Prezident İlham Əliyev: Bizə əlavə mənəvi dəstəyin göstərilməsi
bir daha Türkiyə-Azərbaycan birliyinin
təzahürüdür
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Türkiyənin keçmiş
Baş Naziri Binəli Yıldırımın
rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev noyabrın 2-də Türkiyə
Respublikasının keçmiş
Baş Naziri Binəli Yıldırımın
rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib.
AZƏRTAC xəbər verir ki, qonaqları
salamlayan Prezident İlham Əliyev deyib: Xoş gəlmisiniz. Şadam sizi görməyimə.
Binəli Yıldırım:
Xoş gördük. Sağ olun. Necəsiniz? Yaxşısınız?
Prezident İlham
Əliyev: Sağ olun, hər şey yaxşıdır.
İşlər yaxşı
gedir.
Binəli Yıldırım:
Maşallah.
Prezident İlham
Əliyev: Çox sağ olun ki,
gəlmisiniz. Biz bunu çox yüksək qiymətləndiririk.
Bu, növbəti həmrəylik təzahürüdür.
Əziz qardaşım,
cənab Prezident dediyi kimi, Türkiyə
hər zaman Azərbaycanın yanındadır.
Bu dönəmdə də birliyimiz daha da möhkəmləndi.
Bildiyiniz kimi, indi Vətən müharibəsi gedir, yaxşı nəticələr
var, bir çox şəhərlər,
kəndlər işğalçılardan
azad edilib. Demək olar ki, hər həftə
Azərbaycan xalqına
bu haqda məlumat verirəm. Bu gün də
yeni kəndlərin işğaldan azad edilməsi xəbəri veriləcəkdir. Artıq
ilkin məlumatlar gəlibdir. İnşallah,
sona qədər bu haqlı davamızı
davam etdirəcəyik,
işğalçıları torpaqlarımızdan qovacağıq.
Türkiyə ilk saatlardan bizim yanımızda olduğunu bəyan etmişdir. Hörmətli
Prezident, əziz Qardaşım çox açıq bəyanatlar vermişdir ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və Azərbaycan tək deyil. Bu, çox
önəmli bəyanatlar
idi və bizə əlavə mənəvi dəstəyin
göstərilməsi bir
daha Türkiyə-Azərbaycan
birliyinin təzahürüdür.
Hörmətli Binəli bəy, biz sizinlə bərabər bu tarixi birlikdə yaşamışıq. Yaxşı bilirik,
nə qədər böyük səylər göstərildi ki, Türkiyə və Azərbaycan bir-birinə daha da yaxın
olsun. Çox önəmli layihələrin,
sizin də rəhbərlik etdiyiniz Bakı-Tbilisi-Qars dəmir
yolu layihəsinin həyata keçirilməsi
onların sırasında
mühüm yer tutur. Bundan sonra
digər layihələr
də olacaq. İnşallah, bundan sonra da uğurlu
işbirliyimiz davam edəcəkdir.
Sizə bir
daha təşəkkürümü
bildirirəm. Bilirəm
ki, sizin səfəriniz bizə həmrəylik, dəstək
göstərmək mənasını
daşıyır. Buna
görə də çox minnətdaram.
* * *
Türkiyənin keçmiş Baş Naziri Binəli Yıldırım deyib: Çox təşəkkür
edirəm, dəyərli
Prezident.
Dünən Prezidentimizlə birlikdə
idik. Cənab Prezidentimizin salamlarını
Sizə çatdırmaq
istəyirəm. Bildiyiniz
kimi, bir neçə gün əvvəl İzmirdə
böyük bir fəlakət baş verdi.
Prezident İlham
Əliyev: Mən Prezidentə zəng etdim, başsağlığı
verdim.
Binəli Yıldırım:
Bəli, İzmirdən
seçilən deputat
olduğuma görə
hadisənin baş verdiyi ilk andan
orada idim. Axtarış-xilasetmə işləri
zamanı vətəndaşlarımızın
dağıntılar altından
sağ çıxarılması,
xəsarət alanların
müalicəsi üçün
böyük səy göstərdik. Prezidentimiz
də oraya gəldi. O da lazımi göstərişlərini
verdi.
Təbii ki,
Türkiyə olaraq biz Azərbaycanın bu haqlı mübarizəsində
əvvəldən bəri
daim onun yanındayıq. Heydər
Əliyev cənablarının
“Bir millət, iki dövlət” şüarını o gündən
bu günədək davam etdiririk. Bilirik ki, Dağlıq
Qarabağ məsələsində
Siz yerdən göyə qədər haqlısınız. Çünki
Azərbaycan bu müharibədə öz
torpaqlarını işğalçılardan
təmizləyir.
Azərbaycan 27 ildir davam edən
bu işğala son qoyur, öz
ərazilərinin azad
olunmasını təmin
edir. Buna görə Azərbaycan gecə-gündüz böyük
vətənpərvərlik nümunəsi göstərərək
hər gün qəhrəmanlıq dastanları
yazır. Buraya gələrkən bir qədər əvvəl yenə bir xəbər
oxudum, bir təyyarə məhv edilib.
* * *
Görüşdən sonra Prezident İlham Əliyev Binəli Yıldırım
ilə xatirə şəkli çəkdirib.
Dövlətimizin başçısı nümayəndə
heyətinin üzvləri
ilə də xatirə şəkli çəkdirib.
Binəli Yıldırım
xatirə hədiyyəsini
Prezident İlham Əliyevə təqdim edib.
Daha sonra
Milliyətçi Hərəkət
Partiyasının parlamentdəki
fraksiyasının rəhbəri
Cəlal Adan MHP-nin sədri Dövlət Baxçalının
adından Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.
Yeni Azərbaycan.- 2020.- 3 noyabr.-
S.3.