Azərbaycan-Pakistan münasibətləri
dostluq və qardaşlıq prinsiplərinə əsaslanır
Pakistan Dağlıq Qarabağ münaqişəsinin
həlli ilə bağlı Azərbaycanın ədalətli
mövqeyini qətiyyətlə dəstəkləyir
Məlum olduğu kimi, Azərbaycan və
Pakistan arasında çoxşaxəli münasibətlər
mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri
ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycanın
müstəqilliyini tanıyan ilk dövlətlərdən
biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci
ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin
martında açılıb, Azərbaycan İslamabadda öz
diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb.
Ümumiyyətlə, iki dövlət
arasında münasibətlərin inkişafına Ümummilli
Lider Heydər Əliyev böyük xidmətlər göstərib.
Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq
siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət,
müdafiə və digər sahələrdə davam etdirilir.
Bu dost ölkə Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı öz qəti mövqeyini də bildirib. Belə
ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik
nümayiş etdirməklə bu günə kimi Ermənistanla
diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi
tanımayıb. Həmçinin Pakistan Senatının Xarici
Əlaqələr Komitəsi Azərbaycana dəstəyini
möhkəmləndirmək üçün Xocalı faciəsini
soyqırımı kimi tanıyıb.
Azərbaycan da bütün məsələlərdə
Pakistanın mövqeyini dəstəkləyir. Hər
iki dövlət bir çox beynəlxalq platformalarda eyni
maraqlardan çıxış edərək öz fəaliyyətlərini
koordinasiya edir, bir-birini müəyyən məsələlərdə
qeyd-şərtsiz dəstəkləyirlər. İki dost
dövlət müdafiə, enerji, infrastruktur layihələrinin
icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq,
tekstil və farmakoloji preparatlar, xüsusilə bütün
mümkün domenlərdə birgə müəssisələrin
qurulması və digər sahələrdə əməkdaşlıq
edirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə
həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə
xarakterli layihələr də ölkələrimiz arasında
əlaqələrin inkişafına mühüm töhfə
kimi dəyərləndirilir. Belə ki, Fond
“Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi
çərçivəsində Pakistanda bir neçə məktəbin
yenidən qurulmasına dəstək nümayiş etdirib. Bu
baxımdan, Pakistanda qızlar üçün yeni məktəbin
tikintisi, İslamabadda, eləcə də Pakistanın digər
əyalətlərində silsilə humanitar aksiyalar da xeyriyyəçilik
tədbirləri sırasında yer alır.
Azərbaycanın bu dost ölkə ilə əməkdaşlığında
hərbi amil də hər zaman mühüm rol oynayıb. Bu cəhətdən Azərbaycan Respublikası ilə
Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan
müdafiə və hərbi sahədə əməkdaşlıq
haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi
sahədə tərəfdaşlığının prioritet
istiqamətləri əks olunub. Bu müqavilə ilə
dövlətlərimiz arasında hərbi əlaqələr
daha da genişlənib.
Yeri gəlmişkən, qeyd edək
ki, sentyabrın 27-dən etibarən Ermənistanın hərbi
təxribatı nəticəsində cəbhədə baş
verən gərginlik fonunda Pakistan yenə də birmənalı
olaraq Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib.
Məlum olduğu kimi, sentyabrın 29-da Azərbaycan Prezidenti
İlham Əliyev Pakistan İslam Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Bilal Hayenin etimadnaməsini qəbul edib. Səfir Bilal
Haye dövlətimizin başçısı ilə söhbət
zamanı deyib ki, qardaş Azərbaycan xalqının Pakistan
xalqı üçün xüsusi yeri var.
Prezident İlham Əliyev Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı Pakistanın Azərbaycana davamlı dəstəyinə
görə minnətdarlığını ifadə edib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan
bütün məsələlərdə və Kəşmir məsələsində
həmişə Pakistanı dəstəkləyir: “Bu
qarşılıqlı dəstək bizim əməkdaşlığımızın
qardaşlıq xüsusiyyətini əks etdirir. Əminəm
ki, Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz
arasında münasibətlər daha da güclənəcək.
Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri
ilə bağlı Pakistana qətiyyətli mövqeyinə
görə minnətdarıq. Pakistan Ermənistanı Azərbaycan
torpaqlarını işğal etdiyinə görə
tanımayan ölkədir. Bu, qardaşlığın əsl
nümayişidir. Bütün hallarda Pakistan həmişə bizim
yanımızdadır və mən buna görə minnətdaram”.
Səfir isə qeyd edib ki, Pakistan qardaş Azərbaycan
xalqını Dağlıq Qarabağ məsələsində
həmişə dəstəkləyib. Bizim qəlbimiz Azərbaycan
xalqı ilədir: “Biz bildirmək istəyirik ki, sizin
mövqeyiniz ədalətli, qanunidir və bu məsələnin
həlli qeyri-müəyyən müddətə təxirə
salına bilməz, çünki bu, ədalətli
mövqedir. Biz “Qarabağ Azərbaycandır!” deməkdən
çox xoşbəxtik”.
Onu da vurğulayaq ki, cəbhədə
vəziyyətin gərginləşdiyi gün - sentyabrın
27-də Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində növbəti hərbi
təxribatını pisləyən bəyanat yayıb.
Pakistan Xarici İşlər Nazirliyinin həmin bəyanatında
deyilir: “Erməni silahlı qüvvələri tərəfindən
sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam,
Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin
mülki əhalisini intensiv atəşə tutulmasını
qınayırıq və bu, növbəti təxribatdır.
Bu, bütün bölgənin sülh və təhlükəsizliyi
üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan
xalqının yanındadır və onun ərazi
bütövlüyünü dəstəkləyir. Azərbaycanın
BMT Təhlükəsizlik Şurasının Dağlıq
Qarabağla bağlı olan qətnamələrinə əsaslanan
mövqeyini dəstəkləyirik”.
Yaranmış vəziyyətlə əlaqədar
olaraq sentyabrın 29-da Azərbaycan Milli Məclisinin Sədri
Sahibə Qafarova ilə Pakistan İslam Respublikası
Senatının Sədri Məhəmməd Sadiq Sancrani
arasında telefon danışığı olub. Telefon
danışığı zamanı Ermənistanın cəbhə
xəttində törətdiyi təxribatlar müzakirə
olunub. Spiker Sahibə Qafarova bildirib ki, 27 sentyabr
tarixində səhər saatlarından etibarən Ermənistan
silahlı qüvvələri atəşkəs rejimini kobud
şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə
zonasında yerləşən mövqelərini iriçaplı
silahlar, minaatanlar və artilleriya qurğularından intensiv atəşə
tutub. Ermənistan silahlı qüvvələrinin
cəbhəyanı ərazilərdə sıx şəkildə
yaşayan mülki insanları və obyektləri atəşə
tutması işğalçı ölkə və onun hərbi-siyasi
rəhbərliyi tərəfindən qəsdən və hədəflənmiş
şəkildə həyata keçirilmiş təxribatdır.
Milli Məclisin Sədri mülki əhali və
hərbi qulluqçular arasında həlak olan və
yaralananların olduğunu pakistanlı həmkarının
diqqətinə çatdırıb. Spiker xüsusi olaraq qeyd
edib ki, vəziyyətin gərginləşməsinin məsuliyyəti
Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə
düşür.
Qarşılıqlı əlaqlərin
inkişafının daha bir göstəricisi olaraq oktyabrın
7-də Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan
İslam Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Bilal Haye ilə görüşüb. Spiker Sahibə
Qafarova səfir Bilal Hayeni ölkəmizdə diplomatik fəaliyyətə
başlaması münasibətilə təbrik edib. Milli Məclisin
Sədri Pakistanın Azərbaycan üçün dost və
qardaş ölkə olduğunu vurğulayaraq, ölkələrimiz
arasında münasibətlərin dinamik inkişaf etdiyini
bildirib. Sahibə Qafarova ona bir neçə gün əvvəl
Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd
Sadiq Sancrani ilə telefon danışığı olduğunu
məmnunluqla xatırladıb.
Görüşdə ölkələrimizin
parlamentləri arasında da əlaqələrin hazırkı
səviyyəsindən razılıq ifadə olunub. Spiker əmin olduğunu bildirib ki, səfir Bilal
Hayenin fəaliyyəti ölkələrimiz arasında
münasibətlərin bütün sahələr üzrə
daha da inkişafına, o cümlədən parlamentlər
arasında əlaqələrin daha da genişlənməsinə
töhfə verəcək.
Öz növbəsində səfir Azərbaycanda
özünü çox xoşbəxt hiss etdiyini bildirib. O,
deyib ki, ölkəmizdə şahidi olduğu qonaqpərvərlik
və xoş münasibət xalqlarımız arasında
yaxınlığın və səmimi münasibətlərin
göstəricisidir.
Görüşdə Ermənistanın Azərbaycana
qarşı işğalçılıq siyasəti və hərbi
təxribatları barədə də məlumat verilib. Spiker
Sahibə Qafarova qeyd edib ki, Ermənistan silahlı qüvvələri
sentyabrın 27-də növbəti dəfə kəndlərimizə,
hərbi mövqelərimizə hücum etməyə başlayıb.
Buna cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatı
keçirib və artıq işğal altındakı bəzi
ərazilərimiz azad edilib. Milli Məclisin Sədri qeyd edib
ki, Ermənistan mülki şəxsləri və cəbhə
xəttindən aralıda yerləşən şəhər və
rayonlarımızı da hədəf alır. Bu, bir daha Ermənistanın
cinayətkar rejiminin faşist mahiyyətini nümayiş
etdirir.
Səfir ölkəsinin qardaş Azərbaycan
xalqını Dağlıq Qarabağ məsələsində
həmişə dəstəklədiyini bir daha bəyan edib.
Spiker ədalətli mövqeyinə və Azərbaycana
göstərdiyi dəstəyə görə Pakistan İslam
Respublikasına minnətdarlığını bildirib.
Onu da qeyd edək iki ölkə arasında
dostluq və qardaşlıq münasibətlərini ifadə
edən müxtəlif səpkili tədbirlər də
keçirilir. Belə ki, oktyabrın 14-də Azərbaycanın
Pakistandakı səfirliyinin təşəbbüsü ilə
sosial şəbəkələr vasitəsilə bu ilin may-iyun
aylarında keçirilən, ölkəmizin Respublika
Gününə həsr olunan “Azərbaycan-Pakistan dostluğu əbədidir
və sarsılmazdır” adlı rəsm müsabiqəsinin
qaliblərinin mükafatlandırma mərasimi olub. Tədbirdə
Pakistanın Milli İncəsənət Şurasının
baş direktoru Fouzia Səid, bu ölkənin ictimaiyyətinin
və KİV-lərinin nümayəndələri, müsabiqə
iştirakçıları və səfirliyin əməkdaşları
iştirak ediblər.
Azərbaycanın Pakistandakı səfir
Əli Əlizadə Azərbaycan-Pakistan dostluğu haqqında
fikirlərini bölüşüb, müsabiqənin
keçirilməsində məqsədin Pakistan gənclərinə
hər iki qardaş ölkənin bir-birinə
bağlılığını, dini, mədəni-irsi
oxşarlığını aşılamaq, xalqlar
arasındakı münasibətləri möhkəmləndirmək, gənclərin
istedadlarını təşviq etmək və onlarla əməkdaşlığı
gücləndirmək olduğunu bildirib. Ə.Əlizadə 18
oktyabr - Azərbaycanın müstəqilliyinin bərpasının
ildönümü ərəfəsində keçirilən bu
mərasimin hər iki ölkə gənclərinin möhkəm
birliyinə bir stimul olduğunu qeyd edərək müsabiqənin
qaliblərini və iştirakçılarını təbrik
edib və onlara uğurlar arzulayıb.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2020.- 17 oktyabr.-
S.11.