Birinci vitse-prezident Mehriban Əliyeva: Bu
gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan
xalqı yeni tarix yazır
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva Trend İnformasiya Agentliyinə
müsahibə verib.
AZƏRTAC müsahibəni təqdim edir.
- Hər vaxtınız xeyir,
hörmətli Mehriban xanım. İlk növbədə, Azərbaycanın
bir sıra şəhərlərinin və yaşayış məntəqələrinin
işğaldan azad edilməsi münasibətilə Sizi öz
adımızdan və oxucularımızın adından təbrik
etmək istərdim.
- Bütün xalqımızı bu əlamətdar
hadisələr münasibətilə təbrik edirəm. Demək
olar ki, hər gün cəbhədən yaxşı xəbərlər
gəlir. Bizim əsgərlər və zabitlər
döyüş tapşırıqlarını şərəflə
yerinə yetirirlər. Onlar uğurlu əməliyyatlar
keçirərək, bir-birinin ardınca şəhərləri
və digər yaşayış məntəqələrini
işğaldan azad edir, strateji yüksəklikləri tuturlar.
Uzun fasilədən, təqribən 30 ildən sonra biz
hamımız Azərbaycan əsgərinin doğma
torpaqlarımızda bayrağımızı sancmasını
qürurla müşahidə edirik. Bu, sadəcə, hərbi
uğur deyil. Bu, tarixi ədalətin bərpasıdır,
çünki bunlar bizim əzəli, tarixi
torpaqlarımızdır.
Mübaliğəsiz demək olar ki, bu gün
Prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqı
yeni tarix yazır. Bizim birgə qələbələrimizin
tarixini!
Mən xalqın öz Prezidenti ətrafında
necə sıx birləşdiyini, dövlət
başçısının ümumi məqsəd naminə,
Azərbaycan torpaqlarının işğaldan azad edilməsi
naminə birləşməyə
çağırışını gənclərimizin necə
qətiyyətlə və mərdliklə qəbul etmələrini
görürəm.
- Sizin söylədiyiniz hər bir kəlmə
xalqımızın istəyi ilə həmahəngdir və əməllərdə,
hərəkətlərdə misli görünməmiş fəallıq
doğurur. Sizin müraciətinizdən dərhal sonra həmvətənlərimizin
erməni yalanlarını və böhtanlarını ifşa
etməyə yönəlmiş səyləri buna parlaq
sübutdur.
- İnformasiya məkanında fəallıq
göstərmək barədə çağırışıma
qoşulan hər kəsə təşəkkür etmək
istəyirəm. Biz daim yadda saxlamalıyıq ki,
qarşıdurma təkcə bilavasitə döyüş əməliyyatları
bölgəsini deyil, həm də informasiya məkanını
əhatə edir. Mən bizim gənclərimizin,
vətəndaşlarımızın erməni təbliğatının
feyklərini necə ifşa etdiklərini, erməni təcavüzü
haqqında həqiqəti bütün mümkün
platformalarda beynəlxalq ictimaiyyətə necə
çatdırdıqlarını görürəm.
Onların haqq səsi tarixin saxtalaşdırılması
hallarını aşkar etməyə və tamamilə əsassız,
açıq-aydın yalan, təhrikçi materialların
yayılmasının qarşısını almağa kömək
edir.
Kütləvi informasiya vasitələrinin
nümayəndələrinə təşəkkür edirəm,
onların obyektivliyi və yüksək peşəkarlığı
sayəsində bugünkü Azərbaycan
reallıqlarını dünyaya çatdırmaq
mümkün olur.
Əllərinə bayraq götürərək
təcavüzkara etirazlarını bildirən və Ermənistanın
işğalçı mahiyyətini beynəlxalq ictimaiyyətə
göstərən xaricdə yaşayan
soydaşlarımızı qeyd etməmək mümkün
deyil. Azərbaycan xalqı ilə həmrəy olan, ona dəstək
olaraq öz prinsipial və ədalətli mövqeyini
nümayiş etdirən dünyadakı bütün
dostlarımıza minnətdaram.
Bu gün biz hamımız cəbhədə
baş verənlər barədə fikirlərlə
yaşayırıq. Azərbaycan xalqı öz Prezidentinə
inanır və əmindir ki, Prezident nəyi necə, nə
vaxt etmək lazım olduğunu bilir. Buna görə də biz
bütün hərəkətlərimizdə və fəaliyyətimizdə
həmişəkindən daha çox həmrəyik.
Şübhəsiz, bizim əsgərlərimiz bu dəstəyi
hiss edirlər. Bilirlər ki, onların arxasında
bütün Azərbaycan xalqı dayanır.
- Mehriban xanım, Siz bəyanatlarınızda dəfələrlə
qeyd etdiyiniz kimi, hətta düşmənin mülki əhaliyə
qarşı vəhşicəsinə təxribatlarına
baxmayaraq, xalqımız inanılmaz ruh yüksəkliyi və
mərdlik nümayiş etdirir.
- Təəssüf ki, erməni tərəfi məqsədyönlü
şəkildə nəinki beynəlxalq konvensiyaların tələblərini
pozur, hətta əxlaq normalarını tapdalayır.
Gəncə, Mingəçevir, Tərtər, Bərdə,
Ağdam, Ağcabədi, Goranboy, Naftalan və digər
yaşayış məntəqələrinin dinc əhalisinə
edilən hücumlar Ermənistanın Azərbaycana
qarşı məkrli siyasətini açıq ifşa edir. Dəfn
mərasimi zamanı qəbiristanlığı necə atəşə
tutmaq olardı? Gecə vaxtı, sakinlər yatarkən Gəncə
şəhərini raket atəşinə necə məruz
qoymaq olardı? Günahsız mülki şəxslər,
uşaqlar, qadınlar həlak olub. Bu, insanlığa
qarşı cinayətdir, bu, terrorizmdir. Bütün bunlar birmənalı
şəkildə göstərir ki, Yerevanın sülhdə
marağı yoxdur, o, yalnız münaqişənin
eskalasiyasını, onun regional qarşıdurmaya çevrilməsini
arzu edir.
Lakin Ermənistanın heç
bir alçaq əməli, - nə siyasi platformaya əsaslanan
iyrənc provokasiyaları, nə informasiya məkanında məkrli
avantüraları, nə dinc vətəndaşlara vəhşicəsinə
hücumları, - heç nə Azərbaycan xalqının
iradəsini sındıra bilməz. Birlik,
həmrəylik, bir-birinin dərdinə şərik olmaq və
qarşılıqlı dəstək nümayişi müəyyən
mənada heç kəsin heç vaxt bizim iradəmizi və
Vətənimizi işğaldan azad etmək istəyimizi
sındıra bilməyəcəyinə dair Azərbaycan
xalqının ismarıcıdır.
Mən dünya birliyini baş verən bu hadisələrə
laqeyd qalmamağa və Azərbaycanın mülki əhalisinə
qarşı vəhşicəsinə qəddarlığı
kəskin pisləməyə çağırıram. Yerevan
beynəlxalq konvensiyalara, habelə BMT Təhlükəsizlik
Şurasının erməni işğalçı qüvvələrini
Azərbaycana qarşı təcavüzü dayandırmağa
çağıran qətnamələrinə
etinasızlığa son qoymalıdır.
Azərbaycan dövlətinin heç vaxt
başqalarının torpaqlarında gözü olmayıb. Biz
dinc əhaliyə hücum etmirik. Bizim işimiz haqq işidir.
Bizim ordumuz əzəli Azərbaycan torpaqlarını
işğaldan azad edir. Bizim əsgərlər qəhrəmanlıq
və igidlik göstərərək Vətən uğrunda
şərəflə döyüşür, öz
adlarını Azərbaycanın tarixinə yazırlar. Mən
bütün yaralıların tezliklə
sağalmalarını arzu edirəm. Həlak olmuş hərbi
qulluqçuların ailələrinə, doğmalarına dərin
hüznlə başsağlığı verirəm. Vətən
naminə şəhid olmuş igid övladlarımıza Allah
rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq və
qalmır. Düşmənə layiq olduğu cavab verilir.
Mənim tapşırığımla Heydər
Əliyev Fondu həlak olanların ailələrinə
lazımi kömək göstərir. Yaralı əsgərlərin
sağalması və normal həyata qayıtması
üçün nə mümkündürsə edilir. Bu
gün bizim bütün yaralı əsgər və zabitlər
tezliklə ayağa qalxmaq və Vətən uğrunda ədalətli
mübarizəni davam etdirmək üçün yenidən
döyüş əməliyyatları zonasına yola
düşmək istəyirlər. Budur Azərbaycan
xalqının ruh yüksəkliyi və vətənpərvərliyi.
- Mehriban xanım, Siz bu günlərdə
xalqımızın qeyri-adi birliyini qeyd etdiniz. Koronavirus
pandemiyasına qarşı mübarizədə bir növ
şüara çevrilmiş “Biz birlikdə
güclüyük!” cümləsini hamımız
xatırlayırıq. Demək olarmı ki, bu gün həmin
cümlə xüsusi məna kəsb edir?
- Bu, şübhəsiz belədir. Biz yalnız
birliyimizi qorumaqla və Prezidentin ətrafında sıx birləşməklə
bu ilin yadda qalacağı bütün
çağırışları və çətinlikləri
dəf edə bilərik.
Siz koronavirus pandemiyasını
xatırlatdınız və mən bu məsələyə
bir qədər ətraflı toxunmaq istərdim. Biz bu günədək
vaxtında və hərtərəfli
düşünülmüş tədbirlər sayəsində
dünyanın bir çox ölkələrinin üzləşdiyi
faciəli ssenaridən xilas ola bilmişik. Ekspertlərin fikrincə,
bizim ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli
mərhələsini ən az sayda itki ilə başa vurmuş
dövlətlər sırasındadır. Biz epidemiya ilə
mübarizənin bütün aspektlərini koordinasiya edən
peşəkar komanda yaratmağa, zəruri texniki və insan
resurslarını birləşdirməyə müvəffəq
olduq. Tətbiq edilmiş karantin tədbirləri koronavirusun
yayılma sürətini azaltmağa kömək etdi. Biz
birlikdə Vətənimizi bu xəstəliyin təhlükəli
surətdə yayılmasından qoruya bildik.
Təəssüf ki, çoxsaylı ölkələrə
və xalqlara bu qədər bəla və iztirab gətirmiş
virusa hələ də qalib gəlmək mümkün
olmayıb. O, hələ də ciddi təhlükə mənbəyidir,
bütün dünyada pisləşməkdə olan statistika
buna sübutdur. Pandemiyaya qarşı müharibə hələ
davam edir. Avropa dövlətlərinin çoxunda
çoxsaylı məhdudiyyətlər yenidən qüvvəyə
minir.
Təəssüf ki, bizim ölkəmiz də
istisna deyil. Məlumdur ki, son günlərdə yoluxanların
sayının artması müşahidə olunur, təhsil
müəssisələrində, ictimai nəqliyyatda yenidən
bəzi məhdudiyyətlər tətbiq edilib.
Mən sizin hər birinizi
koronavirusun təhlükəli olduğunu unutmamağa, aylarla
riayət etdiyimiz elementar qaydaları gözləməyə, məsafəyə
riayət etməyə, həqiqətən real zərurət
olmadığı halda insanların kütləvi şəkildə
toplaşdığı yerlərə getməməyə
çağırıram. Bizə yaxşı məlum
olan bütün bu qaydalar yoluxma riskini azaltmağa və deməli,
bizi və yaxınlarımızı xəstəlikdən
qorumağa kömək edər. Biz yaşlı nəslə həmişə
xüsusi qayğı və hörmətlə
yanaşırıq. Pandemiyanın birinci mərhələsi
dövründə biz onları qayğı ilə qoruduq.
Əminəm ki, indiki şəraitdə biz daha diqqətli
olacağıq.
Bu gün, ordumuz öz tarixi
missiyasını davam etdirdiyi bir vaxtda dövlətimizin, o
cümlədən səhiyyə sisteminin üzərinə
düşən yükü maksimum azaltmaq lazımdır.
İndi bütün resursların bizim xilaskarlıq əməliyyatı
üzərində cəmləşməsi müstəsna əhəmiyyət
kəsb edir. Biz arxa cəbhədə öz
sağlamlığımızın qeydinə qalmaqla,
sayıqlıq və intizam nümayiş etdirməklə, eyni
zamanda, ön cəbhədəki əsgərlərimizə
kömək edir və onları qoruyuruq.
Əminəm ki, biz bu vəzifənin öhdəsindən
gələcəyik və bir daha sübut edəcəyik ki,
gücümüz birlikdədir!
Yeni Azərbaycan.-
2020.- 23 okltyabr.- S.4.