Azərbaycanın Silahlı Qüvvələri işğalçı Ermənistanın illər boyu yaratdığı “yenilməz ordu” mifini darmadağın etdi

 

Prezident İlham Əliyev: Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik

 

 

 

Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrimizin sentyabrın 27-də düşmənin hərbi birləşmələrinin törətdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq əks-hücum əməliyyatlarına başladığı vaxtdan etibarən müxtəlif cəbhələrdə titanik fəaliyyət göstərir. Onun bilavasitə rəhbərliyi, taktiki və strateji planları məharətlə əlaqələndirməsi sayəsində müzəffər Ordumuz döyüş əməliyyatlarını uğurla həyata keçirir, düşməni üç onillik ərzində işğal altında qalan torpaqlarımızdan qovur. Azərbaycan Prezidentinin informasiya cəbhəsində tarixi nailiyyətləri də xüsusilə diqqəti cəlb edir. Dövlətimizin başçısı tez-tez bütün dünyada yüksək populyarlığa, geniş tamaşaçı və oxucu auditoriyasına malik KİV-lərə ətraflı müsahibələr verərək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Çox haqlı olaraq Prezident İlham Əliyevin beynəlxalq səviyyədə tanınan media qurumlarına müsahibələri master-klas nümunələri kimi dəyərləndirilir. Dövlətimizin başçısının informasiya cəbhəsində böyük fəallıq göstərərək Ermənistanın təbliğatını zəiflətməsi, qarşı tərəfin “qara piar”ının, “feyk nyus”larının əsl mahiyyətini açıb göstərməsi döyüş meydanlarında qazanılan qələbələrimiz qədər önəmlidir.

Məlum olduğu kimi, dövlətimizin başçısı noyabrın 2-də İtalyanın “La Repubblica” qəzetinə müsahibə verib. Ölkə başçısı müsahibədə Azərbaycanın ölkənin ərazi bütövlüyünün təmin olunması məsələsində prinsipial mövqeyini, Dağlıq Qarabağ münaqişəsinin tarixini, düşmən təxribatına cavab verən Ordumuzun xilaskarlıq missiyası yerinə yetirdiyini, Ermənistanın işğalçılıq siyasətindən əl çəkmək istəmədiyini və digər mühüm məqamları özünəməxsus tərzdə səbr və təmkinlə diqqətə çatdırıb.

Yüksək döyüş qabiliyyətinə və vətənpərvərlik ruhuna malik müzəffər Azərbaycan Ordusu ardıcıl qələbələr qazanır

Azərbaycan Prezidentinin bildirdiyi kimi, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrləri - üç ölkə 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Həmin qətnamələr əslində üç onillik ərzində davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün qanuni bazanı şərtləndirir. Lakin Ermənistan beynəlxalq hüquqa sayğısızlıq göstərərək bu qətnamələri yerinə yetirməyib və işğalçılıq siyasətini davam etdirib. Son vaxtlarda Ermənistanın rəhbərləri vaxtilə zor gücünə işğal altına aldıqları torpaqların bir qarışını da geri qaytarmayacaqlarını bildirirdilər. Bu ölkənin baş naziri Nikol Paşinyan “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” deməklə, danışıqların formatını dəyişməyə səy göstərməklə sülh prosesini əslində dalana salmışdı. Düşmən ölkənin yüksəksəviyyəli rəsmilərinin tez-tez səsləndirdikləriyeni ərazilər uğrunda yeni müharibə” iddiaları, cəbhə xəttində, iki ölkə arasındakı dövlət sərhədinin müxtəlif istiqamətlərində törədilən təxribatlar ondan xəbər verirdi ki, işğal siyasətinə görə beynəlxalq tənbehdən, sanksiyalardan kənarda qalan Ermənistan daha da azğınlaşaraq yeni ərazilər ilhaq etmək xülyasındadır. Düşmən dövlətin hərbi birləşmələri bu cür təxribatlardan birini sentyabrın 27-də daha geniş miqyasda törətdi. Belə olan halda Azərbaycanın öz Ordusunun gücündən istifadə etməkdən başqa çıxış yolu qalmadı. Prezident İlham Əliyevin bildirdiyi kimi, biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Azərbaycanın gördüyü cavab tədbirləri ölkəmizi, insanlarımızı qorumaq, tarixi ədaləti və beynəlxalq hüququ təmin etmək məqsədi daşıyır.

Sentyabrın 27-dən etibarən Azərbaycan Ordusu əks-hücum əməliyyatlarını uğurla həyata keçirir. Beynəlxalq reytinq təşkilatlarının dəyərləndirmələrinə görə, Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Ordumuzun təchizatı yüksək səviyyədədir. Onun arsenalında düşmənin hədəflərini dəqiqliklə müəyyənləşdirməyə və məhv etməyə qadir olan silahlar var. Bu gün Azərbaycan Ordusu qabaqcıl yeniliklərdən, mükəmməl texnologiyalardan istifadə etməklə dünya hərb tarixinə yeniliklər bəxş edir. Eyni zamanda, Ordumuzun şəxsi heyətində çox yüksək döyüş ruhu var. Bu da onunla bağlıdır ki, Silahlı Qüvvələrimiz doğma torpaqlarda vuruşur, əsgər və zabitlərimizin qanı doğma torpaqlara axır. Qısa müddət ərzində müzəffər Azərbaycan Ordusu düşmən ölkənin işğal altındakı ərazilərdə qurduğu istehkamları yarmağa müvəffəq olub. İndiyədək təxminən 200 yaşayış məntəqəmiz, o cümlədən Suqovuşan, Hadrut qəsəbələri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, bir sıra strateji yüksəkliklər işğaldan təmizlənib, Azərbaycanla İran arasındakı dövlət sərhədimiz tam bərpa olunub. Artıq işğaldan təmizlənən ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır. Bəhs olunan müsahibədə də qeyd olunduğu kimi, Azərbaycan ərazi bütövlüyünü tam bərpa etməyə yaxınlaşır. Müzəffər Ordumuzun haqq işi uğrunda savaşdığını, tarixi ədaləti və beynəlxalq hüququ təmin etdiyini nəzərə çatdıran Prezident İlham Əliyev “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik”, - deyə vurğulayıb.

Təbii ki, düşmən ölkədə Azərbaycanın Silahlı Qüvvələrinin döyüş meydanlarında qazandığı qələbələri həzm edə bilmirlər. İşğalçı dövlətin rəhbərləri məğlubiyyətlərini müxtəlif yalanlar uydurmaqla ört-basdır etməyə çalışırlar. Ancaq onların öz cəmiyyətlərinə və dünyaya ünvanladıqları yalanlar artıq bir işə yaramır. Prezident İlham Əliyev Azərbaycanın Silahlı Qüvvələrinin Ermənistanın illər boyu yaratdığı “yenilməz ordu” mifini dağıtdığına diqqət çəkib. Bunu işğalçı dövlətin baş naziri N.Paşinyanın tez-tez müxtəlif ölkələrin rəhbərlərinə zəng edərək onların zəhləsini tökməsi, yalvararaq kömək istəməsi bir daha təsdiqləyir. Çarəsiz durumda qalan, nə edəcəyini bilməyən N.Paşinyan belə müraciətlərdən birini də bu günlərdə Rusiyanın Prezidenti Vladimir Putinə ünvanlayıb. Prezident İlham Əliyev bütün bunları düşmənin öz məğlubiyyətini etiraf etməsi kimi dəyərləndirərək vurğulayıb: “Onlar 30 il ərzində özlərini elə göstərirdilər ki, məğlubedilməz orduları var. Onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların guya “məğlubedilməz ordusu” əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinə məktub göndərərək hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir”.

İndiyədək üç atəşkəsin pozulmasının günahkarı Ermənistan və bu ölkənin baş naziri Paşinyandır

Üç onillik ərzində sülh danışıqlarında - ATƏT-in Minsk qrupu formatında aparılan danışıqlarda fəal iştirak etməsi Azərbaycanın sülhə nə qədər böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir. Döyüş meydanlarında qələbə qazanan və torpaqlarının müəyyən hissəsini işğaldan təmizləyən Azərbaycan bu gün də müharibənin dayanmasının və Dağlıq Qarabağ münaqişəsinin həllinin hərb müstəvisindən danışıqlar masasına keçməsinin tərəfdarıdır. Əgər Ermənistanın baş naziri işğal edilmiş digər ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürərsə, Azərbaycan bu gün dayanmağa hazırdır.

Sentyabrın 27-də müharibənin yenidən alovlanmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. İşğalçı ölkənin baş naziri Nikol Paşinyan müharibənin dayanmasını istəmir. Qeyd etdiyimiz kimi, o, Rusiya Prezidenti Putinə, Fransa Prezidenti Makrona, ümumiyyətlə hər kəsə telefon açaraq Dağlıq Qarabağın tanınmasını xahiş edir. N.Paşinyan başa düşmür ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa İttifaqının vahid mövqeyi var. İndiyədək respublikamızla Aİ arasında imzalanan bütün sənədlərdə respublikamızın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə olunub. İşğalçı Ermənistanın baş naziri N.Paşinyan müəyyən dəstəyi əldə etmək üçün hər bir feyk üsuldan istifadə etməyə çalışır və yol verdiyi səhvləri düzəltmək əvəzinə, ölkəsini tam tənəzzülə aparır. O, bütün vasitələrlə hakimiyyətini qorumaq üçün əlini öz xalqının da qanına batırır, ona etiraz edənləri döyüşçü qismində zorla Qarabağa ölümə göndərir, bununla həm də ondan narazı təbəqəni təmizləyir. Beləliklə, düşmən dövlətin rəhbərinin çirkin siması hər kəsə bəllidir. Dünya liderləri də onun feyklərindən yorulub. Artıq Paşinyan “siyasi ölü”yə çevrilir.

Müharibənin xronologiyasına nəzər saldıqda işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin cinayətləri aydın şəkildə görünür. İndiyədək üç atəşkəs pozulub. Buna görə işğalçı Ermənistan günahkardır. Birinci atəşkəs Moskvada razılaşdırılmışdı. Bu atəşkəs razılaşmasından bir neçə saat sonra Ermənistan ərazisindən ballistik raketlə münaqişə bölgəsindən uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə atəşə tutuldu. Bu, artıq sübut olunub. Dünya ölkələri ballistik raketin haradan buraxılmasını aşkar edə bilərlər. Sonradan Gəncə ikinci dəfə, özü də gecə vaxtı raket atəşinə məruz qaldı. Bu iki hücum nəticəsində 30 günahsız insan, o cümlədən uşaqlar həlak oldular. İkinci və üçüncü atəşkəs isə cəmi bir neçə dəqiqə çəkdi - düşmən tərəf yenə artilleriyanı işə salaraq şəhər və kəndlərimizi hədəf aldı. Azərbaycanın Bərdə şəhərinin artilleriya atəşinə tutulmasının, burada yenə də dinc sakinlərin öldürülməsinin heç bir izahı yoxdur. İşğalçı Ermənistanın silahlı qüvvələrinin dinc əhalini atəşə tutması Azərbaycan xalqının iradəsini qıra bilməyib. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “Onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazım idi. Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Bu vaxtadək 91 nəfər mülki şəxs öldürülüb və 400-dən çox adam yaralanıb. Lakin bu, bizim iradəmizi sındırmadı. Əksinə, bu, bizi daha da güclü etdi”, - deyə vurğulayıb.

Döyüş meydanında məğlub olan Ermənistanın silahlı qüvvələrinin Gəncədə, Bərdədə və digər şəhər və kəndlərimizdə dinc insanları ağır artilleriya atəşinə tutması heç bir insanlıq normasına sığmır. İşğalçı ölkənin baş naziri N.Paşinyan tarixdə Gəncə və Bərdə hadisələrinə görə “uşaq qatili” kimi qalacaq və daim lənətlənəcək.

 

 

 

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2020.- 5 noyabr.- S.3.