Bu ilin ilk aylarında da regionlarda tikinti,
abadlıq və quruculuq işləri davam etdirilib
Regionların sosial-iqtisadi inkişafı ilə
bağlı qəbul edilmiş Dövlət Proqramı çərçivəsində
bölgələrdə infrastruktur layihələri uğurla
reallaşdırılır
Məlum olduğu kimi, əsası Ulu Öndər
Heydər Əliyev tərəfindən qoyulan və Prezident
İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən
sosial-iqtisadi siyasət respublikamızın hərtərəfli
inkişafını təmin edib. Təbii ki,
ölkəmizdə xüsusilə son on altı ildə
bütün sahələrdə əldə edilən
uğurlarda 2004-cü ildən etibarən
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair müvafiq Dövlət
proqramlarının xüsusi payı var. Çünki indiyə
qədər üçünün icrasının tamamlandığı, dördüncüsünün
icrasının isə davam etdiyi bu Dövlət proqramları
çərçivəsində görülən işlər,
həyata keçirilən genişmiqyaslı layihələr
ölkəmizin bütün regionlarının ümumi
inkişaf dinamikasını təmin edib. Onu
da vurğulamaq yerinə düşər ki, sözügedən
Dövlət proqramları çərçivəsində
regionlarda reallaşdırılan ən vacib işlərdən
biri də müxtəlif sahələr üzrə müasir
infrastrukturun yaradılması, infrastruktur layihələrinin
icra edilməsidir. Məhz bu məqsədlə hazırda
da bir sıra bölgələrdə tikinti-quruculuq və
abadlıq işləri uğurla davam etməkdədir.
Həmin işlərə keçməzdən
öncə bildirək ki, bu məsələyə Prezident
İlham Əliyevin yanında keçirilən 2019-cu ilin
yekunlarına həsr olunmuş müşavirədə də
geniş toxunulub. Dövlət başçısı
müşavirədəki çıxışında
“İnfrastruktur layihələrinə gəldikdə, demək
olar ki, əsas infrastruktur layihələri Azərbaycanda icra
edilib. Düzdür, növbəti illərdə bu layihələrin
icrasına ehtiyac var. Çünki bir daha qeyd etmək istəyirəm,
əhalinin artımı bunu diktə edir. O ölkələrdəki
əhali artmır, orada yeni infrastruktur layihələrinə də
ehtiyac qalmır. Amma bizdə əhali artır, ona görə
yeni məktəblər, uşaq bağçaları, xəstəxanalar,
yol infrastrukturu, kommunikasiyalar - bütün bunlar daim diqqət
tələb edir. Ona görə birinci vəzifə budur.
İkinci vəzifə ondan ibarətdir ki, investisiya
proqramımız infrastruktur layihələrinin icrası ilə
paralel olaraq iqtisadiyyatın real sektoruna dəstək verməlidir.
O cümlədən bu infrastruktur layihələrinin real sektora
olan təsiri də bir növ təhlil edilməli və mənə
məlumat təqdim edilməlidir”, - deyə bildirib.
Beləliklə, yuxarıda da
vurğulandığı kimi, bu günə kimi
üçünün icrası başa çatan,
dördüncüsüsün icrası isə davam edən
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramları çərçivəsində görülən
işlər, reallaşdırılan müvafiq layihələr
respublikanın bölgələrinin hərtərəfli
inkişafını təmin edib və hər bir rayonda əldə
edilən uğurlarla müşayiət olunub. Təsadüfi
deyil ki, məhz bu proqramlar çərçivəsində
regionlarda eyni zamanda, genişmiqyaslı tikinti-quruculuq işləri
görülüb və hazırda da bu istiqamətdə işlər
davam etdirilir.
Məsələn, son illər
Salyan rayonunda təhsil, səhiyyə, mədəniyyət, məktəbəqədər
tərbiyə və digər müəssisələrin
tikintisi və təmiri ilə bağlı mühüm işlər
görülüb, onların maddi-texniki bazası gücləndirilib.
Rayon memarlıq və tikinti şöbəsindən
müxbirinə bildirilib ki, Salyan rayonunda ötən il tikinti,
abadlıq və quruculuq işləri davamlı olaraq
aparılıb. Belə ki, rayonun Qarabağlı
kəndində 100, Salyan şəhər Babazanlı
yaşayış massivində 60, N.Babayev küçəsində
60 yerlik uşaq bağçası və körpələr
evinin tikintisi aparılıb, 7 saylı uşaq
bağçasında təmir işləri görülüb,
Uşaq İncəsənət Məktəbi və Salyan
Dövlət Kukla Teatrı əsaslı təmir edilib. Həmçinin
rayon Mərkəzi Xəstəxanasının Doğum evinin və
Uşaq Xəstəxanasının əsaslı təmiri və
zəruri tibbi avadanlıqlarla təchiz olunması işləri
davam etdirilib.
“Yeniləşən Azərbaycana
yeni məktəb” layihəsi çərçivəsində
Ərəbqardaşbəyli kənd tam orta məktəbi
üçün 180 yerlik yeni binanın tikintisi başa
çatdırılaraq müəllim və şagirdlərin
istifadəsinə verilib, Aşağı Kürtkənd kəndində
360, Qızılağac kəndində isə 1000
şagird yerlik yeni məktəb binasının tikintisinə
başlanılıb, Sarvan və Küsəngi kənd tam orta
məktəbləri əsaslı təmir edilib.
Ötən il, həmçinin Kənd
Təsərrüfatı Nazirliyi tərəfindən rayonun
Qaraçala kəndi ərazisində Salyan Regional Aqrar Elm və
İnnovasiya Mərkəzi üçün mini pambıq
emalı müəssisəsinin, Kürqaraqaşlı kəndində
isə müasir tələblərə cavab verən Dövlət
Sort-Sınaq Məntəqəsi üçün yeni
inzibati binanın tikintisi davam etdirilib. Bu işlərlə
yanaşı, ötən il şəhərin Taleh Davudzadə
küçəsində 4 kommunal binanın dam
örtüyü dəyişdirilib, 8 küçəyə
asfalt və piyada səkilərinə tamet döşənib.
Hazırda rayonda yarımçıq tikinti və təmir
işləri və yeni tikililərin inşasının
vaxtında başa çatdırılması istiqamətində
işlər görülür.
Bu istiqamətdə işlər 2020-ci ilin ilk
aylarında da davam etdirilir. Belə ki, Salyan şəhərinin
Babazanlı yaşayış massivində 60 yerlik uşaq
bağçası-körpələr evinin inşası
başa çatıb. Artıq binanın dam örtüyü
vurulub, qapı və pəncərələr quraşdırılıb,
elektrik, su kanalizasiya xətləri çəkilib, divarlar rənglənib,
kafel-metlax işləri görülüb. Bağçada su
anbarı tikilib, davamlı enerji təminatı
üçün transformator yarımstansiyası və istilik
sistemi quraşdırılıb. Məktəbəqədər
müəssisədə yataq, oyun, tədris, tibb, mətbəx
və digər yardımçı otaqlar var. Hazırda
həyətdə abadlıq işləri aparılır,
yaşıllıq salınır. Ərazidə
uşaqların əylənmələri üçün oyun
meydançaları və müxtəlif qurğular tikilib,
otaqlarda yeni inventar və texniki vasitələr
quraşdırılıb.
Prezident İlham Əliyevin
Goranboy şəhərində əhalinin mənzil-məişət
şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər
haqqında 2018-ci il 5 iyun tarixli Sərəncamına əsasən
Dəliməmmədli şəhərində
abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə
qəzalı vəziyyətdə olan binanın sakinlərinin
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədi ilə yeni
yaşayış binası tikilir. Bu barədə verilən məlumatda
deyilir ki, yaşayış binası 2 mərtəbədən,
8 mənzildən ibarətdir. Binanın dəmir-beton işləri
başa çatıb. Hazırda binada arakəsmələr
arasında hörgü işləri davam etdirilir.
2019-cu ildə Qəbələ
rayonunda iqtisadi və sosial sahələrin inkişafına
bütün maliyyə mənbələri hesabına 80 milyon
708 min manat investisiya yönəldilib. Əsas kapitala yönəldilmiş
vəsaitlərin 77,7 faizi dövlət, 22,3 faizi isə
qeyri-dövlət sektorunun payına düşür.
Bu barədə Qəbələ rayon Statistika
İdarəsindən məlumat verilib. Bildirilib ki, 2019-cu ildə
əsas kapitala yönəldilmiş vəsaitlərin 78 milyon
821 min manatı və ya 97,6 faizi tikinti-quraşdırma işlərinə
sərf olunub. Bu, əvvəlki illə müqayisədə 15
milyon 528 min manat və ya 24,5 faiz çoxdur. Ötən il
rayonda əhalinin şəxsi vəsaiti hesabına dəyəri
9,3 milyon manat olan 17 min 200 kvadratmetr mənzil tikilib istifadəyə
verilib.
Tikinti, abadlıq və quruculuq işləri
Tovuz rayonunda da geniş vüsət alıb. Belə
ki, Prezident İlham Əliyevin “Azərbaycan
Respublikasının regionlarında uşaq
bağçalarının tikintisi ilə bağlı tədbirlər
haqqında” 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə
Tovuz rayonunun Qovlar şəhərində tikilmiş 100 yerlik
körpələr evi-uşaq bağçası istifadəyə
verilib. Açılış mərasimində
çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin
başçısı Məmməd Məmmədov son illərdə
ölkədə məktəbəqədər təhsil müəssisələrinin
inkişafı istiqamətində mühüm addımların
atıldığını, müxtəlif şəhər və
rayonlarda məktəbəqədər təhsil müəssisələrinin
tikintisi, əsaslı təmiri və bərpası istiqamətində
uğurlu işlər görüldüyünü bildirib.
Qeyd edilib ki, Prezident İlham Əliyev yetişməkdə
olan gənc nəslin hərtərəfli inkişafı,
onların layiqli vətəndaş kimi yetişməsi
üçün mühüm tədbirlər həyata
keçirir. Birinci vitse-prezident Mehriban Əliyeva da
sosialyönümlü dövlət siyasətinin həyata
keçirilməsində böyük xidmətlər göstərir.
Tovuzda açılışı olan və hər cür
invertar və avadanlıqlarla təmin edilmiş körpələr
evi-uşaq bağçası da dövlət
başçısının regionlara göstərdiyi hərtərəfli
qayğının ən yaxşı nümunələrindəndir.
Öz növbəsində Naxçıvan
Muxtar Respublikasında da tikinti, abadlıq və quruculuq işləri
uğurla davam etdirilir. Bütün bunların nəticəsində
qədim diyarın yaşayış məntəqələri
müasir görkəm alır, kəndlərdə yaradılan
infrastruktur məskunlaşmanı daha da artırır. Ötən
ay abadlaşan yaşayış məntəqələrinin
sırasına Ordubad rayonunun Vənənd kəndi də
qoşulub.
Belə ki, yanvarın 13-də Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun
iştirakı ilə Vənənd kəndində yeni sosial
obyektlər istifadəyə verilib. Həmin obyektlərdən
biri də müasir tədris şəraiti ilə təmin
olunmuş kənd tam orta məktəbidir. Yeni məktəbdə
yaradılan şərait bundan sonra da tədrisin yüksək
səviyyədə təşkilinə və nailiyyətlərin
artmasına imkan verəcək. Bunun
üçün hər cür imkan var. Çünki vaxt var
idi ki, lövhəyə yazmaq üçün təbaşirin
tapılmadığı bir yerdə bu gün elektron lövhəli
sinif yaradılıb və həmin sinifdə mədəniyyət,
elm müəssisələri ilə ümumtəhsil məktəbləri
arasında keçirilən interaktiv dərs izlənilir.
Bu, əldə edilən inkişafın, nailiyyətin, təhsilə
göstərilən böyük diqqətin nəticəsidir.
Bunun da əsaslı səbəbləri
vardır. Belə ki, son 25 ildə muxtar respublikada təhsil
quruculuğu inkişafın əsas istiqaməti kimi müəyyənləşdirilib.
Ötən dövrdə şəhər və rayon mərkəzləri
ilə yanaşı, ucqar dağ kəndlərində də
yeni məktəb binaları inşa olunub. Buna görə də
Naxçıvan təhsili artıq yeni inkişaf
dövrünü yaşayır.
Açılış tədbirində bu məsələlərə
toxunan Ali Məclisin Sədri təhsilin, elmin
inkişafının əhəmiyyətini qeyd edərək
deyib: “Bu gün dünyada qəbul olunmuş “elmdən
istehsalata” təcrübəsi Azərbaycanda uğurla tətbiq
olunur. Gənclər təhsilin bütün pillələri
üzrə hərtərəfli təhsil almaq imkanlarına
malikdirlər. Muxtar respublikada da bu sahədə görülən
işlər təhsilin inkişafını təmin
etmişdir. Artıq Naxçıvan Muxtar Respublikasında təhsilin
inkişaf göstəriciləri ümumi Azərbaycan üzrə
orta səviyyədən yüksəkdir”.
(davamı növbəti sayımızda)
Nadir AZƏRİ
Yeni Azərbaycan.-2020.- 3 mart.- S.7.