Azərbaycanın Qoşulmama Hərəkatı
çərçivəsində fəal siyasəti öz səmərəsini
verir
Qoşulmama Hərəkatının
üzvü olan ölkələr BMT Təhlükəsizlik
Şurasının iclasında Azərbaycana qarşı ədalətsiz
sənədin qəbuluna imkan verməməklə beynəlxalq
hüququ, ölkəmizin ərazi
bütövlüyünü dəstəklədiklərini bir
daha nümayiş etdirdilər
(əvvəli ötən sayımızda)
Vurğulamaq lazımdır ki, Azərbaycan sədrlik
üçün geniş, əhatəli fəaliyyət
planı hazırlasa da, COVID-19 pandemiyası səbəbindən
vəziyyət tamamilə dəyişdi. Buna
baxmayaraq Azərbaycan yaranmış vəziyyətə
çevik reaksiya verməyi bacardı. Belə ki, 2020-ci il
mayın 4-də Prezident İlham Əliyevin təşəbbüsü
ilə Qoşulmama Hərəkatının Təmas Qrupu
formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla
mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı
birlikdəyik” mövzusunda Zirvə görüşü
keçirilib. Mötəbər tədbirə BMT Baş
Assambleyasının sədri, Ümumdünya Səhiyyə Təşkilatının
Baş direktoru və Afrika İttifaqının
Komissiyasının sədri də qatılıb. Zirvə
görüşündə BMT Baş katibi Antonio Quterreşin
və Avropa İttifaqının ali nümayəndəsi və
Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciəti
səsləndirilib.
Zirvə görüşündə
çıxış edən Azərbaycan Prezidenti bildirib ki,
COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə
mənfi təsir göstərir. Heç bir ölkə bundan
sığortalanmayıb. Qarşılıqlı dəstək,
özünə qapanmama və yalnız birgə səylərlə
COVID-19-a qalib gələ bilərik: “Pandemiyaya qarşı
mübarizədə ən çox yardıma ehtiyacı olan
Qoşulmama Hərəkatı üzv dövlətlərini dəstəkləmək
üçün Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına
əlavə olaraq 5 milyon dollar ianə ayırır. Bu vəsait
bizimlə razılaşdırılmaqla ən çox
yardıma ehtiyacı olan Afrika, Asiya və Latın Amerikası
regional qruplarından olan üzv ölkələr üçün
nəzərdə tutulur”.
Prezident İlham Əliyev
çıxışında Azərbaycan koronavirus
infeksiyasına qarşı mübarizə tədbirləri
haqqında genuş məlumat verib. Dövlətimizin
başçısı, həmçinin vurğulayıb ki,
pandemiya şəraitində ölkələrimiz arasında
ticarətin açıq saxlanılması və beynəlxalq
yükdaşımaların fasiləsiz olaraq həyata
keçirilməsi vacibdir: “Azərbaycan artıq Avrasiyada
önəmli nəqliyyat və logistika mərkəzlərindən
birinə çevrilmişdir. Onlarla ölkəni birləşdirən
Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat
dəhlizlərinin yaradılmasında böyük rol
oynamışdır. Pandemiya dövründə də Azərbaycan
etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə
yanaşaraq ərazisi vasitəsilə maneəsiz tranzit
daşımalarını təmin edir. Eyni
zamanda, tibb mütəxəssislərinin təcrübə mübadiləsi,
virusa qarşı mübarizədə əldə edilmiş təcrübənin,
məlumatların, elmi biliklərin bölüşülməsi,
ehtiyacı olan ölkələrə yardım göstərilməsi
mühüm əhəmiyyət kəsb edir. Zirvə
görüşünün təklif olunan Bəyannaməsində
qeyd edildiyi kimi, Qoşulmama Hərəkatının
yaradılacaq İşçi Qrupu üzv ölkələrin
pandemiya ilə bağlı humanitar və tibbi
ehtiyaclarını vahid məlumat bazasına daxil edəcəkdir.
Həmin məlumatlar mümkün yardımların göstərilməsi
üçün donor ölkələrə, beynəlxalq
humanitar təşkilatlara təqdim ediləcəkdir”.
Prezident İlham Əliyevin BMT Baş
Assambleyasının xüsusi sessiyasının keçirilməsi
təklifinin yekdilliklə qəbul olunması ölkəmizə
olan etimadın bariz nümunəsidir
Bununla yanaşı, Prezident İlham Əliyev
Qoşulmama Hərəkatı adından BMT Baş
Assambleyasının pendemiyaya qarşı dövlət və
hökumət başçıları səviyyəsində
xüsusi sessiyasının keçirilməsi təşəbbüsü
ilə çıxış edib. Təklif Qoşulmama Hərəkatına
üzv ölkələr tərəfindən müdafiə
olundu. Belə ki, Zirvə Görüşündə,
həmçinin BMT Baş Assambleyasının 74-cü
sessiyasının prezidenti Ticani Məhəmməd-Bande,
Ümumdünya Səhiyyə Təşkilatının Baş
direktoru Tedros Adhanom Qebreyesus, Afrika İttifaqı
Komissiyasının sədri Musa Faki Mahamat və təşkilata
üzv olan bir çox ölkələrin dövlət və
hökumət başçıları çıxış
edərək koronavirus pandemiyası ilə mübarizə
yolları haqqında fikirlərini bildiriblər, bu mübarizədə
əməkdaşlığın əhəmiyyətini
vurğulayıblar. Bu dəstək Hərəkat
üzvlərinin öz dəyərlərinə hörmətinin,
çoxtərəfli beynəlxalq əməkdaşlığa,
multilateralizmə, qlobal problemlərin, yalnız qlobal səylərlə
həll oluna biləcəyi düşüncəsinə olan
inamının bariz bir nümunəsi idi.
Növbəti mərhələdə isə Azərbaycan
Prezidentinin xüsusi sessiyanın
çağırılması təşəbbüsü
ümumilikdə dünyanın 130-dan çox ölkəsi tərəfindən
dəstəklənib. Bu məqamda vurğulayaq ki, BMT Nizamnaməsinə
əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə
xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar
BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə
üzv ölkələrin çox hissəsinin müraciəti
əsasında Baş katib tərəfindən
çağırılmalıdır. BMT-nin təsis
olunmasından indiyə qədər Baş Assambleyanın
xüsusi sessiyaları məhdud sayda keçirilib. Azərbaycan
Prezidentinin təklifi Nyu-Yorkda Qoşulmama Hərəkatına
120 üzv ölkə arasında yekdilliklə
razılaşdırılıb. Bunun ardınca
Qoşulmama Hərəkatının sədri Prezident İlham
Əliyev Qoşulmama Hərəkatına üzv ölkələr
adından BMT Baş Assambleyasının dövlət və
hökumət başçıları səviyyəsində
videokonfrans vasitəsilə xüsusi sessiyasının
keçirilməsi təklifi ilə Baş katib Antonio
Quterreşə müraciət ünvanlayıb. BMT-nin
Baş katibi mayın 28-də Baş Assambleyanın “Prosedur
Qaydaları” adlı sənədinin 9 (a) bəndinə
uyğun olaraq bütün üzv ölkələrə
müraciət edərək 30 gün müddətində, yəni
iyunun 27-dək təşəbbüsə dair münasibət
bildirilməsini xahiş edib. Qaydalara əsasən, BMT-yə
üzv ölkələrin çox hissəsi (97 ölkə) təşəbbüsə
dəstək verdiyi təqdirdə xüsusi sessiya təşkil
olunmalıdır. Həmin müddətin bitməsinə qədər
130-dək ölkə təşəbbüsə dəstək
verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb.
Onu da qeyd edək ki, iyulun 8-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Baş
katibi Antonio Quterreşə telefonla zəng edib. Telefon
danışığı əsnasında Prezident İlham
Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına
qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini,
o cümlədən çoxtərəfli əməkdaşlığı
dəstəkləyir. Prezident İlham Əliyev
Qoşulmama Hərəkatının sədri statusunda üzv
dövlətlər adından BMT Baş Assambleyasının
COVID-19-a həsr olunmuş xüsusi sessiyasının
çağırılması barədə müraciətinə
qısa müddətdə cavab verdiyinə görə Baş
katibə təşəkkürünü çatdırıb
və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü
dəstəklədiyini vurğulayıb.
Dövlətimizin başçısı BMT
Baş Assambleyasının COVID-19-a həsr olunmuş
xüsusi sessiyasının çağırılmasında
Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb
etdiyini diqqətə çatdırıb. Prezident İlham
Əliyev xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar
texniki-logistik məsələlərin həllində Azərbaycanın
öz töhfəsini verməyə hazır olduğunu
bildirib.
BMT-nin Baş katibi Antonio
Quterreş isə BMT Baş Assambleyasının COVID-19-a həsr
olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü
dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin
həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi
ilə birlikdə işləməyə hazır
olduğunu deyib. Eyni zamanda, Baş katib Azərbaycanın
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata
keçirilməsi üçün fəal surətdə
çalışdığını bildirib.
Prezident İlham Əliyev və Baş katib
Antonio Quterreş telefon danışığında əminliklərini
ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya
COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli
addım olacaq.
Onu da xatırladaq ki, iyulun 10-da isə BMT-nin
pandemiyaya qarşı 31-ci xüsusi sessiyası rəsmi proses
kimi başlayıb.
Qoşulmama Hərəkatı Azərbaycanın
ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir
Yeri gəlmişkən, bir məqamı
xüsusi vurğulamayılıq ki, bu beynəlxalq quruma
üzv olduğu gündən yüksək fəaliyyəti ilə
seçilən Azərbaycanla üzv ölkələr
arasında mühüm siyasi, iqtisadi əməkdaşlıq
platforması yaranıb. Vurğulanmalıdır ki,
Qoşulmama Hərəkatının 2011-ci ildən indiyə qədər
keçirilən bütün mühüm toplantılarında
Azərbaycanın ərazi bütövlüyünə dəstək
ifadə olunub. Belə ki, 2012-ci ildə Hərəkatın
Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində
keçirilən iclasında, 2012-ci ildə Tehranda keçirilən
16-cı Zirvə Görüşündə, 2014-cü ildə
Marqarita Sammitində, 2018-ci ildə 4-6 aprel tarixlərində
Bakıda keçirilmiş Qoşulmama Hərəkatının
Aralıq Nazirlər Konfransının yekun
sənədində, 2019-cu ilin 18-21 iyul tarixlərində Hərəkatın
Əlaqələndirici Bürosunun nazirlər səviyyəsində
baş tutan növbəti iclasında qəbul edilmiş Karakas
Yekun Sənədində Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin ölkəmizin ərazi
bütövlüyü çərçivəsində
həllinə tam dəstək ifadə olunub.
2019-cu ilin 25-26 oktyabr tarixlərində
keçirilmiş Bakı Sammiti isə Qoşulmama Hərəkatı
ilə Azərbaycan arasındakı əlaqələrin daha da
möhkəmlənməsində xüsusi rol oynayıb. Belə ki, Sammit zamanı dövlət və
hökumət başçıları BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələrinə
baxmayaraq, Ermənistan və Azərbaycan arasında
münaqişənin həll edilməmiş və beynəlxalq
və regional sülh və təhlükəsizliyə hədə
kimi qalmasından təəssüflərini ifadə ediblər
və tərəflərə münaqişənin Azərbaycan
Respublikasının ərazi bütövlüyü, suverenliyi
və beynəlxalq sərhədlərinin
toxunulmazlığı əsasında həll edilməsi
üçün danışıqları davam etdirməyə
çağırış olunub.
Bundan başqa, Qoşulmama Hərəkatının
Əlaqələndirici Bürosu 2020-ci ilin aprelin 4-də “Azərbaycan
Respublikasının işğal altındakı ərazilərində
keçirilmiş qondarma “seçkilər”lə bağlı
Kommunike” qəbul edib. Sənəddə ərazilərin
güc yolu ilə ələ keçirilməsinin qəbuledilməz
olduğu vurğulanıb və heç bir dövlətin Azərbaycan
Respublikasının ərazilərinin işğalı nəticəsində
yaranmış vəziyyəti qanuni olaraq hesab etmədiyi bir
daha təsdiqlənib. Kommunikedə Hərəkata
üzv dövlətlərin 31 mart 2020-ci il tarixində Azərbaycan
Respublikasının işğal altında olan Dağlıq
Qarabağ bölgəsində keçirilmiş qondarma
“prezident və parlament seçkiləri”ni
tanımadıqları və bu aktı qeyri-qanuni hesab etdikləri
bəyan edilib.
Bu beynəlxalq qurum, həmçinin bu ilin iyul
ayında Ermənistanın Azərbaycan-Ermənistan dövlət
sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatı
da pisləyib. Oktyabrın 19-da BMT Təhlükəsizlik
Şurasının toplantısında Qoşulmama Hərəkatına
üzv dövlətlərin Azərbaycanın əleyhinə bəyanatın
qəbul olunmasına imkan verməməklə ədaləti,
beynəlxalq hüququ dəstəkləməklə Hərəkatın
prinsiplərinə, dəyərlərinə sadiq
qaldıqlarını nümayiş etdirdilər. Bu, həm də
Qoşulmama Hərəkatının bir daha beynəlxalq
münasibətlər sistemində ciddi faktor olduğunu təsdiqləyir.
Nardar
Yeni Azərbaycan.- 2020.- 28 oktyabr.-
S.7.