Prezident İlham Əliyev: Türkiyə və
Azərbaycanla münasibətləri normallaşdırmadan Ermənistanın
gələcəyi yoxdur
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə
müsahibə verib
Xəbər verdiyimiz kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də
Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
- Dağlıq Qarabağ münaqişəsi
haqqında soruşmaq istəyirəm. Azərbaycanın və
Ermənistanın xarici işlər nazirləri cümə
günü Vaşinqtona səfər edəcəklər. Bu
görüşdən nə gözləyirsiniz? Siz
üçtərəfli formatda bəzi şərtlərlə
danışıqlara hazırsınızmı?
- Bilirsiniz ki, əslində, Amerika Birləşmiş
Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan
arasında olan münaqişənin həll yolunu tapmaq
üçün mandatı olan Minsk qrupunun üç həmsədr
ölkələridir. Ona görə bizim nazirlərimizin bu
üç paytaxtda görüşməsi təbiidir. Bu
cür görüşlər əvvəllər dəfələrlə
olmuşdur. Bilirsiniz ki, Moskvaya da səfər edilmişdir,
orada da görüş olmuşdur. Beləliklə bu,
münaqişənin sülh yolu ilə nizamlanması üzrə
danışıqların davamıdır. Əlbəttə
ki, indi yerdə vəziyyət dəyişmişdir. Satus-kvo
artıq mövcud deyil. Təmas xətti də mövcud deyil.
Buna görə, əlbəttə, mən hesab edirəm ki,
indi Ermənistan rəhbərliyi daha da məntiqli
davranmalıdır və işğal edilmiş ərazilərin
boşaldılmasına sadiq olmalıdır. Beləliklə,
bu müzakirələrdə bizim əsas məqsədimiz Ermənistan
rəhbərliyinin ərazilərimizin boşaldılmasına
hazır olub-olmamasını və hazır olduğu təqdirdə
bunun nə vaxt baş verəcəyini müəyyən etməkdir.
- Prezident Putin Sizi də Moskvaya dəvət edib?
- Xeyr.
- Dəvət
olunsaydınız, getməyə hazırsınızmı?
- Mən
dəfələrlə Prezident Putin tərəfindən dəvət
olunmuşam və Moskvaya dəfələrlə səfər
etmişəm. Bəzi illərdə hətta il
ərzində bir neçə dəfə səfər
etmişəm. Odur ki, bu yüksəksəviyyəli
təmasların tərəfdaş və qonşu ölkələr
arasında olması adət edilmiş bir haldır. Həmçinin Prezident Putin də Azərbaycana dəfələrlə
səfər edib.
- Əgər cümə günü nazirlərin
görüşündə hər hansı bir irəliləyiş
olsa, Moskvada Ermənistanın baş nazirinin
qatılacağı üçtərəfli görüş
keçirilə bilərmi?
- Bəli,
əlbəttə ki, bu, mümkündür, çünki bu
növ görüşlər əvvəllər də
olmuşdur. Əgər belə bir
görüş olsa, bu, gündəliyin nədən ibarət
olduğundan asılı olacaqdır. Əfsuslar
olsun ki, Ermənistanın bu hökuməti ilə
münaqişənin sülh yolu üzrə nizamlanması
perspektivləri çox uzaqdır. Çünki
Ermənistan rəhbərliyi tərəfindən verilmiş
çox səmərəsiz və təhrikedici bəyanatlar,
edilmiş hərəkətlər, əslində,
danışıqları mənasız etmişdir. Çünki danışıqlar masasında əsas
mövzu həmişə BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə müvafiq olaraq
Azərbaycanın işğal olunmuş ərazilərinin
boşaldılması idi. Ermənistanın baş naziri
“Qarabağ Ermənistandır” bəyan edəndə, Azərbaycanın
qondarma “Dağlıq Qarabağ hökuməti” ilə
danışıqlar aparmalı olduğunu deyəndə, dinc Gəncə
şəhərinə ballistik raket zərbəsi vurmaq əmri
verəndə və Azərbaycanın digər şəhərlərinə
gündəlik olaraq hücum edəndə,
danışıqları aparmaq üçün o qədər
də imkan qalmır. Buna görə də biz
Ermənistan hökumətinə sübut etməli idik ki,
artıq onlar bu cəzasız təcavüzkar addımları
ata bilməzlər. Biz onların cəzasını
yerində veririk, biz ərazilərimizi azad edirik, demək olar
ki, hər gün mən Ermənistanın işğalından
azad olunmuş yeni şəhər və kəndləri elan
edirəm. Ermənistan döyüş
meydanında çox acı məğlubiyyətlə üzləşir.
Buna görə də, əlbəttə ki, onlar
daha məntiqli davranmalıdırlar və birmənalı
olaraq ərazilərin işğaldan azad edilməsi baş
verir. Biz buna sülh danışıqları vasitəsilə
nail olmaq istəyirdik. Lakin Ermənistanın
qeyri-konstruktiv mövqeyi və təhrikedici addımlarına
görə bu, mümkün olmamışdır. Buna görə biz indi döyüş meydanında ərazilərimizi
azad edirik.
- Siz
ikinci atəşkəsin artıq uğursuz olduğunu, yaxud
bitdiyini və döyüşün davam etdiyini deyərdiniz?
- Atəşkəsə
nail olmaq üçün ikinci cəhd ona görə
uğursuz oldu ki, atəşkəs qüvvəyə mindikdən
2 dəqiqə sonra onlar atəşkəsi pozdular, onlar yenə
də bizim dinc şəhərlərimizə hücum etdilər.
Bu səhər saat 6-dan 8-ə qədər onlar
dinc əhalinin yaşadığı və ən çox
ziyan görən Tərtər şəhərinə 100-dən
çox raket atıblar. Onlar bizim hərbi
mövqelərimizə hücum edirlər. Onlar
artıq azad edilmiş əraziləri yenidən geri
götürmək istəyirdilər. Bildiyiniz kimi, birinci
atəşkəs cəhdindən sonra 24 saatdan az
müddətdə onlar Ermənistan ərazisindən ballistik
raketlə Azərbaycanın ikinci ən böyük şəhəri
Gəncəyə hücum etdilər. Bu da hərbi
cinayətdir və Ermənistan hökuməti buna görə
məsuliyyət daşıyacaq. Beləliklə,
onlar atəşkəsi pozublar.
Mən həmişə demişəm ki, atəşkəsə
birtərəfli qaydada nail olmaq mümkün deyil. Əgər
bizə hücum olunursa, biz nəinki özümüzü
müdafiə etməliyik, eyni zamanda, əks-hücuma da
keçməliyik. Sizə deyə bilərəm
ki, onlar ikinci dəfə atəşkəsi pozandan sonra biz Zəngilan
şəhərini və bir çox kəndləri azad etdik.
Beləliklə döyüş meydanında nə
qədər çox vaxt keçirsə, biz bir o qədər
də əraziləri azad edirik. Ona görə Ermənistan
hökuməti öz davranışı haqqında ciddi
düşünməlidir və əgər atəşkəsin
səmərəli olmasını istəyirsə, birincisi, atəşkəsi
pozmamaq, ikincisi, artıq işğaldan azad edilmiş əraziləri
geri götürməyə cəhd etməmək və
işğal olunmuş Azərbaycan ərazilərinin
boşaldılması üçün üzərinə ciddi
öhdəlik götürməlidir.
- Hələ
ki, atəşkəs əsirlərin və cəsədlərin
mübadiləsi də daxil olmaqla humanitar məqsədlər
üçün elan edilmişdir. Sizcə bu atəşkəsin,
- ola bilsin başqa atəşkəs də
olacaqdır, - əsirlərin mübadiləsindən sonra bitəcəyi
deməkdir? Yəni, bu, qüvvədə olacaq əsaslı
atəşkəs, yoxsa, müvəqqəti atəşkəs
olacaqdır?
- Bəli,
atəşkəs humanitar zəmində elan olunmuşdur. Bildiyiniz kimi, Moskva bəyannaməsində substantiv
danışıqlara və danışıqlar
formatının dəyişməz olaraq qaldığına da
istinad var idi. Bu isə Ermənistan tərəfindən
qondarma “Dağlıq Qarabağ hökumətini”
danışıqlara cəlb etmək cəhdlərinin
artıq olmayacağı deməkdir. Bu,
bizim tərəfimizdən və Minsk qrupu tərəfindən
rədd edilmişdir. Buna görə, əlbəttə,
əgər Ermənistan danışıqlara sadiq qalarsa və
əraziləri boşaltmaq üçün üzərinə
ciddi öhdəlik götürərsə, - hansını ki,
onlar hələ də elan etməyiblər, - bu halda bu atəşkəs
uzunmüddətli olacaqdır. Çünki
biz bu problemi sülh yolu ilə həll etmək istəyirik.
Lakin, əgər onlar resurslarını səfərbər
etmək, əlavə əcnəbi hərbi yardım almaq və
bizə qarşı yeni hücuma keçmək
üçün bu atəşkəsdən istifadə etməyə
cəhd göstərəcəklərsə, əlbəttə,
bu atəşkəs uzun müddət davam etməyəcəkdir.
Bu, onlardan asılıdır.
- Beləliklə,
danışıqlar masasına oturmaq üçün hər
hansı danışıqları aparmadan öncə əvvəlcədən
Ermənistandan ən azından yeddi rayonun bəzilərini
boşaltmağa razılaşmağı tələb edəcəksiniz?
- Onlar bu əraziləri
boşaldacağına dair üzərilərinə ciddi
öhdəlik götürməlidirlər. Çünki
bu, Minsk qrupunun vasitəçiliyi ilə iki ölkə
arasında razılaşdırılmış əsas prinsiplərin
bir hissəsidir. Əsas prinsiplərdə deyilir ki,
işğal olunmuş ərazilər Azərbaycana
qaytarılmalıdır, bizim qaçqın və məcburi
köçkünlərimiz işğal olunmuş
bütün ərazilərə qayıtmalıdırlar, o
cümlədən Dağlıq Qarabağın ərazisinə,
o cümlədən qədim Azərbaycan şəhəri olan
Şuşanın ərazisinə. Buna görə
Ermənistan hökuməti bu prinsiplərə sadiq
olduğunu, bu əraziləri boşaldacağını
açıq şəkildə bəyan etməlidir və
bundan sonra əlbəttə ki, danışıqlar
başlayacaqdır. Biz indi birinci olaraq ərazilərin
boşaldılması və sonra danışıqların
başlanılması ilə bağlı ilkin şərti irəli
sürmürük. Biz hazırda Ermənistan tərəfindən,
bu zorakılığa və dinc əhaliyə qarşı hərbi
cinayətlərin törədilməsinə görə məsul
olan şəxsdən, şəxsən baş nazirdən tələb
edirik ki, o, Ermənistanın işğal olunmuş əraziləri
boşaldacağını desin. Bundan sonra əlbəttə
ki, münaqişənin nizamlanması döyüş
meydanından danışıqlar masasına keçəcəkdir.
- Ermənistan
desə ki, onlar ilkin olaraq beş rayonu
boşaltmağa hazırdır, Siz danışıqlara getməyə
hazır olarsınızmı?
- Azərbaycanın
bütün rayonları boşaldılmalıdır. Bütün. Əlbəttə
ki, biz vaxt çərçivəsindən danışa bilərik
və əsas prinsiplərdə vaxt çərçivəsi
ilə bağlı müəyyən fikirlər var idi. Hansı mərhələdə rayonların birinci,
hansı mərhələdə rayonların ikinci hissəsi
boşaldılacaq. Beləliklə bunu
müzakirə etmək olar. Lakin
aydındır ki, işğal olunmuş bütün ərazilər
qaytarılmalıdır.
- Bu, əvvəlcədən
elan olunmalıdır.
-
Bütün azərbaycanlılar öz qədim torpaqlarına
qayıtmalıdır.
-
Rusiyanın müşahidəçi qruplarının göndərilməsinə
dair təklifinə və ya beynəlxalq müşahidəçilərlə
bağlı nə deyərdiniz?
- Beynəlxalq
müşahidəçilər və ya sülhməramlı
qüvvələr əsas prinsiplərin bir hissəsidir. Lakin
bu, sonuncu hissəsidir, ünvanlanmalı olan ən son məsələlərdən
biridir və əlbəttə ki, hər iki tərəf, - Azərbaycan
və Ermənistan bu beynəlxalq müşahidəçilərin
və ya sülhməramlıların kim
olacağına razılaşmalıdır. Buna
görə, biz danışıqlar çərçivəsində
bu məsələni ciddi müzakirə etməmişik.
Hesab edirəm ki, Minsk qrupunun həmsədrləri
olan üç ölkə, əlbəttə, öz
adından bu müşahidəçilərin tərkibi,
sayı, onların nə zaman və hara göndəriləcəyi
ilə bağlı təkliflərini verəcəklər.
Çünki bu, həm də texniki nöqteyi-nəzərdən
vacibdir. Çünki indi döyüş əməliyyatlarının
aktiv fazasıdır. Bu müşahidəçilər
və ya sülhməramlılar harada yerləşdiriləcək?
Onların həyatı risk altında ola
bilər. Onların mandatı necə olacaq?
Onlara mandatı kim verəcək? Aydındır ki, biz bu barədə danışanda,
Azərbaycan ərazisi barədə danışırıq.
Bu, Ermənistanın ərazisi deyil. Ona görə də, əlbəttə ki, bununla
bağlı həlledici sözü biz deməliyik. Bu səbəbdən, sözsüz ki, bütün bu
məsələlərlə məşğul olmaq
lazımdır. Prinsipcə, biz bunu inkar
etmirik. Lakin sözsüz ki, vaxtı gələndə
biz öz şərtlərimizi irəli sürəcəyik.
- Minsk
qrupundan söz düşmüşkən, Türkiyə Minsk
qrupunu tənqid edərək ona ağılsız deyir. Siz bununla razılaşardınız?
- Mən
bu yaxınlarda demişdim ki, Minsk qrupu 30 il
ərzində heç bir nəticə əldə etmədi.
Eyni zamanda, mən dedim ki, biz Minsk qrupunun vasitəçiliyi ilə
keçmiş Ermənistan hökumətləri ilə irəliləyişə
nail ola bilmişdik. Böyük
olmasa da, hər halda irəliləyiş idi. Lakin əgər
30 il ərzində bir ölkələr
qrupu nəticə əldə edə bilmirsə, bu, özü
hər şeyi göstərir. Həmçinin
Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik
Şurasının daimi üzvləridir. Bu
ölkələrin iştirakı və bu ölkələrin
səsverməsi ilə BMT Təhlükəsizlik Şurası
Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından
tam və qeyd-şərtsiz çıxarılmasını tələb
edən 4 qətnamə qəbul edib. Bu qətnamələrə
niyə əməl edilmədiyi sual olunur. Çünki
Minsk qrupunun həmsədrləri və daimi üzvlər eyni
ölkələrdir. Beləliklə, bu,
açıq sualdır.
- Siz Minsk qrupunun həmsədrləri arasında
Rusiyanın vasitəçi kimi, aparıcı vasitəçi
kimi rolu barədə nə deyə bilərsiniz? Siz deyə bilərsiniz
ki, Rusiya ədalətli olub?
-
Bilirsiniz, Minsk qrupunun üç həmsədrinin eyni
hüquqları və eyni mandatı var. Odur ki, mənim bildiyimə
görə bu ölkələr arasından lider seçilməyib.
Onların hamısı bərabərdir və
biz onlara vasitəçi kimi baxırıq. Əgər hər hansı bir ölkə vasitəçi
rolunu üzərinə götürürsə, bu ölkə
neytral olmalıdır. Əgər o, neytral deyilsə,
vasitəçi ola bilməz. Neytrallıq səviyyəsi, əlbəttə ki,
münasib zamanda ünvanlanacaq başqa bir məsələdir.
Lakin düşünürəm ki, Minsk qrupunun həmsədrləri
zorakılığı dayandırmaq və 28 il ərzində
yerinə yetirilməyən mandatı yerinə yetirmək
üçün xüsusilə indi, Ermənistanın
döyüş meydanında demək olar ki, məğlub
olduğu bir vaxtda öz rollarını oynayacaqlar.
- Siz Türkiyənin Qafqazdakı məsələlərlə
bağlı daha çox söz sahibi və bu danışıqlar
prosesində daha fəal olmağını istəyirsinizmi?
- Bu,
sözsüz ki, Türkiyənin siyasi gündəliyindən
asılıdır. Mən Türkiyənin
adından danışa bilmərəm. Demək
istədiyim odur ki, əlbəttə, biz Türkiyənin
regional məsələlərdə fəal iştirakına hər
zaman güclü dəstək veririk. Faktiki
olaraq, bu iştirak açıq-aşkardır. Türkiyə indi təkcə bizim regionumuzda deyil,
Qafqazda deyil, daha geniş coğrafiyada və dünyada
mühüm rol oynayır. Bu,
reallıqdır və bu, bizim üçün çox
yaxşı reallıqdır. Çünki
Türkiyə bizim üçün qardaş ölkədir, ən
yaxın müttəfiqimiz və dostumuzdur. Əlbəttə ki, Türkiyə de-fakto, həm də
Minsk qrupunun üzvü olaraq hüquqi baxımdan artıq cəlb
olunub. Mən bir dəfə müsahibələrimdən
birində demişdim ki, Türkiyə hətta həmsədr də
ola bilərdi. Əgər biz
həmsədrləri bu gün seçsəydik, Azərbaycan
sözsüz ki, Türkiyənin namizədliyini dəstəkləyərdi
və əminəm, Türkiyə həmsədr olmaqda israr edərdi.
Əfsuslar olsun ki, 1992-ci ildə bu, baş vermədi.
Beləliklə, bu, hüquqi tərəfdir.
Praktiki tərəfdən, bildiyiniz kimi,
Türkiyə və Rusiyanın prezidentləri, Xarici
İşlər nazirləri, Müdafiə nazirləri
görüşüblər, söhbət aparıblar, bu məsələni
müzakirə ediblər. Ona görə də,
Ermənistanın dediyi kimi, əgər kimsə deyirsə ki,
Türkiyə orada olmamalıdır, bu, Ermənistanın
işi deyil, Türkiyə artıq oradadır və cəlb
olunmalıdır, çünki o, sabitlik gətirəcək.
Həmçinin düşünürəm ki,
Türkiyə Qafqazın 3 ölkəsi ilə sərhədi
olan yeganə ölkədir. Başqa
heç bir ölkənin onların hər üçü ilə
sərhədi yoxdur. Əlbəttə ki,
Türkiyə fəal şəkildə cəlb
olunmalıdır, Türkiyə cəlb olunub və biz bunu
möhkəm dəstəkləyirik.
- Beynəlxalq
hüquq nöqteyi-nəzərindən Qarabağ Azərbaycanın
ərazisidir. Lakin, eyni zamanda, orada çox sayda
erməni əhalisi var. Siz zəmanət verə bilərsinizmi
ki, Azərbaycan nəzarəti geri qaytarandan sonra erməni əhali
orada təhlükəsiz şəraitdə və bərabər
hüquqlarla yaşaya biləcək?
- Bəli,
sözsüz ki. Mən münaqişənin bu
aktiv fazası ərzində artıq dəfələrlə
bununla bağlı bəyanatlar vermişəm ki, Dağlıq
Qarabağda yaşayan həmin ermənilər bizim vətəndaşlarımızdır.
Onların təhlükəsizliyi,
hüquqları Azərbaycanın digər insanlarının
hüquqları kimi tam təmin olunacaq. Sizə deyə
bilərəm ki, hazırda azərbaycanlıların
olmadığı Ermənistandan fərqli olaraq, bu gün Azərbaycanda
minlərlə erməni əsilli adam var və
Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Beləliklə, orada heç bir milli azlıq
yaşaya və sağ qala bilməz. Onlar
bugünkü Ermənistan Respublikasının ərazisində
bir zamanlar yaşayan bütün millətləri qovublar.
Ən böyük icma azərbaycanlılar idi.
XX əsrin əvvəlində İrəvan
şəhərinin əhalisinin 70 faizi azərbaycanlılar
idi. Ermənilər bizim bütün tarixi,
dini abidələrimizi dağıdıblar. Onlar təkcə İrəvanda deyil, bugünkü
Ermənistanın bir çox başqa regionlarında da Azərbaycan
mədəniyyətinin izlərini siliblər. Yeri gəlmişkən,
1918-ci il mayın 28-də
yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti, əfsuslar
olsun ki, mayın 29-da, - bu, haqq qazandırılması
mümkün olmayan böyük bir səhv idi, - İrəvanı
paytaxt kimi Ermənistana verməyi qərara aldı. Beləliklə, onlar bizim bütün dini və mədəni
irsimizi dağıdıblar. Onlar bizim məscidlərimizi,
abidələrimizi dağıdıblar. Burada
- Bakının mərkəzində isə çox sayda erməni
kitablarının olduğu erməni kilsəsi var. Bu gün
Bakıda və Azərbaycanın başqa yerlərində
çox sayda, minlərlə erməni yaşayır. Sizin orada yaşayan çox sayda erməni ilə
bağlı dediyiniz məqama gəlincə, bizdə olan məlumata
görə, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti
də daxil olmaqla, işğal edilmiş ərazinin real əhalisi
təqribən 65 min nəfərdir. Bu,
böyük icma deyil. Lakin müharibədən əvvəl,
1990-cı illərin əvvəlində Dağlıq
Qarabağda, əsasən Şuşada, həmçinin Xankəndidə,
ermənilərin törətdiyi soyqırımının
qurbanı olan Xocalı şəhərində və bir
çox başqa şəhərlərdə 40 mindən
çox azərbaycanlı yaşayırdı. Ermənilər
bizə qarşı etnik təmizləmə həyata
keçiriblər. Biz bunu heç vaxt etməmişik.
Hətta bu toqquşmalar zamanı biz eyni yolla
cavab verməmişik. Biz nə
Dağlıq Qarabağ ərazisinə, nə də Ermənistan
ərazisinə ballistik raketlərlə hücum etməmişik.
Mən demişdim ki, biz qisas alacağıq,
lakin biz qisası döyüş meydanında alacağıq.
Beləliklə, Dağlıq Qarabağdakı ermənilər
tam əmin ola bilərlər ki, Azərbaycan
vətəndaşları olaraq onların təhlükəsizliyi
təmin ediləcək. Dağlıq
Qarabağdakı cinayətkar xunta kənarlaşdırılandan
sonra onlar daha yaxşı yaşayacaqlar. Onlar
ləyaqətlə yaşayacaqlar, sülh şəraitində
yaşayacaqlar və ölkəmizdəki istənilən
başqa insanlar üçün etdiyimiz kimi, biz onlar
üçün də bütün sosial və iqtisadi
imtiyazları təmin edəcəyik.
- Dağlıq Qarabağı geri qaytarandan sonra Siz Madrid
prinsiplərində qeyd olunduğu kimi, onların öz müqəddəratını
təyinetmə hüququna hörmət edəcəksinizmi və
referenduma razılıq verəcəksinizmi?
- Xeyr, əlbəttə
ki, xeyr. Dağlıq Qarabağda heç bir
referendum olmayacaq. Biz bununla heç vaxt
razılaşmayacağıq. Biz
danışıqlar zamanı buna razılıq vermədik və
indi ərazinin böyük bir hissəsini geri
aldığımız bir vaxtda bundan söhbət gedə bilməz.
Öz müqəddəratını təyinetməyə
gəldikdə, ermənilər artıq öz müqəddəratlarını
təyin ediblər. Onların müstəqil
Ermənistan dövləti var. Təsəvvür edin, əgər
ermənilər yaşadıqları hər yerdə öz
müqəddəratlarını təyin etsələr nə
baş verər, dünyada neçə kiçik Ermənistan
olar. Bu, əks təsir verən
yanaşmadır. Öz müqəddəratını
təyinetmə beynəlxalq hüququn mühüm amilidir.
Lakin o, Azərbaycanın ərazi bütövlüyünü
pozmamalıdır. Öz müqəddəratını təyinetmənin
müxtəlif növləri var, icmaların müxtəlif
növləri var. Məsələn, mədəni muxtariyyət
ola bilər. Biz Avropanın inkişaf
etmiş ölkələrində bu nümunələri
görürük ki, insanların öz bələdiyyələrində,
öz icmalarında müəyyən hüquqları var. Azərbaycanın
istənilən yerində olduğu kimi, əlbəttə, Azərbaycanda
yaşayan ermənilərin də bu formada təmasları ola bilər. Lakin biz heç vaxt
Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin
yaradılmasına icazə verməyəcəyik. Bundan söhbət gedə bilməz. Bir sözlə, referendum olmayacaq, heç vaxt.
-
Döyüş meydanından danışarkən, Ermənistanın
Liviyada, Suriyada yaşayan erməniləri cəlb etdiyinə
dair məlumatlar var. Eyni zamanda, QHT, dəqiq desək, Suriya
İnsan Haqlarının Müşahidəsi Qrupu iddia edir ki,
Suriyadan çox sayda etnik türkmən
döyüşçü hazırda Sizin qüvvələrinizlə
birlikdə döyüş meydanındadır. Bu,
doğrudur, ya yox?
- Xeyr, bu,
doğru deyil. İlk növbədə, mən
bildirmək istərdim ki, Ermənistanın Yaxın Şərqdən
muzdluları və döyüşçüləri cəlb
etməsi faktı sirr deyil. Hətta Ermənistanın
baş naziri bunu etiraf edib. Lakin o bildirib ki,
onlar köklü ermənilərdir. Birincisi, heç kim bilmir onlar köklü ermənilərdir, ya
yox. Bizdə məlumat var ki, başqa millətlərin
nümayəndələri hazırda Ermənistan tərəfdən
döyüşür. İkincisi, əgər
insan etnik ermənidirsə və başqa ölkənin vətəndaşıdırsa,
bu, o demək deyil ki, o, muzdlu deyil. Döyüş
meydanında zərərsizləşdirilənlər
arasında Livan pasportu olan, Kanada pasportu olan insanlar var. Bizdə
Fransa, ABŞ vətəndaşlarının, erməni əsilli,
lakin bu ölkələrin vətəndaşları olan şəxslərin,
keçmiş sovet ölkələrinin vətəndaşlarının,
Yaxın Şərq ölkələrinin vətəndaşları
ilə birlikdə bizə qarşı döyüşməsinə
dair dəlillər var. Ermənistan birinci Qarabağ müharibəsində
muzdlulardan istifadə edirdi. Bu, sirr deyil. Onlardan bəziləri Azərbaycan tərəfindən
zərərsizləşdirilib və ermənilər onların
şərəfinə böyük abidələr
ucaldıblar, beynəlxalq terrorçuların şərəfinə
abidələr. Bu, Ermənistanın
terrorçu dövlət olduğunu göstərir.
Azərbaycana gəlincə, birincisi, Suriya İnsan
Haqlarının Müşahidəsi Qrupu adlandırılan QHT
etibarlı təşkilat deyil. Biz onların
Suriyadakı müharibə ilə bağlı
yaydığı çox sayda feyk xəbərləri bilirik.
Bu, siyasi motivasiyalı olan “QHT”yə etibar, etimad
yoxdur. Birincisi, biz kimin maliyyələşdirdiyini
yoxlamalı, sonra bu şayiələrin arxasında kimin
durduğunu öyrənməliyik. İkincisi,
bizə heç bir ölkə tərəfindən bir dəlil
belə təqdim olunmayıb. Yalnız
şayiələr, yalnız əsassız bəyanatlar. Mən sübut tələb etdim. Dedim yaxşı,
biz artıq 20 gündən çoxdur ki, münaqişənin
aktiv fazasındayıq, sübutlar haradadır? Bizə
dəlil təqdim edin. Heç bir sübut
yoxdur. Ona görə də, bu şayiələrə
son qoyulmalıdır. Azərbaycan
özü döyüşür. Bizim
heç bir xarici döyüşçüyə
ehtiyacımız yoxdur. Bizim kifayət qədər
insanlarımız, nizami ordumuzda kifayət qədər əsgər
və zabitlərimiz var. Əhalimizin sayı 10 milyon nəfərdir.
Əgər bizim əlavə
döyüşçüyə ehtiyacımız olsa, səfərbərlik
elan edərik, cəlb edərik. Beləliklə,
buna ehtiyac yoxdur. Bu, tamamilə yanlış
məlumatdır.
- Sizin dəfələrlə
dediyiniz kimi, heç bir mücahid, hətta heç bir
türkmən yoxdur?
- Xeyr,
başqa ölkələrdən gəlmiş Azərbaycan əsilli
insanlar ola bilər. Biz bunu
istisna etmirik. Çünki bizdə
çox sayda könüllülər var. İnsanlar
könüllü şəkildə öz ölkələrini
müdafiə etmək istəyə bilər. Biz istisna edə bilmərik ki, başqa ölkələrdən
Azərbaycan əsilli insanlar gəlir. Lakin
bu, təqdim olunduğu kimi deyil ki, Azərbaycan
döyüşmək üçün terrorçuları dəvət
edib. Bu, yanlış məlumatdır.
- Siz Azərbaycan əsilli həmin könüllülərdən
xəbərdarsınız?
- Mən dedim ki, istisna etmirəm. Ola bilər.
Lakin biz xaricdə yaşayan azərbaycanlılardan
gəlib tarixi Vətəni uğrunda döyüşmək
üçün çox sayda müraciət, çox sayda məktub
alırıq. Lakin bizim mövqeyimiz belədir
ki, buna ehtiyacımız yoxdur. Döyüş
meydanında kifayət qədər insanımız var.
- Yaponiya
şirkətləri Azərbaycanın neft kəməri layihələrinə
qoşulub. Onlar burada investordur. Sizin kəmərlərin
təhlükəsizliyi ilə bağlı
narahatlığınız varmı? Bu yaxınlarda, bu il ərzində açılması
planlaşdırılan TAP kəmərinin təxirə
salınması riski varmı?
- Xeyr, TAP
kəməri ilə bağlı hər şey qrafikə
uyğun gedir. Bu, artıq edilib. TAP-ın rəsmi
açılışı ola bilsin ki,
ayların deyil, əlavə bir neçə həftənin
işidir. Kəmərdə hər şey
hazırdır. Bakıdan Avropaya tarixi kəmər
tamamlanıb. Bizim digər kəmərlərimizə,
xüsusilə neft-qaz kəmərlərinə gəlincə,
Azərbaycan ərazisində bütün bu illər ərzində,
Bakı-Tbilisi-Ceyhanın istismara verildiyi 2006-cı ildən bu yana bizdə heç bir hadisə baş verməyib.
Bizim kəmərlərimiz bizim ərazimizdə
lazımi qaydada qorunur. Lakin, əlbəttə,
biz Ermənistanın rəsmi nümayəndələrindən
hədələr eşitmişik ki, onlar bizim kəmərlərimizə
hücum edəcəklər, neft-qaz nəqli üçün
mühüm olan Səngəçal terminalına hücum edəcəklər.
Lakin bu da onların terrorçu xislətinin bir
hissəsidir. Çünki onlar
açıq şəkildə bəyan edirlər ki, mülki
infrastruktura hücum edəcəklər. Əlbəttə
ki, əgər onlar bunu etsə, peşman olacaqlar. Çünki bizim tərəfimizdən və həmçinin
enerji təhlükəsizliyinin bir hissəsini Azərbaycandan təmin
edən ölkələr tərəfindən sərt şəkildə
cəzalandırılacaqlar. Həmin
ölkələrin reaksiyası necə olacaq? Bu kəmərlərə milyardlarla dollar investisiya
yatırılıb. Beynəlxalq banklar, Dünya
Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı,
Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və
başqaları kimi bütün aparıcı beynəlxalq
banklar investisiya yatırıb. Ona görə də,
Ermənistan rəhbərliyi bu cür variant barədə
yaxşı düşünməlidir. Əlbəttə,
qeyd etdiyim kimi, Azərbaycan özü onları sərt şəkildə
cəzalandıracaq və mən düşünmürəm
ki, onlar bunu, daha bir müharibə cinayətini etməyə
cürət göstərəcəklər.
- Sizinlə
görüşmək imkanımız çox nadir hallarda
olduğundan, icazə verin, ümumilikdə, ölkənin gələcəyi
ilə bağlı bir neçə sual verim.
- Bəli,
buyurun.
- Azərbaycan
dünyada sənaye üsulu ilə neft istehsal edən ilk
ölkədir.
- Bəli,
doğrudur.
- Sizcə,
ölkə postneft dövrünə necə keçəcək?
Yaponiya şirkətlərinin bunda iştirakına dair Sizin hansısa gözləntiləriniz
varmı?
- Bəli,
əlbəttə ki, bizim iqtisadiyyatımızın şaxələndirilməsi
ilə bağlı gündəliyimiz var və bu proses
uğurla davam edir. Hətta baxmayaraq ki, bu il
ümumi daxili məhsulumuz aşağı düşür -
çox ciddi deyil, indiyədək geriləmə 4 faizdən
aşağı olub. Bəzi başqa ölkələrlə
müqayisədə bu, pis nəticə deyil. Lakin qeyri-neft sənayesinə gəldikdə, bizdə
artım var. Bu, onu göstərir ki, bizim şaxələndirmə
proqramımız çox uğurla icra olunur. Sənaye, biznes imkanları, turizm, innovasiya sektoru və
kənd təsərrüfatı, əlbəttə ki,
pandemiyadan əvvəl sürətlə inkişaf edirdi.
Əlbəttə ki, əsas məsələyə
gəlincə, biz indi Azərbaycanın öz ərazilərini
azad etdiyini görürük. Biz, ilk olaraq,
on minlərlə hektar torpağı su ilə təchiz edəcək
çox mühüm su anbarını azad etdik. Ermənistan faktiki olaraq bizə qarşı ekoloji
terror törədib. Onlar Tərtər
çayının qabağını bağlayırdılar və
beləliklə, yüz minlərlə hektar torpaq su ilə təchiz
olunmurdu. Onlar bunu yayda, insanların
ehtiyacı olanda bağlayırdılar və qışda
açırdılar, bu isə daşqına səbəb
olurdu. Beləliklə, Ermənistanın
terrorçu xisləti hər addımdadır. Biz əraziləri geri qaytarandan sonra, - bu, müxtəlif
məhsullar becərmək, mal-qara saxlamaq üçün
çox münbit torpaqlardır, - əlbəttə ki, bu, kənd
təsərrüfatımızın inkişafına yeni təkan
verəcək. Biz ərazilərin azad edilməsi
ilə əlaqədar kənd təsərrüfatımızın
gələcək inkişafını artıq
planlaşdırmağa başlamışıq. Əlbəttə, düşünürük ki,
insan kapitalına investisiyalar bizə inkişaf
üçün yaxşı imkanlar yaradacaq. Çünki bir gün neft və qaz tükənəcək,
baxmayaraq ki, bizim ehtiyatlarımız çox
böyükdür. Biz böyük həcmdə
təbii qaz ixrac etməyə yenicə
başlamışıq və neft istehsalı sahəsi
qarşıdakı onilliklərdə, ümumilikdə, sabit
olacaq. Lakin, əlbəttə ki, qeyri-neft
sektoru prioritetdir.
Yaponiya şirkətlərinə gəlincə, onlar
burada enerji sahəsində çox fəaldırlar. Yaponiya
banklarından alınan kreditlərlə biz Bakıda iki
böyük elektrik stansiyası tikmişik. Onların gücü 800 meqavata yaxındır.
Beləliklə, bu elektrik stansiyaları
istehlakımızın və ixracımızın əhəmiyyətli
hissəsini təmin edir. Yeri gəlmişkən,
biz həm də elektrik enerjisini ixrac edirik. Biz Yaponiya şirkətlərini hazırda prioritetlərdən
biri olan bərpaedilən enerji sahəsində görmək istəyirik.
Biz artıq bəzi investorlarla ilkin
razılaşmalar imzalamışıq. Beləliklə,
əminik ki, çox ümidverici olan və xüsusilə
Abşeron yarımadasında günəş və çoxlu
külək sayəsində potensialı olan bu sahədə və
bir çox başqa sahələrdə əməkdaşlıq
olacaq. Bu gün Yaponiya şirkətləri
ilə avadanlıq, maşınqayırma, texnologiya, eləcə
də kənd təsərrüfatı sahələrində əməkdaşlığımız
var. Biz Yaponiya ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın
səviyyəsindən məmnunuq.
- Siyasi
islahatlar barədə nə deyə bilərsiniz? Əsasən Qərb ölkələri tərəfindən
tənqidlər var ki, Siz özünüz atanızdan sonra
hakimiyyətə gəlmisiniz, indi xanımınız Birinci
vitse-prezidentdir. Siz demokratiyanı təşviq
etməyə, müxalifətə hakimiyyətə yol
açmağa hazırsınızmı?
-
Düşünürəm ki, ölkədə demokratik
inkişaf müsbət məcrada gedir. Azərbaycanda
bütün əsas azadlıqlar təmin olunub, siyasi fəaliyyət
azadlığı, media azadlığı, ifadə
azadlığı, sərbəst toplaşma
azadlığı, dini etiqad azadlığı. Bununla bağlı məhdudiyyət yoxdur. Yeri gəlmişkən, bizdə internet azaddır.
Bizi tənqid etməyə çalışanlar
şayiələr yaymaqdan, Azərbaycanın guya demokratiya sahəsindəki
çatışmazlıqlarını siyasi məqsədlər
üçün, siyasi təzyiq məqsədilə istifadə
etməkdənsə, məzmuna baxmalıdırlar. İndi mən yeni siyasi islahatlar proqramını təqdim
etmişəm, o, bütün siyasi partiyaların mütləq
əksəriyyəti tərəfindən dəstəklənib.
Yeri gəlmişkən, bu, toqquşmalardan əvvəl
olub. İndi, əlbəttə ki, siyasi
partiyaların mütləq əksəriyyəti işğal
olunmuş ərazilərin qaytarılması ilə
bağlı mənim yürütdüyüm siyasəti tam dəstəkləyir.
Cəmi iki partiya bu prosesdə iştirak etmir.
Cəmi iki partiya Azərbaycanın milli
maraqlarının əleyhinə çıxış edir.
Bunlar Xalq Cəbhəsi partiyası və
Müsavat partiyasıdır. Yeri gəlmişkən,
bu iki partiya mənim siyasi dialoqla bağlı təklifimi qəbul
etmədi. Mən bu təklifi bir neçə
ay bundan əvvəl etmişdim. Mən
demişdim ki, bizim normal dialoqa ehtiyacımız var, hökumətlə
müxalifət arasında, aparıcı partiya ilə digər
partiyalar arasında normal, sivil münasibətlərə
ehtiyacımız var. İndi zənnimcə, 50 və ya ondan da
çox partiya bunu dəstəklədi. Biz
siyasi dialoqun çox aktiv fazasındayıq.
Yalnız
iki partiya, birbaşa maliyyələşdirməsi kənardan gələn,
həmişə Azərbaycanın milli maraqlarına qarşı
çıxan, Ermənistanın ərazilərimizi
işğal etdiyi zaman - 1992-1993-cü illərdə hakimiyyətdə
olduqları üçün ərazilərimizin itirilməsinə
görə məsuliyyət daşıyan bu iki partiya, Xalq Cəbhəsi
və Müsavat. Ərazilərin itirilməsinə
görə məsuliyyət daşıyan o insanlar bu gün həmin
partiyaların demək olar ki, 30 ildir rəhbərləridir.
Heç kim demokratiyadan danışmır,
heç kim onların bu vəzifədə demək olar ki, 30
il ərzində necə qaldıqları barədə
danışmır. Buna görə bizi tənqid
etmək istəyənlər yaxşı olardı ki,
güzgüyə baxsınlar. Bizim
gözümüzün önündə, beynəlxalq ictimaiyyətin
gözü önündə dırnaqarası demokratiyalarda
nümayişlərin necə
dağıdıldığını, insanların mitinqlərdə
necə öldürüldüyünü,
yaralandığını, xəsarət aldıqlarını
görürük. Biz bunları hər həftə
görürük. Etirazçıları
dağıtmaq üçün polisin itlərdən və
atlardan necə istifadə etməsini görürük. Siz bunu Azərbaycanda görməyəcəksiniz,
heç vaxt. Buna görə bizi tənqid
edənlər, yaxşı olardı ki, öz işləri ilə
məşğul olsunlar. O ki qaldı, sizin mənim
atamın davamçısı kimi dediklərinizə, bəli,
bu, həqiqətdir. Lakin mən atamın xələfi
olmamışdan əvvəl uzun illər idi, 1995-ci ildən
2003-cü ilə kimi parlamentin üzvü idim. 1997-ci ildən bəri mən Milli Olimpiya Komitəsinin
prezidentiyəm. Mən aparıcı siyasi
partiya olan Yeni Azərbaycan Partiyasının sədr müavini
və sədrin birinci müavini olmuşdum və Baş Nazir
olmuşdum. Beləliklə, mənim siyasi
karyeram beynəlxalq müşahidəçilərə məlumdur
və əlbəttə ki, onlar bunun onların təqdim etmək
istədiyi kimi olmadığını bilirlər. Xələf
olmaq haqqında danışdıqda, niyə heç kim Buş ailəsi, onların bir-birinin necə
davamçısı olması haqqında danışmır?
Niyə heç kim Klinton ailəsi
haqqında, xanımın dövlət katibi və sonra da
prezident namizədi olması haqqında danışmır və
bunun kimi bir çox hallar var. Bu məsələni
qaldırmazdan əvvəl, qoy, onlar özlərinə
baxsınlar. Xanımıma gəldikdə, mənim
xanımım 2005-ci ildən bəri parlamentin üzvü
olmuşdur. O, sosial və humanitar sahələrlə
bağlı olan məsələlərdə çox fəal
idi. O, Qafqazda ən böyük qeyri-hökumət təşkilatı
olan Heydər Əliyev Fondunun prezidenti olub və olmağa davam
edir. Onun azərbaycanlılar arasında
güclü dəstəyi var. Siz küçədə istənilən
şəxsdən soruşa və onların onu necə sevdiyini
və dəstəklədiyini görə bilərsiniz. O,
Yeni Azərbaycan Partiyasının sədr müavini olub və
olmağa davam edir. Buna görə də onun
siyasi karyerası qəfil baş verən hadisələrdən
ibarət olmamışdır. Sizə deyə
bilərəm ki, mən ona bu vəzifəni təklif etdikdə,
o, bunu o qədər də sevinclə
qarşılamamışdır. Sizə deyə bilərəm
ki, ola bilsin mən bunu ilk dəfə deyirəm,
onu inandırmaq üçün çoxlu vaxtım getdi və
mənim arqumentlərim var idi və o, istəmirdi. O, tamamilə
sosial və humanitar məsələlərlə məşğuldur
və on minlərlə insana yardım edir. Lakin
o, bunu hər hansı bir piarsız, reklamsız və
elansız edir. Beləliklə, o,
xalqımızın qürur duyduğu bir şəxsdir.
- Siz
söz azadlığı və interneti qeyd etdiniz. Lakin sosial şəbəkə sistemlərində bəzi
məhdudiyyətlər var.
- Bunlar
müvəqqəti məhdudiyyətlərdir. Bu
məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq
olunmuşdur. Biz xalqımıza elan etdik
ki, bu, milli təhlükəsizlik məsələləridir,
çünki biz belə bir vaxtda informasiya sistemimizi erməni
təxribatından qorumalıyıq. Beləliklə,
bu, müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktiv fazası bitən kimi
bütün bu məhdudiyyətlər aradan
qaldırılacaqdır. Lakin sizə deyə
bilərəm ki, internetin əhatə dairəsi çox
yüksəkdir və azərbaycanlıların 80 faizdən
çoxu internet istifadəçiləridir. Beləliklə, bu, yalnız müvəqqəti
xarakter daşıyır.
- Zati-aliləri,
icazə verin, söhbətimizi sonuncu sualla
yekunlaşdırım. Gəlin, ümidverici bir
məqamla bitirək. Sizin münaqişənin sülh
yolu ilə nizamlanmasına ümidiniz varmı? Sülh
Ermənistan və Azərbaycana nə verə bilər? Çünki Ermənistan dənizə
çıxışı olmayan ölkədir, sərhəd
burada qapalıdır, Türkiyə tərəfində sərhəd
qapalıdır, onların iqtisadiyyatı tənəzzülə
uğrayır. Sülh iki ölkəyə nə
verə bilər?
- Bəli, əlbəttə ki, sülh
regiondakı vəziyyəti tamamilə dəyişəcək.
Üç Qafqaz ölkəsinin əməkdaşlıq edəcəyi
vaxtı görməyi ümid edirəm. İndi məsələn,
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq
səviyyəsi çox yüksəkdir. Biz strateji tərəfdaşıq
və bizim Gürcüstanın hazırkı hökuməti
ilə mükəmməl əlaqələrimiz var. Biz
bir-birimizi dəstəkləyirik, biz yaxşı qonşu və
dostuq. Baxın, biz birlikdə nə qədər layihə icra
etmişik, neftin nəqli, qazın nəqli, elektrik enerjisinin nəqli,
dəmir yolu bağlantısı, Bakı-Tbilisi-Qars,
Bakı-Tbilisi Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və bir
çox başqa layihələr. Azərbaycan, zənnimcə,
Gürcüstanda Türkiyə ilə birlikdə birinci və
ya ikinci ən böyük investordur. Birinci və ya ikinci ən
böyük vergi ödəyicisidir. Yeri gəlmişkən,
1990-cı illərin ortalarında, boru kəmərinin tikintisi
məsələsi müzakirə olunanda Qərbdən bu boru kəmərinin
Ermənistandan keçməsi ilə bağlı bəzi təkliflər
var idi. Lakin belə olan halda Ermənistan əraziləri
boşaltmalı idi və belə olduqda boru kəməri Azərbaycandan
Ermənistana, sonra Naxçıvana və oradan Türkiyəyə
keçə bilərdi. Bu, ən qısa marşrut idi. Xəritəyə
baxsanız, siz boru kəmərinin keçdiyi marşrutu
görəcəksiniz. Ermənistandan yan keçmək
üçün o, bu cür çəkilib. Lakin ermənilər
düşünürdü ki, biz bu boru kəmərini inşa
edə bilməyəcəyik. Ona görə onlar yox dedilər.
Hesab edirəm ki, indi onlar buna çox peşmandırlar.
İşğala görə onlar dalana dirəniblər. Onlar
hesab edirdilər ki, biz boru kəmərlərini, dəmir
yollarını inşa edə bilməyəcəyik. Onlar həmişə
Qars-Gümrü dəmir yolunun istismarını dəstəkləyirdilər.
Bu dəmir yolu mövcud idi, lakin Ermənistanın
işğalına görə bizim qardaş Türkiyə onu
bağlamışdır. Beləliklə, əslində, Ermənistanın
dənizə çıxışı var, lakin Azərbaycana
qarşı təcavüzə və Türkiyəyə
qarşı ərazi iddialarına görə onların
Türkiyə ilə sərhədi yoxdur. Bəlkə siz
bilmirsiniz, lakin onların konstitusiyasında Türkiyəyə
qarşı ərazi iddiaları yer alır. Türkiyə kimi
qüdrətli ölkəyə qarşı ərazi
iddialarına indiki vaxtda malik olmaq üçün gərək
ağılsız olasan. Lakin bu, onların ideologiyasının
mahiyyətidir. Danışıqlar aparılan zamanı əvvəlki
Ermənistan hökumətinə mesajlar göndərilmişdir
ki, onlar işğala son qoyduğu təqdirdə Azərbaycan
Dağlıq Qarabağda müxtəlif sosial və iqtisadi
layihələri icra edə bilər. Bu mesajlar Minsk qrupunun həmsədrləri
vasitəsilə Ermənistanın əvvəlki prezidentlərinə
göndərilmişdir və onlar bunları rədd
etmişdir. Bu gün Dağlıq Qarabağda insanlar yoxsulluq
içində yaşayırlar. Bilirsiniz, orada tam işsizlik,
yoxsulluq hökm sürür və infrastruktur
dağıdılıb. Biz sərmayə yatırmağa
hazır idik. Lakin biz dedik ki, əraziləri boşaldın və
biz sizə kömək edərik. Bu gün biz
özümüz əraziləri azad etdikdə, əlbəttə
ki, biz o insanlara, Dağlıq Qarabağda yaşayan ermənilərə
və sözsüz ki, bu ərazini yenidən qurmaq
üçün qayıdacaq azərbaycanlılara kömək
edəcəyik. Lakin əgər Ermənistan konstruktiv
addımlar atsa və əraziləri boşaltsa, əlbəttə
ki, biz bütün kommunikasiyaları açacağıq. Mən
bilirəm, həmçinin Türkiyə hökumətinin
mövqeyi barədə də eşitmişəm ki, onlar da Ermənistanın
əraziləri boşaltdığı təqdirdə
kommunikasiyaları açacaqlar. Onda Cənubi Qafqazda vəziyyət
tamamilə dəyişəcəkdir.
- Cənab Ərdoğan bu niyyəti barədə
Sizə bir şey deyibmi?
- Ola bilsin biz bunu birbaşa müzakirə etməmişik.
Lakin, əlbəttə, biz bilirik ki, belə bir mövqe var.
Ermənistan-Türkiyə sərhədi işğala görə
bağlıdır. İşğala son qoyulsa, sərhəd
açılacaq. Bu, Türkiyə hökumətinin rəsmi
mövqeyidir və ermənilər bunu bilirlər. Türkiyə
və Azərbaycanla münasibətləri
normallaşdırmadan Ermənistanın gələcəyi
yoxdur. Çünki bazar kiçikdir və daha da kiçilir,
əhali azalır, miqrasiya çox yüksəkdir. Bizdə
olan məlumata görə, bu gün Ermənistanda real əhalinin
sayı iki milyondan azdır, iki milyondan az və o, daha da
azalacaq, çünki iş yoxdur, xüsusilə indi, onlar, necə
deyərlər, işğal olunmuş çox məhsuldar
torpaqlardan məhrum olduqda. Siz səmadan çəkilmiş təsvirlərə
baxsanız, onların bizim torpaqlardan qeyri-qanuni məhsullar
üçün necə istifadə etdiklərini görərsiniz.
Onlar nəinki bizim torpağımızdan, Kəlbəcərdə
bizim qızıl mədənlərindən istifadə edirlər.
Fəaliyyətlərini dayandırmadığı təqdirdə,
orada bizim məhkəməyə verəcəyimiz əcnəbi
şirkətlər var. Yeri gəlmişkən, onlar istənilən
halda tezliklə fəaliyyətlərini dayandıracaqlar. Beləliklə,
bu mühüm kənd təsərrüfatı seqmentindən
məhrum olduqlarına görə onlar hətta daha çox
problemlərdən əziyyət çəkəcəklər
və tənəzzülə uğrayacaqlar, biz isə
inkişaf edəcəyik. Bizim əhalimiz artır. Türkiyənin
əhalisi 83 milyondur, Azərbaycanın əhalisi 10 milyondur,
Ermənistanın əhalisi isə iki milyondan azdır. Onlar məntiqli
olmadığı təqdirdə, işğala son
qoymadığı təqdirdə burada 10 il, 20 il, 50 ildən
sonra necə yaşayacaqları haqqında düşünməlidirlər.
Onlar artıq bu təcavüzə son qoymalıdırlar. Biz
döyüş meydanında onlara kimin kim olduğunu göstərdik.
Onların “cəsur ordusu” haqqında bütün mifləri,
sadəcə, bir növ feyk idi. Onların ordusu qaçır.
Biz onları məğlub edirik. Biz onlara qalib gəlirik və
onlar bizim torpaqlardan çıxana kimi bunu etməyə davam edəcəyik.
- Bu imkana görə çox sağ olun.
Bakıda olmaq həmişə bizdə məmnunluq hissi
oyadır.
- Təşəkkür edirəm.
Yeni Azərbaycan.-
2020.- 23 oktyabr.- S.3.