Azərbaycanda yol infrastrukturunun
inkişafı mühüm prioritetlər
sırasındadır
Regionlarda yol təsərrüfatının bərpası,
yenidən qurulması və müasir standartlara
çatdırılması istiqamətində işlər
davam etdirilir
(əvvəli ötən sayımızda)
Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyindən bildirilib ki, başlanğıcını
Ağsu şəhərindən götürən
Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun ümumi
uzunluğu 39 kilometrdir. Yolun Ağsu-Qaradağ hissəsi 20,3
kilometr, bu yoldan ayrılan Qaradağlı, Rəhimli, Şahbəyli,
Qarabağlı, Bozovand, Ağarx, Parakənd, Maşadqanlı,
Ülgüc kəndlərinin giriş yolları isə 18,7
kilometr təşkil edir.
Yenidənqurma işləri çərçivəsində
yolun normativ eninin alınması üçün genişləndirmə
işlər görülüb. Torpaq işlərinə
paralel olaraq yolboyu uzunluğu 14,2 metr, eni isə 5,8 metr olan
mövcud körpünün hərəkət hissəsi təmir
edilib, məhəccərlər yenisi ilə əvəz olunub,
həmçinin bir nöqtədə 10 metr uzunluğunda
dördbucaqlı su keçidi, mövcud suötürücü
borular və boruların başlıq hissələri
dağıldığı üçün 193 nöqtədə
yeni suötürücü borular inşa olunub.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə
əsasən, avtomobil yollarına 2 laydan ibarət yeni
asfalt-beton örtüyünün döşənməsi
işləri aparılıb. Bundan başqa, layihə
çərçivəsində avtobus dayanacaqları, avtonəqliyyat
vasitələrinin rahat və təhlükəsiz hərəkətinin
təşkili üçün zəruri yerdə ikitərəfli
əyrixətli tirlər, məlumatverici lövhələr,
130 yol nişanı və 540 siqnal dirəyi
quraşdırılıb, yol-cizgi və yolgöstərici
xətlər, həmçinin piyada zolaqları çəkilib.
Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ
marşrutu üzrə 9 yaşayış məntəqəsinə
gedən avtomobil yollarının yenidən qurulması yolboyu
yaşayan minlərlə vətəndaşın rayon mərkəzinə
rahat gediş-gəlişini təmin etməklə,
sözügedən kəndlər arasında nəqliyyat əlaqəsini
xeyli yaxşılaşdıracaq.
Yeni Susay-Xınalıq avtomobil yolunda da tikinti
işləri davam etdirilir. Belə ki, uzunluğu
24 kilometr olan Quba-Susay avtomobil yolunun yenidən qurulması və
bu yolun davamı olaraq 30 kilometr uzunluğa malik
Susay-Xınalıq, həmçinin sözügedən yoldan
4,8 kilometr məsafədə yerləşən Qrız kəndinin
avtomobil yolunun tikintisi işləri davam etdirilir.
Verilən məlumata görə, layihə
üzrə tikinti işləri IV texniki dərəcəyə
uyğun aparılır. Susay-Xınalıq marşrutu üzrə
yeni yol yatağı inşa edilir. Bundan sonra yol profilə
salınır və yol əsası inşa olunur. Yol əsası hazır olan hissələrə isə
yola iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni
asfalt-beton örtüyü döşənir, sel
sularını və yığılmış
yağış sularının yol yatağından kənarlaşdırılması
üçün müxtəlif diametrlərə malik 19 dairəvi
suötürücü dəmir-beton boruların, bir
düzbucaqlı su keçidinin tikintisi aparılır.
Hazırda tikinti işləri dəniz səviyyəsindən
1500-2500 metr hündürlükdə çətin relyefə və
iqlim şəraitinə malik ərazidə görülür.
Layihə çərçivəsində yol 2 hərəkət
zolaqlı olmaqla yenidən qurulur. Yolun hərəkət hissəsi
6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla torpaq
yatağının eni 10 metr təşkil edəcək. Bundan
başqa, Alpan-Kürkün-Susay avtomobil yolunda 2 körpü də
inşa edilib. Körpülər 2 aşırımlı
olmaqla 61 və 66 metr uzunluğundadır.
Ümumi uzunluğu 58,8 kilometr təşkil
edəcək yeni avtomobil yolunun tikintisi bu ərazidə 8 minədək
əhalinin yaşadığı 8 yaşayış məntəqəsini,
həmçinin dəniz səviyyəsindən 2350 metr
yüksəklikdə yerləşən və 5 min illik tarixə
malik yaşayış məntəqəsi olan Xınalıq
kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək
sərnişin və yükdaşınmasını xeyli
yaxşılaşdıracaq. Yolun tikintisi mövcud turizm
potensialını genişləndirərək yeni turizm
marşrutlarının yaranmasına gətirib
çıxaracaq.
Ağsu şəhərində də
küçələrə asfalt döşənir.
Rayon icra hakimiyyətinin memarlıq və tikinti
şöbəsindən bildirilib ki, hazırda işlər 20
Yanvar, Məhəmməd Əsədov, Cabir Kərimov, Səməndər
Rzayev və A.Osmanov küçələrində
aparılır. Bu küçələrdə yollara 3810 kvadratmetr
asfalt örtük çəkiləcək. İşlər
dövlət vəsaiti hesabına, “ATF” MMC tərəfindən
görülür. Yolların hamarlanaraq bərkidilməsi və
asfaltlaşdırılmasına 20 nəfər işçi
qüvvəsi və 9 ədəd texnika cəlb olunub.
Bununla yanaşı, Yevlax şəhərində
aparılan quruculuq və abadlıq işləri çərçivəsində
Həsən bəy Zərdabi küçəsi təmir
olunur.
Belə ki, küçədə piyadaların
sərbəst və təhlükəsiz hərəkəti
üçün yeni səkilər yaradılıb, yolda bərpa
işləri aparılaraq 2000 kvadratmetrdən artıq asfalt
örtüyü salınıb.
Yevlax şəhərinin digər küçələrində
abadlıq və əsaslı təmir işləri mərhələli
şəkildə aparılacaq. Eləcə də Zərdabda 3
kəndin yolu yenidən qurulub. Zərdab rayonunda 7 kilometr
uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yenidən
qurulması işləri yekunlaşdırılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən
bildirilib ki, bu, respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi
avtomobil yolunun 32-ci kilometrindən ayrılan Gəlmə-Əlibəyli-Allahqulubağı
avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir
və 3 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə
və qonşu rayonlara çıxışını təmin
edir.
Torpaq işləri 70 min kvadratmetr sahəni əhatə
edib, yol əsasının inşası işləri
görülüb. Yolboyu müxtəlif diametrlərə malik
yeni suötürücü borular quraşdırılıb və
izolyasiyası işləri aparılıb. Tikinti
layihəsinə uyğun olaraq, növbəti mərhələlərdə
yolun 40 min kvadratmetr sahəsinə əlaqələndirici bitum
səpilməklə 2 laydan ibarət və 12 santimetr
qalınlıqda asfalt-beton örtüyünün döşənməsi
işləri görülüb. Zəruri yerdə avtobus
dayanacağı tikilib, siqnal dirəyi, yol nişanı və
məlumatverici lövhə quraşdırılıb, xətlənmə
işləri aparılıb.
Zərdab rayonunun Gəlmə-Əlibəyli-Allahqulubağı
avtomobil yolunun yenidən qurulması yolboyu yaşayan əhalinin
respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi
avtomobil yoluna çıxışını təmin etməklə
istər rayon mərkəzinə, istərsə də qonşu
rayonlara rahat gediş-gəlişinə şərait yaradacaq,
avtomobillərin hərəkətinin təhlükəsizliyinə
zəmin yaratmaqla yük və sərnişin
daşınmasını asanlaşdıracaq.
Həmçinin respublika əhəmiyyətli
Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması işlərinə
başlanılıb. Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr
şöbəsindən bildirilib ki, Oğuz-Şəki
avtomobil yolunun yenidən qurulması çərçivəsində
9,1 kilometr uzunluğa malik Şəki dairəvi yolunun da (Zərifə
Əliyeva və Salman Mümtaz küçələri) əsaslı
şəkildə təmir-tikinti işləri aparılır.
Şəki dairəvi yolunun 6 kilometrlik hissəsi (Salman
Mümtaz küçəsi) 4 hərəkət zolaqlı
olmaqla 1-ci texniki dərəcəlidir, 3,1 kilometrlik hissəsi
(Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət
zolaqlıdır.
Zəruri yerlərdə
yararsız qrunt qazılaraq çıxarılması, əks-dolğu
işləri, qazılmış hissələrdə yol
yatağı və yol əsasının inşası, yolboyu
mövcud piyada səkilərinin bərpası, zəruri yerlərdə
yenilərinin inşası, yeni səki daşlarının
düzülməsi, səki və ayırıcı
zolağın tamet daşlarla döşənməsi,
yağış-kanalizasiya sisteminin bərpası və yeni
sistemin yaradılması, yolun yeni asfalt-beton örtüklə
döşənməsi işləri görüləcək.
Oğuz-Şəki avtomobil yolunun 31,5 kilometrlik əsas
hissəsinin 2-ci texniki dərəcəyə uyğun yenidən
qurulması planlaşdırılır. Bu məqsədlə
yolun hərəkət hissəsinin eninin 9 metrə
çatdırılması nəzərdə tutulub. Təmir-tikinti
işləri ilə yanaşı, yolboyu zəruri yerlərdə
dəmir-beton istinad divarlarının və beton küvetlərin
tikintisi, həmçinin mövcud körpülərin əsaslı
şəkildə təmiri də layihə üzrə
görüləcək işlərdəndir. Bundan başqa,
3,4 kilometrlik Oğuz və 3,2 kilometrlik Şəki şəhərlərinə
giriş yollarının isə 3-cü texniki dərəcəyə
uyğun yenidən qurulması nəzərdə tutulub. Yenidənqurma
işlərinin sonunda isə zəruri yerlərdə yol
nişanları və məlumatverici lövhələr
quraşdırılacaq, yol-cizgi və yolgöstərici xətlər,
həmçinin piyada zolaqları çəkiləcək.
Yenidən qurulan avtomobil yolu 2 rayonun inzibati ərazisindən
keçməklə 10-dan çox yaşayış məntəqəsini
birləşdirir. Layihənin icrası ilk
növbədə Oğuz və Şəki şəhərlərinin,
həmçinin yolboyu yerləşən kəndlərdə
yaşayan əhali ilə yanaşı, yoldan istifadə edən
bütün vətəndaşların rahat gediş-gəlişini
təmin edəcək, onların respublika əhəmiyyətli
Qaraməryəm- İsmayıllı-Oğuz-Şəki,
Muğanlı-İsmayıllı, Şəki-Qax, həmçinin
Bakı-Şamaxı-Yevlax, Yevlax-Zaqatala-Gürcüstan ilə
dövlət sərhədi magistral avtomobil yollarına
çıxışına imkan yaratmaqla sənaye, kənd təsərrüfatı
və turizmin inkişafına müsbət təsir edəcək.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 122-ci
kilometrindən ayrılan Şəhriyar-Kələxana avtomobil
yolunun tikintisi isə Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi tərəfindən artıq yekunlaşıb.
Qurumdan bildirilib ki, 3 min əhalinin
yaşadığı və iki yaşayış məntəqəsini
birləşdirən Şəhriyar-Kələxana avtomobil yolu
əsaslı şəkildə yenidən qurularaq 2 hərəkət
zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun təkmilləşdirilib.
Layihə çərçivəsində ilkin mərhələdə
marşrutboyu mövcud örtüyün sökülməsi və
yeni yol yatağının inşası işləri
aparılıb. İşlərin yekunlaşdığı ərazilərdə
12 santimetr qalınlığında olmaqla yeni asfalt-beton
örtüyünün döşənməsi işləri
görülüb.
Ümumi uzunluğu 8 kilometr olan yolun hərəkət
hissəsinin eni müvafiq olaraq 6 metr, çiyinlərin eni isə
2 metr təşkil edir. Tikinti işlərinin sonuncu mərhələsində
avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili
üçün yolboyu yol nişanı və məlumatverici
lövhələr quraşdırılıb, həmçinin
yol-cizgi və yolgöstərici xətlər çəkilib.
Ümumiyyətlə isə qədim
Şamaxının bu əraziləri tarixi abidələrlə,
təbiət gözəllikləri ilə zəngindir və
beynəlxalq turizm marşrutuna uyğun meyarları
özündə birləşdirir. Bu baxımdan, Şəhriyar-Kələxana
avtomobil yolunun yenidən inşası təkcə vətəndaşların
rahat gediş-gəlişinin təmin edilməsinə deyil, həm
də kənd təsərrüfatının və turizmin
inkişafına da şərait yaradacaq.
Nəticə etibarilə, Azərbaycanın
bölgələrində yol infrastrukturunun yenilənməsi ilə
əlaqədar reallaşdırılan məqsədyönlü
tədbirlər davamlı xarakterə malikdir, eyni zamanda, həm
sosial, həm də iqtisadi baxımdan böyük önəm
daşıyır.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.-
2020.- 11 noyabr.- S.-15.