Milli Məclisin iclasında Xocavənd
rayonunun Vəng kəndinin Çinarlı
adlandırılması təsdiqlənib
Oktyabrın 27-də Milli Məclisin növbəti
plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası Milli Məclis
Sədrinin birinci müavini Əli Hüseynli aparıb. Birinci
vitse-spiker bildirib ki, oktyabrın 26-da Azərbaycan Prezidenti,
Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan
xalqına növbəti müraciət edib. Bu müraciət
xalqımız tərəfindən böyük ruh yüksəkliyi
ilə qarşılanıb. Müraciətdə
dövlətimizin başçısı, eyni zamanda,
Dağlıq Qarabağın böyük yaşayış
massivlərindən biri olan Qubadlı şəhərinin
işğaldan azad edildiyini bəyan edib. Əli Hüseynli bu
münasibətlə Milli Məclisin adından
xalqımızı təbrik edib.
Parlamentin Sədrinin birinci
müavini bildirib ki, bu dövr ərzində deputatlar baş
verən hadisələrlə bağlı həqiqətləri
və dövlətimizin mövqeyini həm mediada, həm də
təmsil olunduğumuz beynəlxalq təşkilatlarda aydın
şəkildə geniş ictimaiyyətə
çatdırıblar. Qeyd edilib ki, komitə sədrlərinin
iclaslarında Milli Məclisin Sədri Sahibə Qafarova
deputatların bu istiqamətdə fəaliyyətini yüksək
qiymətləndirib, təşəkkürünü ifadə
edib.
Sonra Əli Hüseynli gündəliyə 8 məsələnin
daxil edildiyini diqqətə çatdırıb.
Gündəliyə münasibət bildirildikdən
sonra deputatlar cari məsələlər barədə fikirlərini
bölüşüblər.
Komitə sədrləri Zahid Oruc,
Hicran Hüseynova, deputatlar Fazil Mustafa, Soltan Məmmədov,
Aqiyə Naxçıvanlı, Müşfiq Cəfərov,
Kamilə Əliyeva, Fəzail Ağamalı, Kamal Cəfərov,
Anar İsgəndərov, Azay Quliyev
çıxışlarında bildiriblər ki, bu gün Azərbaycan
cəmiyyətində əsas məsələ birlik modelinin
inkişaf etdirilməsidir. Bunun əsas memarı isə
Prezident İlham Əliyevdir. Onun hər bir
çıxışı Azərbaycan cəmiyyətinin daha
mobil şəkildə müharibəyə səfərbər
olmasına, torpaqların işğaldan azad edilməsinə
yönəlib. Qeyd edilib ki, bu hərəkatda parlament də
öz üzərinə düşən vəzifələri
uğurla yerinə yetirir.
Diqqətə
çatdırılıb ki, bu gün xalqımız Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
öz ərazi bütövlüyü, suverenliyi, haqq-ədalət
uğrunda təkbaşına mübarizə aparır.
İşğalçı Ermənistan isə beynəlxalq qurumlar
və müxtəlif maraqlı dairələr tərəfindən
istər maddi, istərsə də silah-sursatla cəhətdən
dəstəklənir.
Çıxışlarda ATƏT-in Minsk qrupunun
heç bir nəticə verməyən fəaliyyətinə
də münasibət bildirilib. Qrupun həmsədri olan
Fransanın bu məsələdə mövqeyi, o cümlədən
fransalı parlamentarilərin Ermənistana səfərləri
təəssüflə qeyd olunub və pislənilib. Bildirilib ki, bu gün Azərbaycan, eyni zamanda, siyasi və
diplomatik müstəvilərdə mübarizə aparır.
Ölkə Prezidentinin xalqa müraciətləri, qətiyyətli
çıxışları, Azərbaycan əsgərinin ərazi
bütövlüyümüzün bərpası uğrunda qəhrəmancasına
mübarizəsi buna parlaq misaldır.
Sonra gündəliyə daxil olan qanun layihələrinin
müzakirəsinə başlanılıb.
“Azərbaycan Respublikasının Xocavənd
rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması
haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi barədə
əvvəlcə Regional məsələlər komitəsinin
sədri Siyavuş Novruzov məlumat verib. Qeyd edilib ki, Ermənistan
torpaqlarımızı işğal etməklə,
xalqımıza qarşı soyqırımı törətməklə
yanaşı, yerli toponimləri də dəyişdirməklə
çoxsaylı cinayətlər törədib. Ermənistan tərəfindən
Qərbi Azərbaycan və Dağlıq Qarabağ ərazisində
700-dən çox rayon, şəhər, qəsəbə və
kəndin, həmçinin bir çox tarixi və mədəni
abidələrin adları dəyişdirilib. Hazırda Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi
bütövlüyümüzün bərpası istiqamətində
əməliyyatlar davam edir. Bu əməliyyatlar nəticəsində
azad edilmiş torpaqlarda yaşayış məntəqələrinin
tarixi adlarının qaytarılması sahəsində zəruri
işlər həyata keçirilir. Yer adlarımızla
bağlı erməni saxtakarlığı aradan
qaldırılır. Bu məsələ böyük siyasi,
hüquqi və mənəvi əhəmiyyət
daşıyır.
Komitə sədri diqqətə
çatdırıb ki, coğrafi şəraitinə görə
Qarabağın, o cümlədən Xocavənd rayonunun ərazisində
Çinar ağacları geniş yayılıb. Bu baxımdan
Xocavənd rayonunun Vəng kəndinin adının dəyişdirilərək
Çinarlı qoyulması məntiqlidir. Buna uyğun olaraq, Prezident
İlham Əliyev tərəfindən təqdim edilən layihədə
Azərbaycan Respublikasının Xocavənd rayonunun Hadrut qəsəbəsi
inzibati ərazi dairəsi tərkibindəki Vəng kəndinin
Çinarlı adlandırılması təklif olunur.
Bildirilib ki, məsələyə Toponimiya komissiyasında da
baxılıb və müsbət dəyərləndirilib.
Qanun layihəsi səsə qoyularaq qəbul
edilib.
“Hərbi vəzifə və hərbi
xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə qanun layihəsini
üçüncü oxunuşda Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin sədri
Ziyafət Əsgərov təqdim edib.
Bildirilib ki, müvafiq icra hakimiyyəti
orqanında birbaşa kadr zabit heyətinə
könüllü daxil olan vətəndaşlar bir qayda olaraq
dövlət sirrinin daşıyıcıları olurlar. Qanuna
ediləcək dəyişiklikdən əvvəl vətəndaş
könüllü olaraq zabit kimi xidmətə qəbul edildikdə
1 il 6 ay xidmətdən sonra həmin xidmətdən tərxis
ola bilirdi. Təklif olunan dəyişikliyə əsasən,
həmin şəxslər qiymətləndirmə yolu ilə
birbaşa kadr zabit heyətinə keçirilirlər və
yalnız zabit heyəti vəzifələrində təqvim
hesabı ilə azı 10 il xidmət etdikdən sonra ehtiyata
buraxıla bilərlər. Qeyd edilib ki, layihəyə
birinci və ikinci oxunuşlarda heç bir əlavə və
təklif olmayıb.
Qanun layihəsi üçüncü
oxunuşda qəbul edilib.
“Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi ilə
bağlı qanun layihəsi barədə ikinci oxunuşda Elm və
təhsil komitəsinin sədri Bəxtiyar Əliyev
danışıb. Diqqətə
çatdırılıb ki, qanunun müvafiq maddələrinə
“xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası”
anlayışının daxil edilməsi, eyni zamanda, “xarici
ölkələrin ali təhsil sahəsində
ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən
edilməsi (nostrifikasiyası)” ifadəsinin “xarici dövlətlərin
ali təhsilə aid kvalifikasiyalarının tanınması”
ifadəsi ilə əvəz edilməsi təklif olunur. Bu dəyişiklik nəticəsində ali təhsil
diplomlarının tanınması proseduru təkmilləşdiriləcək,
tanınan sənədlərin əhatə dairəsi genişləndirilərək
ali təhsilə aid olan və ya ali təhsilə qəbul
olunmaq imkanı verən subbakalavr diplomlarının da
tanınma imkanı və proseduru yaradılacaq.
Qeyd edilib ki, xarici ölkələrin
səlahiyyətli orqanları tərəfindən verilmiş
subbakalavr diplomlarının tanınması ilə xaricdə
bu təhsili almış vətəndaşlarımızın,
həmçinin əcnəbi və vətəndaşlığı
olmayan şəxslərin təhsillərini ölkəmizdə
növbəti pillələrdə davam etdirmək
imkanları yaranacaq.
Deputatlar Rauf Əliyev, İltizam Yusifov, Etibar
Əliyev, Sabir Rüstəmxanlı, Aqiyə
Naxçıvanlı dəyişikliklərin əhəmiyyəti
barədə fikirlərini söyləyiblər.
Müzakirələrdən sonra qanun layihəsi
ikinci oxunuşda təsdiq edilib.
“Peşə təhsili haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
qanun layihəsini də ikinci oxunuşda Elm və təhsil
komitəsinin sədri Bəxtiyar Əliyev təqdim edib.
Bildirilib ki, qanun layihəsi “Təhsil haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsinə uyğun olaraq
hazırlanıb və terminologiyanın eyniləşdirilməsi
məqsədi daşıyır. Dəyişikliyə görə,
əsas anlayışların mənaları göstərilən
maddədə “kvalifikasiya” anlayışında dəqiqləşdirmə
aparılıb. Yeni varianta əsasən, şəxsin
müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə
və təcrübəyə malik olduğunun dövlət təhsil
sənədi ilə təsdiq edilməsinə kvalifikasiya
deyilir.
Deputat Afət Həsənova
çıxış edərək qanun layihəsinin təhsillə
bağlı qanunvericiliyin təkmilləşdirilməsinə
xidmət etdiyini söyləyib. Peşə təhsili sistemində
bir sıra məsələlərə toxunub.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Azərbaycan Respublikasının
Meşə Məcəlləsində, Torpaq Məcəlləsində,
Mülki Məcəlləsində, “Torpaq islahatı
haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət
rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət
reyestri haqqında” və “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında”
qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi
(birinci oxunuş) Aqrar siyasət komitəsinin sədri Tahir
Rzayev tərəfindən təqdim edilib.
Bildirilib ki, layihə “Azərbaycan
Respublikasının Mülki Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci
il 28 dekabr tarixli Qanununun icrası məqsədilə
hazırlanıb. Belə ki, Mülki Məcəlləyə əsasən,
girov və ipoteka eyni hüquqi yükə malik olmaqla, hər
ikisi əşya hüquqlarının məhdudlaşdırılmasının
formalarıdır. Lakin daşınar əşyalara münasibətdə
girov, daşınmaz əşyalara, habelə rəsmi reyestrdə
qeydə alınmalı olan daşınar əşyalara
münasibətdə isə ipoteka terminindən istifadə
edilir. Bu məqsədlə Azərbaycan
Respublikasının Meşə Məcəlləsində,
Torpaq Məcəlləsində, “Torpaq islahatı haqqında”,
“Torpaq bazarı haqqında” və “Bələdiyyə
torpaqlarının idarə edilməsi haqqında” qanunlarda
“girov” sözünün “ipoteka” sözü ilə əvəz
edilməsi təklif olunur.
Qeyd edilib ki, Mülki Məcəllənin
135.4-cü maddəsinə uyğun olaraq Torpaq Məcəlləsinin
4-cü maddəsinin 4-cü hissəsi yeni redaksiyada verilir. Təklifə
əsasən, torpaq sahəsi və torpaqla möhkəm
bağlı olan (ondan ayrıla bilməyən) əşya
vahid daşınmaz əşyadır və vahid mülkiyyət
obyektidir. Torpaq sahələri, binalar və
qurğular, yaşayış və qeyri-yaşayış sahələri,
fərdi yaşayış və bağ evləri, yer təki
sahələri, sututarları, meşələr və
çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr
hər biri daşınmaz əmlak olduğundan Mülki Məcəllənin
139-1.1.5-ci maddəsində müvafiq dəyişiklik edilib.
“Torpaq bazarı haqqında” Qanuna
təklif olunan dəyişikliyə əsasən, ipoteka
qoyulmuş torpaqların bazara çıxarılmasının
xüsusiyyətləri “İpoteka haqqında” Qanuna uyğun
olaraq tənzimlənəcək. “İpoteka haqqında” Qanunda
ipotekaya qoyulmuş daşınmaz əmlakın
satışının qaydaları daha əhatəli tənzimləndiyinə
görə hər iki qanun arasında uzlaşdırma
aparılıb.
Mülki Məcəllənin
135.4-cü maddəsinə uyğun olaraq “Dövlət
rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət
reyestri haqqında” və “Torpaqların dövlət
ehtiyacları üçün alınması haqqında”
qanunlarda da terminologiyanın eyniləşdirilməsi ilə bağlı
müvafiq dəyişikliklər təklif olunur. Deputat
Sabir Rüstəmxanlı sənədə münasibət
bildirib.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Sonra Azərbaycan Respublikasının Əmək
Məcəlləsində və Azərbaycan
Respublikasının Ailə Məcəlləsində dəyişiklik
edilməsi haqqında qanun layihəsi barədə Əmək
və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat
verib. Bildirilib ki, birinci oxunuşda təqdim olunan layihə
“Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli Qanununun
icrası ilə əlaqədar hazırlanıb. Sənədə
əsasən, Əmək Məcəlləsinə
işçinin hüquqları və işəgötürənin
vəzifələri sırasına işçilərin icbari
tibbi sığortası ilə bağlı məsələlərin
daxil edilməsi nəzərdə tutulub. Dəyişikliyə
görə, əmək müqaviləsində, həmçinin
işçinin icbari tibbi sığortalanması barədə
müvafiq məlumatlar əks olunmalıdır.
Ailə Məcəlləsinə təklif edilən
dəyişiklikdə nikaha daxil olmaq istəyən şəxslərin
tibbi müayinəsinin maliyyələşdirilməsi “Tibbi
sığorta haqqında” Qanunun tələblərinə
uyğunlaşdırılır.
Qanun layihəsi birinci oxunuşda təsdiq
olunub.
İclasda “Hərbi
qulluqçuların statusu haqqında”, “Əhalinin
sağlamlığının qorunması haqqında”, “Yol hərəkəti
haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında”, “Avtomobil yolları haqqında”, “Özəl tibb fəaliyyəti
haqqında”, “Dövlət qulluğu
haqqında”, “Psixiatriya yardımı haqqında”, “Onkoloji
yardım haqqında” və “Tütün məmulatlarının
istifadəsinin məhdudlaşdırılması haqqında”
Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə
bağlı Səhiyyə komitəsinin sədri Əhliman
Əmiraslanov çıxış edib.
Diqqətə çatdırılıb bu qanun
layihəsi də “Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
2019-cu il 3 dekabr tarixli Qanunun icrası ilə əlaqədar
hazırlanıb.
Bildirilib ki, tibbi sığortaya
keçidlə əlaqədar icbari tibbi sığorta
olunanlara tibbi yardım xidmətlər zərfində nəzərdə
tutulduğu hallarda icbari tibbi sığorta haqları
hesabına, digər hallarda isə dövlət büdcəsi
hesabına göstəriləcək. Hazırda vətəndaş
üçün pulsuz tibbi yardım kimi görünsə də,
həmin yardımın dəyəri tibb müəssisəsinə
dövlət büdcəsi hesabına ödənilir. Tibbi
sığortanın tətbiqi isə tibb müəssisələrinin
və tibbi yardımın maliyyələşdirilməsinin
qaydasını da dəyişmiş olur.
Qeyd edilib ki, “Hərbi
qulluqçuların statusu haqqında” Qanuna təklif olunan dəyişikliyə
əsasən hərbi qulluqçulara tibbi yardımın
(müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçuları istisna olmaqla) mülki tibb müəssisələrində
icbari tibbi sığorta vəsaitləri hesabına, müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularına isə
dövlət büdcəsi hesabına göstərilməsi təsbit
edilir.
“Əhalinin
sağlamlığının qorunması haqqında” Qanuna
edilən dəyişikliyə əsasən, dövlət tibb
müəssisələrində tibbi xidmətin maliyyə mənbələri,
eləcə də ayrı-ayrı əhali qruplarının
dövlət tibb müəssisələrində tibbi
yardım almasının maliyyə əsasları “Tibbi
sığorta haqqında” Qanuna uyğun olaraq dəqiqləşdirilir.
Nəzərə
çatdırılıb ki, özəl tibb müəssisələrinin
tibbi sığorta sisteminə qoşulmasından asılı
olmayaraq, vətəndaşlara təcili tibbi yardımın
göstərilməsi üçün bu xidmətlərin
haqqı müəyyən olunmuş tariflərlə icbari
tibbi sığorta vəsaitləri hesabına onlara
ödəniləcək. Bu da əhaliyə təcili tibbi
yardımın istənilən tibb müəssisəsində
göstərilməsi imkanını artıracaq.
Sənəddə adları çəkilən
digər qanunlarda uyğunlaşdırma, terminologiyanın dəqiqləşdirilməsi
məqsədilə dəyişikliklər təklif olunur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
“Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi ilə
bağlı qanun layihəsi (birinci oxunuş) barədə Səhiyyə
komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.
Diqqətə çatdırılıb ki, “Maliyyə
xidmətləri bazarında tənzimləmə və nəzarət
sisteminin idarəedilməsinin təkmilləşdirilməsi
haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə
maliyyə xidmətləri bazarında, o cümlədən
sığorta bazarında tənzimləmə və nəzarət
səlahiyyətləri Azərbaycan Respublikasının Mərkəzi
Bankına verilib. Buna uyğun olaraq, “Tibbi sığorta
haqqında” qanunun 7.2-ci maddəsinə müvafiq dəyişiklik
edilib. Dəyişikliyə əsasən,
sığortaolunanların könüllü tibbi
sığorta ilə bağlı mənafeyini Azərbaycan Respublikasının
Mərkəzi Bankı, sığortaçılar, həmkarlar
ittifaqı təşkilatları və digər ictimai birliklər
müdafiə edir.
Qanuna təklif olunan digər dəyişiklik bəzi maddələrdə
“səhiyyə xidməti” sözlərinin “tibbi-sanitariya
yardımı” ifadəsi ilə əvəz edilməsi ilə əlaqədar. Dəyişiklik
“Əhalinin sağlamlığının qorunması
haqqında” Qanuna uyğun olaraq edilib.
Qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
Bununla da Milli Məclisin iclası başa çatıb.
Yeni Azərbaycan.- 2020.- 28 oktyabr.- S.4.