Azərbaycan dövləti hər zaman öz sosial siyasətini uğurla  həyata keçirir

 

 

İlham Əliyev: Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır

 

Ötən 2019-cu il müasir həyatımızın bütün sahələrində qazanılan yüksək nailiyyətlərlə və uğurla gerçəkləşdirilən dərin islahatlarla əlamətdar olub. Belə ki, ölkə Prezidenti cənab İlham Əliyevin ardıcıl həyata keçirdiyi sistemli siyasi, iqtisadi, sosial, struktur və kadr islahatları sayəsində Azərbaycanın bütün parametrlər üzrə davamlı inkişafı təmin edilib. Təsadüfi deyil ki, Dünya Bankı da “Doing Business 2019” hesabatında Azərbaycanı dünyanın ən çox islahat aparan ölkəsi elan edib. Eyni zamanda, məmnunluq hissi ilə qeyd etməliyəm ki, müzakirəmizə təqdim olunan “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və müvafiq hesabat “Büdcə sistemi haqqında” Qanuna əsasən yüksək peşakarlıqla hazırlanıb. Bu barədə fikirlərimi komitəmizin - İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin son iclasında da bildirmişəm və bir daha qeyd etmək istəyirəm ki, hesabat 2019-cu ildə Azərbaycanda formalaşmış makroiqtisadi mühiti, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsini, o cümlədən yeni büdcə qaydasının tətbiqi və onun nəticələrini, ötən il dövlət büdcəsində nəzərdə tutulan gəlir və xərclərin icra göstəricilərini, il ərzində dövlət borclanmasına dair vəziyyəti və digər zəruri məlumatları özündə əks etdirir. 2019-cu ilin dövlət büdcəsi dövlət başçısının müəyyən etdiyi strateji inkişaf prioritetləri və sosial-iqtisadi siyasət istiqamətləri ilə uzlaşdırılaraq qlobal iqtisadiyyatda gedən proseslərin icmal və dövlət büdcələrinin əsas parametrlərinə ehtimal olunan təsirləri nəzərə alınmaqla icra olunub. Xüsusilə də vurğulamaq vacibdir ki, 2019-cu ildə makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, iqtisadi artımın sürətləndirilməsi və fiskal dayanıqlılığın gücləndirilməsi fonunda ölkədə əlverişli xarici iqtisadi mövqe formalaşıb, qeyri-neft sektorunun ixrac potensialı genişlənib. Milli valyutanın mübadilə məzənnəsinin sabitliyi qorunub, təkrəqəmli inflyasiya səviyyəsinə nail olunub, bütövlükdə iqtisadiyyatda 2,2 faiz real artımla 81,7 milyard manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Adambaşına düşən ÜDM-in həcmi isə 8247,0 manat təşkil edir. İqtisadiyyatın qeyri-neft sektorunda 2018-ci illə müqayisədə 3,5 faiz real artım əldə edilib. Qeyri-neft ÜDM-inin tərkibində aparıcı rola malik kənd təsərrüfatında 7,3 faiz, turizmdə 6,4 faiz, nəqliyyat sektorunda isə 1,0 faiz real artım müşahidə olunur. Ötən il ÜDM-in pay bölgüsündə ən böyük (41,4 faiz) çəkiyə malik sənayedə 33,8 milyard manatlıq, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 4,7 milyard manatlıq (xüsusi çəkisi 5,7 faiz), tikintidə 5,9 milyard manatlıq (xüsusi çəkisi 7,3 faiz) əlavə dəyər istehsal edilib. Xidmət sahələrinin istehsalında yaranan əlavə dəyər ÜDM-in 36,9 faizini təşkil edib. Əhalinin nominal gəlirlərinin həcmi 2018-ci ilə nisbətən 7,4 faiz artaraq 57,0 milyard manata çatıb, hər nəfərə düşən gəlir 6,5 faiz artaraq 5758,6 manat olub ki, bu da orta hesabla ayda 479,9 manata bərabərdir. Ölkə üzrə orta aylıq əməkhaqqı 2018-ci illə müqayisədə 16,6 faiz artaraq 634,8 manat təşkil edib. Bununla yanaşı, dövlətin valyuta ehtiyatlarının həcmi hesabat ilində 6,6 milyard ABŞ dolları artaraq 2020-ci ilin 1 yanvar tarixinə 51,1 milyard ABŞ dollarına çatmaqla ümumi daxili məhsulu 6,3 faiz üstələyib. Ümumiyyətlə, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 23168,0 milyon manat proqnoza qarşı 24218,1 milyon manat təşkil edib. Proqnozla müqayisədə 1050,1 milyon manat və ya 4,5 faiz, 2018-ci illə müqayisədə isə 1709,2 milyon manat və ya 7,6 faiz çox icra təmin olunub. Büdcənin gəlirlərinin 7672,3 milyon manatı və 31,7 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4408,6 milyon manatı və ya 18,2 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11364,3 milyon manatı və ya 46,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 772,9 milyon manatı və ya 3,2 faizi digər gəlirlərin (578,9 milyon manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 182,6 milyon manatı sair daxilolmalardan, 11,4 milyon manatı dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalardan) payına düşür. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 12853,8 milyon manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1303,9 milyon manat və ya 11,3 faiz çoxdur. Ötən il dövlət büdcəsinin xərcləri 25190,0 milyon manat proqnoza qarşı 24425,9 milyon manat və ya 97,0 faiz icra edilib. 2018-ci ilə nisbətən bu göstərici 1694,3 milyon manat və ya 7,5 faiz çoxdur. Bununla belə, 2019-cu il dövlət büdcəsi xərclərinin 13528,9 milyon manatı və ya 55,4 faizi cari xərclərə (2018-ci illə müqayisədə 1974,5 milyon manat və ya 17,1 faiz çox), 9372,2 milyon manatı və ya 38,4 faizi əsaslı xərclərə (2018-ci illə müqayisədə 430,6 milyon manat və ya 4,8 faiz çox), 1524,8 milyon manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. Sevindirici və təqdirəlayiq haldır ki, 2019-cu il dövlət büdcəsi xərclərinin 31,8 faizi və ya 7761,3 milyon manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib və bu 2018-ci illə müqayisədə 564,8 milyon manat və ya 7,8 faiz çoxdur. Ölkə əhalisinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində 2019-cu ildə bir sıra mühüm qərarlar qəbul edilib, sosial müavinət və təqaüdlər orta hesabla 92,0 faiz, minimum pensiyanın məbləği 72,0 faiz, minimum əməkhaqqı 92,0 faiz artırılıb. Eyni zamanda, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə müəyyən edilmiş vahid aylıq müavinətin məbləği 2019-cu il aprel ayının 1-dən 50 faiz artırılıb. Bu sosial tədbirin maliyyə təminatı 83,0 milyon manat olmaqla, 500 min nəfər əhalini əhatə edib. 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 296,7 milyon manat vəsait istifadə olunub. İstifadə olunmuş vəsaitin 237,3 milyon manatı və ya 80,0 faizi əsaslı vəsait qoyuluşu xərclərinin, 59,4 milyon manatı və ya 20,0 faizi cari xərclərin maliyyələşdirilməsinə yönəldilib. Cari xərclərə yönəldilən vəsaitin 14,5 milyon manatı və ya 24,4 faizi sosialyönlü tədbirlərin maliyyə təminatına sərf edilib.

 

Bildiyiniz kimi, regionların davamlı inkişafının təmin olunması Azərbaycanın son  17 ildəki siyasətinin əsas prioritetlərindəndir. Odur ki, bu istiqamətdə inkişafın təmin olunması, ən əsası ölkə iqtisadiyyatının neft sektorundan asılılığının mərhələlərlə azaldılması, müasir tələblərə uyğun infrastrukturların yaradılması, əhalinin rifah halının, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, ölkədə sosial xidmətlərə olan tələblərin ödənilməsi və dövlətin digər funksiyalarının həyata keçirilməsi üzrə qəbul olunmuş dövlət proqramlarının və tədbirlərin icrası 2019-cu ildə də davam etdirilib və həmin məqsədlərə 5270,5 milyon manat vəsait yönəldilib. 2019-cu ildə dövlət büdcəsinin yerli gəlirləri 738,8 milyon manat proqnoza qarşı 884,9 milyon manat məbləğində və ya 19,8 faiz çox icra olunub. 2018-ci ilə nisbətən isə yerli gəlirlər 166,5 milyon manat və ya 23,2 faiz çox olub. Dövlət büdcəsinin yerli xərcləri isə 842,8 milyon manat proqnoza qarşı 802,6 milyon manat və ya 95,2 faiz olub. 2019-cu il üzrə yerli xərclərin məbləği 2018-ci ilə nisbətən 103,6 milyon manat və ya 14,8 faiz çox olub. Hesabata əsasən, 2019-cu ilin dövlət büdcəsində 207,8 milyon manat məbləğində kəsir (defisit) yaranıb ki, bu da proqnozlaşdırılan 2022,0 milyon manat kəsirdən 1814,2 milyon manat və ya 9,7 dəfə azdır. 2020-ci il 1 yanvar tarixinə vahid xəzinə hesabının sərbəst qalığı 2342,2 milyon manat, o cümlədən manatla 952,8 milyon manat və xarici valyutaların manat ekvivalenti ilə 1389,4 milyon manat təşkil edib. Həmçinin 2019-cu il icmal büdcənin gəlirləri 29234,8 milyon manat proqnoza qarşı 16,2 faiz çox və ya 33966,7 milyon manat, xərcləri isə 27370,9 milyon manat məbləğində olmaqla proqnozun 96,8 faizini və ya 26506,1 milyon manatını təşkil edib. Bundan əlavə, 2019-cu ilin icmal büdcəsi 1863,9 milyon manat büdcə artıqlığı (profisit) ilə proqnozlaşdırılsa da, faktiki artıqlıq 7460,6 milyon manat və ya ÜDM-in 9,1 faizi həcmində (proqnoza nisbətən 6,8 faiz-bənd çox) olub. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcədə 11570,0 milyon manat kəsir qeydə alınıb, bu da 2019-cu ilin ÜDM-inin 14,3 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 3,0 faiz-bənd azdır.

 

Bir sözlə, 2019-cu ildə dövlət büdcəsinin uğurlu icrası 2020-ci ilin sürətli iqtisadi inkişafı üçün də mühüm zəmin yaratdı. Ancaq gözlənilmədən baş verən, bütün dünyanı qəfildən yaxalayan və cənginə alan pandemiya şəraiti iqtisadi inkişaf tempimizə təsir etsə də, bu ilin ilk 5 ayının büdcə gəlirlərinin proqnozdan artıq 500 mln. manat icra edilməsi mühüm uğur sayılmalıdır. Suveren iqtisadi ehtiyatlara sahib olan Azərbaycan dövlətinin hazırkı dövrdə atdığı operativ iqtisadi addımlar Azərbaycan iqtisadiyyatının bu çətin şəraitdən minimum itki ilə çıxmasına və postpandemiya dövründə iqtisadi inkişaf tempini bərpa etməyə imkan verəcək.

 

Buna ölkəmizin potensialı, təbii və insani resursları tam imkan verir. Ən əsası isə ölkə Prezidentinin iradəsi ortadadır!

 

Ağalar Vəliyev,

 

Milli Məclisin deputatı

 

Yeni Azərbaycan.- 2020.- 30 iyun.- S.6.