Azərbaycanla Ukrayna arasında münasibətlər
strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
Ölkələrimiz həm ikitərəfli
formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində
sıx əməkdaşlıq edirlər
Beynəlxalq birliyə daha sıx
inteqrasiya etmək, ikitərəfli və çoxtərəfli
platformalarda ayrı-ayrı xarici ölkələrlə əməkdaşlıq
əlaqələrini dərinləşdirmək Azərbaycanın
strateji hədəfləri sırasında yer alır. Ölkəmizdə
aparılan ardıcıl və məqsədyönlü
siyasətin məntiqi nəticəsi olaraq qeyd olunan istiqamətlərdə
yaxşı nəticələr əldə olunub. Hazırda
respublikamız işğalçı Ermənistan istisna
olmaqla, bütün qonşu dövlətlərlə yüksəksəviyyəli
münasibətlərə malikdir. Eyni zamanda, Azərbaycan
Avropa İttifaqına, İslam Əməkdaşlıq Təşkilatına,
Qoşulmama Hərəkatına daxil olan ölkələrlə
münasibətlərini davamlı şəkildə yüksələn
xətlə inkişaf etdirir.
Qısa müstəqillik tarixində Azərbaycanın
yüksəksəviyyəli münasibətlər qurduğu
ölkələrdən biri də Ukraynadır. Bu
gün Azərbaycanla Ukrayna arasında əlaqələr
strateji tərəfdaşlıq münasibətləri səviyyəsinə
yüksəlib. Ölkələrimiz həm ikitərəfli
formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində
sıx əməkdaşlıq edirlər.
Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlıq
münasibətlərinin təməlini Ulu Öndər Heydər
Əliyev qoyub
Bu gün Azərbaycanla Ukrayna
arasında münasibətlərin məmnunluq doğuran
yüksək səviyyəsindən söhbət açarkən
Ulu Öndər Heydər Əliyevin müstəsna rolunu
xüsusi qeyd etmək lazımdır. İki ölkə
arasında strateji tərəfdaşlıq münasibətlərinin
təməli, məhz xalqımızın Ümummilli Lideri tərəfindən
qoyulub. Qeyd edək ki, Ulu Öndər Heydər
Əliyev keçmiş SSRİ-nin Nazirlər Soveti sədrinin
birinci müavini vəzifəsində çalışarkən
Ukraynada bir sıra iri sənaye müəssisələrinin,
fabrik və zavodların tikintisinə, iri infrastruktur layihələrinin
icrasına mərkəzi büdcədən böyük
həcmlərdə vəsaitlər ayrılmasına
yardımçı olması Ukrayna xalqı tərəfindən
bu gün də böyük minnətdarlıq hissi ilə
xatırlanır.
Ölkələrimiz müstəqillik əldə
etdikdən sonra da Ulu Öndər Heydər Əliyev Azərbaycanla
Ukrayna arasındakı tarixi dostluq əlaqələrinin yeni əsaslarla
möhkəmlənməsinə Özünün sanballı
töhfələrini verib. Ulu Öndərin müstəqil Azərbaycana
rəhbərlik etdiyi illərdə respublikamızla
Ukraynanın çoxtərəfli münasibətlərinin
fundamental hüquqi əsasları yaradılıb. Belə bir
mühüm faktı vurğulamaq kifayətdir ki, təkcə
1994-1997-ci illərdə ölkələrimiz arasında 30-dək
müqavilə, saziş və protokollar imzalanıb. Bu sənədlər
iki ölkə arasında siyasi, iqtisadi, ticarət, mədəniyyət,
elm, təhsil və humanitar sahələrdə əməkdaşlıq
üçün geniş imkanlar açıb.
1997-ci ildə Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyevin Ukraynaya ilk rəsmi səfəri
baş tutub. Bu səfər qarşılıqlı əlaqələrin
hüquqi-normativ bazasının yaranması və münasibətlərin
strateji səviyyəyə yüksəlməsində
mühüm rol oynayıb. Səfərə yollanarkən onun əhəmiyyəti
barədə jurnalistlərə məlumat verən Heydər
Əliyev vurğulayıb: “Mən Ukrayna - Azərbaycan
münasibətlərinin bütün istiqamətlərdə,
bütün sahələrdə inkişaf edəcəyini
gözləyirəm. İqtisadi, elmi-texniki əməkdaşlığı,
təhsil sahəsində əməkdaşlığı
inkişaf etdirmək üçün bizim geniş
imkanlarımız var. Bu məsələlərə dair
dövlətlərarası bir çox sənədlər
hazırlanıb və biz bunları orada imzalayacağıq.
Bir sözlə, səfərdən yaxşı nəticələr
gözləyirik”.
Ulu Öndərin bəhs olunan səfər
çərçivəsində Ukraynanın dövlət
başçısı və digər yüksəksəviyyəli
rəsmiləri ilə keçirdiyi görüşlər
ölkələrimiz arasında iqtisadi, siyasi əlaqələrin
yeni inkişaf mərhələsinə qədəm qoyması
baxımından mühüm əhəmiyyət
daşıyır. Səfər çərçivəsində
iqtisadi, siyasi, mədəni və digər sahələri əhatə
edən 17 sənəd imzalanıb. Bu sənədlərdən
ən vacibi isə “Dostluq, əməkdaşlıq və tərəfdaşlıq
haqqında” müqavilədir ki, bu da iki ölkə arasında
münasibətlərin strateji xarakter
daşıdığını göstərir. Sonradan
səfərin nəticələrini dəyərləndirən
Ulu Öndər əmin olduğunu bildirib ki, imzalanan yeni sənədlər
ölkələrimizin müstəqilliyinin, suverenliyinin daha da
möhkəmləndirilməsi və inkişaf etdirilməsində,
demokratik, sivilizasiyalı dövlətlər qurulması
işində, habelə keçid dövründə
qarşıya çıxan sosial-iqtisadi çətinliklərin
qısa müddətdə aradan qaldırılmasında əhəmiyyətli
rol oynayacaq.
Onu da xatırladaq ki, səfər
çərçivəsində Heydər Əliyevə
Ukraynanın ali mükafatı - “Yaroslav Mudrı” ordeni, həmçinin
Kiyev şəhərinin Fəxri qonağı və şəhərin
rəmzi açarı təqdim olunub ki, bütün bunlar da
Azərbaycan xalqının böyük oğluna dost Ukraynada bəslənən
yüksək ehtiram və hörmətin ifadəsidir.
İki ölkə arasında siyasi əlaqələr
yüksələn xətlə inkişaf edir
Azərbaycanla Ukrayna arasında siyasi əlaqələr
daim yüksələn xətlə inkişaf edir. Qeyd edək
ki, iki ölkə arasında diplomatik münasibətlər 6
fevral 1992-ci il tarixində qurulub. Azərbaycan
Respublikasının Ukraynadakı Səfirliyi 1997-ci il 17 mart
tarixində, Ukraynanın Azərbaycan Respublikasındakı Səfirliyi
isə 1996-cı il 5 may tarixində açılıb.
Azərbaycan Respublikası ilə
Ukrayna arasında siyasi münasibətlər pozitiv inkişaf
dinamikasına malikdir. Ölkə başçıları,
hökumət rəhbərləri, parlament sədrləri və
üzvləri, nazirlər, müxtəlif dövlət
qurumlarının rəhbərləri səviyyəsində həyata
keçirilən qarşılıqlı səfərlər
iki ölkə arasında münasibətlərin
inkişafında vacib amil qismində çıxış
edir. İndiyədək Azərbaycan Respublikası ilə
Ukrayna arasında 134 sənəd imzalanıb. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Ukraynaya rəsmi
səfəri çərçivəsində 22 may 2008-ci il
tarixində “Azərbaycan Respublikası və Ukrayna arasında
dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə”nin
imzalanması, 28 aprel 2011-ci il tarixində isə “Azərbaycan
Respublikası və Ukrayna Prezidentlərinin strateji tərəfdaşlıq
münasibətlərinin gələcək inkişafı barədə
Birgə Bəyannamə”nin imzalanması ikitərəfli
münasibətlərin inkişafına möhkəm hüquqi
baza formalaşdırırb. Bundan başqa, Milli Məclisdə
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr
üzrə işçi qrupu 1995-ci il tarixindən fəaliyyət
göstərir və parlamentlərarası münasibətlərin
genişləndirilməsində mühüm rol oynayır.
Qeyd edək ki, Ukraynanın yeni Prezidenti Vladimir
Zelenski də 2019-cu ilin dekabrında Azərbaycana səfərə
gəlib. Prezident İlham Əliyev bəhs olunan
səfər çərçivəsində mətbuata verdiyi
bəyanatında Vladimir Zelenskinin Ukraynanın Prezidenti
seçildikdən cəmi bir neçə ay sonra Azərbaycana
səfərə gəlməsini dost ölkənin dövlət
başçısının respublikamıza diqqətinin ifadəsi
kimi dəyərləndirib. Ölkələrimiz
arasında əlaqələrin yüksələn xətlə
inkişafından məmnunluğunu bildirən dövlətimizin
başçısı vurğulayıb: “Biz də Ukrayna-Azərbaycan
əlaqələrinin inkişafına çox böyük
diqqət veririk”.
Yuxarıda da bildirdiyimiz kimi, Azərbaycanla
Ukrayna öz münasibətlərini, yalnız ikitərəfli
müstəvidə inkişaf etdirmirlər. İki dost ölkə
həmçinin beynəlxalq təşkilatlar çərçivəsində
də - BMT-də, ATƏT-də, Avropa Şurasında
uğurlu əməkdaşlıq edir, bir-birini dəstəkləyirlər.
Azərbaycanla Ukrayna arasında iqtisadi sahədə
əməkdaşlığı dərinləşdirmək
üçün geniş imkanlar mövcuddur
Siyasi münasibətlərin yüksək səviyyəsinə
adekvat olaraq iki ölkə arasında iqtisadi sahədə də
əməkdaşlığı dərinləşdirmək
üçün geniş imkanlar mövcuddur. Respublikamız
Ukraynadan hava və qaz kompressorları, ventilyasiya
qurğuları, vakkum nasosları, neft və qaz
quyularının qazılması üçün borular,
neft-qaz kəməri boruları, təyyarələr və
uçuş aparatları, onların hissələri, dəmirdən
və ya aşqarlanmamış poladdan çubuqlar, soyuducular,
natrium və kalium bromidləri, şokolad məmulatları,
azqiymətli metallar və onlardan hazırlanan məmulatlar,
ərzaq məhsulları, spirtli və spirtsiz içkilər,
eləcə də digər məhsullar idxal edir. Azərbaycanın
dost ölkəyə ixracında isə yanacaq, benzin, digər
neft məhsulları, fındıq, bitkimənşəli məhsullar,
meyvə və tərəvəz şirələri
üstünlük təşkil edir. Bütövlükdə
iki ölkə arasında ticarət dövriyyəsi 2019-cu ildə
20 faiz artıb.
Azərbaycanla Ukrayna arasında iqtisadi əlaqələrin
spektiri kifayət qədər genişdir. Kənd
təsərrüfatı iqtisadi sahədə əməkdaşlığın
ənənəvi sahəsidir. İndiyədək
respublikamız Ukraynadan 400-dən çox kənd təsərrüfatı
texnikasını alıb və bu istiqamətdə əməkdaşlıq
perspektivdə də davam etdiriləcək.
Qarşılıqlı əməkdaşlıq
üçün digər bir cəlbedici sahə nəqliyyat
sektorudur. Prezident İlham Əliyev bəhs olunan bəyanatında
bildirib ki, həm Ukraynada, həm də Azərbaycanda nəqliyyat
sahəsində müasir logistika və infrastruktur mövcuddur.
“Xəzər dənizi, Qara dəniz nəqliyyat dəhlizləri
bizim ölkəmizin iştirakı ilə fəaliyyət
göstərir. Mən Prezidentə məlumat verdim ki, son illərdə
Azərbaycanda bu sahəyə çox böyük investisiyalar
qoyulub. Artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat
dəhlizləri Azərbaycan ərazisindən keçməklə
geniş beynəlxalq əməkdaşlığa da təkan
verir, əməkdaşlıq üçün yeni imkanlar
açır. Ona görə bu sahədə birgə
səylərlə reallaşdırılan Şərq-Qərb
nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, “Vikinq”
layihəsi - bütün bu layihələr bizim ölkələrimizi
və geniş mənada regional əməkdaşlığı
daha da möhkəmləndirəcək, ölkələrimizə
fayda verəcəkdir”, - deyə dövlətimizin
başçısı vurğulayıb.
İki ölkə arasında birgə sərmayə
qoyuluşu layihələri də böyük maraq doğurur.
Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəmizə bəhs
olunan səfəri çərçivəsində müzakirə
olunan aktual məsələlərdən biri məhz bununla
bağlı olub. Dövlət başçıları səviyyəsində
qarşılıqlı investisiya qoyuluşu barədə
geniş fikir mübadiləsi aparılıb. Həm
Ukraynanın Azərbaycana, həm də Azərbaycanın
Ukraynaya sərmayə qoyuluşu ilə bağlı konkret təkliflər
mövcuddur. Şübhə yoxdur ki, müzakirələr
zamanı irəli sürülən təkliflər həyatda
öz əksini tapacaq və ayrı-ayrı sahələrdə
birgə sərmayə layihələri iki dost ölkə
arasında əməkdaşlığı daha da möhkəmləndirəcək.
(davamı
növbəti sayımızda)
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.- 2020.- 22 oktyabr.-
S.7.