Beynəlxalq birlik tərəfindən cəzalandırılmaması işğalçı Ermənistanın daha çox cinayət törətməsinə səbəb olur

 

Milli Məclisin deputatı Müşfiq Cəfərov www.yap.org.az saytına müsahibə verib:

- Müşfiq müəllim, bu gün Azərbaycan Ordusu Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin azad olunması istiqamətində uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları nəticəsində uzun illərdir, işğal altında olan bir sıra ərazilərimiz düşmən işğalından azad edilib, həmin ərazilərdə indi Azərbaycan bayrağı dalğalanır. Ali Baş Komandan cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” çağırışı hər bir azərbaycanlının ürəyinin səsidir. 30 ilə yaxın yurd-yuvasından didərgin düşmüş yurddaşlarımızın ümid mənbəyidir. Bu, Ali Baş Komandan cənab İlham Əliyevin xalqa ünvanlanmış qələbə, Qarabağa qayıdış, xoşbəxtlik, sevinc nidaları duyulan çağırışıdır. Azərbaycan xalqı Prezidentimizin bu çağırışına səs verdi, “Hər şey vətən üçün” şüarı altında birləşdi.

Əminəm ki, bu haqq işində uğur bizimlədir və tezliklə xalqımız qələbə sevincini qeyd edəcək. Bu gün Silahlı Qüvvələrimiz və hərbi heyətin ruh yüksəkliyi bütün dünyaya ordumuzun gücünü göstərməkdədir. Elə bu səbəbdəndir ki, ordumuz düşməni getdikcə daha çox qorxuya salaraq, tam demoralizə edir. Ordusuna tam güvənən hər bir Azərbaycan vətəndaşı, elə dünya ictimaiyyəti də çox yaxşı bilir ki, işğal altındakı ərazilərimizin tamamilə azad olunacağı gün uzaqda deyil. Sentyabrın 27-dən etibarən xeyli yaşayış məntəqələri və strateji yüksəkliklər işğaldan azad olunub, eləcə də, Azərbaycan-İran dövlət sərhədinə bizim tərəfdən nəzarət tam bərpa olunub.

Beynəlxalq arenada qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan xalqının Liderinin çıxışları hər bir azərbaycanlının ürəyində qələbəyə olan inamı gündən-günə artırır.

- Döyüş meydanında ordumuzun qarşısında aciz qalan Ermənistan hərbi birləşmələri mülki əhalini və yaşayış məntəqələrini ağır silahlardan atəşə tutur. Bu cür xain hücumlardan ən çox zərər çəkən şəhərlərdən birisizin deputat kimi təmsil etdiyiniz Gəncə şəhəridir...

- Ermənistan cəbhədəki uğursuzluğunu pərdələmək üçün Azərbaycanın böyük şəhərlərində terror hadisələri törətdi. Düşmənin öz xalqı qarşısında sözü olmadığı üçün, təsəlli məqsədilə silahını Azərbaycanın mülki əhalisinə çevirir. Sosial mediadan da açıq görünür ki, nəinki onlar döyüşlərdəki itkilərin qisasını sivil insanlardan almağın tərəfdarıdır. Azərbaycanın böyük infrastruktur mənbəyi olan Mingəçevir və Gəncənin raket atəşinə məruz qalması mənfur düşmənimizin əsl simasını dünyaya bir daha göstərdi. Ermənistanın cəzasız qalması isə onun daha çox cinayət törətməsinə səbəb olur. Dünya ölkələrinin beynəlxalq ictimaiyyət qarşısında müəyyən öhtəlikləri var ki, Ermənistan bunları heçə sayır.

Cəbhə bölgəsindən uzaqda yerləşən şəhərlərin raket atəşinə tutulmasında Ermənistanın məqsədi danışıqlar kontekstində Azərbaycana təzyiq göstərməkdir. Çünki artıq İrəvan da Bakının Dağlıq Qarabağ ərazilərini və bitişik bölgələri geri qaytarmaq fikrində ciddi olduğunu başa düşür və münaqişə zonasından kənar bölgələrdə raket zərbələri ilə Azərbaycan əhalisini ruhdan salmağa çalışır.

Gəncəyə ilk raket atəşi 4 oktyabrda açılıb. Nəticədə 3 mülki şəxs həyatını itirdi, bir sıra yaşayış məskənləri dağıdıldı. 10 oktyabr Moskvada atəşkəs imzalandı, lakin düşmən oktyabrın 10-dan 11-ə keçən gecə növbəti dəfə Gəncədə sivil insanların yaşadığı əraziləri raket atəşinə tutdu və 3 yaşayış binası tamamilə məhv oldu. Həmin binalarda yaşayan bir çox insanın həyatı, arzuları, ümidləri də puç oldu. 17 oktyabrda Gəncə yenə düşmənin hədəfinə çevrildi. Atılan raketin nəticəsində 14 nəfər həyatını itirdi, 50-dən çox insan yaralı olaraq xəstəxanalara yerləşdirildi.

Ümumiyyətlə, Gəncəni hədəf alan raketlər yaşayış məskənlərinə tuşlanmışdı. Hazırda bərpa işləri aparılır, vətəndaşlara dəyən zərər hesablanır. Ən böyük müsbət hal isə odur ki, insanların əhval-ruhiyyəsi olduqca yüksəkdir. Hər kəs qələbəyə köklənib. İnsanlarımız birlik və bərabərlik içərisindədir. Evlərini itirənlərə həm dövlət, həm də vətəndaş qayğısı var. Bu qayğı Gəncə ilə məhdudlaşmır, bütün Azərbaycanı əhatə edir. Ölkəmizdə olan özəl şirkətlər də vətəndaşlara maddi və mənəvi dəstək olur. Gəncə terroru nəticəsində ata-anasını itirən uşaqlar müəyyən şirkətlər və adamları tərəfindən himayə olundu.

Bütün bunlara əsaslanıb deyə bilərəm ki, düşmən istəyinə nail ola bilmədi. Xalqımızın əhval-ruhiyyəsinə təsir edə bilmədi!

 

Yeni Azərbaycan.- 2020.- 27 oktyabr.- S.9.