Arzuxan Əlizadə: Azərbaycan tarix yazdı

 

“Əks-hücum əməliyyatlarının başlandığı gündən Ordumuz ciddi uğurlara imza atdı, Azərbaycan tarix yazdı. Məhz döyüş meydanında, diplomatik müstəvidə qazanılan uğurların nəticəsi idi ki, noyabrın 10-da Ermənistan faktiki olaraq məğlubiyyətini etiraf etdi və dövlət başçıları arasında məlum bəyanat imzalandı. Azərbaycan xalqı birmənalı şəkildə işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inanırdı və bunu gözləyirdi. Bəyanatda məhz bu məqam nəzərdə tutulur. Hər bir vətəndaşımızı təbrik edirəm”.

Bunu açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib.

A.Əlizadə qeyd edib ki, Azərbaycanda bir bayram ab-havası yaşanır, Ermənistanda isə xaos, qarşıdurmalar hər dəqiqə artmaqdadır: “Bütün bunlar özü bəyanatın nəticələrini əks etdirir. Faktiki olaraq Ermənistan rəhbərliyi artıq bu bəyanatı Azərbaycanın gücü, qətiyyəti sayəsində, məcburiyyət qarşısında imzaladığını elan edib. Onsuz da işğalçı ölkədə son dövrlərdə siyasi mühitdə fərqli düşüncələr, qarşıdurmalar açıq şəkildə əks olunurdu. Paşinyanın bu bəyanatı imzalamasının ardından qarşıdurmalar daha da dərinləşib. Azərbaycanda isə xalq, dövlət və ordu arasında vəhdət, birlik mövcuddur. Arzu edirik ki, bu birlik sona qədər olsun. Azərbaycan 30 il ərzində itirdiyi tarixi torpaqlarını döyüşərək geri qaytarıb”, - deyə A.Əlizadə əlavə edib.

 

P.SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2020.- 12 noyabr.- S.7.