Bu ilin ilk aylarında da regionlarda tikinti, abadlıq və quruculuq işləri davam etdirilib

 

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramı çərçivəsində bölgələrdə infrastruktur layihələri uğurla reallaşdırılır

(əvvəli ötən sayımızda)

 

Muxtar respublikada gənc nəslin təhsili ilə yanaşı, onların istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində də ardıcıl tədbirlər görülür. Uşaq musiqi və bədii sənətkarlıq məktəbləri üçün yeni binaların tikilməsi, gənc nəslə milli musiqi sənətimizin öyrədilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi bunun bariz nümunəsidir. Ali Məclis Sədrinin göstərdiyi qayğı sayəsində bu gün muxtar respublikada uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin şagirdləri ölkəmizdə, eləcə də beynəlxalq miqyasda keçirilən müsabiqələrdə uğurla iştirak edirlər. Yanvarın 13-də Ordubad rayonunun Vənənd kəndində musiqi məktəbi üçün yeni binanın istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Eyni zamanda, yaşayış məntəqəsində insanların sağlamlıqlarının keşiyində dayanmaq üçün kənd həkim ambulatoriyasının, yeni kənd mərkəzinin istifadəyə verilməsi sakinlərə göstərilən dövlət qayğısının nümunəsidir. Həkim ambulatoriyasında aparılan qeydiyyatın elektron formada olması, burada quraşdırılan kompüterin səhiyyə informasiya idarəetmə sisteminə qoşulması, xidmət mərkəzində satılan məhsulların 90 faizinin yerli istehsal olması həm də inkişafın göstəricisidir. Yanvarın 13-də Ordubad rayonunun Xanağa-Ağrı-Dizə-Vənənd kənd avtomobil yolunun əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilməsi isə sakinlərin gediş-gəlişini xeyli asanlaşdırıb. Quruculuq işlərindən sonra Vənənd kəndi qəsəbə görkəmi alıb. Kəndin bugünkü siması, yaradılan şərait vaxtilə buradan köçüb gedənlərin qayıtmasına səbəb olub. Bütün bunlar insan amilinə verilən dəyərin nəticəsidir.

Bu gün muxtar respublikamızda həm də yeni texnologiyaların tətbiqinə üstünlük verilir. Yeni texnologiyalardan istifadə insanların dünyagörüşünün artmasına, həyat səviyyəsinin yaxşılaşmasına xidmət edir. Onun tətbiqi, eyni zamanda yeni mütəxəssislərin yetişməsi deməkdir. Çünki avadanlıqları yaxşı öyrənmək, onlara düzgün xidmət göstərmək vacibdir. Ali Məclis Sədrinin iştirakı ilə 2018-ci ildə İbadulla, bu il yanvarın 13-də isə Dəstə Radio-Televiziya Verici Stansiyasının istifadəyə verilməsi də qeyd olunan məqsədlərə xidmət edir. Stansiya Ordubad rayonu ərazisində 12 televiziya və 10 radio yayımını təmin edir. Binada yaradılan şəraitlə tanış olan Ali Məclisin Sədri muxtar respublikada digər radio-televiziya verici stansiyaların da yenidən qurulması ilə bağlı tapşırıqlar verib.

Respublikanın Mərkəzi Aran bölgəsində yerləşən Yevlax şəhərində də tikinti-quruculuq və abadlıq işləri geniş vüsət alıb. 2019-cu ildə Yevlax şəhərində 11 saylı Vergilər Departamentinin inzibati binası istifadəyə verilib, Aran qəsəbəsindəki Mədəniyyət evində və musiqi məktəbində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Yevlax şəhərinin Şadlinski küçəsinin bir hissəsi əsaslı təmir edilib, 7 min kvadratmetr asfalt işləri görülüb. Pişəvəri küçəsinə 3635 kvadratmetr asfalt örtük salınıb, 564 poqonmetr səki daşları düzülüb. Heydər Əliyev, Nizami prospektlərində, dəmir yolu meydanında işıqlandırma sistemi yenidən qurulub, Bakı-Ələt-Gürcüstan avtomobil yolunun şəhərin daxilindən keçən hissəsinin işıqlandırma sistemi bərpa olunub, transformator məntəqəsi quraşdırılıb.

Prezident İlham Əliyevin 2019-cu il fevralın 12-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamlarına əsasən, ötən il rayonun Qaramanlı, Aran, Hacımahmudlu, Aşağı Bucaq kəndlərində 5 ədəd subartezian quyusu qazılıb. Bundan başqa, rayonun Malbinəsi kəndində də əlavə olaraq subartezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib.

Hazırda Data Mərkəzinin, 45 mənzilli yaşayış binalarının tikintisi aparılır, Yevlax-Zaqatala avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsi yenidən qurulur. Yevlax şəhər 6 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunur, beşmərtəbəli yaşayış binasının dam örtüyü dəyişdirilir.

Yevlax şəhərindəki Dədə Qorqud Parkının da yenidən qurulmasına başlanılıb. Parkın ərazisi 650 metr uzunluğunda genişləndirilərək 2 hektara çatdırılacaq. Parkda Dədə Qorqudun heykəli qoyulacaq, geniş abadlıq işləri aparılacaq, yerə dekorativ plitələr vurulacaq, yaşıllıqlar salınacaq, idman-sağlamlıq qurğuları quraşdırılacaq, uşaq əyləncə mərkəzi, gəzinti yerləri, istirahət guşələri yaradılacaq. Layihə çərçivəsində parkın ətrafında olan yaşayış binalarının və obyektlərin fasad və interyeri müasir üslubda yenidən qurulacaq, abad məhəllələr salınacaq.

Abadlıq işləri çərçivəsində Yevlax şəhərində 5750 ədəd ağac əkilib. Şəhərin yaşıllıq ərazilərinə torpaq, üzvü gübrə verilir, ağaclar budanır.

Ağsuya gəlincə, bildirmək yerinə düşər ki, bu şəhərdəki M.Ə.Rəsulzadə küçəsində hazırlıq kursları üçün tədris binası inşa olunur. Tədris binası üçmərtəbəlidir. Artıq binanın üst örtüyü vurulub. Hazırda dəhliz və otaqlarda iş aparılır.

Müasir arxitektura üslubunda inşa olunan binada 45 sinif otağı, direktor və müəllimlər üçün otaqlar, konfrans zalı, yeməkxana və sair yardımçı otaqlar var. Tədris binasında müasir istilik sistemi qurulub, 120 kubmetrlik 2 su hovuzu tikilir. Həyətdə iki söhbətgah və buraxılış məntəqəsi olacaq. Hazırlıq kursları üçün tədris binasının mart ayından istifadəyə verilməsi nəzərdə tutulub.

Kürdəmir rayonunun Yenikənd yaşayış məntəqəsində isə həkim məntəqəsi üçün inşa olunan yeni binada son tamamlama işləri görülür. Ən müasir tibbi və texniki avadanlıqlarla təchiz ediləcək həkim məntəqəsi Yenikənd kəndinin və Yenikənd inzibati ərazisinə daxil olan Dəyirmanlı, Mürtülü və Təklə yaşayış məntəqələrinin 8000 nəfərə yaxın sakininə xidmət edəcək. Həkim məntəqəsinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.

Tikinti quruculuq işləri qərb regionunun əhatə edən rayonlarda da davamlı xarkter daşıyır. Məsələn, Şəmkirdə 375 məcburi köçkün ailəsi üçün çoxmənzilli 16 yaşayış binası tikiləcək. Bu barədə verilən məlumata əsasən, Şəmkir şəhərində məskunlaşmış məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi qarşısında məsələ qaldırılıb.

Rayon İcra Hakimiyyətindən bildirilib ki, təklif komitə tərəfindən müsbət qarşılanıb və Şəmkir şəhərində 375 məcburi köçkün ailəsi üçün çoxmənzilli 16 yaşayış binasının, 300 şagird yerlik məktəb və 100 yerlik uşaq bağçasının tikintisi layihəsi hazırlanıb.

Məcburi köçkünlər üçün nəzərdə tutulmuş şəhərciyin salınması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 12 iyul 2018-ci il tarixli, müvafiq sərəncamı ilə şəhər ərazisində 7 hektar torpaq sahəsi ayrılıb. Şəhərciyin salınması işlərinə yaxın vaxtlarda başlanılması nəzərdə tutulub.

Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunun da sosial-iqtisadi göstəriciləri yüksəlib, rayon iqtisadiyyatının dinamik inkişafı təmin edilib.

Tərtər Rayon İcra Hakimiyyətindən bildiriblər ki, 2019-cu ildə rayonda ümumi məhsul buraxılışının həcmi 161 milyon 52,7 min manat olub. Rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 21 milyon 942,7 min manat təşkil edib ki, onun da 20 milyon 21 min manatı və ya 91,2 faizi tikinti-quraşdırma işlərinə yönəldilib. İl ərzində 4971,1 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Əsas kapitala yönəldilən investisiyaların 1 milyon 582 min manatı bilavasitə rayonun öz yerli sahibkarları tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə yönəldilib.

Keçən il Samux rayonunda da tikinti-quruculuq və abadlıq işləri daha da sürətləndirilib. Rayon İcra Hakimiyyətindən bildirilib ki, “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq Samux şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 36 mənzilli binanın dam örtüyünün dəyişdirilməsi, eyni zamanda, təmirə ehtiyacı olan 4 çoxmənzilli yaşayış binalarında təmir bərpa işləri başa çatdırılıb.

2019-cu il ərzində növbəlilik əsasında 2 şəhid ailəsinə və 7 Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evinin tikintisinə başlanılıb və işlər tamamlanıb. Yaxın vaxtlarda fərdi yaşayış evləri sahiblərinə təhvil veriləcək.

Şirvan şəhərində tikinti və yenidənqurma işlərinə xüsusi önəm verilir. Şəhər Memarlıq və Tikinti Şöbəsindən bildiriblər ki, ötən il “Bizim həyət” layihəsi çərçivəsində şəhərin Tofiq İsmayılov küçəsindəki 5 və 19 saylı yaşayış binalarının həyəti abadlaşdırılıb, yeni nümunəvi məhəllə salınıb. Şəhərin Naxçıvan küçəsində Yeni Azərbaycan Partiyası şəhər təşkilatı üçün ikimərtəbəli yeni inzibati binanın tikintisi tamamlanaraq avadanlıq və inventarla təchiz olunub, “Azərişıq” ASC-nin sifarişi ilə Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binasının tikintisi başa çatdırılıb.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ayrılan vəsait hesabına şəhərdə 32 çoxmənzilli binanın dam örtüyündə təmir işləri aparılıb. Şəhərdə müvəqqəti məskunlaşan 585 məcburi köçkün ailəsi üçün Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə zəruri sosial texniki infrastrukturu olan yeni yaşayış kompleksinin inşası tamamlanıb və ailələrin mənzillərə köçürülməsi işlərinə başlanılıb. Həmçinin şəhərin 18 küçəsinə asfalt-beton örtüyü vurulub. Ötən il küçə və məhəllələrə 6 min metr, yaşayış binalarına isə 12 min metr su, 5 min metr kanalizasiya, 12 min metr elektrik, 60 min metr qaz xətti çəkilib. Hazırda şəhərdə yarımçıq tikili və təmir işlərinin, eyni zamanda, yeni tikililərin inşasının vaxtında başa çatdırılması istiqamətində işlər görülür.

 

 

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2020.- 4 mart.- S.7.