Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa
əsaslanan Azərbaycan-Türkiyə münasibətləri
qlobal əhəmiyyət daşıyır
Qardaş
ölkələrin çoxşaxəli əməkdaşlığı
hər iki dövlətin qətiyyətli siyasi iradəsi əsasında
inkişaf edərək daha da möhkəmlənir
Çox doğru olaraq bu gün Azərbaycanla
Türkiyənin qarşılıqlı münasibətləri
dostluğun, qardaşlığın zirvə nöqtəsi
kimi səciyyələndirilir. Dünya miqyasında elə iki
dövlət tapmaq mümkün deyil ki, onlar bizim ölkələrimiz
kimi bir-birinə yaxın olsunlar. Hazırda daim
yüksələn xətlə inkişaf edən əlaqələrimizin
kökləri tarixin dərin qatlarından, dil və din
eyniliyindən, ortaq ənənələrdən, milli mədəniyyətlərimizdən,
xalqlarımızın həyat tərzindən və bu kimi digər
amillərdən qaynaqlanır.
Eyni zamanda, geostrateji planda meydana çıxan
yeni çağırışlar Azərbaycan-Türkiyə
müttəfiqliyinin möhkəmləndirilməsinin zəruriliyi
həqiqətini ortaya qoyur. Bir sıra ekspertlərin də
vurğuladığı kimi, bu gün regional əməkdaşlığı
və təhlükəsizliyi iki dövlətin müttəfiqliyindən
kənarda təsəvvür etmək mümkün deyil.
Bütövlükdə, Azərbaycan-Türkiyə münasibətləri
çoxşaxəli olmaqla böyük regional və qlobal əhəmiyyət
daşıyır.
Xalqımızın Ümummilli Lideri Heydər
Əliyev Azərbaycanın Türkiyə ilə münasibətlərinin
möhkəmlənməsinə böyük önəm verirdi
Səciyyəvi haldır ki, Azərbaycanla
Türkiyə arasında müxtəlif istiqamətlərdə
əlaqələrin dərinləşməsinə yönələn
təşəbbüslər davamlı şəkildə hər
iki tərəfdən gəlir. Başqa sözlə desək,
Azərbaycan-Türkiyə müttəfiqliyi hər iki dövlətin
qətiyyətli siyasi iradəsi əsasında inkişaf edərək
daha da möhkəmlənir. Bu münasibətlərin
mahiyyəti hələ XX əsrin əvvəllərində
Türkiyənin böyük dövlət xadimi Mustafa Kamal
Atatürkün ifadə etdiyi “Azərbaycanın sevinci
sevincimiz, kədəri kədərimizdir”, XX əsrin
sonlarında isə dünya şöhrətli siyasətçi,
böyük dövlət xadimi, Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin dilə gətirdiyi
“Bir millət, iki dövlət” kəlamında ifadə olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin 28 may
1918-ci ildə müstəqilliyini elan etməsi ilə
başlayan Türkiyə-Azərbaycan siyasi əlaqələri
respublikamız 1991-ci ildə XX yüzillikdə ikinci dəfə
müstəqillik qazandıqdan sonra yenidən bərpa olunub.
Qardaş ölkə dünyada ilk dövlət olaraq 9 noyabr
1991-ci il tarixində Azərbaycanın müstəqilliyini
tanıyıb. İki ölkə arasında diplomatik
münasibətlər 1992-ci ildə qurulub. Həmin ilin yanvar
ayında Türkiyə Respublikasının Azərbaycan
Respublikasında səfirliyi açılıb. Azərbaycan
Respublikasının Türkiyə Respublikasındakı səfirliyi
isə 1992-ci ilin avqust ayında açılıb. 1993-cü
ilin yanvar ayında Azərbaycanın İstanbulda, 2004-cü
ilin aprelində isə Qarsda Baş Konsulluqları təsis
edilib. Türkiyənin 1992-ci ildə Naxçıvan MR-da,
2010-cu ildə Gəncədə Baş Konsulluqları
yaradılıb. 2012-ci ilin 8 sentyabr tarixində isə Azərbaycanın
Lənkəran şəhərində qardaş ölkənin
Fəxri Konsulluğu təsis edilib.
Biz yuxarıda xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin Azərbaycanla Türkiyənin möhkəm
dostluq və qardaşlıq münasibətlərini
özündə ehtiva edən “Bir millət, iki dövlət”
kəlamını xatırlatdıq. Obrazlı şəkildə
ifadə olunan bu kəlam Ulu Öndərimizin Azərbaycanın
Türkiyə ilə münasibətlərinin möhkəmlənməsinə
böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir.
Azərbaycanın beynəlxalq aləmə
inteqrasiyasında, regional təhlükəsizliyin
qorunmasında və ümumiyyətlə, ölkəmizin
siyasi-iqtisadi və elmi-mədəni maraqlarının
reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın
genişlənməsinə xüsusi əhəmiyyət verən
Heydər Əliyev 1993-cü ildə xalqın təkidli
tələbi ilə yenidən respublikamızın siyasi rəhbərliyinə
qayıtdıqdan sonra iki qardaş ölkənin
yaxınlaşmasına yönələn səylərini daha
da gücləndirdi.
Azərbaycan Prezidenti Heydər
Əliyevin Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi,
on beş işgüzar səfər etməsi Ümummilli
Liderin xarici siyasət konsepsiyasında Türkiyəyə
verdiyi önəmin və ölkələrimiz
arasındakı strateji əməkdaşlığın tamam
fərqli olduğunun göstəricisidir. Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə
1994-cü il fevralın 8-dən 11-dək davam edən ilk rəsmi
səfəri ikitərəfli əlaqələrin
inkişafına yeni təkan verdi. Səfər
çərçivəsində Türkiyənin Prezidenti,
Baş naziri və parlamentin rəhbəri ilə
görüşən Heydər Əliyev Türkiyə
Böyük Millət Məclisində çıxış edərək
iki ölkənin əlaqələri və bu əlaqələrin
genişlənməsi üçün Azərbaycan tərəfinin
planları haqqında məlumat verib. Səfər
çərçivəsində iki ölkə arasında əməkdaşlıq
və qarşılıqlı yardım haqqında protokol,
elmi, texniki, mədəni və iqtisadi sahələrdə əməkdaşlıq
haqqında saziş, dostluq və hərtərəfli əməkdaşlığın
inkişafı barədə müqavilə, siyasi məsləhətləşmələr
barədə saziş, investisiyaların
qarşılıqlı təşviqi və qorunması
haqqında saziş, eləcə də digər mühüm sənədlər
imzalanıb.
5-8 may 1997-ci il tarixində Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyəyə
ikinci rəsmi səfəri zamanı keçirilən
görüşlər, aparılan danışıqlar nəticəsində
imzalanmış səkkiz sənəd, xüsusilə strateji əməkdaşlığın
dərinləşdirilməsi haqqında müqavilə Türkiyə-Azərbaycan
dostluq və qardaşlıq əlaqələrinin yeni bir mərhələyə
daxil olmasının təzahürü idi.
12-17 mart 2001-ci ildə isə Azərbaycan
Prezidenti Heydər Əliyev Türkiyəyə növbəti dəfə
rəsmi səfər edib. Türkiyənin dövlət və
hökumət rəhbərləri ilə görüşlərdə
iki dövlət arasında münasibətlərin vəziyyəti
və inkişaf perspektivləri müzakirə mövzusu olub. Səfər zamanı imzalanan Azərbaycan təbii
qazının Türkiyəyə nəql edilməsinə dair
saziş və digər sənədlər
qarşılıqlı faydalı əməkdaşlıq
siyasətinin davam etdirilməsinə daha yaxşı şərait
yaradılması baxımından mühüm əhəmiyyət
kəsb edir.
Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin 1997-ci ildə Türkiyənin
“Dövlət nişanı”na, 1999-cu ildə isə Beynəlxalq
Atatürk Sülh Mükafatına layiq görülməsi, dəfələrlə
Türkiyənin müxtəlif media qurumları tərəfindən
“İlin adamı” seçilməsi, bu ölkənin bir
çox universitetinin Fəxri doktoru adına layiq görülməsi
Ulu Öndərin Azərbaycan-Türkiyə münasibətlərinin
inkişafındakı xidmətlərinə verilən layiqli
qiymətdir.
İki qardaş ölkə arasında siyasi
münasibətlər ən yüksək səviyyədədir
Müstəqil Azərbaycanın
bütün istiqamətlərdə apardığı siyasətin
varisliyini təmin edən Prezident İlham Əliyev, həmçinin
Ulu Öndərimizin qardaş Türkiyə ilə
yaratdığı strateji əməkdaşlıq münasibətlərini
yeni əsaslarla davam etdirib daha da möhkəmləndirməyə
böyük səy göstərir. Qeyd edək
ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında
formalaşan səmimi münasibətlər, onların bir-birilərini
“qardaşım” deyə çağırmaları ölkələrimiz
arasında siyasi dialoqun daim yüksələn xətlə
inkişafına çox güclü impuls verir. Bu gün Azərbaycanla Türkiyə arasında
siyasi dialoqun ən yüksək səviyyəyə yüksəlməsinin
ifadəsi olaraq Azərbaycan Prezidentinin dövlət
başçısı seçildikdən sonra ilk səfərini
Türkiyəyə etməsi, eləcə də Türkiyə
Prezidentinin dövlət başçısı statusunda ilk səfərini
respublikamıza reallaşdırması gözəl bir ənənəyə
çevrilib. İki qardaş ölkənin rəhbərləri
müntəzəm qaydada qarşılıqlı səfərlər
edirlər, ikitərəfli və digər platformalarda
davamlı olaraq görüşürlər. Bu
görüşlərdə regional və qlobal əməkdaşlıqla,
təhlükəsizliklə bağlı ciddi müzakirələr
aparılır. Qardaş ölkələr beynəlxalq
müstəvidə fəaliyyətlərini daim əlaqələndirirlər
və müxtəlif məsələlərə münasibətdə
bir-birilərini dəstəkləyirlər. Aşağıdakı
nümunə Azərbaycanla Türkiyənin beynəlxalq təşkilatlar
çərçivəsində bir-birilərini qətiyyətlə
dəstəkləmələrinə yaxşı nümunədir.
Prezident İlham Əliyev 2014-cü il aprelin 24-də
Praqada dövlət və hökumət
başçılarının iştirakı ilə “Şərq
tərəfdaşlığı” proqramının 5 illiyinə
həsr olunan sammitdə o vaxtkı Ermənistan prezidenti Serj
Sarkisyanın Türkiyəyə qarşı hücumlarına
sərt cavab verərək “Ermənistan prezidenti burada
fürsətdən istifadə edərək Türkiyəyə
yenidən hücum edir. Bunu etmək asandır, çünki
bu masa arxasında Türkiyə nümayəndələri
yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin
niyə bağlı olduğunu deyə bilərəm”, - deyə
bildirmişdi. Azərbaycan Prezidentinin bu cavabı Türkiyədə
böyük coşquya səbəb oldu. Təsadüfi deyil ki,
qardaş ölkənin mediası, bütün cəmiyyəti
bunu Ermənistanın sabiq prezidentinin sifətinə vurulan tərs
sillə kimi dəyərləndirdi.
Bütövlükdə, ötən
dövrdə Azərbaycan və Türkiyə arasında siyasi
əlaqələr strateji müttəfiqlik səviyyəsinə
yüksəlib. 15 sentyabr 2010-cu ildə İstanbulda imzalanmış
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq
Şurasının (YSSƏŞ) yaradılmasına dair Birgə
Bəyannamə ilə təsbit olunmuş YSSƏŞ-in
mütəmadi keçirilən iclasları iki ölkə
arasındakı bütün sahələrdə əlaqələrin
daha da genişlənməsi və dərinləşməsinə
öz müsbət təsirini göstərir.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan və Türkiyənin münasibətlərində
xüsusi yer tutur
Azərbaycanla Türkiyə arasında getdikcə
dərinləşən münasibətlərdən söhbət
açarkən iqtisadi sahədə əməkdaşlığın
önəmini xüsusi qeyd edə bilərik. Bir-birinə
qarşılıqlı inam bəsləyən iki qardaş
ölkə investisiya qoyuluşunu getdikcə genişləndirir.
2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi
33 faiz artaraq 4,5 milyard dollara çatıb. Ölkələrimiz
arasında ticarət dövriyyəsinin 15 milyard dollara
çatdırılması ilə bağlı hədəf
müəyyənləşdirilib və bu, tamamilə real məqsəddir.
Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə
şirkəti fəaliyyət göstərir. Türkiyə
şirkətləri 300-dən çox layihədə 16 milyard
dollar həcmində iş görmüşlər və bu
parametrlərə görə Türkiyə birinci yerdədir.
İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına
18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına
12,5 milyard dollar sərmayə qoyub. Belə böyük
ölçüdə sərmayələrin qoyuluşu bir daha
iki ölkə arasındakı qardaşlığı təsdiqləyir.
Çünki ancaq qardaş ölkələr bir-birilərinin
iqtisadiyyatına bu qədər vəsait - yatırım qoya
bilərlər. Azərbaycanın SOCAR şirkəti qardaş
Türkiyədə 6,3 milyard dollar həcmində sərmayə
yatırmaqla “Star” neft emalı zavodunun yaradılmasına nail
olub.
(davamı növbəti sayımızda)
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2020.-
13 nioyabr.- S.7.