Azərbaycanın malik olduğu iqtisadi
imkanlar nəticəsində 44 günlük müharibə
dövründə də ölkəmizdə tikinti-quruculuq və
abadlıq işləri davam etdirilib
Bu ilin oktyabr-noyabr aylarında regionlarda
sözügedən istiqamətdə davamlı
addımların atılması da deyilənləri təsdiqləyir
Öz inkişafına görə
regionun lider dövləti olan Azərbaycan bu gün həm də
qlobal layihələrin iştirakçısıdır və
xarici ölkələr, o cümlədən beynəlxalq
qurumlar tərəfindən etibarlı tərəfdaş kimi qəbul
edilir. Heç şübhəsiz ölkəmiz bu
uğurları məhz düşünülmüş daxili və
xarcici siyasət, həmçinin həyata keçirilən
genişmiqyaslı islahatlar nəticəsində əldə
edib. Onu da qeyd edək ki, əldə edilən uğurlardan
ölkəmizin regionlarında da pay düşüb. Bir
sözlə, əsası xalqımızın Ümummilli
Lideri Heydər Əliyev tərəfindən qoyulan və
Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən
sosial-iqtisadi siyasət respublikamızın hərtərəfli
inkişafını təmin edib.
Təbii ki, ölkəmizdə,
xüsusilə son 17 ildə bütün sahələrdə əldə
edilən uğurlarda 2004-cü ildən etibarən
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair müvafiq Dövlət proqramlarının
xüsusi payı var. Çünki indiyə qədər
üçünün icrasının tamamlandığı,
dördüncüsünün icrasının isə
uğurla davam etdiyi sözügedən Dövlət
proqramları çərçivəsində görülən
işlər, həyata keçirilən genişmiqyaslı
layihələr ölkəmizin bütün regionlarının
ümumi inkişaf dinamikasını təmin edib. Onu da vurğulamaq yerinə düşər ki,
sözügedən Dövlət proqramları çərçivəsində
regionlarda reallaşdırılan ən vacib işlərdən
biri də müxtəlif sahələr üzrə müasir
infrastrukturun yaradılması, infrastruktur layihələrinin
icra edilməsidir. Məhz bu məqsədlə hazırda
da bir sıra bölgələrdə tikinti-quruculuq və
abadlıq işləri uğurla davam etməkdədir.
Daha dəqiq desək, regionlarda tikinti-quruculuq və
abadlıq işlərinin uğurla davam etdirilməsi bölgələrin
sosial-iqtisadi inkişafında mühüm rol oynayır və
davamlı xarakter daşıyır. Elə bu ilin oktyabr-noyabr
ayları ərzində ayrı-ayrı rayonların
timsalında müşahidə edilən reallıqlar da bunu deməyə
əsas verir. Bununla bağlı konkret faktlara keçməzdən
öncə isə bir məqamı xüsusi olaraq qeyd etməliyik.
Söhbət ölkəmizin iqtisadi imkanlarından gedir. Belə
ki, əksər ekspertlərin də vurğuladıqları
kimi respublikamızda vaxtında atılan məqsədyönlü
addımlar nəticəsində əldə edilən iqtisadi
uğurlar bu gün bir daha öz sözünü dedi.
Məlum olduğu kimi, sentyabrın
27-də işğalçı Ermənistanın ölkəmizə
qarşı həyata kerçirdiyi növbəti
genişmiqyaslı hərbi təxribata cavab olaraq ordumuz tərəfindən
əks-hücum əməliyyatlarına başlandı. 44
günlük Vətən müharbəsi
torpaqlarımızın işğaldan azad edilməsi,
düşmən ölkənin sarsıdıcı məğlubiyyəti
və kapitulyasiya aktını imzalaması ilə nəticələndi.
Bu müddət ərzində ölkəmiz cənab
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həm
ön cabhədə, həm diplomatiya cəbhəsində, həm
də informasiya cəbhəsində düşməni diz
çökdürdü. Ekspertlərin vurğuladıqları
kimi, bu müharibənin ortaya çıxardığı daha
bir reallıq isə Azərbaycan iqtisadiyyatının
gücü ilə bağlıdır. Belə
ki, hətta ölkəmizin müharibə apardığı
dövrdə belə regionlarda bütün sosial layihələr,
o cümlədən tikinti-quruculuq və abadlıq işləri
bir anlıq da olsa dayanmadı. Hər halda 2020-ci ilin oktyabr və
noyabr ayı üzrə əldə edilən statistika da deyilənləri
təsdiqləyir.
Beləliklə, qeyd olunduğu
kimi, bu günə kimi üçünün icrası başa
çatan, dördüncüsünün icrası isə davam
edən regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramları çərçivəsində görülən
işlər, reallaşdırılan müvafiq layihələr
respublikanın bölgələrinin hərtərəfli
inkişafını təmin edib və hər bir rayonda əldə
edilən uğurlarla müşayiət olunub. Təsadüfi
deyil ki, məhz bu proqramlar çərçivəsində
regionlarda, eyni zamanda, genişmiqyaslı tikinti-quruculuq və
abadlıq işləri görülüb və hazırda da bu
istiqamətdə işlər davam etdirilir.
Quba və Qusar rayonlarında tikinti-quruculuq
işləri davamlı xarakter daşıyır
Məsələn, verilən məlumata əsasən,
ölkənin şimal regionunda yerləşən Quba rayonunda
da tikinti-quruculuq və abadlıq işləri davamlı
xarakter daşıyır. Belə ki, Quba rayonunun Zərdabi qəsəbəsində
inşa olunan 850 şagird yerlik yeni məktəb
binasının tikintisi davam etdirilir.
Məlumatda qeyd olunur ki, Bayram Şixəmirov
adına tam orta məktəb üçün tikilən yeni
bina üçmərtəbəlidir. Hazırda təhsil
ocağının binasında hörgü və suvaq işləri
aparılır. Beş korpusdan ibarət məktəbdə
sinif, gənclərin çağırışaqədər
hazırlığı, əmək təlimi və kompüter
otaqları, laboratoriyalar, idman, akt, oxu zalları, kitabxana və
yeməkxana olacaq. İş icraçısı Afiq
İbişov KİV-ə açıqlamasında bildirib ki, təhsil
müəssisəsi müasir istilik və
işıqlandırma sistemi ilə təchiz ediləcək.
Yeni məktəb binasının həyətində qazanxana və
su çənləri də tikiləcək.
Məlumat üçün bildirək ki, Zərdabi
qəsəbə Bayram Şixəmirov adına tam orta məktəbin
köhnə binası 45 il öncə istifadəyə verilib.
Bina istismar müddətini başa vurduğundan yenisi ilə əvəz
olunmasına ehtiyac yaranmışdı.
Şimal regionundakı Qusar rayonunun Qullar kəndində
isə yeni modul tipli məktəb quraşdırılır.
Bununla bağlı məlumatda vurğulandığı kimi,
beş sinif və müəllimlər otağından ibarət
məktəbin tikintisinə sentyabrda başlanılıb. Məlumatda
o da deyilir ki, Qullar kəndində 80 ailə yaşayır. Kənddəki
yeni tədris ocağında 40 şagirdin təhsil alması
üçün şərait yaradılacaq.
Məktəb direktoru Çəmən Əkbərova
KİV-ə açıqlamasında bildirib ki, yeni məktəb
müasir istilik sistemi ilə təchiz olunacaq. Modul məktəbin
quraşdırılması noyabr ayında yekunlaşacaq.
İş icraçısı
Tariel Ağamirzəyevin sözlərinə görə, bu
binaların üstünlükləri azməsrəfli
olması ilə yanaşı, qısa müddət ərzində
istənilən relyefdə quraşdırılması, asan
daşınması, şagirdlərin sayına uyğun olaraq,
sinif otaqlarının rahatlıqla azaldılıb
artırılmasındadır.
Yeri gəlmişkən, Qusarın Qullar kəndi
ilə yanaşı, Langu və Torpaqkörpü kəndlərində
də 40 yerlik modul tipli məktəblər
quraşdırılır.
Quxuroba kənd tam orta məktəbində isə
əsaslı təmir-bərpa işləri aparılır.
İşlər yekunlaşdıqdan sonra 464 şagirdin təhsil
alması üçün lazımi şərait
yaradılacaq. Məktəbin direktoru Rasid Tahirov bildirib ki,
1989-cu ildə istifadəyə verilən təhsil ocağı
köhnəldiyindən keyfiyyətli tədris
üçün yararsız idi. Təmirdən sonra
üçmərtəbəli məktəb binası tamamilə
yenidən qurularaq müasir tələblərə uyğun təhsil
ocağı kimi fəaliyyətini davam etdirəcək.
Hazırda binanın həyətinin
abadlaşdırılması, elektrik sisteminin
quraşdırılması və daxili tərtibat işləri
həyata keçirilir. Tədris ocağında fənn kabinetləri,
kitabxana, kompüter otağı, akt və idman zalları fəaliyyət
göstərəcək. Təhsil müəssisəsi
müasir istilik və işıqlandırma sistemi ilə təchiz
ediləcək. Yeni məktəb binasının həyətində
qazanxana və su çənləri də inşa olunub.
Ümumiyyətlə, Qusardakı 86 məktəbdən
iyirmisi son 5 il ərzində tikilib. Yeni məktəblərin
11-i modul tiplidir. Ümumilikdə son illərdə rayon məktəblərinin
65 faizi yenidən tikilib və ya təmir olunub.
Tikinti-quruculuq işləri Siyəzəndə
də davam etdirlir. Belə ki, Siyəzən şəhərində
960 şagird yerlik dördmərtəbəli məktəb
binası inşa olunur. Mikayıl Müşfiq adına Siyəzən
şəhər 2 saylı tam orta məktəb
üçün yeni binanın inşasına iyun ayından
başlanılıb.
Bununla bağlı məlumatda bildirilidiyi kimi,
dördmərtəbəli tədris ocağında
bütün fənn kabinetləri, kitabxana, kompüter
otağı, akt və idman zalları fəaliyyət göstərəcək.
Təhsil müəssisəsi müasir istilik və
işıqlandırma sistemi ilə təchiz ediləcək.
İş icraçısı Samir Pirmətov KİV-ə
açıqlamasında deyib ki, tikinti işləri plana əsasən
və karantin rejiminin qaydalarına uyğun davam etdirilir.
Hazırda bloklarda beton və hörgü işləri
yekunlaşmaq üzrədir.
Məktəbin direktoru Rəşad Rəhmanov
isə bildirib ki, orta məktəbin köhnə binası 64 il
öncə istifadəyə verilib. Bina istismar
müddətini başa vurduğundan yenisi ilə əvəz
olunmasına ehtiyac yaranmışdı. Tikinti işləri
başa çatdıqdan sonra məktəb binası müasir
tələblərə uyğun təhsil ocağı kimi fəaliyyət
göstərəcək. Yeni məktəb
binasının həyətində qazanxana və su çənləri
də inşa olunacaq.
Şimal bölgəsindəki Xaçmaz
rayonunda isə beş körpələr evi-uşaq
bağçası əsaslı təmir olunur, biri isə
tamamilə yenidən tikilir. Qusarçay kəndində əsaslı
təmir olunan bağçada işlər yekunlaşmaq üzrədir.
Binada yalnız daxili tərtibat, inventar və
avadanlıqların quraşdırılması işləri
qalıb.
Bağçanın müdiri
Nahidə Səbzəliyeva KİV-ə
açıqlamasında bildirib ki, azyaşlı sakinlərin
zövqünə uyğun qurulan bağçada müxtəlif
yaş qrupları üçün məşğələ və
yataq otaqları, yeməkxana, həyətdə isə istirahət
guşələri yaradılır. Bağça körpələrin
rahatlığını, istirahətini və ilkin biliklərə
yiyələnməsini təmin etmək üçün
lazımı inventarlarla təchiz olunacaq.
Məlumat üçün bildirək ki,
1956-cı ildə istifadəyə verilən əvvəlki
binada körpələrin təlim-tərbiyəsi ilə
müasir tələblərə uyğun məşğul
olmaq mümkün deyildi. Bundan başqa, binada mərkəzləşdirilmiş
istilik sistemi də olmayıb. İyirmi yerlik bağçada
yenidənqurma işləri çərçivəsində
müasir standartlara uyğun dərs şəraiti
yaradılır.
Bununla yanaşı, hazırda Xaçmaz şəhərində
3 və 6 saylı, həmçinin rayonun Həsənqala, Yalama
kəndlərindəki uşaq bağçalarında da əsaslı
təmir işləri aparılıb. Ağtala kəndində
isə yeni bağçanın inşasına
başlanılıb.
Dövlət Proqramında müəyyən
edilmiş tədbirlər Masallıda uğurla icra edilir
Bəhs edilən dövrdə ölkənin
şimal bölgəsində olduğu kimi, cənub
rayonlarında, o cümlədən Masallıda da
tikinti-quruculuq və abadlıq işləri davam etdirlib. Bununla bağlı verilən məlumatda deyilir ki,
regionların sosial-iqtisadi inkişafına dair
üçüncü Dövlət Proqramında müəyyən
edilmiş tədbirlərə müvafiq olaraq Viləş
çayın Masallı şəhəri ərazisindən
keçən hissəsində inşasına başlanılan
park-bulvar kompleksinin tikintisi davam etdirilir.
Yeni istirahət mərkəzində bir sıra
obyektlər, o cümlədən uşaq əyləncə mərkəzi,
istirahət guşələri, mini-futbol və voleybol
meydançaları tikilərək sakinlərin ixtiyarına
veriləcək. Parkın bir hissəsində qədim
Masallının tarixini əks etdirən guşə də
olacaq. Artıq layihədə nəzərdə tutulan tikinti
işlərinin bir qismi başa çatdırılıb.
(davamı növbəti sayımızda)
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2020.-26 noyabr.- S.-8.