Prezident İlham Əliyev: Bizim vəzifəmiz
Azərbaycanın ərazi bütövlüyünü bərpa
etmək idi və biz bu vəzifəyə
yaxınlaşırıq
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə
müsahibə verib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də
İtaliyanın “La Repubblica” qəzetinə müsahibə
verib.
AZƏRTAC müsahibəni təqdim edir.
- Cənab Prezident, Siz artıq qələbəni
dadmısınız?
- Bizim vəzifəmiz Azərbaycanın ərazi
bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə
yaxınlaşırıq. Biz ərazi
bütövlüyünün bərpasını demək olar
ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu
müddət ərzində Azərbaycan danışıqlar
prosesinə ciddi şəkildə sadiq olub. Lakin əfsuslar
olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə
vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan
rəhbərliyi öz bəyanatları və əməlləri,
o cümlədən hərbi təxribatları ilə bizi hər
zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi.
Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan
üçün çox həssas idi. Biz qələbədən
danışarkən qarşımıza belə bir hədəf
qoymamışdıq. Biz onu danışıqlar masasında həll
etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında
etməyə hər zaman hazır idik və bunu da edirik.
- Putin müdaxilə etmək istəmir. Beləliklə,
Siz maneəsiz hərəkət edə bilərsiniz?
- Əslində, mən dəfələrlə
vəziyyəti şərh etmişəm ki, eyni zamanda, BMT Təhlükəsizlik
Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrləri
- üç ölkə 1993-cü ildə Ermənistan
qoşunlarının Azərbaycan ərazilərindən dərhal,
tam və qeyd-şərtsiz çıxarılmasını tələb
edən qətnamələr qəbul ediblər. Ona görə
də, bu ölkələr özləri həll
üçün qanuni baza yaradıblar. Lakin Ermənistan bu qətnamələri
yerinə yetirmədi. Mənim istinad etdiyim başqa bir məqam
ondan ibarətdir ki, vasitəçilər vəziyyətlə
bağlı necə fikirdə olmaqlarından, bizimlə və
ya Ermənistanla əlaqələrinin nə dərəcədə
yaxın olmağından asılı olmayaraq neytral
olmalıdırlar. Lakin onlar neytral olmasalar, vasitəçi ola
bilməzlər. Ona görə də, bizim yerində bu və
ya digər dərəcədə gördüyümüz
neytrallıq, düşünürəm ki, işlərin necə
getməsinin yeganə yoludur. Odur ki, bu, bizim üçün
yaşıl işıq deyildi. Biz sentyabrın
27-də Ermənistanın hücumunadək nə edəcəyi
barədə 100 faiz təsəvvürümüz olmadan cavab
verdik, biz ölkəmizi qorumaq, insanlarımızı qorumaq və
ədaləti bərpa etmək üçün doğru
olduğunu düşündüyümüzü etdik.
- Rəsmi Ankaranın dəstəyi Sizin fəaliyyətiniz
üçün nə dərəcədə səmərəlidir?
- Çox səmərəlidir. Bu dəstək
lap əvvəldən, sentyabrın 27-də başlayan
toqquşmaların ilk saatlarından gəldi. Türkiyə
Prezidenti çox aydın bəyanatla çıxış
etdi ki, Türkiyə Azərbaycanın yanındadır və
bu, siyasi və mənəvi dəstəyin çox
mühüm göstəricisi idi. Mən dəfələrlə
o fakta diqqət çəkmişəm ki, bu, yalnız siyasi və
mənəvi dəstəkdir, lakin bu, kifayət idi.
Çünki Türkiyə kimi güclü ölkə bu məsələ
ilə bağlı mövqeyini açıq şəkildə
bəyan edəndə, həm də bütün dünyaya
mesaj göndərir ki, Azərbaycan doğru işi
görür. Azərbaycan öz ərazi
bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində
döyüşür, biz təcavüzkar deyilik, biz başqa
ölkələrə hücum etmirik. Ona görə də,
toqquşmaların ilk saatlarında başlayan və indiyədək
davam edən bu siyasi dəstək münaqişənin həlli
üçün mühüm əhəmiyyət kəsb edir.
- Sizin ordunuzla birlikdə Ermənistana
qarşı döyüşən mücahidlərin
mövcudluğu barədə Prezident Makron, Rusiyanın Xarici
İşlər nazirinin söylədikləri barədə nə
deyə bilərsiniz? Bu, doğrudur?
- Bu müddət ərzində, bir aydan çox
vaxtda mən artıq dəfələrlə bu məsələyə
diqqət çəkmişəm və demişəm ki, bu,
doğru deyil. Bu, doğru məlumat deyil. Mən bilmirəm bu
məlumat niyə yayılmışdı və hələ də
yayılır. Birincisi, bizə bununla bağlı heç bir
dəlil, heç bir sübut təqdim olunmayıb. Hamısı
sözlər idi və bu sözlər münaqişənin ilk
günlərində söylənmişdi. Siz Prezident Makronun
bununla bağlı bəyanatına istinad etdiniz. Bu, yalnız
münaqişənin ilk günlərində idi. O vaxtdan bu yana
biz bu cür bəyanatlar eşitməmişik. Bu, birincisi.
Heç bir sübut, heç bir dəlil. İkincisi, ehtiyac
yoxdur. Mən dəfələrlə demişəm ki, bizim 100
min döyüşçüsü olan ordumuz var, nizami ordu.
Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə
çox adam səfərbər edə bilərik. Bizim
müasir silahlarımız var. Mükəmməl texnologiyamız
var və bizim çox yüksək döyüş ruhumuz var.
Ona görə də, buna ehtiyac yoxdur. Lakin əfsuslar olsun ki,
digər tərəfdə baş verənlərə məhəl
qoyulmur. Bizdə əcnəbilərin Ermənistan tərəfindən
döyüşdüyünə dair kifayət qədər dəlillər
var. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin
birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər
əcnəbi vətəndaş bir ölkə tərəfindən
digər ölkəyə qarşı döyüşürsə,
o, muzdludur. Bundan əlavə, onların hamısının erməni
olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz
başqalarının olduğunu bilirik. Bilirik ki, PKK
oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi
terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na
qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ
qətiyyən müzakirə mövzusu deyil. Bu, Azərbaycana
qarşı qəsdən törədilmiş hücum barədə
siyasi hücum təəssüratı yaradır. Bundan əlavə,
ermənilərin bu yalan bəyanatdan sui-istifadə etmələrinin
səbəbi odur ki, bizim onları döyüş
meydanında məğlub etdiyimizi qəbul etmək onlar
üçün yəqin ki, çox ağrılıdır.
Onlar 30 il ərzində özlərini elə göstərirdilər
ki, məğlubedilməz orduları var. Onlar 30 il ərzində
bizim əraziləri təkbaşına işğal etdiklərini
deyirdilər, baxmayaraq ki, biz bunun doğru
olmadığını bilirik. Beləliklə, biz onlara kimin
kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların “guya
məğlubedilməz ordusu” əfsanədir, mifdir və bunu qəbul
etmək onlar üçün çox
ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini
etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinə məktub
göndərərək hərbi yardım xahiş edib. Bu,
onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi
qəbul etmələri deməkdir.
- 98 faiz ermənilərin məskunlaşdığı
ərazidə mümkün qələbəni qazanmağın
Sizin üçün hansı çətinliyi olacaq?
- Bu ərazidə bəlkə də indi daha
çox erməni məskunlaşıb, çünki
bütün azərbaycanlılar didərgin salınıblar.
Onlar azərbaycanlılara qarşı etnik təmizləmə
həyata keçirdilər. Bu, statistikadır,
bizim deyil, sovet dövrünün statistikasıdır. 1970-ci
illərin sonunda Dağlıq Qarabağ muxtar vilayətində
müxtəlif millətlərdən olan neçə nəfər
yaşayırdı? Əhalinin demək olar ki, 25 faizi azərbaycanlılar
idi, 40 min nəfər. Şuşada 98 faiz azərbaycanlılar
məskunlaşmışdılar. Bu gün orada bir nəfər
azərbaycanlı belə yoxdur. Xankəndidə çox sayda
azərbaycanlı var idi. Hadrut rayonunda, digər rayonlarda,
soyqırımı törətdikləri Xocalıda 100 faiz azərbaycanlılar
idi. Beləliklə, onların hamısı etnik təmizləməyə
məruz qalıb, qətlə yetirilib, işgəncəyə
məruz qalıb və didərgin salınıblar. Təəssüflər
olsun ki, heç kim Ermənistanı bunda
günahlandırmayıb. Biz Ermənistana qarşı hər
hansı sanksiyaları görmədik, bizə hər hansı
ciddi informasiya dəstəyi görmədik. Beləliklə, bu, edildi və
onlar yerində reallıq yaratdılar. Bu, birincisi.
İkincisi, 200 il bundan əvvəl orada,
ümumiyyətlə, erməni yox idi. Çünki
mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı
müqavilələrə dəfələrlə istinad
etmişəm. Həmin müqavilədə - 1805-ci il Kürəkçay müqaviləsində
etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini
dəyişdirmək məqsədilə Şərqi Anadoludan
və İrandan çar Rusiyası tərəfindən gətirilmişdilər.
Beləliklə, bu, tarixi hissəsidir. İndi sizin sualınıza gələk. Mən dəfələrlə demişəm ki,
Dağlıq Qarabağda yaşayanların hamısı orada
sülh və ləyaqət içində yaşamağa davam
edəcəklər. Ermənilər bizim vətəndaşlarımızdır.
Azərbaycanın müxtəlif yerlərində,
əsasən, Bakıda minlərlə erməni yaşayır.
Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi
təmin ediləcək, onların maddi vəziyyəti daha
yaxşı olacaq və onlar bu gün Dağlıq
Qarabağdakı xunta rejiminin basqısı altında
olduğundan daha yaxşı həyat sürəcəklər.
-
Üç atəşkəs artıq pozulub. Sülh
danışıqlarının heç bir nəticə vermədiyi
görünür. Buna görə kim
günahkardır?
- Ermənistan.
Xronologiyaya nəzər salın. Birinci atəşkəs
Moskvada razılaşdırılmışdı, 24 saatdan da az vaxt ərzində onlar Ermənistan ərazisindən
ballistik raketlə Gəncəyə hücum etdilər. Bu, sübut olunub. Rusiya, Fransa, Amerika Birləşmiş
Ştatları və bir çox başqa ölkələr
ballistik raketin haradan buraxılmasını aşkar edə bilərlər.
Odur ki, onlar raketin Ermənistandan
buraxıldığını bilirlər. Paşinyan
bunu onlar etməyiblər dedikdə yalan
danışırdı. Bu, 24 saatdan az müddətdə
baş vermişdir və onlar gecə çox namərdcəsinə
hücum etdilər, onlar bilərəkdən yaşayış
yerinə hücum etdilər və bu iki hücum nəticəsində
demək olar ki, 30 günahsız insan, o cümlədən
uşaqlar öldürülmüşdür. İkinci atəşkəs
elan olunduqdan beş dəqiqədən
sonra onlar tərəfindən pozulmuşdur və
üçüncü atəşkəsi onlar Bərdəyə
hücum etməklə pozdular. Beləliklə
bunu edən biz deyildik. Biz nə etməli
idik? Onlar bizi öldürdükdə oturub
gözləməli idik? Əlbəttə
ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik.
Onlara atəşkəs təcavüzlərini
davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və
yenidən işğal etməyə cəhd etmək
üçün lazım idi. Onlar mülki
şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin
xaos və panika yaratmaq istəyirdilər. Lakin
onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər.
Bəli, biz bu namərd hücumlardan əziyyət
çəkdik. Bu vaxtadək 91 nəfər mülki
şəxs öldürülüb və 400-dən çox adam yaralanıb. Lakin bu, bizim iradəmizi
sındırmadı. Əksinə, bu, bizi
daha da güclü etdi.
-
Üç həftə bundan qabaq görüşdüyüm
baş nazir Paşinyana cavabınız nə olar? O dedi ki,
Dağlıq Qarabağda yeni soyqırımının
olmasından qorxur.
- Tamamilə
yalandır. Onların bütün tarixi
yalandır. Bunun heç bir əlaməti
yoxdur. Mən dedim ki, Azərbaycanda minlərlə erməni
yaşayır. Ermənistanda və ya
Dağlıq Qarabağda yaşayan heç bir azərbaycanlı
yoxdur. Ermənistan əhalisinin 99 faizi etnik
ermənilərdir. Regionumuzda bir millətin
belə üstünlük təşkil etdiyi başqa bir
ölkə tapa bilərsinizmi? Bu,
monorespublikadır. Nəyə görə?
Çünki onlar ya hər kəsi qovublar, ya da
başqa millətlər orada yaşaya bilmir. Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir.
Buna görə dırnaqarası
soyqırımı haqqında danışmaq tamamilə qəbuledilməzdir
və bu, onların təqdim etmək istədiyi daha bir feykdir,
necə ki, onlar bunu həmişə edirlər. Onlar həmişə özlərini əziyyət
çəkən, həmişə ağlayan, həmişə
köməyə ehtiyacı olan insanlar kimi təqdim etmək
istəyirlər. Lakin, baxın, bu gün nələr
baş verir. O, Prezident Putinə gündə beş dəfə zəng edir, o, Prezident Makrona
ola bilsin bir qədər az zəng edir, amma yenə də zəng
edir, o, hər kəsə zəng edir. O, Avropa liderlərinə
zəng edir. O, Dağlıq Qarabağın tanınmasını
xahiş edir, lakin başa düşmür ki, Azərbaycanın
ərazi bütövlüyü ilə bağlı Avropa
İttifaqının vahid mövqeyi var. Ona görə müəyyən
dəstəyi əldə etmək üçün o, hər
bir feyk üsuldan istifadə etməyə
çalışır. Odur ki, dediyim kimi bu,
tamamilə yalandır. Mən dediyim sözlərə
cavabdehəm, Dağlıq Qarabağda yaşayan ermənilər
əmin ola bilərlər ki, onların təhlükəsizliyi
təmin olunacaq.
-
İtaliya ilə Sizin xüsusi tərəfdaşlığınız
var. Siz bizim birinci neft və qaz təchizatçımızsınız.
Müharibə daha çox qanın
tökülməsinə səbəb olarsa, bunun tərəfdaşlığa
təsir etməyindən qorxmursunuz?
- Mən belə hesab etmirəm. Birincisi, mən
düşünürəm ki, müharibə nə qədər
tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə
bir təklif irəli sürdük və bizim təklifimiz
çox konstruktiv idi. Bu bir aydan çox müddətdə
mən dəfələrlə demişəm və bir daha təkrar
edə bilərəm ki, Ermənistanın baş naziri yerdə
qalan ərazilərin boşaldılacağına dair üzərinə
öhdəlik götürsə, biz bu gün dayanmağa
hazırıq. Hələ ki, o, üzərinə belə
bir öhdəlik götürməyib. Kompromislər
haqqında ona sual verildikdə o, həmişə öz
müqəddəratını təyinetmədən
danışır. Lakin öz müqəddəratını təyinetmə
onların getməli olduğu kompromis deyil. Onların
kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin
və əsas prinsiplərin icrasına müvafiq olaraq
işğal olunmuş bütün ərazilərin
boşaldılması olmalıdır. Əsas prinsiplərdə
deyilir ki, əvvəlcə beş rayon, sonra da iki rayon
boşaldılmalıdır. Biz artıq dörd rayonu
birtərəfli qaydada azad etmişik. Buna görə də o,
deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər
və Laçın rayonlarının işğal altında
qalmış ərazilərindən geri çəkəcəkdir.
Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin
dayanmasını istəmir. Biz hazırıq, bu, birincisi. Mən
bunun bizim tərəfdaşlarla hər hansı mürəkkəblik
yaradacağını düşünmürəm. İtaliya
ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdaşlıq
Sənədi adlanan sənədi imzalamışıq. Mən
pandemiyadan əvvəl İtaliyaya rəsmi səfər
etmişdim, o, çox uğurlu olmuşdur və biz
böyük planlarla geriyə, evə döndük. Mən əminəm
ki, biz bu planları icra edəcəyik, baxmayaraq ki, pandemiya
onlara bir az müdaxilə etdi. Lakin bu planlar əsasən enerji
sektoru ilə əlaqəli deyildi. Düşünürəm
ki, biz enerji istiqamətində bütün
planlaşdırdıqlarımızı icra etdik. Hesab edirəm ki, bu gün İtaliya neft təchizatına
görə bizim üçün əsas ticarət tərəfdaşıdır
və tezliklə biz TAP-ın açılışını
qeyd edəcəyik və bununla da Cənub Qaz Dəhlizi
tamamlanmış olacaqdır. Üstəgəl, bir çox
italyan şirkəti uzun illərdir ki, Azərbaycanda
uğurla fəaliyyət göstərir. Biz podratçı
qismində daha çox italyan şirkətlərini dəvət
etməyi planlaşdırırıq. Yeri gəlmişkən,
burada onlar neft-kimya məhsulları üzrə bir çox
önəmli layihələri tamamlamışdılar və
biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində
iştirak etmişik. Buna görə mən əminəm ki, bu
münaqişə bizim təkcə İtaliya ilə
münasibətlərimizə yox, heç bir ölkə ilə
münasibətlərimizə təsir etməyəcək. Mən
bundan əminəm.
Yeni Azərbaycan.- 2020.- 5 noyabr.- S.2..