Azərbaycan ilə Naxçıvanı
birləşdirən Zəngəzur dəhlizi haqqında
maraqlı faktlar və kommunikasiyalar
Azərbaycanın
və Rusiyanın prezidentlərinin, Ermənistanın baş
nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli
bəyanatda Azərbaycan Respublikasının qərb
rayonları və Naxçıvan Muxtar Respublikası
arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə
zəmanət verilməsi ilə bağlı ayrıca bir
müddəa var. Sənədə əsasən, bölgədəki
bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa
edilir. Ermənistan Respublikası vətəndaşların,
nəqliyyat vasitələrinin və yüklərin hər iki
istiqamətdə maneəsiz hərəkətinin təşkili
məqsədilə Azərbaycan Respublikasının qərb
rayonları və Naxçıvan Muxtar Respublikası
arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə
zəmanət verir. Həm də
Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb
rayonlarını birləşdirən yeni nəqliyyat
kommunikasiyalarının inşası nəzərdə tutulur.
Bu xətt həm də Türkiyə Cümhuriyyətinin,
İran İslam Respublikasının birbaşa, maneəsiz,
qısa yolla, az vaxt ərzində Azərbaycana və Xəzər
dənizi vasitəsilə ilə Orta Asiya respublikalarına
çıxışını təmin edəcəkdir. Eyni zamanda, digər kommunikasiya xətlərinin
çəkilməsi də ucuz başa gələcəkdir.
Məlum olduğu kimi, 1941-ci ildə çəkilən
və Azərbaycanı Naxçıvan Muxtar Resublikası ilə
bağlayan Mincivan - Culfa dəmir yolu xətti Ermənistanın
hərbi təcavüzü nəticəsində 1991-ci ildən
fəaliyyətini məcburi olaraq dayandırmışdır. Azərbaycanı
Naxçıvan Muxtar Respublikasından ayıran Ermənistanın
Meğri rayonunun Nüvədi kəndində anadan olmuş bir
azərbaycanlı kimi bu bölgə haqqında bildiklərimi
“Yeni Azərbaycan” qəzetinin oxucularına
çatdırmağı özümə borc bilirəm.
Həmin ərazi 46 km uzunluqda olub, onun da 24 km-i
Nuvədi kəndinin payına düşür. Yerevana və
Naxçıvana gedən qatarlar Zəngilan rayonunun Ağbənd
kəndindən Meğri rayonunun Astazur kəndinə kimi olan məsafədə
Ağbənddən sonra sərnişinlərin
minib-düşmələri üçün Nüvədinin ərazisində
yerləşən Sığırtda, sonra Nüvədi
stansiyasında, daha sonra isə razyezd Nüvədidə və
nəhayət Astazur kəndində bir neçə dəqiqə
dayanırdı. Razyezd Nüvədidən Astazur
erməni kəndinə qədər dağlıq ərazi
olduğu üçün dəmir yolu xətti, demək olar
ki, Araz çayına bəzən 15-20 metr yaxınlıqdan
keçirdi. Sözügedən sahədə
dəmir yolunu Araz çayından çox da aralıda çəkmək
mümkün olmamışdır. Hətta
dağların Araza çox yaxın və onları yarmaq
çətin olduğuna görə 1941-ci ildə texniki
imkanların çox da geniş olmadığı bir vaxtda dəmir
yolu xəttinin keçməsi üçün məcburi
qaydada həm Sığırtda, həm də razyezd Nüvədidə
tunel vurulmuşdur. Həmin tunelləri yerli və
qonşu rayonun sakinləri SSRİ dövləti tərəfindən
yaradılmış qarnizondan maaş
almaqla mühafizə edirdilər. Sığırtda
və razyezd Nüvədidə həm də zastavalar yerləşirdi,
Araz çayı boyu sərhədə tikanlı məftillər
çəkilmişdi və həmin çəpərə
elektrik cərəyanı buraxılmışdı. Bu vasitə ilə dəmir yolu və ərazi
SSRİ əsgərləri tərəfindən İrandan
qorunurdu. Hətta Nüvədi kəndinə
və ərazi torpaqlarına Araz çayından nasoslarla
borular vasitəsilə su vurmaq üçün hökmən
zastavalardan icazə alınmalı idi.
Ulu Öndər Heydər Əliyev ötən əsrin
80-ci illərinin ortalarında Moskvada işləyərkən
Onun təşəbbüsü ilə Nüvədi ərazisindən
keçməklə Bakı - Naxçıvan avtomobil yolu
çəkilməyə başlanmışdır. Həmin yol
Bakıdan Nüvədiyə kimi (434 km), Naxçıvandan isə
Meğrı rayonunun Aldərə kəndinə qədər
çəkilmişdir. Erməni
şovinistləri Nüvədi-Astazur arası təxminən
13-15 km və Astazur-Aldərə arası təxminən 5 km məsafənin
birləşdirilib geniş asfalt yolun çəkilməsinə
imkan vermədilər. Moskvaya yazdılar ki,
guya bu yol Bakı-Mincivan-Qafan-Oxçu-Maralzəmi-Lehvaz-Meğri-Naxçıvan
ərazilərindən keçməklə hazırdır,
Nüvədi-Aldərə yolunu çəkib birləşdirməyə
ehtiyac yoxdur, bu, artıq xərcdir. Əslində
isə, onlar bunu etməklə həm Bakı -
Naxçıvan yolunu lazımsız yerə 140 km uzadır, həm
də dağ şəraitində beş-altı ay
(payız-qış aylarında) gediş-gəlişi çətinləşdirirdilər.
Nüvədi kəndi Meğri rayonunun ərazisinin 40
faizini təşkil edirdi. Cəmi 12 kəndi, 15
min əhalisi olan rayonun 6 mini azərbaycanlılar idi. 1950-ci ildən 1991-ci ilə kimi Nüvədidə
müəllim, bəzən də məktəb direktoru işləmiş
atam Əhmədəli Əliyevin vətənpərvərliyi,
ciddiliyi, tələbkarlığı və qayğısı
nəticəsində Nüvədi məktəbini bitirən məzunlardan
iki akademik, on nəfərə yaxın elmlər doktoru, yüz
nəfərə yaxın elmlər namizədi
yetişmişdir. Atam Əhmədəli Əliyevin
yazdıqlarından: “...1945-ci ildə Yerevanın Lenin
meydanından keçəndə Ermənistanın fanerdən
düzəldilmiş bir xəritəsi diqqətimi cəlb
etdi. Xəritənin aşağısında
şərti işarələr yazılan yerdə
respublikanın böyük şəhəri, böyük
rayonu, böyük kəndi ifadələri
yazılmışdı. Böyük şəhər
ifadəsinin qarşısında Yerevan, böyük rayon ifadəsinin
qarşısında Leninakan, böyük kənd ifadəsinin
qarşısında isə Nüvədi
yazılmışdı. ...Kəndin 19 min hektar ərazisi
var idi ki, onun da 16 min hektarı yararlı torpaq sahəsi idi.
Nüvədi kəndi hər il dövlətə 1000 ton nar,
500 ton üzüm, 100 ton əncir, 16 ton yun, 90 ton ət, orta
hesabla hər gün 2 ton süd verirdi.” (“Nüvədi
axıracan vuruşdu”, Respublika qəzeti, 12 fevral 1998- ci il, s.3).
Nüvədililər ilk dəfə 1905-1906-cı illərdə
erməni təcavüzünə məruz qalmışlar. Araz
çayını pələlərlə keçərək
Nüvədinin qarşısında yerləşən
İranın Misən kəndinə pənah gətirmişlər.
Ana babam Sultanəli kişi biz uşaq
olanda deyirdi ki, Misənli Hacı xan onları çox
yaxşı qarşıladı. Gedən kimi iki top parça
göndərib bildirmişdi ki, “...qaçqın gəlmisiniz,
paltar tikdirin, arvad-uşaq çılpaq qalmasın”. Kəndin
yuxarı hissəsində hamını baraklarda yerləşdirir
və iş verir. Babamı da öz
torpaqlarında işləmək üçün rəncbər
götürür. Üç ildən
sonra, 1910-cu ildə qaçqınlar yenə də Nüvədiyə
qayıdırlar. Erməni
işğalçılarının yorğan-döşəyin
yunun və çuvallarda yığılmış
taxılı yuna qarışdıraraq, parçaları
apardıqlarının şahidi olurlar. Hacı
xanın verdiyi parçadan qənaət etdikləri hissə
onların yorğan-döşəyi bərpa etmələrinə
kömək edir.
İkinci
dəfə 1918-ci ildə ermənilər Zəngəzurun bir
hissəsini, o cümlədən Meğrinin azərbaycanlılar
yaşayan kəndləri ilə birgə Nüvədini də
işğal edərək soydaşlarımızın bir
qismini məhv etmiş, sağ qurtara bilənlər isə əsasən,
Ordubada və Zəngilana pənah aparmışlar.
Üçüncü
dəfə isə Nüvədi kəndinin əhalisi 1991-ci il avqust ayının 7- də Ermənistandan
çıxan sonuncu azərbaycanlılar idi. Ulu
Öndər Heydər Əliyev nüvədililərin
1988-1991-ci illərdə torpaqları uğrunda göstərdikləri
müqaviməti yüksək qiymətləndirərək
“Nüvədi kəndinin camaatı çox dəyanətli
insanlardır” - demişdir.
Atam
Əhmədəli Əliyevin “Bu kitabı Azərbaycan
Respublikasının Prezidenti, vətənimizin tərəqqisində,
müstəqilliyimizin əbədiləşməsində əvəzsiz
xidmətlər göstərən millətimizin dahi oğlu
möhtərəm Heydər Əliyevin anadan olmasının 80
illiyinə hədiyyə edirəm” - yazdığı “Azərbaycan
dilinin Meğri şivələri” (Bakı,”Elm”, 2003-ü il,
581 s.), monoqrafiyası bu ərazilərin ən qədim azərbaycan
torpaqları olduğunu bir daha təsdiq edir. Ulu
Öndər Heydər Əliyevin göstərişi ilə
AMEA-nın Rəyasət Heyətinin yerləşdiyi binada
mütəxəssislərin iştirakı ilə həmin
kitabın 4 saat təqdimat mərasimi keçirilmişdir.
Nüvədi kəndi 1929-cu ilə kimi Gəncə
quberniyasının Cəbrayıl qəzasına
baxmışdır. Kəndin ağsaqqallarından hazırda
Bakı şəhərində yaşayan Balakişi Həsənov
ata-babalarından eşitdiklərini xatırlayaraq söyləyir
ki, Ermənistanda sovet hakimiyyəti qurulana qədər nüvədililər
hər hansı bir sənəd almaq və ya məhkəmə
işi ilə bağlı Cəbrayil qəzasının mərkəzi
olan Malakana gedirmişlər. Həmin Malakan şəhərinin
adı sovet dövründə dəyişdirilərək əvvəl
Qarabulaq (Böyükbulaq), sonra Karyagin və daha sonra - 1959-cu
ildən isə dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin şərəfinə Füzuli şəhəri
adlandırılmışdır.
Nüvədili ağsaqqal
Balakişi Həsənovun eşidib xatırladığı
bir əhvalatı da oxucuların diqqətinə
çatdırmaq istəyirəm. 28 aprel 1920-ci ildə Azərbaycanda
Sovet hakimiyyəti qurulandan sonra bolşevik ordusunun
başçısı Smirnov vaxtilə Zəngilanda pristav
işləmiş Cəbrayılı dəstəsi ilə bələdçi
götürüb, Nüvədidən keçərək ermənilər
yaşayan Astazur kəndinə gəlir. Smirnovun məqsədi
ermənilərin sovetləşməyə münasibətini
öyrənmək imiş. Ermənilər kənddə
onları “çox yaxşı” qarşılayır, heyvan kəsilir,
süfrə açılır, düzə şərab gətirilir.
Erməni psixologiyasını yaxşı bilən Cəbrayıl
kişi məclisi seyr edib görür ki, məclisdə
yalnız qoca ermənilərdir, bir nəfər də olsun
cavan erməni yoxdur. Başa düşür ki, burda ermənilər
nəsə bir qurğu qurublar, xəyanət iyi gəlir.
Rusların yeməyə oturmasına baxmayaraq, o öz
adamları ilə yeməyə oturmayıb, məclisi tərk
edir. Kənarda pusquda duran ermənilər ruslara hücum edirlər.
Ruslar çətinliklə aradan çıxaraq yolda bələdçilərinə
çatırlar. Ermənistanda isə Sovet hakimiyyəti 7 aydan
sonra - 29 noyabr 1920-ci ildə qurulur. Bu da İtaliyan alimi Tasitin
“...ermənilər xasiyyətcə ikiüzlü və xəyanətkardırlar”
- yazdığının bir daha sübutudur. Rusiyanın vaxtilə
Van və Ərzurumda baş konsulu işləmiş Mayevski isə
“Xatirələr”ində yazırdı “... həqiqət ona
görə yoxdur ki, erməni müəllifləri həmin həqiqətdən
düşünülmüş şəkildə
qaçırlar...”.
Gəncə quberniyasının Zəngəzur
qəzası 1920-ci ildə Ermənistana veriləndən sonra
Zəngilan rayonunun sərhədində yerləşən və
1929-cu ilə qədər inzibati ərazi bölgüsü cəhətdən
Cəbrayıl qəzasına tabe olmuş Nüvədi kəndi
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə,
kəndli, qızıl ordu və matros deputatları sovetlərinin
Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral
1920-ci il tarixli iclasının 3 ¹-li Protokolu əsasında Ermənistan
SSR-in Meğri rayonuna verilmişdir. Azərbaycan
Respublikasının izləri son vaxtlara kimi kəndin
möhür və ştamplarında da mühafizə olunub
saxlanılırdı. Məktəbin möhür və
ştampında “Azərbaycan Şura Cumhuriyyəti Cəbrayıl
qəzası Zəngilan rayonunun Nüvədi kənd ibtidai məktəbi”
yazılmışdır.
Sonda qeyd etmək istəyirəm ki, Vətən
müharibəsində qazandığımız tarixi qələbə
xalqımızın, dünya azərbaycanlılarının
sonsuz qürur mənbəyidir. Prezidentimizin xalqa güvəni,
xalqın da Ali Baş Komandana inamı qələbəmizin əsası
oldu! Allah Prezidentimizi, Ordumuzu qorusun!
Əliyev İsmayıl
Yeni Azərbaycan.-
2020.- 26 noyabr.- S.5.