Vətəndaş məktubları: Cənab
Prezident, Sizin adınız Azərbaycan tarixinə qızıl
hərflərlə yazılacaq
Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə rəşadətli
Ordumuzun qazandığı tarixi Qələbə Azərbaycan
vətəndaşlarına, xaricdə yaşayan
soydaşlarımıza böyük sevinc və qürur hissi
yaşadır. Onlar dövlətimizin başçısına
ünvanladıqları məktublarda bu hisslərə görə
minnətdarlıqlarını bildirirlər.
AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların
daha bir neçəsini təqdim edir.
Rusiyanın Novosibirsk şəhərindən
Mayis Məmmədov yazır: “Cənab Prezident,
Novosibirsk vilayəti ərazisində yaşayan bütün azərbaycanlılar
adından və şəxsən öz adımdan Sizə Azərbaycan
dövlətinin lideri olaraq həyata keçirdiyiniz quruculuq fəaliyyətinə
və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Ali Baş Komandanı olaraq qazandığınız zəfərlərə
görə səmimi minnətdarlığımı
bildirirəm. Sizin müasirlərinizin bəxti
onda gətirib ki, biz Sizin rəhbərliyiniz altında həyata
keçirilən, Azərbaycanın inkişafına, Azərbaycan
xalqının mədəni və tarixi nailiyyətlərinin
qorunmasına yönəlmiş yaradıcı fəaliyyətin
şahidləriyik. Cənab Prezident,
bütün Azərbaycan xalqı üçün əlamətdar
hadisə - Azərbaycanın mədəniyyət mərkəzi
olan Şuşa şəhərinin azad olunması ilə
bağlı səmimi təbriklərimi qəbul edin. 2020-ci il
8 noyabr Azərbaycan tarixinə əbədilik yazıldı.
Eyni zamanda, Ermənistanla Azərbaycan arasında illərdən
bəri davam edən münaqişənin nizama salınması
barədə 2020-ci il noyabrın 10-da müqavilə
imzalanması münasibətilə Sizi səmimi qəlbdən
təbrik edirəm. Bu müqavilə regionda davamlı sülhə,
əmin-amanlığa gətirib çıxaracaq və qan
tökülməsinə son qoyacaqdır. Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi regionda ən
uzunmüddətli münaqişələrdən biridir və
bu gün onun sona çatması, ilk növbədə,
döyüş meydanında qələbə qazanan,
çoxillik işğaldan azad olunmuş torpaqlarını
geri qaytaran Azərbaycan xalqı üçün tarixi hadisədir.
Azərbaycan Respublikasının bütün vətəndaşları
dini-etnik mənsubiyyətindən asılı olmayaraq,
doğma torpaqlarda ədalətin zəfər çalması və
haqqın bərpası üçün birləşdilər.
Hörmətli cənab Prezident, Azərbaycan xalqının bu
tarixi Qələbəsi, ilk növbədə, Sizin sayənizdə
mümkün oldu. Siz dünya miqyaslı siyasətçi
olaraq, öz xalqınızı hər zaman düzgün yola
istiqamətləndirirsiniz. Sizin adınız Azərbaycan
tarixinə qızıl hərflərlə yazılacaq. Biz -
Sizin həmvətənləriniz, hansı ölkədə
yaşamağımızdan asılı olmayaraq, Sizi dəstəkləyir
və Sizinlə fəxr edirik, Azərbaycanın rifahı naminə
bundan sonra da əlimizdən gələn hər şeyi edəcəyik.
Tarixi ədalətin bərpası, işğal
edilmiş ərazilərin qaytarılması, bütün
dünyada Azərbaycanın tarixi və mədəniyyəti
haqqında obyektiv fikir formalaşması ilə bağlı
Sizin qarşıya qoyduğunuz və uğurla gerçəkləşdirdiyiniz
məqsədlər Vətənimizin ən yeni tarixinin
formalaşmasına mühüm töhfədir. Möhtərəm
cənab Prezident, Sizi ürəkdən təbrik edir, Sizə
cansağlığı və ali dövləti fəaliyyətinizdə
uğurlar arzulayıram”.
Goranboy rayonundan Zümrüd Quluyevanın məktubunda
deyilir: “Əziz Prezidentim, mən 9-cu sinifdə oxuyuram. Siz həsrətlə
gözlədiyimiz ən şad xəbəri - Qarabağın
azad olunması xəbərini bizə
çatdırdınız. Bu sevinc hisslərini
xalqımıza yaşatdığınız üçün
Sizə sonsuz minnətdarıq. Sizi min yaşayın. Mən
Sizinlə fəxr edirəm və qürur duyuram. Allah Sizi və
Azərbaycan Ordusunu qorusun! Eşq olsun Ali Baş Komandana!
Eşq olsun Ordumuza!”.
Oğuz rayonunun sakini Şahin İsayev: “Dəyanətli,
məğrur Prezidentim, Müzəffər Ali Baş Komandan,
Siz qətiyyətlə haqq-ədaləti bərpa edərək,
xalqımızın inamını yenidən özünə
qaytardınız. Sizi və müzəffər Azərbaycan
Ordusunu Qarabağın tam azad olunması münasibətilə
təbrik edirik. Ulu Tanrı Sizi, Azərbaycan Ordusunu, əsgər
və zabitlərimizi qorusun! Qarabağ bizimdir!”.
Ağdam sakini Təbriz Aslanov: “Hörmətli cənab
Prezident, Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilmiş Qarabağ və ətraf rayonların
azad edilməsi üçün yürütdüyünüz
siyasəti dəstəkləyirik. Sizin müdrik və
uzaqgörən siyasətiniz nəticəsində
torpaqlarımız yağı düşməndən təmizləndi.
Sizə və şanlı Ordumuza təşəkkür edir və
Allahdan qüvvət arzulayırıq! Qarabağ bizimdir,
Qarabağ Azərbaycandır!”.
Masallıdan Səfalı Paşayev: “Hörmətli
Prezident, Müzəffər Ali Baş Komandan, Ulu Öndərimiz
Heydər Əliyevin siyasi kursuna sadiq qalaraq və onun vəsiyyətinə
əməl edərək işğal altındakı
torpaqlarımızı, xüsusilə də Şuşa şəhərini
işğaldan azad etdiniz. Bu möhtəşəm
hadisə ilə bağlı Siz başda olmaqla bütün
xalqımızı təbrik edir və 9 Noyabr - Dövlət
Bayrağı günü ərəfəsində
xalqımıza bu sevinci yaşadıb şanlı
bayrağımızı Şuşada ucaltmaqla tarix
yazdığınızı fəxarətlə vurğulayırıq.
Əziz Prezidentimiz, Siz Şuşanın azad edilməsi xəbərini
Şəhidlər xiyabanından xalqa çatdırmaqla mənəvi
dəyərlərimizə sadiq, qeyrətli Azərbaycan
oğlu olduğunuzu bir daha təsdiq etdiniz. Allah Sizi qorusun!”.
İsmayıllıdan Fazil Həsənov:
“Hörmətli Prezident, müzəffər Ali Baş Komandan,
Sizi və şanlı Ordumuzu möhtəşəm Qələbə
münasibətilə İsmayıllı Suvarma Sistemləri
İdarəsinin kollektivi adından ürəkdən təbrik
edirik. Sizə, Ordumuzun əsgər və zabitlərinə
cansağlığı, uzun ömür və müvəffəqiyyətlər
arzulayırıq. Şəhidlərimizin ruhu şad olsun!
Yaşasın Ali Baş Komandan! Yaşasın Ordumuz!
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”.
Zaqataladan Fikrət Şərifov: “Möhtərəm cənab Prezident, Azərbaycan
Ordusunun 2020-ci il sentyabrın 27-dən keçirdiyi uğurlu hərbi
əməliyyatlar nəticəsində ard-arda
rayonlarımızın düşmən tapdağından azad
edilməsi Silahlı Qüvvələrin Ali Baş
Komandanı kimi Sizin müdrik rəhbərliyinizin nəticəsidir.
Noyabrın 8-də Sizin Şuşa şəhərinin
işğaldan azad edilməsi barədə televiziya vasitəsilə
bizlərə çatdırdığınız xəbər
Zaqatala Suvarma Sistemləri İdarəsinin kollektivini ürəkdən
sevindirir, doğma Vətənimizə daha böyük inamla
xidmət etməyə ruhlandırır. Bütün Azərbaycan
xalqı kimi idarəmizin mühəndis texniki işçiləri
də tarixi torpağımızın erməni
işğalından tezliklə azad olunacağına
inanırlar. Xarici ölkələrdən olan jurnalistlərin
suallarına cəsarətli və faktlara söykənmiş cavablarınızı
idarənin bütün əməkdaşları qürur hissi
ilə qarşılayır. Möhtərəm cənab
Prezident, bizə böyük sevinc hissi
yaşatdığınız üçün Sizə və rəşadətli
Ordumuza ürəkdən təşəkkür edirik.
Qarabağ Azərbaycandır!”.
Naxçıvandan Kamil Xudaverdiyev: “Hörmətli Prezidentim, mənfur erməni
işğalçıları üzərində müzəffər
Ordumuzun qazandığı Qələbə münasibətilə
Sizi təbrik edir, əllərinizdən öpürəm.
Çünki bu müzəffər Ordunun Ali Baş
Komandanı Sizsiniz, hərbi və siyasi zəfərlər
Sizin sayənizdə əldə edildi. Son 273 ildə Azərbaycan
tarixində heç bir hökmdar, heç bir dövlət
başçısı itirilmiş Azərbaycan
torpaqlarını geri qaytarmağa nail olmamışdı. Bu
missiyanı Ulu Öndərimiz Heydər Əliyevin oğlu,
onun layiqli varisi İlham Əliyev şərəflə yerinə
yetirdi. Siz millətin xilaskarı kimi zirvəyə
ucaldınız. Eşq olsun Azərbaycanın yeni tarixini yazan
polad iradəli, cəsur sərkərdə, məharətli
diplomat, müdrik siyasətçi, xalqımızı yumruq
kimi birləşdirən əbədi Prezidentimiz İlham
Əliyevə! Allah Sizi qorusun!”.
Abşeron rayonundan Emin Carçıyev: “Müzəffər
Ali Baş Komandan, Sizi Vətən müharibəsində
qazandığımız Qələbə münasibətilə
öz adımdan, ailəmin hər üzvü adından,
Abşeron gəncləri adından təbrik edirəm. Bizə
bəxş etdiyiniz bu Qələbəyə görə Sizə
minnətdarıq, Sizə borcluyuq. Siz hər zaman bizim inanc
yerimiz, güvənc yerimiz oldunuz. Sizinlə fəxr edirik.
Tanrı Sizi qorusun! Var olun, Müzəffər Ali Baş
Komandanım!”.
İmişlidən Rüstəm Qüdrətov:
“Müzəffər Ali Baş Komandan,
Qarabağımızın 30 illik işğalına son qoyuldu.
Sizə edilən çoxlu təzyiqlərə baxmayaraq,
torpaqlarımızı işğaldan azad etdiniz. Uzun müddət
apardığınız siyasi-diplomatik səyləriniz hərbi
güclə tamamlanaraq öz bəhrəsini verdi.
İmişli rayon kommunistləri olaraq Sizin və qəhrəman
Ordumuzun əsgərləri qarşısında baş əyirik.
Sizə gələcək işlərinizdə uğurlar
arzulayırıq”.
Tərtər rayonunun sakini Fərid Əsgərov:
“Möhtərəm Prezident, Müzəffər Ali Baş
Komandan, bu günlər xalqımız tarixi bir dönəm
yaşayır. Sizin rəhbərliyiniz altında müzəffər
Ordumuz Qarabağ torpaqlarını erməni
işğalından azad etdi. Hər gün döyüş
bölgələrindən şad xəbərlər gəlir.
Hər bir azərbaycanlı kimi mən də buna sevinirəm,
qəlbim riqqətə gəlir. Cənab Prezident, Siz xalqın
sevimlisinə çevrilmisiniz. Biz Sizin hər bir
çıxışınızı səbirsizliklə
gözləyir və dərin vətənpərvərlik hissi
ilə dediyiniz sözlərdən mütəəssir oluruq. Bəzən gözlərim yaşla dolur, ürəyim
Sizə minnətdarlıq hissi ilə döyünür.
Əvvəllər mətbuat sahəsində işlədiyimə
görə mən özüm də bu tarixi günlərdə
xalqımızın qələbə ruhunu yüksəltmək
üçün müxtəlif mətbuat orqanlarında
yazılarla çıxış edirəm. Hazırda
işlədiyim Ağdam rayonu Qasımbəyli qəsəbəsində
yerləşən idarəmiz, o cümlədən
yaşadığım Tərtər rayonu Köçərli
kəndi tez-tez erməni faşistlərinin atəşlərinə
məruz qalırdı. Bu cür təhlükəli şəraitdə
mən öz işimi vicdanla yerinə yetirirəm.
Qorxmadan, çəkinmədən doğma Qarabağda
yaşamaqdan və işləməkdən zövq alıram.
Daim ürəyimiz dədə-baba yurdlarımıza
qayıtmaq hissi ilə döyünür. Hörmətli
Prezident, mən özümü Sizin əsgəriniz hesab edirəm.
Bütün sahələrdə Sizə sədaqətlə
xidmət etmək əhval-ruhiyyəsi ilə yaşayıram.
Hələ 2015-ci ildə hərbi xidmət keçdiyim zaman
Siz bizim hərbi hissənin açılış mərasiminə
gəlmiş, məzmunlu çıxış etmişdiniz. Həmin
görüş və çıxışınız hafizəmdə
və qəlbimdə daim yaşayır, məni dövlətim
üçün daha faydalı işlər görməyə
sövq edir. Sizin ölkəmizin tərəqqisi naminə
apardığınız daxili və xarici siyasəti daim dəstəkləmişəm,
bunu özümə mənəvi borc və vətəndaşlıq
vəzifəsi hesab edirəm. Cənab Prezident, indiki Vətən
müharibəsi göstərdi ki, Siz dinc şəraitdə də,
müharibə şəraitində də ölkəni məharətlə
idarə edirsiniz. Bu müharibə, həm də Sizin sərkərdəlik
istedadınızı üzə çıxardı. Hərbi əməliyyatlara,
müzəffər Ordumuza uğurla komandanlıq etdiniz. Bizim
işimiz haqq işidir, Allahın mərhəməti
üstümüzdədir. “Qisas qiyamətə qalmaz” demişlər,
elə də oldu. Allah Sizi qorusun, müzəffər Ordumuza
yardımçı olsun! Qarabağ Azərbaycandır!”.
Ağdam sakini Elbrus Abdullayev: “Hörmətli
Prezident, Müzəffər Ali Baş Komandan, Şuşa şəhərinin
işğaldan azad olunması, cəbhədə
qazandığımız qələbələr münasibətilə
Sizi və xalqımızı təbrik edir,
qarşınızda baş əyirəm. Sizin xalça üzərində
toxunmuş şəkliniz evimizdən asılıb. Hər dəfə
şəklinizi görəndə Uca Tanrıdan Sizə
cansağlığı, uzun ömür arzulayıram.
Dualarımız Sizinlədir. Var olun, cənab Prezident!”.
Daşkəsən sakini Sərvinaz Qurbanova:
“Hörmətli cənab Prezident, mən bir zəhmətkeş
Azərbaycan qadını kimi, Sizinlə fəxr edirəm.
Eşq olsun Sizə, əziz Prezidentim! Hər zaman var
olasınız! Siz bizim dayağımızsınız. Biz xalq
olaraq hər zaman Sizin arxanızdayıq. Yaşasın Müzəffər
Ali Baş Komandanımız! Yaşasın Azərbaycan
xalqı!”.
Yeni Azərbaycan.- 2020.- 13 noyabr.-
S.3.