Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında dostluğa və qarşılıqlı faydalı əməkdaşlığa söykənən əlaqələr mövcuddur

 

İki ölkə arasındakı münasibətlər enerji, kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, elm və təhsil, hərbi-texniki sahələrdə genişmiqyaslı tərəfdaşlığı əhatə edir

Bu gün öz inkişafına görə yerləşdiyi regionun lider dövlətinə çevrilən Azərbaycanın yürütdüyü xarici siyasət kursu qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanır. Qeyd etmək lazımdır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməkdədir. Ümumiyyətlə, Azərbaycan Respublikası beynəlxalq miqyasda hər zaman qarşılıqlı maraqlar çərçivəsində əməkdaşlığa üstünlük verməkdədir. Bunun nəticəsidir ki, dünya ölkələri Azərbaycanı birmənalı şəkildə layiqli tərəfdaş qismində qəbul edir, dövlətlərarası münasibətlərin daha da dərinləşdirilməsində maraqlı olduqlarını qeyd edirlər. Məhz bu kontreksdə vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında tarixi dostluğa, əməkdaşlığa söykənən əlaqələr mövcuddur.

Azərbaycan-İsrail münasibətləri dərin tarixi köklərə malikdir

Qeyd edək ki, 1991-ci ildə ölkəmizin müstəqilliyini tanıyan İsrail Dövləti ilə Azərbaycan arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib. Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə İsveçrədə keçirilən Dünya İqtisadiyyat Forumunda İsrailin Xarici İşlər naziri Şimon Pereslə, həmin ilin oktyabrında BMT Baş Məclisinin iclasında İsrailin Baş naziri İshaq Rabinlə və digər İsrail rəsmiləri ilə keçirdiyi görüşlər iki ölkə arasındakı münasibətlərin formalaşmasında və inkişafında əsaslı rol oynayıb. 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana qısamüddətli səfəri isə bu əlaqələrin daha da genişlənməsinə şərait yaradıb. Vurğulanmalıdır ki, Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edən Ulu Öndər Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dostluq şəraitində və mehribancasına yaşadığını bildirib: “Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır”.

2003-cü ildə dövlət başçısı seçilmiş Azərbaycan Prezidenti İlham Əliyev də yürütdüyü xarici siyasət kursunda İsrail ilə əlaqələrin inkişafına hər zaman xüsusi olaraq önəm verib. Ölkə Prezidentinin İsrailin dövlət rəsmiləri ilə, əsasən də Şimon Pereslə bir sıra görüşləri baş tutub. 2009-cu ildə Azərbaycan-İsrail münasibətləri tarixində ilk dəfə olaraq İsrail prezidenti 3 nazir və 50 nəfər iş adamı ilə birgə Azərbaycana rəsmi səfərə gəlib. Səfər çərçivəsində Azərbaycan və İsrail prezidentlərinin iştirakı ilə iki müqavilə imzalanıb. Bu sənədlərdən biri kommunikasiya sahəsində əməkdaşlığı, digəri isə təhsil, elm və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutur.

2016-cı ilin dekabrında isə İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasında işgüzar səfərdə olub. Bu səfər çərçivəsində də bir sıra mühüm ikitərəfli sənədlər imzalanıb ki, bu da dövlətlərarası münasibətlərin gələcək inkişafında mühüm perspektivlər yaradıb.

Onu da qeyd etmək yerinə düşər ki, iki dövlət arasında çoxşaxəli əlaqələr mövcuddur. Məsələn, ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı inkişaf edir və onun həcmi ildən-ilə artır. Əvvəllər bu əməkdaşlıq əsasən, neft-qaz sahəsinə yönəlmişdisə, sonradan bu əməkdaşlıq şaxələndirilərək, iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki tərəfdaşlığı da əhatə edir. Qeyd etmək lazımdır ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir. İsrailin Müdafiə Sənayesi Şirkətləri Azərbaycanda hərbi sənaye quruculuğunda fəal iştirak edib və bunu davam etdirirlər. Yeri gəlmişkən, 2018-ci ilin sentyabrında İsrail dövlətinin Müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri bu sahədəki əməkdaşlığın daha da gücləndirilməsinə təkan verib.

Humanitar sahədəki əməkdaşlığa gəldikdə isə, Azərbaycanda yəhudilərin iyirmiyə yaxın ictimai-mədəni və xeyriyyə təşkilatı fəaliyyət göstərir. Respublika səviyyəsində “Yəhudi Evi”, “Azərbaycan-İsrail Cəmiyyəti”, Azərbaycan - Yəhudi Qadınlar Assosiasiyası”, “Yəhudi Mədəniyyət Mərkəzi”, “Soxnut” Beynəlxalq Yəhudi Təşkilatının Azərbaycan bölməsi və digərləri fəaliyyət göstərirlər. İsrail mədəniyyət və maarifçilik fondunun köməyi ilə İsrail dövlətinin Bakıdakı səfirliyi yanında İsrailin mədəni-informasiya mərkəzi fəaliyyət göstərir ki, bu da dövlətlərarası mədəni əlaqələrin inkişaf etməsində əsaslı rol oynayır.

Bundan başqa, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 12 sənəd imzalanıb. Eləcə də, ölkələr arasındakı iqtisadi əməkdaşlıq ildən-ilə genişlənir və bu da özlüyündə Azərbaycan ilə İsrail arasında ticarət dövriyyəsinin müvafiq şəkildə artmasını təmin edir. 2013-cü ilin avqust ayında İsrail-Azərbaycan Ticarət-Sənaye Palatası rəsmən fəaliyyətə başlayıb ki, bu qurumun 34 təsisçisi var. Palatanın əsas əməkdaşlıq istiqamətlərindən biri informasiya texnologiyaları, telekommunikasiyalar və kibertəhlükəsizlikdir.

Eləcə də 2016-cı ildən Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya fəaliyyətə başlayıb. 2018-ci ilin 15-16 may tarixlərində Yerusəlimdə Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 1-ci iclası keçirilib ki, orada iki dövlət arasındakı münasibətlərin genişləndirilməsi əsas müzakirə obyekti olub.

Yeri gəlmişkən, Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvü Elşad Mirbəşir qəzetimizə açıqlamasında dövlətlərarası münasibətlərdə xalqlar arasındakı tarixi bağlılığın, birgəyaşayışın əhəmiyyətli rol oynadığını bildirib. Onun sözlərinə görə, iki dövlət arasındakı münasibətlər qarşılıqlı maraqlara cavab verməsi baxımından örnək münasibətlərdir. “Hər zaman iki xalq, iki dövlət bir-birinin yanındadır və bir-birinə dəstək olurlar” deyən E.Mirbəşir onu da vurğulayıb ki, bu münasibətlərin inkişaf etdirilməsi üçün hər iki dövlət iradə nümayiş etdirməkdədir. Bu gün yəhudilərin Azərbaycanda sülh və qardaşlıq şəraitində yaşayıb fəaliyyət göstərdiyini qeyd edən millət vəkili onu da bildirib ki, ölkəmizdə yaşayan digər millətlər kimi yəhudilər də dövlətin verdiyi bütün hüquqlardan bərabər şəkildə yararlanır, qanunverici orqanda təmsil olunurlar: “Azərbaycanın multikulturalizmə söykənən tarixi bu xalqın da ölkəmizdə rahat yaşamasına imkan yaradıb. Qeyd etmək lazımdır ki, tarixin bütün dönəmlərində yəhudi xalqı azərbaycanlılarla çiyin-çiyinə Vətənin müdafiəsində, düşmənə qarşı mübarizədə birgə səy göstəriblər. Hətta ötən əsrin əvvəlində ermənilərin ölkəmizdə həyata keçirdiyi soyqırımı siyasətinin qurbanına çevrilmiş dağ yəhudiləri Azərbaycanı öz vətənləri hesab edirlər. 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) siyasi və ictimai həyatında yəhudilər fəal iştirak ediblər. Onların arasında AXC parlamentinin üzvləri Moisey Quxmanı, sonralar Ərzaq Təminatı naziri olmuş Konstantin Lisqarı və Səhiyyə naziri Yevsey Gindesi qeyd etmək olar. İkinci Dünya müharibəsi illərində Azərbaycan yüz min yəhudi ailəsinə sığınacaq verib. Holokostdan xilas olmaq üçün digər sovet respublikalarından təxliyə edilmiş təqribən 200 min yəhudi Azərbaycan SSR-də məskunlaşıb. Bütün bunlar müsəlmanlarla yəhudilər arasında qarşılıqlı etimada əsaslanan dinc yanaşı mövcud olmanın rəmzinə çevrilib. Bununla yanaşı, həm birinci Qarabağ müharibəsində, həm də hazırda ölkəmizin ərazi bütövlüyünün təmini uğrunda gedən əməliyyatlarda bu xalqın övladlarının şücaəti hər kəsə bəllidir. Milliyyətcə yəhudi olan Albert Aqarunov Azərbaycanın Milli Qəhrəmanıdır və bu fakt özlüyündə bir daha milli birliyimizin rəmzi kimi çıxış edir”.

Millət vəkili qəzetimizə açıqlamasında iki dövlət arasındakı əlaqələrin inkişafında dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin, o cümlədən beynəlxalq səviyyədə qarşılıqlı dəstəyin ifadə edilməsinin mühüm əhəmiyyətə malik olduğunu da bildirib. Onun sözlərinə görə, 2016-cı ildə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana işgüzar səfəri dövlətlərarası münasibətlərin inkişafında mühüm rola malik olub: “Təbii ki, həmin dövrə qədər də iki dövlət arasında bir sıra sahələr üzrə yüksəksəviyyəli əməkdaşlıqlar mövcud idi. Bu mənada, Ulu Öndər Heydər Əliyevin Şimon Pereslə, Benyamin Netanyahu ilə, Ehud Barakla görüşlərini nümunə kimi göstərmək olar. Amma Prezident İlham Əliyevin hakimiyyətə gəlişindən sonra dövlətlərarası münasibətlərin inkişafında yeni bir mərhələyə qədəm qoyuldu. 2016-cı ildə baş tutan səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü keçirilmişdi. Bundan başqa, iki dövlətin rəsmi strukturlarının əməkdaşlığı ilə bağlı bir sıra sənədlər imzalanmışdı ki, bunlardan “Azərbaycan Respublikasının Hökuməti ilə İsrail Dövlətinin Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” Saziş, “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiya xüsusi vurğulanmalıdır”.

 

(davamı növbəti sayımızda)

Pərviz SADAYOĞLU

 

 

 Yeni Azərbaycan.- 2020.- 6 noyabr.- S.7.