Yeniyetmə və gənclərin milli ruhda
tərbiyə olunması hər kəsin qarşısında
duran mühüm vəzifələrdəndir
Ekspertlərin fikrincə, gənclərin azərbaycançılıq
ideyası əsasında yetişməsində və vətənpərvərliyin
gücləndirilməsində milli musiqilərin də
özünəməxsus rolu var
Azərbaycançılıq
ideologiyasının mühüm prinsiplərindən birini gənclərin
vətənpərvərlik ruhunda yetişdirilməsi təşkil
edir. Bu məqamda vurğulamaq yerinə düşər ki,
müasir qloballaşma dövründə gənclərin milli
vətənpərvərlik ruhunda tərbiyə edilməsi hər
bir Azərbaycan vətəndaşı qarşısında
böyük məsuliyyət yaradır. Məhz
bu baxımdan ölkəmizdə yeniyetmə və gənclərdə
vətəndaşlıq hisslərinin yüksəldilməsi,
onların Azərbaycanın ərazi bütövlüyü
uğrunda mübarizə ruhunda tərbiyə edilməsi sahəsində
mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Ancaq bu məsələdə rəsmi qurumlarla yanaşı,
şair, dramaturq, yazıçı və bəstəkarlarımızın
üzərinə də böyük vəzifə
düşür. Bir sözlə, yeniyetmə və
gənclərin milli köklərimizə bağlılıq, vətənpərvərlik,
dövlətçiliyə sədaqət ruhunda tərbiyə
olunması işindən, peşəsindən asılı
olmayaraq hər kəsin qarşısında duran ən ümdə
vəzifələrdəndir.
Beləliklə, əksər ekspertlərin
fikrincə, gənclərin azərbaycançılıq
ideyaları əsasında və vətənpərvərlik
ruhunda yetişməsində milli musiqilərin də
özünəməxsus rolu var. Xüsusilə hazırda
torpaqlarımızın düşmən işğalından
azad olunmasında milli və döyüş ruhlu
mahnıların, musiqlərin daha çox olması vacibdir.
Beləkilə, bu günlərdə hər bir
azərbaycanlının qəlbi Azərbaycan Ordusunun əsgər
və zabitləri ilə birgə döyünür. Düşmənin təxribatlarına cavab olaraq cəbhənin
bütün istiqamətlərində sürətli əks-hücum
əməliyyatları keçirən və Ermənistan
ordusuna ağır zərbələr vuran Azərbaycan Ordusu, əsgərlərimiz
üçrəngli bayrağımızla qələbədən-qələbəyə
inamla addımlayırlar.
Qeyd olunduğu kimi hazırda Vətən
müharibəsi apardığımız dövrdə vətənpərvərlik
ruhunun daha da gücləndirilməsi vacibdir və bu istiqamətdə
də bəstəkarlarımızın, müğənnilərimizin
üzərinə də mühüm vəzifə
düşür. Bu məqamda xatırlatmaq yerinə
düşər ki, Azərbaycanın hərb tarixində
döyüşçülərin ruh yüksəkliyini
artırmaq üçün hər zaman vətənpərvərlik
ruhunda bəstələnmiş hərbi mahnı və
marşlara önəm verilib. Zərb
muğamlarımızın çoxundan hərbi marş kimi
istifadə olunub. Belə mahnı və marşlar savaş
başlanmazdan əvvəl qələbə əzmini gücləndirib,
döyüşçüləri döyüşə
ruhlandırıb. Milli ruhun yüksəlməsinə,
düşmənə, yadellilərə qarşı mübarizə
əhval-ruhiyyəsinin artırılmasına xidmət edən
qəhrəmanlıq dastanlarımızda igidlərə nəğmələr
qoşulub, düşmən üzərində qələbələr
mədh olunub. Döyüş ovqatını ifadə edən
bəstələr - “Heyratı”, “Cəngi”, “Misri”, “Şah Xətai”,
“Heydəri” havaları bu gün də öz möhtəşəmliyi
ilə fərqlənir. Bildirmək yerinə düşər
ki, aşıq sənətində xalqımızı
mübarizəyə, döyüşə və qəhrəmanlığa
ruhlandıran iyirmi üç saz havası vardır. Belə
havalar və ya mahnılar təkcə estetik zövqü
oxşamır, həm də gənclərin vətənpərvər
ruhda tərbiyə olunmasında, milli birlik hisslərinin
güclənməsində mühüm rol oynayır.
O cümlədən müstəqillik
dövrümüzdə yazılan, həmçinin əsgər
və zabitlərimizi qələbəyə səsləyən
bir çox mahnılar dillər əzbəri olub.
Ümumiyyətlə, bəstəkarlarımız
hərbi vətənpərvərlik mövzusunda bir çox əsərlər
yaradıblar. Mərhum bəstəkar Vasif
Adıgözəlovun “Qarabağ şikəstəsi”, “Odlar
yurdu”, “Çanaqqala”, “Qəm karvanı”, “Çəkin
Qarabağdan qara əlləri”, “Şuşam, laylay”, “Natəvan”,
Ramiz Mustafayevin “Salatın”, “Haqq səninlədir, Azərbaycan”,
Tofiq Bakıxanovun “Yeddi saylı Qarabağ harayı”, Aqşin
Əlizadənin “Ana torpaq”, Vasif Allahverdiyevin “Qarabağ
balladası”, “Türk marşı”, “Cəngi
sədası”, Mobil Babayevin “Məmləkətim”, Tahir Əkbərin
“Azadlığa gedən yollar”, “Azərbaycan”, Rəşid
Şəfəqin “Ana torpaq Qarabağ”, Oqtay Kazımovun
“Qarabağ lövhələri”, İsmayıl Hacıyevin
“Qarabağ”, Sevda İbrahimovanın “Vətən şəhidləri”,
“Sənin üçün darıxmışam, Şuşa”,
Firəngiz Əlizadənin “Qarabağnamə” operası,
Oqtay Rəcəbovun 35 mahnıdan ibarət “Vətən nəğmələri”
adlı məcmuəsi və s. gənc nəsil və əsgərlər
üçün nəzərdə tutulub.
Beləliklə, Milli Ordumuzun igid əsgərlərinin
işğalçı düşmənə layiqli cavab verdiyi
bu günlərdə Azərbaycan televiziya və radiosunun
kanallarında ən çox hərbi-vətənpərvərlik
mövzusunda mahnılar səslənir. Bu mahnıların mətni
düşmənə qarşı vuruşmağın, Vətəni,
ata-baba yurdunu qorumağın şərəfli bir iş
olduğunu göstərir, haqdan-ədalətdən vaz
keçməməyi öyrədir. Bu mənada Azərbaycan
Yazıçılar Birliyinin (AYB) üzvü, AYB Hərbi Vətənpərvərlik
Komissiyasının sədri, ixtisasca həkim olan Şahin
Musaoğlu bəstələdiyi hərbi mahnılarla,
marşlarla yorulmadan sülh uğrunda savaş aparır. O, gənclərimizin
hərbi-vətənpərvərlik tərbiyəsində
böyük rol oynayan 30-dan çox hərbi-vətənpərvərlik
musiqisinin müəllifidir. “And içirik”, “Birinci batalyon”,
“İgid əsgər, möhkəm dayan”, “Qalx, Azərbaycan!”,
“Cənab leytenant”, “Vətən əmanəti” və başqa
populyar hərbi mahnıların sözləri də Şahin
Musaoğluna məxsusdur. Həmçinin o, “And içirəm”,
“Vətən çağırır”, “Öncə Vətəndir”,
“Səfərbərlik” və
“Çağırışçı” marşlarının
müəllifidir.
Məlumat üçün bildirək
ki, Şahin Musaoğlu 1991-1994-cü illərdə
könüllü olaraq Qarabağ savaşında, Ağdam -
Ağdərə döyüş bölgələrində hərbi
həkim - jurnalist kimi fəaliyyət göstərib. “İgid əsgər,
möhkəm dayan” adlı ilk mahnısını da həmin
illərdə yazıb. Azərbaycanın Levitanı
adını qazanmış hərbi aparıcı Şəmistan
Əlizamanlının ilk dəfə ifa etdiyi bu mahnını
Şahin Musaoğlu Azərbaycanın Milli Qəhrəmanı
Yusif Mirzəyevə həsr edib.
Mahnının mətni sonralar Təhsil Nazirliyi
tərəfindən ümumtəhsil məktəblərinin
4-cü sinif üçün dərs vəsaiti olan “Ana
sözü” kitabına daxil edilib. Ş.Musaoğlu hazırda
da həm hərbi, həm də vətənpərvərlik
mövzusunda yaradıcılıq fəaliyyətini davam
etdirir. Sözləri böyük şairimiz Bəxtiyar
Vahabzadəyə məxsus “Bay yurdum”, həmişəyaşar
istiqlal nəğməkarı Əhməd Cavadın sözlərinə
yazdığı “Bismillah”, yaşadığımız
dünyanın ən böyük söz adamlarından biri olan
Ramiz Rövşənin şeri əsasında bəstələdiyi
“Yalquzaq”, poeziyamıza Bozqurd harayı gətirmiş
Rüstəm Behrudinin məşhur “Salam Dar ağacı”
şeirinin sözlərinə bəstələdiyi eyniadlı
mahnı və başqa türküləri ilə o,
başladığı işi uğurla davam etdirərək bu
musiqi janrına çox böyük töhfələr verir.
Cəbhəyə könüllü yollanan minlərlə
Azərbaycan gəncini qələbəyə səsləyən
mahnıların 57 yaşlı müəllifi özü də
ehtiyatda olan zabitdir. Deyir ki, nə həkim, nə bəstəkar
kimi missiyası hələ başa çatmayıb. “Mən
öz missiyamı yerinə yetirmək üçün nə
bacarıramsa, onu da edəcəyəm!..” Bu amal ilə
yaşayan həkim, şair, bəstəkar Şahin
Musaoğlunun bir vətəndaş kimi ən böyük
arzusu Azərbaycan əsgərinin “Qələbə”
marşının sədaları altında paraddan keçməsidir.
Əsgərlərimizi, qəhrəmanlarımızı
vəsf edən mahnılarını dinlədiyimiz hərbi
diktor, hərbi vətənpərvərlik
mahnılarının ifaçısı Şəmistan
Əlizamanlının ifasında səslənən “Ağ
ümid”, “Birinci batalyon”, “Cənab leytenant” hərbi
mahnıları da şərəfli döyüş yolu
keçən və doğma Vətəni göz bəbəyi
kimi qoruyan Azərbaycan zabitlərinə həsr olunub. “Cənab
leytenant” mahnısını təkcə Azərbaycanda deyil,
xarici ölkələrdə yaşayan soydaşlarımız
da sevə-sevə, həm də böyük şövqlə
ifa edirlər.
Daim ekranlarda səsini və cəbhə
xəttindən xəbərlərini izlədiyimiz, əsgərlərimizi,
qəhrəmanlarımızı vəsf edən
mahnılarını dinlədiyimiz hərbi diktor, hərbi-vətənpərvərlik
mahnılarının ifaçısı, “Vətənpərvərliyin
təbliğinə dəstək” İctimai Birliyinin sədri
Şəmistan Əlizamanlı qəzetimizə
açıqlamasında son günlər cəbhə bölgəsindən
gələn şad xəbərlərdən sevinc və fərəh
hissi keçirdiyini bildirib. “And içirik”,
“Çağırır vətən”, “Qalx, Azərbaycan”,
“İgid əsgər, möhkəm dayan”, “Vətən əmanəti”,
“Öncə vətəndir”, “Can, Azərbaycan”, “Birinci
batalyon”, “Cənab leytenant”, “Çırpınırdı qara
dəniz”, “Dağlar”, “Azərbaycan-Türkiyə”, “Ana yurdum”,
“Tanrı türkə yar olsun”, “Heyran türkün
bayrağına”, “Qafqaz dağı, yol ver
bizə” və s. kimi hərbi vətənpərvərlik
mahnılarının mahir ifaçısının sözlərinə
görə, qəhrəman Azərbaycan Ordusu düşmənlərimizə
və bütün dünyaya göstərdi ki, biz əzəli-əbədi
torpağımız olan Qarabağ uğrunda sona qədər
döyüşməyə hazırıq: “Xalqımız bir
daha sübut etdi ki, torpaqlarımızın işğal
altında qalmasına razı olmayacaq. Uzun illər biz dədə-baba
torpaqlarımızın həsrətində olmuşuq.
Artıq ona qovuşmaq istəyirik. Bu birliyə eşq olsun.
Əhval-ruhiyyə həddindən artıq yüksəkdir. Bu
çox gözəl bir mənzərədir. Azərbaycan
xalqı bir yumruq kimi Ali Baş Komandanın ətrafında
sıx birləşib”.
Vətənpərvərlik
mahnılarının yetərincə olduğunu deyən hərbi
diktor yeni layihələr üzərində
çalışdığını da bildirib:
“Xalqımız vətənpərvər xalqdır. Təbii
ki, bunların timsalında vətənpərvərlik ruhunda
yazılmış mahnılar ərsəyə gəlir. Qəhrəmanlıq
mövzusunda kifayət qədər mahnılarımız var. Mən
düşünürəm ki, hərbi-vətənpərvərliyin
təbliği indi normal bir səviyyədədir,
çünki mətbuat da bu sahədə təbliğat
aparır. Bu gün məktəblərdə kiçik
yaşlarından uşaqlar vətənpərvər ruhda tərbiyə
edilir, onlara vətənpərvər ruhda olan şeir və
mahnılar öyrədilir. Belə mahnıların hər biri
gənclərimizi ruhlandırır, onları qələbəyə
səsləyir. Bunun qarşılığında gənclərimiz
könüllü şəkildə orduya yazılırlar. Bu
mahnılar mənəvi bir qidadır. Hazırda
yaradıcılıq işlərim davam edir. Yeni-yeni
mahnılar yazdırmışam.
Çalışmalarımızı bu istiqamətdə
aparırıq. Vətənpərvər ruhlu mahnılar
yazırıq və yazacağıq. Səbirsizliklə həmin
mahnıları Qarabağda səsləndirəcəyimiz
günləri gözləyirəm”.
“Azərbaycan”, “Azərbaycan,
qalx”, “Şəhidlər ölməz”, “Ulu torpaq”, “Vətən
bölünməz şəhidlər ölməz”, “Zəfər
zəngi” və s. kimi zəngin repertuarı ilə ürəkləri
riqqətə gətirən Xalq artisti Mübariz Tağıyev
isə deyib ki, xalqımızın son 30 ildə torpaqlarımızı
işğaldan azad etmək üçün
arzuladığı gün gəlib çatdı.
Xalq artisti “Hiss edirsinizsə, bu günə kimi
yazılan vətənpərvərlik mahnılarının əksəriyyətində
bir qədər ağrı-acı var. Onların əksəriyyəti
müharibə illərində, torpaqlar işğal altında
olarkən yazılan mahnılardır. Bu gün isə bəstələrdə
haray və qələbəyə çağırış
var. Qalibiyyət hissi bəstəkarlarımızı yeni
mahnılar bəstələməyə sövq edir, onları
ruhlandırır. Eləcə də müğənnilər vətənpərvərlik
mahnılarını repertuarlarına əlavə etməkdə
maraqlıdılar. Gənc həmkarlarıma məsləhətim
odur ki, vətənpərvərlik mahnılarını ürəyin,
qəlbin dərinliyində duyaraq ifa etsinlər.
Qışqır-bağırla bu duyğuları yaşatmaq və
dinləyiciyə ötürmək mümkün deyil” deyə,
bildirib.
Sənətkar deyib ki, bu günlərdə
efirlərdə vətənpərvərlik
mahnılarının səsləndirilməsi olduqca vacibdir:
“Artıq qələbə çox yaxındır. Hazırda
bu istiqamətdə 5 mahnı hazırlayıram. Bilirsiniz, vətənpərvərlik
mövzusunda mahnı oxumaq çox böyük məsuliyyət
tələb edir. Ola bilsin ki, 10 mahnıdan biri ürəklərə
yol tapsın. Əminəm ki, daha gözəl mahnılar və
ifalar olacaq. Təki qələbə olsun. Bu
günlərdə efirlərdə vətənpərvərlik
mahnıları daha çox səsləndirilməlidir.
Çünki bu gün gənclərimiz vətənpərvərlik
mahnılarından mənəvi güc alaraq ordu
sıralarına könüllü olaraq can atırlar. Bu
gün böyükdən kiçiyə kimi hamı həmrəydir.
Hər kəsin hədəfi birdir. Qələbə!”.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.-
2020.- 20 oktyabr.- S.15.