Prezident
İlham Əliyev: Bu gün Azərbaycan-Türkiyə
birliyi artıq çox ciddi geosiyasi amilə çevrilibdir.
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A
Haber” televiziya kanalına müsahibə verib.
.
- “A
Haber” ekranlarından hər kəsə salamlar. Bütün
dünyanın gözü Qarabağ bölgəsindədir.
Otuz ildir erməni işğalı altındakı Qarabağda
hazırda böyük bir faciə yaşanır.
Çünki ermənilər humanitar atəşkəsə
baxmayaraq, xüsusilə mülki şəxsləri və Azərbaycan
Ordusunu hədəfə almağa davam edirlər. Təbii ki,
Azərbaycan Ordusu da bu hücumları cavabsız qoymur və
erməni ordusuna ağır zərbələr vurulur.
Bəs, bölgədə son durum necədir, bundan sonra nələr
yaşanacaq? Bu durumla bağlı Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin fikirlərini öyrənəcəyik.
Cənab
Prezident, bizi qəbul etdiyiniz üçün sağ olun,
xüsusilə “A Haber” adından çox təşəkkür
edirik.
- Sağ
olun, təşəkkür edirəm.
- Cənab
Prezident, təbii ki, müsahibəmizə bölgədəki
vəziyyətlə başlayacağıq. Dünən
Ermənistan yenə mülki şəxsləri hədəfə
aldı. Tərtərdə bir məzarlıq
hədəfə alındı və 3 azərbaycanlı
qardaşımız şəhid oldu. Siz bu
hücumu necə dəyərləndirirsiniz?
- Bu, erməni
faşizminin növbəti təzahürüdür. Onlar adətən döyüş meydanında məğlubiyyətə
uğrayanda mülki şəxslərə atəş
açırlar. Bunu biz birinci Qarabağ
savaşında da gördük. Məhz
Xocalı soyqırımını törədənlər
bizim həmin mənfur qonşularımızdır.
Bu dəfə
də görəndə ki, artıq döyüş
meydanında Azərbaycan Ordusu qarşısında acizdirlər
və işğal edilmiş torpaqlarda bizə qarşı
müqavimət göstərə bilmirlər, onlar yenə də
mülki vətəndaşları hədəfə aldılar
və namərd hücum nəticəsində bizim
insanlarımız həlak oldular, həm Gəncədə, həm
də dünən Tərtərdəki qəbiristanlıqda. Bu insanların dəfn mərasimində iştirak
etdikləri bir yerdir, hər bir insan üçün müqəddəs
bir yer sayılır. Ancaq bizim mənfur
qonşularımız üçün müqəddəs
anlayışı görünür ki, yoxdur. Bu, insanlığa qarşı cinayətdir, bir daha
Ermənistanın yırtıcı xislətini göstərir.
Ancaq bir də onu göstərir ki, bu namərd
hücumlar bizi yolumuzdan döndərə bilməz, Azərbaycan
xalqının iradəsini qıra bilməz. Biz öz ərazi bütövlüyümüzü
bundan sonra da bərpa etməyə davam edəcəyik.
- Təbii
ki, Azərbaycan mülki şəxslər məsələsində
olduqca diqqətli, çox dəqiq davranır. Bu
ana qədər bir erməni mülki şəxsin belə burnu
qanamadı. Ancaq indiyədək 46 azərbaycanlı
qardaşımız şəhid oldu. Qərbə
baxdığımız zaman, Qərb bu qətliamlara
münasibətdə niyə səssizdir?
- Təəssüf
ki, mülki şəxslər arasında insan itkisi davam edir,
artıq 47 nəfər oldu və 222 mülki şəxs
yaralandı, 2 minə yaxın ev ya tamamilə
dağıldı, ya da ki, böyük ziyan gördü. Mən bunu demişdim, biz bu insanların
qisasını döyüş meydanında alacağıq.
Biz heç zaman mülki şəxslərə
qarşı atəş açmamışıq, bu gün də
açmırıq, baxmayaraq ki, Gəncəyə, Tərtərə
hücumlar oldu. Bu gün səhər saat
6-dan 8-ə qədər, - indi saat 9:10-dur, - Tərtər,
Ağdam, Goranboy və digər rayonlara 220-dən çox mərmi
düşüb. Yəni, bu namərd
hücumlar davam edir. Onların əsas hədəfi
mülki şəxsləri öldürmək, Azərbaycan əhalisi
arasında panika, qorxu yaratmaq, bizi dayandırmaq və öz
çirkin niyyətlərinə çatmaqdır. Ancaq görürlər ki, bu, alınmır və nə
qədər mərmi düşürsə-düşsün Azərbaycan
vətəndaşları öz torpağında qürurla
yaşayırlar və bütün bu çətinliklərə
dözürlər. Onları birləşdirən
bir amal var – Qarabağın qaytarılması, Azərbaycan
bayrağının işğal edilmiş bütün
torpaqlarda qaldırılması və ərazi
bütövlüyümüzün bərpa edilməsidir.
O ki
qaldı, toxunduğunuz ikinci məsələyə - niyə Qərb
səssiz qalır? Biz bunu birinci Qarabağ
savaşında gördük. Ermənistan
bizə təcavüz etdi, Ermənistan bizim
torpaqlarımızı işğal etdi, Ermənistan bizim
xalqımıza qarşı soyqırımı törətdi,
ancaq sanksiyalar Azərbaycana tətbiq edildi. O zaman – 1992-ci
ildə, 1993-cü ildə Qərb mətbuatında belə bir
təsəvvür yarandı ki, sanki Azərbaycan
işğalçıdır, Azərbaycan təcavüzkardır,
Ermənistan isə bu təcavüzün qurbanıdır. Bu
gün də bunu az miqdarda, az həcmdə
görürük. Çünki artıq həqiqəti
danmaq, gizlətmək mümkün deyil.
- Cənab
Prezident, 1993-cü ildə, xüsusilə noyabr ayında yenə
o dönəmdə atəşkəs elan edilmişdi. Atəşkəsi yenə Ermənistan pozmuşdu, qətliamlar
törətmişdi. İndi
baxdığımız zaman atəşkəsi pozan yenə
Ermənistandır. Bu atəşkəslə
Azərbaycan Ordusunun irəliləyişinin
dayandırılmasımı istənilir?
-
Bilirsiniz, bu, onların taktikasıdır. Atəşkəsi
istəyən Ermənistan oldu. Onlar görəndə
ki, artıq döyüş meydanında işğal
edilmiş torpaqları qoruya bilmirlər, onları saxlaya bilmirlər,
onlar atəşkəs üçün müraciət etdilər.
Bizə də belə müraciət gəldi, -
bilirsiniz ki, Rusiya bu missiyanı öz üzərinə
götürmüşdür, - biz də dedik ki, humanitar məqsədlər
üçün, cəsədlərin dəyişdirilməsi,
əsirlərin dəyişdirilməsi üçün atəşkəs
elan oluna bilər. Amma, eyni zamanda, Moskva
açıqlamasında bu, göstərildi ki, müzakirələr
mahiyyət üzrə bərpa edilməlidir. Həmçinin müzakirələrin formatı da dəyişməz
qalmalıdır. Ancaq görünür ki,
onlar bu atəşkəsdən istifadə etmək istəyiblər,
bir gün keçməmiş Gəncəyə bu namərd
hücumu təşkil etdilər. Ondan sonra
bizim digər şəhərlərimizi vurmağa
başladılar və faktiki olaraq bu atəşkəsi
kobudcasına pozdular. Ona görə bu,
onların taktikasıdır. Görünür,
onlara bu atəşkəs ona görə lazım idi ki, öz
qüvvələrini toparlasınlar, səfərbərlik tədbirləri
görülsün və bizə yeni hücum təşkil
edilsin. Çünki bu atəşkəsdən
sonra onlar Hadrut qəsəbəsini yenə də işğal
altına almaq istədilər, üç dəfə oraya
hücum etdilər. Amma üç dəfə
də məğlub oldular. Onların niyyəti
itirilmiş və onlara mənsub olmayan torpaqları yenə də
qaytarmaq və beləliklə, öz
işğalçılıq siyasətini davam etdirməkdir.
- Bu arada,
“Hadrut hələ də bizdədir”, - deyə hazırda yalan təbliğat
aparılır, qəbul edə bilmirlər.
- Bəli,
bu günə qədər bu yalan təbliğatı
aparırlar. Hadrutda artıq neçə
gündür ki, Azərbaycan bayrağı dalğalanır.
Hadrutun ətrafındakı yüksəkliklərin,
təpələrin mütləq əksəriyyəti bizim nəzarətimizdədir.
Əgər Hadrut götürülməsəydi,
Xocavənd rayonunun kəndləri də götürülə
bilməzdi, o zaman Füzuli rayonunun kəndləri də
götürülə bilməzdi. Biz ancaq
Hadrut istiqamətindən oraya irəlilədik.
- Cənab
Prezident, humanitar atəşkəsin tətbiq edildiyi tarixdən
etibarən xüsusilə İrəvanın hava limanına
Rusiyadan, İrandan karqo təyyarələri ilə davamlı
olaraq raketlər göndərilir. Bununla da, əslində,
cinayət törədilir. Bu barədə,
xüsusilə İran Prezidenti Ruhani ilə sərhəd
qapısının bağlanması ilə bağlı
danışdınız, Rusiya ilə də
danışdınız, raketlərin göndərilməsi barədə.
Bu silahlar ödənişsiz verilir. Bu baxımdan İran və Rusiyaya nə demək istərdiniz?
- İrandan Ermənistana silahların göndərilməsi
ilə əlaqədar bizdə hər hansı bir məlumat
yoxdur. Əksinə, deyə bilərəm ki, İran və
Gürcüstan öz hava məkanını və quru
yollarını Ermənistana silahların daşınmaması
üçün bağladı. Buna görə
biz İran və Gürcüstan hökumətlərinə bir
daha təşəkkürümüzü bildirmək istəyirik.
Bizdə olan məlumata görə, Gürcüstan
ərazisindən bu gün mülki təyyarələrlə,
eyni zamanda, karqo təyyarələri ilə qaçaq yolla
silah göndərilir.
Ermənistan bu yaxınlarda bir təyyarə satın
almışdır. Bizdə olan məlumata görə, təqribən
30-40 milyon dollara almışdır. Bu təyyarəni alan Rusiyada yaşayan zəngin erməni iş
adamlarıdır, Karapetyan, Abramyan və başqaları. Onlar Rusiyada yaşayan erməniləri bizə
qarşı vuruşmaq üçün Qarabağa muzdlu kimi
göndərirlər. Eyni zamanda, bu “İl-76” təyyarəsinin
alınması Ermənistana imkan verdi ki, o
silahları qaçaq yollarla Ermənistana gətirsin. Çünki hər dəfə hərbi təyinatlı
məhsullar göndəriləndə bu, bəyan edilir. Onların bəyanatlarında isə bu, mülki
karqodur. Amma onun içərisində tank əleyhinə
“Kornet” və “Konkurs” silahları, “İqla” hava hücumuna
qarşı silahlar, eyni zamanda, bizdə olan məlumata görə,
Rusiyada qaçaq yollarla alınmış raketlər göndərilir.
Ona görə biz Beynəlxalq Mülki Aviasiya Təşkilatına
rəsmən müraciət etdik ki, bu məsələni
araşdırsın, bunu dayandırsın. Bu, beynəlxalq cinayət sayılır. Bu qaçaq silahların Ermənistana göndərilməsi
qəbuledilməzdir.
Rusiya rəsmi orqanları tərəfindən də bizə
açıqlama verildi ki, Rusiya Ermənistana silah göndərmir. Ona görə bizim fikrimizcə,
bu silahları Rusiyada yaşayan erməni iş adamları,
zəngin iş adamları qanunsuz yollarla bəzi hərbi
zavodlardan alıb Ermənistana göndərirlər. Bu istiqamətdə araşdırmalar davam etdirilir.
- İndi isə, cənab Prezident, cəbhəyə “gedəcəyik”. Təbii ki, Azərbaycan
və Türkiyə xalqları cəbhədən gözəl
xəbərlər, gözəl müjdələr gözləyirlər.
Mən xəritəni göstərmək istəyirəm,
təbii ki, 18 min kvadratkilometrlik bir ərazidən bəhs
edirik. Bu ərazi otuz ildir ki, işğal
altındadır. Bu bölgələrin bu
günə qədər neçə min kvadratkilometrlik sahəsi
azad edilib? Hazırda Azərbaycan Ordusu irəliləyir,
böyük zərbələr vurur. Deyirik
ki, bu günə qədər erməni ordusu öz
gücünün yarısını itirib. Rəqəm olaraq erməni ordusu nə qədər
itkiyə uğradıldı? Bununla
bağlı bir rəqəm öyrənə bilərikmi, cənab
Prezident?
- Azad
edilmiş torpaqları hesablamaq o qədər də çətin
məsələ deyil, halbuki hər gün bu, dəyişir. Dünən mən yeni altı kəndin
işğaldan azad edilməsi xəbərini Azərbaycan
xalqına çatdırdım. Ondan əvvəlki
gündə daha çox sayda kəndlər azad edildi. Bu
proses davam edir. Demək olar ki, hər gün biz
yeni əraziləri işğaldan azad edirik, hər gün yeni
strateji yüksəklikləri azad edirik. Ona
görə bu rəqəmlər dəyişir. Ancaq bu gün rəsmi qaydada verilən məlumat deməyə
əsas verir ki, hansı bölgələr azad edildi.
İndi bu xəritədə, misal üçün,
Hadrut yoxdur. Artıq Hadrut bizdədir. Füzulinin
ətrafında kəndlərin mütləq əksəriyyəti
bizdədir. Artıq Füzuli bizim
gözümüzün qabağındadır. Ondan sonra cənub istiqamətində də irəliləmişik.
Şimalda Murovdağ mövqeləri bizdədir,
Suqovuşan bizdədir. Yəni, bütün istiqamətlər
üzrə böyük uğurlar əldə etdik və bu
proses davam edir. Hesab edirəm və əminəm
ki, Azərbaycan xalqı bunu diqqətlə izləyir. Xüsusilə o kəndlərin sakinləri ki, o kəndlər
işğaldan azad edilir, onlar üçün əlbəttə,
bu, tarixi günlərdir.
- Yəni,
orta hesabla təxminən neçə min kvadratmetr olur?
- Bunu demək
istəməzdim. Çünki bu, hər gün
dəyişən rəqəmdir. Ancaq bizim
məqsədimiz ərazi bütövlüyümüzü tam
bərpa etmək və Azərbaycan bayrağını
işğal edilmiş bütün torpaqlarda
qaldırmaqdır.
- Bəs,
erməni itkiləri ilə bağlı rəqəmin nə qədər
olduğunu deyə bilərsiniz?
- Bu rəqəmlər
də hər gün dəyişən bir statistikadır.
Yalnız 200-dən çox tank məhv edildi, 33 tank qənimət
kimi götürüldü, onlar bizdə
saz vəziyyətdədir. Hava hücumuna
qarşı 35 OSA sistemi məhv edildi. Hava
hücumuna qarşı çox müasir iki S-300 sistemi məhv
edildi.
-
Çox qiymətli, bahalıdır.
- Bəli,
çox qiymətli, ondan sonra TOR, o da çox bahalı, o da
hava hücumuna qarşı sistemdir. Təqribən
170 karqo maşını ya məhv edildi, ya da bizdədir.
Həmçinin 16 komanda mərkəzi məhv
edildi. Bizim hesablamalarımıza görə,
bu günlər ərzində Ermənistan ordusuna təxminən
2 milyard dollar ətrafında ziyan dəydi və bu, davam edir.
Mən demişəm və Ermənistan rəhbərliyinə
də müraciət etmişəm, siz atəşkəsə əməl
edin, bizə təqvim verin, torpaqlarımızdan
çıxın, bu müharibə dayansın, siz də indi
qalan silahlarınızı xilas edin. Yoxsa
belə gedərsə, biz onların bütün
silahlarını məhv edəcəyik.
- Ermənistanın
insan itkisi nə qədərdir, cənab Prezident?
- İnsan itkisi barədə onların verdiyi rəqəmi,
- mən mətbuatda gedən rəqəmi deyirəm, - təqribən
600-dən çoxdur. Amma bizdə olan məlumata görə,
onlarda itki bundan bir neçə dəfə çoxdur.
- Yəni,
Ermənistan az göstərməyə
çalışır?
- Təbii.
- Amma cəbhədə
vəziyyət fərqlidir.
- İndi əgər 200 tank məhv edilibsə, bu
tankın içində olan əsgərlərin sayına
baxın, artıq neçəyə çatır. Ondan sonra
döyüş meydanlarında, komanda mərkəzlərində,
digər qurğularda. O görüntülər var,
onların texnikası necə məhv edilir, ona görə
hansısa konkret rəqəm demək istəməzdim. Çünki mən hər zaman dəqiq rəqəmlərə
sadiqəm, yoxlanılmamış rəqəmləri səsləndirmək
istəmirəm. Amma təbii ki, 600-dən
daha çoxdur.
- Yəni,
Ermənistanın silahlarının yarısına
yaxını yox edildi deyə bilərikmi, cənab Prezident?
- Biz
bilmirik, onlarda nə qədər silah var. Amma bir sual ortaya
çıxır ki, onlar bu silahları hansı pulla
alıblar? Ermənistanın büdcəsi də,
valyuta ehtiyatları bəllidir. Təkcə
17-18 gün ərzində onların 2 milyard dollarlıq
silahları məhv edilib və hələ də silahları
var. Məhv edilmiş bu silahlar yalnız işğal
edilmiş torpaqlardadır. İndi Ermənistan
ərazisində nə qədər silahlar var? Baxın, bunlarda nə qədər silah var? Haradan aldılar bunu, haradan bu pulu tapdılar? Təbii ki, bunlarda bu qədər pul yoxdur. Deməli, bunu havayı aldılar.
- Cənab
Prezident, 18 oktyabr önəmli bir gündür. Azərbaycanın
müstəqillik günüdür. Azərbaycan
xalqı bu tarixdə Sizdən bir müjdə gözləyir,
İnşallah. Qarabağla bağlı bir
müjdəniz olacaqmı? Buradan “A Haber”
ekranlarından bütün Türkiyəyə və azərbaycanlı
qardaşlarımıza o müjdəni bölüşmək
istərdinizmi?
-
Bilirsiniz, bu, doğrudan da tarixi bir gündür. Çünki Azərbaycan XX əsrdə ikinci dəfə
müstəqilliyə qovuşdu. Müstəqilliyin
ilk illəri bizim üçün çox ağır
keçdi, faciəvi keçdi. Biz müstəqilliyimizi
itirə bilərdik. Necə ki, 1920-ci ildə itirdik, cəmi
iki il çəkdi. Ondan
sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Bu dəfə də Ermənistanın Azərbaycana təcavüzü,
eyni zamanda, Azərbaycanın daxilində gedən
çarpışmalar böyük böhrana səbəb oldu.
Yalnız 1993-cü ildə ulu öndər Heydər
Əliyev hakimiyyətə gələndən sonra vəziyyət
sabitləşdi, sabitlik təmin edildi və Azərbaycan inamla
inkişaf yoluna qədəm qoydu.
Ona görə 18 oktyabr tarixi bizim üçün
çox əziz bir tarixdir. Ancaq bu müddətdə
- bu 17-18 gün ərzində mən heç zaman bizim ordu
qarşısında bu tarixdə bunu alacaqsan, o tarixdə bunu
alacaqsan vəzifəsi qoymamışam. Çünki
müharibənin öz qaydaları, öz qanunları var. Bizim
üçün əsas məsələ ərazi
bütövlümüzü bərpa etməkdir. Nə zaman müjdə veriləcək - 17-dəmi,
18-dəmi, 19-damı, bu, o qədər önəmli deyil.
Önəmli odur ki, biz bunu edək, buna nail olaq.
Eyni zamanda, biz bəzi kəndlər haqqında məlumatı
bu gün də verə bilərik və bəlkə də
olacaq. Ancaq ən önəmlisi strateji
yüksəklikləri götürməkdir. Çünki bu yüksəklikləri götürərkən
biz daha böyük əraziyə nəzarət edirik. Bundan sonra Azərbaycan Ordusunun əks-hücum əməliyyatının
daha da uğurlu olmasına şərait yaradırıq.
-
Qarabağın qəlbi, gözü Şuşadır. Azərbaycanlıların gözü-qulağı
Şuşadan gələcək xəbərdədir. İstiqaməti
Şuşa olaraqmı verdiniz, inşallah?
- İstiqamət hər tərəfdir. İşğal
edilmiş torpaqların hər bir qarışı, hər bir
şəhər bizim üçün doğmadır, əzizdir.
Mənim üçün hər bir kəndin dəyəri,
qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə
müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki,
Şuşanın Azərbaycan xalqının qəlbində
xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim
mədəniyyət ocağıdır. Şuşa
Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər
bəxş edibdir. Əlbəttə ki,
Şuşasız bizim işimiz yarımçıq olar.
Təbii ki, müzakirələr prosesində də
hər zaman bu məsələ gündəlikdə idi.
Bilirsiniz, bundan əvvəlki dövrdə
danışıqlar masasında bir çox məsələlər
var idi. Bəzi
təkliflər ondan ibarət idi ki, yaxşı, Azərbaycan
bu beş rayonu alsın, bununla kifayətlənsin.
Qalanlar da qalsın, yəni, hər şeyi siz
almaq istəyirsiniz, belə şey olmur, kompromis
olmalıdır və sair. Ancaq mən
heç vaxt buna getməmişəm. Beş
rayonu alıb qalan rayonları sonraya, qeyri-müəyyən
vaxta saxlayıb, məsələni bitmiş hesab etmək
heç cür düzgün olmazdı. Ona
görə müxtəlif mərhələlərdə vasitəçilər
və bəzi beynəlxalq təşkilatlar təəccüb
edirdilər ki, nə üçün İlham Əliyev buna
razılaşmır. Axı, ona deyirik ki, indi beş rayon, halbuki Ermənistan indi
görünür o beş rayonu da vermək istəmirdi. Ancaq belə təkliflər olub. Amma
mənim mövqeyim hər zaman belə olub ki,
Şuşasız bizim işimiz yarımçıq olar.
Ona görə təbii ki, Şuşanın
işğaldan azad edilməsi bizim hədəflərimizin
arasında xüsusi yer tutur. Biz buna
çalışmalıyıq, biz buna nail olmalıyıq.
Bu, nə zaman olacaq?
-
Yaxındamı, cənab Prezident?
- Onu, yəni,
yaxın gələcək göstərər.
- İnşallah. Yəqin ki, Qarabağı azad etmək rəhmətlik
atanızın vəsiyyətidir. Vəsiyyətini
də yeri gəlmişkən Sizdən öyrənmək istərdik.
Vəsiyyətini hazırda həqiqətən
yerinə yetirirsiniz. Sizi də, Azərbaycan
xalqını da Türkiyə xalqı adından təbrik
edirik. Atanızın vəsiyyəti barədə
nə söyləmək istəyirsiniz?
-
Bilirsiniz, mən hər zaman çalışmışam ki,
atamın yoluna sadiq olum. 2003-cü ildə ilk dəfə Azərbaycan
xalqı mənə etimad göstərəndə seçkilərdən
əvvəl mən demişdim ki, əgər siz mənə bu
inamı, etimadı göstərsəniz, mən Heydər
Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər
üzrə onun yolu ilə gedəcəyəm. Şadam
ki, sözümə sadiq oldum, sözümü tutdum. Bu gün Azərbaycanın sürətli və
uğurlu inkişafı, beynəlxalq müstəvidə
böyük hörmətə malik olması, ölkə
daxilində sosial, iqtisadi, digər problemlərin həlli,
böyük layihələrin həyata keçirilməsi, əlbəttə
ki, Heydər Əliyev yolunun davamıdır.
Təbii ki, dünya dəyişir. Dünyadakı
güclər nisbəti də dəyişir. Bugünkü dünya 2003-cü ildəki dünya ilə
əlbəttə ki, müqayisə edilə bilməz. Ancaq bizim strateji hədəflərimiz dəyişməz
olaraq qalır. O da müstəqilliyi möhkəmləndirmək,
müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç
kimdən asılı olmamaq, heç kimin qarşısında
baş əyməmək, öz qürurumuzu saxlamaq, qorumaq və
ərazi bütövlüyümüzü bərpa etməkdir.
Yəni, qısa desəm, atamın vəsiyyəti
bundan ibarətdir.
Əlbəttə ki, ərazi
bütövlüyümüzün bərpası bizim
üçün bir nömrəli vəzifədir. Biz buna nail
olmaq üçün böyük səy göstərdik -
siyasi, iqtisadi, diplomatik, hərbi. Bizim ordumuz
faktiki olaraq yenidən quruldu. Bu gün
ordumuzun potensialı bütün dünyanın gözü
önündədir. Mənə verilən
məlumata görə, inkişaf etmiş bəzi ölkələrin
hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi
öyrənirlər. Mən əminəm
ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini
tapacaq. Ona görə atamın yoluna sadiq
qalaraq bu şərəfli missiyanı icra edirik. İnşallah, sona qədər başa
çatdıracağıq.
- Azərbaycan
çox güclü bir ordu yaratdı. Birinci
Qarabağ müharibəsində hava qüvvələri belə
yox idi, ancaq indi artıq güclü bir hava qüvvələri,
güclü bir ordu var. Təbii ki, “TB2” silahlı pilotsuz
uçuş aparatları da bölgədə böyük bir
güc oldu. Türkiyədən satın
aldınız və hazırda istifadə edirsiniz. Silahlı pilotsuz uçuş aparatları müharibənin
gedişini necə dəyişdirdi?
-
Çox dəyişdirdi. Çünki bilirsiniz, Ermənistan
30 il ərzində işğal edilmiş o
bölgələrdə bütün təmas xətti boyunca
çox güclü istehkam qurmuşdu. Çox
böyük mühəndis-istehkam işləri görmüşdü.
Bəzi yerlərdə onların dörd
müdafiə xətti var. Böyük xəndəklər
qazıldı, digər mühəndislik işləri
görüldü. Çox böyük
beton plitələri vardır, sığınacaqlar vardır,
bunkerlər vardır. Bir də bölgənin
relyefi elədir ki, o, təbii istehkamdır. Çünki o dağlıq ərazidir və biz
aşağıdan yuxarı gedirik. Hər
bir ordu üçün bu, böyük çətinlikdir.
Çətin bir iş və çox riskli bir işdir. Ona görə bizim bu istiqamətdə
gördüyümüz işlər, əlbəttə ki,
böyük qəhrəmanlıq tələb edirdi və biz
düşmənin texnikasını dəqiq məhv etmək
üçün mütləq pilotsuz uçuş
aparatlarına möhtac idik. Çox
şadıq ki, qardaş Türkiyənin inkişaf etmiş hərbi
sənaye kompleksi bu gözəl SİHA-ları və
İHA-ları istehsal etməyə başlamışdır.
Azərbaycan Türkiyənin xaricində ilk
ölkələrdəndir ki, bu SİHA-ları ala bildi. Mən artıq bunu söyləmişəm,
yalnız Türkiyə istehsalı olan SİHA-larla bir milyard
dollar dəyərində olan erməni hərbi texnikası məhv
edildi. Qalan bir milyardı da bizim hərbi
vasitələrlə məhv edildi. Yəni,
bu, müharibənin gedişatını çox dəyişdirdi.
- Bölgədə
tunellərdən, laylı müdafiədən bəhs etdiniz. Əslində, biz onu Suriyadakı əməliyyatlarda
görmüşdük. Bunlar PKK, PYD-nin istifadə etdiyi
üsullardır. Otuz ildir bölgədə eyni
üsuldan istifadə edilir. Bu baxımdan
orada PKK-nın, PYD-nin bir dəstəyi varmı?
- Ola bilər.
Bizdə bu toqquşmadan da əvvəl məlumat
var idi ki, PKK-çılar orada düşərgə
qurmuşlar. Çünki bilirsiniz,
Dağlıq Qarabağ nəzarətsiz bir ərazi idi. Orada hər hansı bir beynəlxalq nəzarət
mexanizmi yox idi. Çünki indi Ermənistan
da, Azərbaycanda bir çox beynəlxalq təşkilatların
üzvüdür. Orada nəzarət
mexanizmləri də var, monitorinq də var. Bu isə boz bir sahə,
yəni nəzarətsiz bir sahədir. Ona
görə orada qaçaqmalçılıq, narkotik ticarəti,
qanunsuz silahlı birləşmələrin təlimləri və
PKK düşərgələri də mövcud idi. İstisna edilmir ki, onlar da bu istehkamların
qurulmasında rol oynayır.
- Bölgədə
neçə dənə PKK düşərgəsi var?
- Onu biz
deyə bilmərik. Çünki onlar bir yerdə
dayanmırlar, onlar yerlərini dəyişirlər. Amma kifayət qədər çox idi. Hər halda bu məlumat bizdə bu son toqquşmadan əvvəl
də var idi. Bu gün erməni tərəfindən
vuruşan, öldürülən insanlar arasında
şübhəli insanlar da var. Hər halda Kanada pasportlu, Livan
pasportlu insanlar var. Şəxsiyyətini müəyyən etmək
mümkün olmayan insanlar var. Amma dəqiqdir ki, onlar erməni
əsgəri deyil. Yəni, onlar muzdlulardır.
- Bölgədə
xüsusilə Ermənistan öz ərazilərindən raket
hücumları həyata keçirir. Öz ərazisindən
hücumlara davam edərsə, Sizin
üçün Ermənistan ərazilərinə əməliyyat
haqqı yaranarmı?
- Xeyr,
bizim belə fikrimiz yoxdur. Mən bunu dəfələrlə
demişəm, bizim Ermənistan ərazisində hər
hansı bir hərbi hədəfimiz yoxdur. Hərbi
əməliyyatları Ermənistan ərazisinə keçirmək
fikrimiz də yoxdur. Bizim başqa ölkələrin
torpağında gözümüz yoxdur. Biz,
sadəcə olaraq, ölkə hüdudları çərçivəsində,
beynəlxalq təşkilatlar və dünya birliyi tərəfindən
tanınmış qanuni Azərbaycan torpaqları çərçivəsində
bu əməliyyatları aparırıq. Bu
günə qədər biz Ermənistan ərazisinə
keçməmişik.
Onu da bildirməliyəm ki, iyul ayında Ermənistan-Azərbaycan
sərhədində bizə qarşı hücum təşkil
edilmişdir.
Ermənistan silahlı qüvvələri Tovuz
bölgəsinə və onun müəyyən yerlərinə
girə bilmişdir. Biz onları oradan rədd
etdik, öz torpaqlarımızı qoruya bildik. Onları sərhəddən kənara atdıq.
Ondan sonra da sərhədi keçə bilərdik.
Yəni, bizim qarşımızda hər
hansı bir ciddi maneə yox idi. Onsuz da bu
döyüş də onu göstərdi ki, əgər burada
biz keçə bilmişiksə, orada daha asandır. Çünki orada bu istehkamlar yoxdur. Amma bunu etmədik. Çünki
biz hesab etdik ki, bu, düzgün olmaz. Biz
öz torpağımızda özümüzü müdafiə
edirik və işğalçıları öz
torpaqlarımızdan qovmalıyıq. Ancaq, eyni zamanda, əgər
onlar Ermənistan ərazisindən bizə qarşı
“Toçka-U”, “İsgəndər”, “Skad” və başqa
çox təhlükəli silahlardan istifadə etməyi davam
edəcəklərsə, - necə ki, Gəncəni onlar Ermənistanın
Vardenis rayonundan vurdular, - bu, bizim üçün legitim, qanuni
hərbi hədəflər olacaq. Bunu hər kəs
bilsin.
-
Türkiyədən və Pakistandan Sizə dəstək
mesajları gəlir. Xüsusilə Prezident Rəcəb Tayyib
Ərdoğan “Hər cür dəstəyi verməyi
hazırıq” dedi. Bu baxımdan Türkiyə və
Pakistandan hərbi dəstək istəyəcəksinizmi?
- Xeyr. Bizim belə bir fikrimiz yoxdur. Türkiyə
və Pakistan bizə ilk dəstək olan ölkələrdir.
Onlardan sonra bu ölkələrin sayı artdı.
Ondan sonra Əfqanıstan bizə açıq dəstək
göstərdi. Bosniya və Herseqovina, ondan
sonra digər ölkələr dəstək göstərdilər.
Ən çox dəstək göstərən
qardaş Türkiyə olmuşdur. Mənim
qardaşım, hörmətli Prezident Rəcəb Tayyib
Ərdoğan ilk saatlardan çox dəqiq və çox qəti
mesajlar verdi ki, Azərbaycan tək deyil,
Türkiyə Azərbaycanın yanındadır. Bu, bizi daha da ruhlandırdı. Ancaq
hərbi dəstəkdən söhbət gedə bilməz.
Buna ehtiyac yoxdur. Bu gün Ermənistanın
baş naziri tərəfindən uydurulan yanlış məlumat,
əlbəttə ki, beynəlxalq ictimaiyyəti
çaşdırmağa yönəlib. Misal
üçün, dünən Rusiya televiziyasına verdiyi
açıqlamasında demişdir ki, Azərbaycan tərəfində
Türkiyə vuruşur, Pakistan vuruşur, Suriyadan, Liviyadan
olan əsgərlər vuruşur. Bunlar
hamısı yalandır. Bu yalanı
ifşa etmək o qədər də çətin məsələ
deyil.
Toqquşmaların ilk günündə demişdilər
ki, Ermənistanın Su-25 təyyarəsini Türkiyənin
F-16 təyyarəsi vurmuşdur. Biz dedik ki, sübut
verin. Verə bilmədilər. Sonra hər kəs gördü ki, bu, yalandır.
İndi bunu artıq demirlər. İndi yeni yalan ortaya atırlar ki, guya Pakistan və
türk əsgərləri bizimlə bərabər
vuruşurlar. Sübutlar versinlər. Yoxdur, bu. Sadəcə olaraq, Ermənistan tərəfi
birinci növbədə istəyir ki, Azərbaycan Ordusunun
gücünü pərdələsin. Guya
ki, Azərbaycan təkbaşına bunu edə bilməzdi.
İkincisi, onun daha bir yalanı odur ki, guya bu
toqquşma artıq bölgədən çıxıb, daha
qlobal bir toqquşmaya çevrilib. Bu da
yalandır. Bizim Türkiyədən, Pakistandan və
başqa qardaş ölkələrdən
aldığımız dəstək yalnız mənəvi və
siyasi dəstəkdir.
-Cənab
Prezident, Türkiyə və Azərbaycanın dostluğu, əlaqələri,
yaxınlığı kimləri narahat edir?
-Bizi istəməyənləri.
Türkiyənin gücünün
artırılmasını istəməyənlər.
-Kimlər?
-Yəni,
bunların kimlər olduğu bəllidir. Bir
çox ölkələrdə belə dairələr var. Bu,
islamofob dairələrdir. Təəssüf
ki, bu gün Avropada islamofobiya artır. Kasıb
ölkələrdən gələn qaçqınlara olan
münasibət də göz qabağındandır. Ona görə islamofob partiyalar bu gün bir neçə
Avropa ölkəsində parlamentdə yer alırlar. Radikal faşist partiyalar daha çox səs
qazanırlar. Bu, çox təhlükəli
bir meyildir. İlk növbədə, Avropa
üçün təhlükəli meyildir. Çünki bu, irqçiliyə,
ayrı-seçkiliyə, ksenofobiyaya, islamofobiyaya şərait
yaradan bir meyildir. Eyni zamanda, islamofob qüvvələrlə
yanaşı, Türkiyənin gücündən narahat olan
dairələr var. Çünki bugünkü Ərdoğan
Türkiyəsi 20 il əvvəlki
Türkiyə deyil. Bunu biz də bilirik,
Türkiyədə yaşayan qardaşlarımız da bilirlər.
Bu gün Türkiyə dünyada söz
sahibidir. Heç kim Türkiyəyə
nəyi isə diktə edə bilməz, nəyi isə məcbur
edə bilməz. Türkiyə öz
maraqlarını, öz müttəfiqlərinin
maraqlarını dünyada layiqincə müdafiə edir,
öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq
aləmdə söz sahibidir. Bölgədə
Türkiyənin iştirakı, razılığı olmadan hər
hansı bir məsələ həll edilə bilməz.
Suriya, Liviya, ondan sonra Aralıq dənizi – bütün bunlar
onu göstərdi. Ona görə bunlar Türkiyənin
gücünü istəməyən və bundan narahat olan
qüvvələrdir. Bu, təbiidir.
-Cənab
Prezident, birlikdən qüvvət doğar dediniz. Türkiyənin güclü olması nə
üçün önəmlidir?
-Türk
dünyası üçün ona görə ki, bu,
böyük bir gücdür və bizi gücləndirir. Mən bunu dəfələrlə demişəm.
Türkiyədə də demişəm, Azərbaycanda
da. Əziz qardaşım Prezident burada
olanda demişəm ki, Türkiyə-Azərbaycan birliyi
bölgə üçün sabitlik gətirir. Əgər toqquşmaların ilk saatlarında
Türkiyədən bu dəqiq mesajlar gəlməsəydi, bəlkə
də bu işlərə başqaları qarışa bilərdi.
Türkiyənin bu mesajları hər kəsə “dur” dedi. Azərbaycan tək deyil. Türkiyə
işin sonuna qədər Azərbaycanın yanındadır.
Əlbəttə ki, bu gün Azərbaycan-Türkiyə
birliyi artıq çox ciddi geosiyasi amilə çevrilibdir və
bu, müsbət amildir. Bizim birliyimiz hər
hansı bir ölkənin maraqlarına qarşı deyil.
Biz, sadəcə olaraq, öz
maraqlarımızı müdafiə edirik, öz yolumuzu davam
etdiririk. Heç kim bizim işimizə
qarışmasın, heç kim bizim daxili məsələlərimizə
burnunu soxmasın. Biz bunu istəyirik. Türkiyə bu günə qədər kimin işinə
qarışıb? Heç kimin. Azərbaycan kimin işinə qarışıb?
Heç kimin. Sadəcə,
biz deyirik ki, bizə də dəyməyin, kənarda durun.
Dost olaq, tərəfdaş olaq, işbirliyi edək.
Amma sizinki sizdə, bizimki bizdə. Biz bunu istəyirik və buna haqqımız
çatır.
-Qarabağ
probleminin həllində Türkiyəsiz bir masadan həll yolu
tapılarmı?
- Əslində, de-fakto Türkiyə artıq
masadadır. Mən bunu söyləmişəm. Bu, reallıqdır. Bu gün
Türkiyə digər bölgədə yerləşən
ölkələrlə bu məsələni
danışır, müzakirə edir. Siz də
bilirsiniz, Rusiya və Türkiyə prezidentləri arasında
telefon danışığı olub. Xarici
İşlər nazirlərinin, Müdafiə nazirlərinin
danışıqları olubdur. Eyni zamanda,
iranlı həmkarları ilə Türkiyənin yüksək
vəzifəli şəxslərinin əlaqələri olubdur,
digər ölkələrlə. Ona görə
Türkiyə de-fakto buradadır. Sadəcə
olaraq, Minsk qrupu 1992-ci ildə təşkil olunduğu
üçün, - onsuz da Türkiyə Minsk qrupunun
üzvüdür, - o zaman bilmirəm hansısa səbəblərə
görə həmsədr olmadı. Yəni,
biz çox istərdik ki, bəri başdan Türkiyə həmsədr
olsun. Ancaq o zaman Türkiyə özü
bunu etmədi. Özü istəsəydi, məncə
olardı. Çünki ona görə mən
deyirəm, bugünkü Ərdoğan Türkiyəsi ilə
o Türkiyə arasında böyük fərq var. Əgər
həmsədr olsaydı, o zaman təbii ki, bu məsələ
çoxdan həll olunardı. Ona görə
biz deyirik ki, Türkiyəsiz bu məsələ həll
olunmaz. Mən demirəm ki, Minsk qrupu
artıq tarixdə qalsın. Yox, qoy onlar da
çalışsınlar. Halbuki 30 il
ərzində bir nəticəyə gəlmədilər. Amma Türkiyəni bu prosesdən kənardan saxlamaq həm
düzgün deyil, həm də ki, mümkün deyil.
-Cənab
Prezident, Minsk qrupunun həmsədri Fransanın münasibətini
necə dəyərləndirirsiniz?
-Bilirsiniz,
Fransanın son açıqlamaları hesab edirəm ki,
müsbət açıqlamalardır. Eyni
zamanda, mənim Fransa Prezidenti ilə son telefon
danışığım da çox müsbət olubdur.
Təbii ki, Fransa həmsədr kimi bitərəf
olmalıdır. Mən bunu demişdim.
Hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri
ola bilər. Yəni, milli səviyyədə
hər bir ölkə sərbəstdir. Heç kim buna bir irad tuta bilməz. Ancaq
həmsədrlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin üzərinə
böyük məsuliyyət qoyur. Ona
görə onlar bu mandat çərçivəsində gərək
bitərəf olsunlar. Hesab edirəm ki, bu
günə Fransanın addımları və yanaşması
müsbətdir.
-Rusiya
Xarici İşlər naziri Lavrov bir açıqlama verdi. Açıqlamasında
Qarabağ bölgəsinə hərbi müşahidəçilər
göndərə biləcəklərini söylədi. Buna razılıq verərsiniz?
-Bilirsiniz,
eyni zamanda, Rusiyanın Prezident ofisində deyildi ki, bu, hər
iki tərəfin – Azərbaycanın və Ermənistanın
razılığı əsasında ola
bilər. Yəni, bu, əslində, hər
şeyi özü deyən bir məsələdir. Hər iki tərəf buna razılıq verməlidir,
bu, birincisi. İkincisi, təməl prinsipləri
arasında, - mən artıq bu məsələ ilə
bağlı fikirlərimi bildirmişəm, - sülhməramlı
qüvvələrin bölgəyə göndərilməsi məsələsi
var, ancaq ən son mərhələdə. Torpaqlar
işğaldan azad edilir, beş rayon, ondan
sonra iki rayon, daha sonra Dağlıq Qarabağ ərazisinə və
Şuşaya Azərbaycan əhalisi qayıdır. Ondan sonra sülhməramlı qüvvələr gəlir.
Ona görə bu gün bu haqda danışmaq
tezdir. Üçüncüsü,
hansı ölkələr bu sülhməramlı qüvvələrin
içində olacaq? Bu da hər iki tərəf
arasında razılaşdırılmalıdır. Bu məsələ ilə bağlı müzakirələr
prosesində hər hansı bir müzakirə
olmamışdır. Hesab edirəm ki,
Rusiya Prezident ofisindən verilən açıqlama tamamilə
əsaslıdır. Hər iki tərəf
buna razı olmalıdır. Bunun
razılığı və bunun təqvimi verilməlidir.
Bu gün fəal münaqişələr gedə-gedə
bu haqda danışmaq bir qədər tezdir.
-Təbii.
Ermənistanın işğal etdiyi Qarabağda
zəngin yeraltı qaynaqlar var. Bilirik ki, Kəlbəcərdə
zəngin qızıl yataqları var. Əslində, Ermənistanın
əsl dərdi qızıl yataqlarıdırmı?
-Odur. Amma əsas onların bizə olan əzəli nifrətidir.
Ermənistan faşizm siyasəti aparır,
Türkiyəyə, Azərbaycana nifrəti
aşılayır, uşaqlara türkləri düşmən
kimi qələmə verir. Öz əhalisinin
beyinlərini zəhərləyir. Yəni,
Ermənistanın işğalçılıq siyasətinin təməlində
bu dayanır. Əsas məsələ
budur. Digər bölgələrin həm
bitkiçilik, həm heyvandarlıq üçün çox
münbit, çox gözəl torpağı var. Onlar bunu
istismar edirlər. Kəlbəcərin
qızıl yataqları. Onlar qanunsuz olaraq
oranı istismar edirlər. Biz bütün
o işdə onlara yardımçı olan və oraya
investisiya yatıran şirkətlərə məktub göndərmişdik.
Mən bu toqquşmadan əvvəl verdiyim
açıqlamalarda demişdim ki, bütün bu xarici şirkətlərə
son xəbərdarlıq edirik - ya dayandırın bu fəaliyyəti,
ya da biz sizi məhkəməyə verəcəyik. Məhkəmədə bizim sözümüz
keçəcək. Çünki bu,
qanunsuzdur. Oradan çıxarılan
qızılları Ermənistan aparır xaricə satır və
pul qazanır. Orada çıxan təbii
qaynaqları, bizim torpaqdan əldə edilmiş məhsulu onlar
Ermənistana daşıyırlar. Ona
görə burada bir çox hədəflər var. Əsas məqsəd
bu torpaqları əbədi Ermənistanın tapdağı
altında saxlamaqdır. Onlar buna da nail
ola bilmədilər.
-Cənab
Prezident, Paşinyanın atası Sorosdur dediniz.
-
Doğrudur.
-İndi Azərbaycan bölgədə Soroslamı
mübarizə aparır?
O cümlədən
Sorosla. Əslində, mən dedim ki, Soros deyəndə, təkcə
Corc Sorosu nəzərdə tutmuram. Bu, bir
anlayışdır. Bu, bir hərəkətdır,
bu, dağıdıcı bir hərəkətdir, bu,
yırtıcı bir hərəkətdir. Bu,
müstəmləkəçi bir hərəkətdir. Paşinyanın Sorosla o fotoşəklinə
baxın, necə eybəcər fotoşəkildir. O,
internetdə var. Durublar, bədənləri də
yapışıb bir-birinə. Yəni,
utancverici bir şəkildir, ikisi də gülür, ikisinin də
üzündə təbəssüm. Bu şəkil
faktiki olaraq Paşinyanın kim olduğunu
göstərir. Çünki Ermənistanda
çevrilişin təşkil edilməsində Soros
qruplarının böyük rolu oldu və Paşinyan, əslində,
hər zaman anti-Rusiya mövqeyində olub. Onun
partiyasının adı ermənicə “Yolka”dır. Onu tərcümə etsək “Çıxış”
deməkdir. Haradan çıxış?
Rusiya ilə birlikdə Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatından və Avrasiya Birliyindən.
O millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə
idi, anti-Rusiya mövqeyində idi. Ona görə
mən təəccüb edirəm ki, bu günə qədər
Rusiyada bəzi siyasi dairələr onun tərəfini tuturlar.
Axı o, ruspərəst qüvvələrə
qarşı inqilab etdi, ruspərəst prezidentləri həbsə
atdı, ruspərəst ana müxalifət partiyasının sədrini
həbsə atdı. Hər şeyi
Rusiyanın əleyhinə etdi, Rusiyanın “Qazprom” şirkətinə,
dəmir yolu şirkətinə cinayət işi
açdı. Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının, - hansı ki, NATO
tipli bir təşkilatdır, - erməni əsilli sədrini həbsə
atdı. Yəni bu, Sorosun sözü ilə
oturub-duran bir adamdır. Bir də ki, onun
komandasına baxın, onların hamısı Soros Fondunun,
Açıq Cəmiyyət Təşkilatının, “Amnesty
International”ın nümayəndələridir. Yəni, Soros Ermənistanda hakimiyyətə gəldi,
amma iflasa uğradı.
-Cənab
Prezident, Türkiyədən hərbi baza istəyiniz oldumu? Bu məsələ ilə bağlı bir
açıqlama verdiniz, Türkiyə hərbi baza yarada bilər
dediniz. Bu məsələ ilə
bağlı bir danışıq apardınızmı?
-Xeyr, bu məsələ
ilə bağlı hər hansı bir danışıq
olmamışdır, heç zaman olmamışdır və
bu gün də belə bir məsələ yoxdur. Onsuz da Türkiyə ilə hərbi sahədə
bizim işbirliyimiz gündən-günə möhkəmlənir.
Mən bunu artıq demişəm, bir daha demək istəyirəm
ki, keçən il 10 birgə hərbi təlim
keçirilmişdir, həm havadan müdafiə, eyni zamanda,
özəl komandalar, digər sahələr üzrə. Ona görə bu işbirliyi ən yüksək səviyyədədir
və bazanın Azərbaycanda yaradılması məsələsi
heç zaman müzakirə mövzusu olmamışdır.
-Cənab
Prezident, Azərbaycan cəbhədə status-kvonu dəyişdi
dediniz. Sizə təqdim edilən status-kvo nə
idi və bundan sonra Azərbaycanın yeni status-kvosu nə
olacaq?
-Status-kvo
artıq yoxdur. Mən bu haqda öz sözlərimi dedim və
bu, reallıqdır. Status-kvo nə idi? Torpaqların işğal altında
saxlanılması demək idi. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri
bununla əlaqədar hələ 10 il bundan
öncə çox müsbət açıqlama vermişdirlər
ki, status-kvo qəbuledilməzdir. Praktik addım
atılmamışdır və biz 30 il bu
status-kvonun dəyişdirilməsini gözlədik ki,
müzakirə prosesi nəticəsində buna nail ola bilərik.
Amma olmadı. Ona görə
döyüş meydanında biz bunu artıq məhv etdik.
O artıq yoxdur. İndi Cəbrayıl şəhəri
bizdədir, Cəbrayıl rayonunun kəndlərinin
böyük hissəsi bizdədir. Füzuli
rayonunun kəndlərinin də mütləq əksəriyyəti
bizdədir. İndi biz Füzuli şəhərini
də görürük. Hadrut bizdədir,
Suqovuşan bizdədir.
- İndi Füzuli şəhərinin mərkəzini
görə bilirsinizmi?
-Görürük,
əlbəttə, görürük.
-İnşallah, yaxın zamanda oradan bir müjdə gələcək
deyirsiniz.
-İnşallah. Yəni hansı status-kvodan söhbət
gedə bilər. Status-kvo da yoxdur, təmas
xətti də yoxdur. Onu da biz yardıq.
Yəni, 30 il sülh yolu ilə müzakirə
prosesi çərçivəsində edə bilmədiyimizi
bax, bu günlər ərzində biz etdik.
-Cənab
Prezident, Sizdən bir şeyi də soruşmaq istəyirəm.
Müharibə hələ davam edir. Bu müharibədə Sizi ən çox kədərləndirən,
ən çox sevindirən hadisələri soruşacağam.
Yeri gəlmişkən, rəmzi bir foto, Gəncədə
4 yaşındakı Bəxtiyarın yaralı halda ikən
gülümsəməsi. Bu foto
bütün dünyaya əsl simvol oldu. Müsahibə
aldıq, özü də nə dedi, dörd
yaşındakı ağlı ilə dedi: “Qarabağ bizimdir,
Azərbaycanındır!”
-Bəli.
- Cənab
Prezident, Sizə ən çox təsir edən, kədərləndirən,
ən çox sevindirən nələr oldu?
-Ən çox kədərləndirən bizim itkilərimizdir. Həm
mülki vətəndaşlar arasında, həm də əsgərlər
arasında. Gənc əsgərlərimiz fədakarlıq,
rəşadət göstərərək doğma
torpaqları uğrunda şəhid olurlar. Bu,
böyük faciədir, xalqımız üçün,
onların yaxınları üçün, valideynləri
üçün böyük faciədir. Ona
görə də hər bir azərbaycanlının həlak
olması mənim üçün ən böyük
üzüntüdür, istər mülki vətəndaş
olsun, istər hərbçi olsun, fərq etməz, onların
hamısı bizim soydaşlarımızdır, bizim
övladlarımızdır, qardaşlarımızdır.
Ən çox sevindirən isə Azərbaycan
xalqının iradəsidir. Çünki mərmi
altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirir,
ikinci Ağdama, Füzuliyə çevirmək istəyir.
Niyə sən bu mülki şəhəri atəşə
tutursan? Bax, o dəfn mərasimi olsun.
Bu gün səhər iki saat ərzində 200-dən
çox mərmi atıldı. Niyə?
Tərtərdə nə var? İnsanlar yaşayır. Yəni,
bu erməni faşizmidir. Bir də ki,
qorxutmaq istəyir. Bir də ki, fikri gedir
1990-cı illərə ki, onlar bizə hücum edirdilər,
bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar
o bölgələri tərk edirdilər, qaçqın və
məcburi köçkünə çevrilirdilər. O
fikirlə yaşayırlar. Amma bilməlidirlər
ki, indiki Azərbaycan o Azərbaycan deyil. İndiki
Azərbaycan güclü dövlətdir və
özünü qoruya bilən bir dövlətdir. Bizim insanlarımız mərmi altında
yaşayır, oranı tərk etmir, evləri yanır,
malları batır, amma deyirlər ki, təki “Vətən
sağ olsun!” Bax, məni ən çox
sevindirən budur. Eyni zamanda, bununla bərabər,
bizim bayrağımızı işğaldan azad edilmiş
torpaqlarda görməyimdir. Məni ən
çox sevindirən, bax, bunlardır.
-Cənab
Prezident, Türkiyədə 83 milyon nəfər hər namazdan
sonra Azərbaycan üçün dua edir. Bu duaları hiss
edirsiniz. Buradan türk xalqına nə demək,
nə mesaj göndərmək istəyərsiniz?
-Təbii
ki, görürəm. Bu dualar və Azərbaycan
xalqının duaları, bizim digər ölkələrdə
yaşayan dostlarımızın, qardaşlarımızın
duaları bizi qoruyur. Çünki biz haqq
yolundayıq. Biz öz torpağımız
uğrunda vuruşuruq. Ermənistan tərəfindən
aparılan müharibə şər qüvvələrin
müharibəsidir. Biz hər zaman
Türkiyədən dəstək görmüşük, dəstək
hiss etmişik. Son illər ərzində
Türkiyə və Azərbaycan rəhbərliyi bizim ölkələrimizi
bir-birinə o qədər güclü tellərlə
bağlayıb ki, bu birlik, bu qardaşlıq
sarsılmazdır. Bu günlərdə
Türkiyədən mənə çoxlu məktublar gəlir.
Yazırlar ki, “Cənab Prezident, mən də gəlməyə
hazıram, mən də kömək etməyə hazıram”.
Bunlar bizi çox duyğulandırır,
çox sevindirir. Bizim birliyimiz bir daha bu
çətin dönəmdə özünü büruzə
verir. Ona görə bütün türk
qardaşlarımıza dərin təşəkkürümü
bildirirəm. Biz onların dəstəyini hiss edirik,
görürük, bu dəstək bizə əlavə güc
verir, bizim iradəmizi gücləndirir. Mənim
əziz qardaşım, hörmətli Prezident Rəcəb
Tayyib Ərdoğan demişdi ki, “Azərbaycan tək deyil,
Türkiyə Azərbaycanın yanındadır”. Bu, əslində, bizim birliyimizi təsvir edən ən
gözəl ifadədir, ən gözəl kəlamdır.
-Cənab
Prezident, mən də son olaraq Rəcəb Tayyib
Ərdoğanı necə tərif edəcəyinizi
soruşmaq istərdim.
- Rəcəb Tayyib Ərdoğan mənim
qardaşımdır. Bizim çox yaxın münasibətimiz
var. Həm prezidentlər kimi, həm də iki insan kimi. Ona mənim çox böyük hörmətim var.
O, dünya lideridir. O, Türkiyəni böyük zirvələrə
qaldırdı. Türkiyəni ucaltdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət
kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər,
haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən,
həm də təəssüf ki, Türkiyənin içində
də bəzi siyasi qüvvələr tərəfindən.
Təbii ki, mən bu işlərə
qarışa bilmərəm. Amma bir insan
kimi buna biganə qala bilmərəm. Çünki
onun Türkiyə üçün gördüyü işlər
genişmiqyaslıdır və bu gün Türkiyəni onun
kimi sevən, onun maraqlarını müdafiə edən,
öz sinəsini irəli verən ikinci bir insan yoxdur Türkiyədə.
Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Türkiyədə də bir çoxları bilir,
amma bilməyənlər üçün də mən demək
istəyirəm ki, onlar da görsünlər. Çünki siyasi mübarizə hər yerdə
var. Bir də milli məsələ var. Milli məsələdə
hər hansı bir siyasi mübarizə olmamalıdır.
Biz təhdid qarşısında birləşməliyik.
Bu gün Türkiyəyə də hər tərəfdən
hücum edirlər. Ona tab gətirmək, onun
qarşısında sipər kimi dayanmaq çox böyük cəsarət
tələb edir. Böyük peşəkarlıq,
bilik, iradə tələb edir. Mənim
qardaşım, bax, belə insandır və mən onu
yaxından tanıdığım üçün bunu tam səmimiyyətlə
deyə bilərəm. Ona bundan sonra da
müvəffəqiyyətlər diləmək istəyirəm.
Onun sözləri, onun addımları, onun
varlığı bütün türk dünyası
üçün önəmlidir və türk
dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi
istiqamətində biz bundan sonra da böyük səylər
göstərəcəyik.
-Son sual,
cənab Prezident, Türkiyə ilə bir ürək olmaq
lazım olduğunu dediniz. Bu baxımdan
Türkiyədə müxalifətdən Sizə dəstək
mesajları gəldimi?
-Belə
səylər oldu. Belə mesajlar gəldi. Bilirsiniz, mən elə insanam ki, hər şeyi necə
var elə də deyirəm. Bu məsələdə
diplomatiyaya ehtiyac yoxdur. Mənim
üçün Türkiyədə əsas məsələ
mənim qardaşıma olan münasibətdir. Kim ona yaxşı münasibət bəsləyir, o,
mənim ürəyimdədir. Kim ona haqsız münasibət
bəsləyir, kim ona qarşı
çıxır, mənim ürəyimdə onlar
üçün yer yoxdur. Dəstək göstərmək
istəyən hər kəsə mən, əlbəttə ki,
təşəkkürümü bildirirəm. Ancaq hesab
edirəm, hər kəs bilməlidir ki, bu gün
Ərdoğan olmasaydı, Türkiyənin başı
böyük dərddə ola bilərdi. Bunu hər kəs bilsin, hər kəs anlasın.
Bunu mən adi bir Azərbaycan vətəndaşı
kimi deyirəm. Bunu siz bu gün 10 milyon Azərbaycan
vətəndaşından eşidə bilərsiniz. Türkiyə-Azərbaycan birliyi möhkəmlənir.
Ona görə bu birliyi təmin edən insanlar
da gərək lazımi dəstək alsınlar hər bir yerdə,
milli məsələlərdə. O ki qaldı, partiyalar
arasındakı məsələlərə, o, başqa bir
işdir. Milli məsələ var, milli məsələdə
hər kəs gərək vətənpərvər olsun.
-Çox
təşəkkür edirəm, cənab Prezident, bizə vaxt
ayırdınız, suallarımızı
cavablandırdınız.
Yeni Azərbaycan.- 2020.- 17 oktyabr.-
S.1;3.