qanuna təklif edilən dəyişikliklə
bağlı Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov
məlumat verib. O deyib ki, sənədlərdə
“dərman qutuları” sözlərinin “ilk tibbi yardım qutusu”
sözləri ilə əvəz edilməsi təklif olunur. Belə
ki, əksər xarici dövlətlərin də təcrübəsi
nəzərə alınaraq ilkin tibbi yardım zamanı zərərçəkənlərə
ixtisasca həkim olmayan şəxslər tərəfindən hər
hansı dərman vasitələrinin verilməsi məqbul hesab
edilmədiyinə və dərman vasitəsinin avtomobildə
saxlanması şəraitinin (temperatur, rütubətlik və
sairə amillər baxımdan) onun keyfiyyətinin pozulmasına
səbəb ola biləcəyinə görə nəqliyyat
vasitələrində (avtobusda, minik və yük avtomobillərində,
təkərli traktorda) dərman vasitələrinin
saxlanılması məqsədəmüvafiq hesab olunmur. Bunu nəzərə alaraq ilk tibbi yardım qutusunda
yol-nəqliyyat hadisələri zamanı ilkin tibbi yardım
göstərilməsinə kifayət edə biləcək qədər
və çeşiddə tibbi ləvazimatlar və dərman
vasitələri nəzərdə tutulmalıdır. Sənəd
səsə qoyularaq qəbul olunub.
“Bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarət haqqında” (birinci
oxunuş) Qanunda dəyişiklik edilməsinə dair məlumatı
Regional məsələlər komitəsinin üzvü Kamran
Bayramov təqdim edib. O bildirib ki, təklif olunan
dəyişikliklər bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarəti həyata keçirən orqan tərəfindən
bələdiyyələrin yol verdiyi pozuntularla yanaşı,
onları yaradan səbəb və şəraitin aradan
qaldırılmasını, bələdiyyə aktlarına 15
iş günü müddətində
baxılmasını, inzibati nəzarət icraatı zamanı
dövlət orqanları və qurumlarına sorğuların
göndərilməsini və məlumatların
alınmasını, habelə bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarəti həyata keçirən orqanın
apardığı araşdırma zamanı bələdiyyələrin
vəzifəli şəxslərindən, bələdiyyə
qulluqçularından yazılı məlumatlar və
arayışlar almaq hüququnun verilməsini nəzərdə
tutur. Bu dəyişikliklər orqanın fəaliyyətinin təkmilləşdirilməsi,
inzibati nəzarət icraatının daha səmərəli,
dolğun və hərtərəfli şəkildə həyata
keçirilməsi üçün şərait yaradacaq. Qanun
layihəsi səsə qoyularaq təsdiq edilib.
“Azərbaycan
Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik
edilməsi barədə məlumat verən Əli Hüseynli
deyib ki, dəyişiklik qanunvericiliyin təkmilləşdirilməsi
məqsədilə aparılıb. Bələdiyyələrin
fəaliyyətinə nəzarəti həyata keçirən
qurum ilin yekunu üzrə öz fəaliyyəti barədə
hesabatı parlamentə təqdim edəcək. Sənəd səsvermə
yolu ilə qəbil olunub.
Sonra Kamran Bayramov bildirib ki, “Bələdiyyələrin
statusu haqqında” və “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında” qanunlara təklif
olunan dəyişikliklər bələdiyyələr tərəfindən
qəbul edilən qərarların surətlərinin bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqana göndərilməsi müddətinin 15
gün müddətindən 5 iş günü müddətinə
qədər azaldılmasını nəzərdə tutur. Bu dəyişikliklərə
əsasən bələdiyyə qərarlarına bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqan tərəfindən baxılması
prosesinin operativliyi və səmərəsi artacaq.
Müzakirələr
zamanı çıxış edən Milli Məclisin
deputatı Cavanşir Paşazadə bildirib ki, bələdiyyə
torpaqları çox ucuz qiymətə 100,200 bəzən isə
1000 hektarlarla fermerlərə verilir. Depuatat qeyd edib ki,
vaxtı ilə kənd fonduna daxil olan yəni sovxoz və
kolxoz torpaqları var idi: “Bu gün artıq kənd fonduna daxil
olan torpaqlar yoxdur. Sovxoz və kolxoz torpaqları pay
torpaqlarına bölündü. Qalan hissəsi isə bələdiyyə
torpaqlarının tabeliyinə verildi. Hesab edirəm ki, bələdiyyə
torpaqları ilk öncə yerli sakinlərə təklif edilməlidir.
Yerli sakinlər o torpaqları istəməsə digər
insanlara təklif edilsin. Bələdiyyə torpaqları
çox ucuz qiymətə 100, 200 bəzən isə 1000
hektarlarla fermerlərə verilir. O fermerlərdə torpaqlardan
bəzən heç təyinatı üzrə istifadə də
etmir. Hətta onların arasında Azərbaycanda
yaşamayanlar da var. Araşdırma aparılsa görərik
ki, o insanların ölkə ərazisinin bir neçə
yerində bu cür torpaqları var. Onlar kənd
camaatını qeyri-qanuni yolla, muzdla işlədirlər. Mən təklif edirəm ki, qanunda dəyişiklik edilsin
və hər 40-50 ilə verilən torpaqlardan istifadə edərkən
fermerlər hər 1 və ya 2 hektara insanları qanuni şəkildə
işə götürüb, gələcəkdə onları
pensiya ilə təmin etsinlər. Çünki o torpaqlarda
işləyənlərin çoxusu kimsəsiz və
imkanı olmayan qadınlardır. Biz bu yolla həmin
qadınların gələcəyini də təmin etmiş
olarıq. Bilirsiniz ki, bu gün fermerlərə dövlət tərəfindən
güzəştlər edilir. Buna görə də fermerlər
də çalışdırdıqları insanların sosial
rifahını yaxşılaşdırmağa
çalışmalı və onların qayğısına
qalmalıdırlar. Düşünürəm ki, bu addımla
biz həm cənab Prezidentin ölkə ərazisində
işsizliyin azadılması ilə bağlı
atdığı addımlara dəstək vermiş olarıq,
həm də bu yolla insanların şəhərlərə
axının qarşısı alarıq”.
Müzakirələrdən
sonra qanun layihələri ayrı-ayrılıqda səsə
qoyularaq təsdiqlənib.
Sonra İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin üzvü Aydın
Hüseynov “Dövlət rüsumu haqqında”, “Dövlət
qulluğu haqqında”, “Peşə təhsili haqqında”,
“Ümumi təhsil haqqında”, “Məktəbəqədər
təhsil haqqında” qanunlarda dəyişikliklər edilməsi
barədə sənədlərin
təqdimatı zamanı qeyd edib ki, qanun layihələri “Təhsil
haqqında”, “Lisenziyalar və icazələr haqqında”
qanunlarda dəyişiklik edilməsi haqqında 2020-ci il 24 aprel
tarixli 58-VIQD nömrəli qanunun icrası ilə əlaqədar
hazırlanıb. Sənəd səsə qoyularaq təsdiq
olunub.
“İcra
məmurları haqqında” Qanunda dəyişiklik edilməsi
barədə (birinci oxunuş) sənədi Əli Hüseynli
təqdim edib. O diqqətə
çatdırıb ki, 2017-ci il fevralın 10-da Ədliyyə
Nazirliyinin tərkibində Probasiya Xidməti yaradılıb və
bu xidmətin vəzifəsi cəmiyyətdən təcridetmə
ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti
təşkil etməkdir. Bu məqsədlə
cərimə və islah işləri növlərində cəzaların,
habelə hüquqi şəxslərə tətbiq edilən cərimə
növündə cinayət-hüquqi tədbirlərin
icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizinin
Ədliyyə Nazirliyinin hesabına köçürülməsi
təklif olunur. Müvafiq dəyişiklik xidmət əməkdaşlarının
maddi və sosial müdafiəsinin gücləndirilməsi,
habelə xidmətin maddi-texniki təminatının
yaxşılaşdırılması üçün nəzərdə
tutulub. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İnzibati
Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər
barədə isə Hüquq siyasəti və dövlət
quruculuğu komitəsinin üzvü Kamal Cəfərov məlumat
verib. Bildirib ki, təklif olunan dəyişikliklər
“Telekommunikasiya haqqında” Qanuna əsasən telekommunikasiya
operatorları və provayderlər tərəfindən
hüquq-mühafizə orqanlarının sorğularına
cavabların gecikdirilməsinə və tələb olunan məlumatların
təqdim edilməməsinə görə tətbiq ediləcək
cərimələrin məbləğini və inzibati məsuliyyət
növlərini özündə ehtiva edir.
Cəzaların İcrası,
Cinayət və İnzibati Xətalar məcəllələrinə
edilən dəyişiklikləri şərh edən Kamal Cəfərov
deyib ki, dəyişikliklər Prezident İlham Əliyevin
penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,
cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən
təcrid
etmədən alternativ cəzaların tətbiqinin genişləndirilməsi
ilə bağlı 2017-ci il 10 fevral tarixli Sərəncamının
icrası və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin
daha geniş tətbiqi məqsədilə aparılıb. Belə
ki, barəsində ictimai cəza və inzibati tənbeh qərarı
çıxarılmış şəxslər də elektron nəzarət
vasitəsi gəzdirəcək. Məhkəmə
tərəfindən ictimai işlərə məhkum
edilmiş şəxslərin üzərinə ictimai işlərin
yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini
gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə
saxlanılması üçün ona xidmət etmək vəzifəsi
qoyulur. Sənədlər ayrı-ayrılıqda səsə
qoyularaq təsdiqlənib.
Daha sonra Tahir Mirkişili
“Telekommunikasiya haqqında” Qanunda dəyişiklik edilməsi
barədə sənədi (birinci oxunuş) təqdim edərək
bildirib ki, qanunda “az” ölkə kodlu, yüksək səviyyəli
domen adlarının tənzimlənməsinə dair müddəalar
nəzərdə tutulub. Sənədə
“az” ölkə kodlu yüksək səviyyəli domen
zonasında onların qeydiyyatı və texniki xidmət üzrə
ödənişin hüquqi əsasının
yaradılması, həmin ödənişin məbləğinin
razılaşdırılacağı qurumun müəyyənləşdirilməsi
ilə bağlı maddə əlavə edilib. Qanun layihəsi
səsə qoyularaq qəbul edilib.
İqtisadi
siyasət, sənaye və sahibkarlıq komitəsinin
üzvü Anar Məmmədov “Dövlət rüsumu
haqqında” Qanunda dəyişiklik edilməsi barədə
qanun layihəsi haqqında (ikinci oxunuş) məlumat verib.
Bildirib ki, sənədə təklif olunan dəyişikliklər
“Əhalinin sağlamlığının qorunması
haqqında” Qanunda dəyişiklik edilməsi barədə” 27
iyun 2019-cu il tarixli qanuna uyğunlaşdırma məqsədi
daşıyır. Layihə tibb müəssisələrinin
akkreditasiyasının keçirilməsi qaydalarını və
buna görə tutulan dövlət rüsumunun dərəcələrini
müəyyən edəcək. Qanun layihəsi səsə
qoyularaq təsdiqlənib.
Nardar BAYRAMLI
Yeni Azərbaycan. - 2020.-20 iyun.- S.3.