Mais Səfərli: Xalqımız cənab Prezidentin rəhbərliyi ilə inamla addımladı və zəfərə nail oldu

 

“Ötən illər ərzində Azərbaycan Prezidenti İlham Əliyevin təkcə iqtisadi, sosialsiyasi sahələrdə deyil, müasir ordu quruculuğu sahəsində də gördüyü böyük işlər danılmazdır. Ali Baş Komandan olaraq cənab İlham Əliyevin ordumuzun həm maddi-texniki təminatının və döyüş qabiliyyətinin, həm də şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində gördüyü işlər bugünkü qələbəmizi təmin edən əsas amillərdir”. Bu fikirləri Yurddaş Partiyasının sədri Mais Səfərli deyib.

Mais Səfərli bildirib ki, bu il sentyabrın 27-də Ermənistanın hərbi təxribat törədərək mövqelərimizi və yaşayış məntəqələrimizi ağır silahlardan atəşə tutmasından sonra əks-hücum əməliyyatlarına başlayan şanlı Azərbaycan Ordusu 30 ilə yaxındır Ermənistanın işğalında olan Füzuli, Qubadlı, Zəngilan, Cəbrayıl və Şuşa şəhərlərini və 300-ə yaxın kəndimizi qısa müddətdə işğaldan azad etdi. Partiya sədrinin sözlərinə görə, Azərbaycan işğal atındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri dövlətimizin başçısının diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməsi və məntiqli arqumentləri sayəsində iflasa uğradı.

M.Səfərli qeyd edib ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi, bütün Azərbaycan xalqının illərdir arzu etdiyi xəyalların gerçəkləşməsi deməkdir: “Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək, dövlət başçısını qeyd-şərtsiz dəstəkləyib. Xalqımız cənab Prezidentin rəhbərliyi ilə inamla addımladı və zəfərə nail oldu. Vətən torpağının hər bir qarışı bizim üçün müqəddəsdir. Ermənistanın işğalından azad olunan bütün torpaqlarımıza qısa zamanda sülh və əmin-amanlıq gələcək. Dövlət başçısının dediyi “Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar” ifadəsi artıq vətənpərvərlik harayına çevrilib. Şuşa Azərbaycanın incisidir, mədəniyyət və musiqi beşiyidir. Şuşa, heç şübhəsiz, işğaldan azad edilməli idi. Bu böyük işi Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu bacardı. Şuşanın Azərbaycana, Azərbaycanın Şuşaya olan 28 illik həsrətinə son verildi. Şəhidlərimizin qanı yerdə qalmadı! Şəhidlərimizin ruhu şaddır! Əldə olunmuş razılaşmalara görə, işğalçı qüvvələr Kəlbəcər, Laçın və Ağdam rayonlarından da tezliklə çıxarılacaq. Məcburi köçkünlərimiz həm Dağlıq Qarabağa, həm də onun ətrafındakı yeddi rayona qayıdacaqlar. Bununla da, insanlarımızın torpaq həsrətinə son qoyulacaq”.

 

N.BAYRAMLI

 

Yeni Azərbaycan.- 2020.- 12 noyabr.- S.7.