Yaşayan,
döyüşən, qədim mədəniyyət mərkəzi
Bərdə güclü mübarizə əzmi və
sarsılmaz iradə nümayiş etdirir
Erməni terroruna məruz qalan Bərdə
ictimaiyyəti Ali Baş Komandanımızın qətiyyətli
siyasətini dəstəkləyir, milli ordumuzun zəfər
yürüşünə hərtərəfli dəstək
göstərir və işğal altında olan bütün
torpaqlarımızın tezliklə azad olunacağına
inanır
30 ilə yaxındır ki, Azərbaycan
torpaqlarını işğal altında saxlayan Ermənistan bu
gün də öz cinayətkar, faşist və təcavüzkar
əməllərindən əl çəkmir. Dağlıq
Qarabağ münaqişəsinin beynəlxalq hüquq
normaları əsasında həllində maraqlı olmayan
işğalçı Ermənistan işğal məhsulu olan
status-kvonu saxlamaq üçün zaman-zaman müxtəlif təxribatlara
əl atıb. Düşmən ölkə tərəfindən
növbəti təcavüzkar, təxribatçı addım
isə sentyabrın 27-də atılıb. Belə
ki, həmin gün səhər Ermənistan silahlı qüvvələri
bir neçə istiqamətdən müxtəlif növ
silahlardan, o cümlədən ağır artilleriyadan istifadə
edərək Azərbaycanın yaşayış məntəqələrini,
eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub.
Ermənistanın həm mülki əhalini və
yaşayış məntəqələrini, həm də hərbçilərimizi
hədəfə alan bu cinayətkar əməlinə cavab
olaraq düşmənə sarsıdıcı zərbələr
vuran Azərbaycan Ordusu ötən müddət ərzində
xeyli sayda yaşayış məntəqəsini
işğaldan azad edib. Bu müddət ərzində
düşmənin ordusu canlı qüvvə və silah-sursat
baxımından da sarsıdıcı məğlubiyyətə
uğrayıb. Azərbaycan Ordusunun qətiyyətli
zərbələri nəticəsində bütün cəbhəboyu
sürətlə geriyə çəkilməyə məcbur
olan Ermənistan rəhbərliyi çıxış yolunu
dinc əhalidən qisas almaqda görərək bir sıra
yaşayış məntəqələrini, o cümlədən
döyüş bölgəsindən xeyli uzaq olan şəhərlərimizi
atəşə tutub. Bunun nəticəsində xeyli sayda
mülki şəxs həlak olub və yaralanıb. Belə ki, Baş Prokurorluğun oktyabrın 30-a olan
məlumatına əsasən, sentyabrın 27-dən
hazırkı vaxtadək Ermənistan ordusunun
yaşayış məntəqələrini atəşə
tutması nəticəsində 1-i körpə, 10-u uşaq,
27-si qadın, 53-ü kişi olmaqla 91 nəfər həlak
olub. Həlak olanlardan 15-i ahıl şəxslərdir. Xəsarət
alan 400 nəfərdən 14-ü körpə, 36-sı
uşaq, 101-i qadın, 249-u isə kişidir. Onlardan 45-i
ahıl şəxslərdir. Ermənistanın hərbi cinayətləri
nəticəsində bu günə qədər 7 ailə
tamamilə məhv olub. Nəticədə 4 uşaq hər iki
valideynini itirib. Bundan başqa, 428 mülki obyekt, 92 çoxmənzilli
yaşayış binası və 2 442 yaşayış evi
yararsız vəziyyətə düşüb.
Bərdə qətliamı erməni
faşizminin növbəti bariz nümunəsidir
Ermənistanın hərbi-siyasi rəhbərliyinin
göstərişi ilə Azərbaycanın yaşayış
məntəqələrinə, mülki əhalisinə
qarşı həyata keçirilən bu hərbi cinayətlərin
əsasında cəbhədə uğursuzluq, Azərbaycan
Ordusunun zəfəri qarşısında acizlik dayanır.
Qeyd etdiyimiz kimi, düşmən ölkənin silahlı
qüvvələri həm cəbhə bölgəsinə
yaxın, həm də cəbhə bölgəsindən uzaqda
yerləşən rayon və şəhərləri,
yaşayış məntəqələrini atəşə
tutmaqda davam edir. Bununla da Ermənistanın hərbi-siyasi rəhbərliyi
bəşəri dəyərləri, humanizm prinsiplərini
ayaqlar altına atır, beynəlxalq qanunvericiliyi, Cenevrə
konvensiyalarının tələblərini kobud şəkildə
pozur.
Vurğuladığımız kimi, erməni
faşizminin növbəti təzahürü olan bu cinayətkar
əməldən ən çox zərər görən
regionlardan biri də döyüş bölgəsindən xeyli
uzaqda yerləşən Bərdə şəhəridir.
Sentyabrın 27-dən etibarən düşmən Bərdə
rayonunun bir sıra kəndlərini və rayon mərkəzini
dəfələrlə atəşə tutub. Bərdə
şəhərinə ilk raket hücumu zamanı 1 mülki
şəxs dünyasını dəyişib, xeyli sayda yaralanan
olub. Daha sonra oktyabrın 27-də rayonun Qarayusifli kəndinə
edilən raket hücumu 4 nəfərin həyatına son qoyub.
Həlak olanlardan biri azyaşlı qız uşağı idi.
Miqyası baxımından Bərdəyə ən
qanlı və qəddar raket hücumu isə oktyabrın 28-də
gündüz saatlarında olub. Humanitar atəşkəsi
kobud şəkildə pozan Ermənistan hərbi birləşmələri
tərəfindən Bərdə şəhərinin dinc sakinlərinin
sıx hərəkətdə olduğu və ticarət obyektlərinin
kompakt yerləşdiyi əraziyə hər birinin içərisində
72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan
“Smerç” tipli əməliyyat-taktiki təyinatlı
9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə
malik ballistik “claster” tipli 2 ədəd raket zərbələrinin
endirilməsi nəticəsində
5-i qadın olmaqla, 21 nəfər həlak olub, 8-i
uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif
dərəcəli bədən xəsarətləri
alıb. Bundan başqa, raket zərbələrinin təsirindən
30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə
məxsus 20-dən artıq fərdi yaşayış evinə
və 22 nəqliyyat vasitəsinə külli miqdarda ziyan dəyib.
Faktla bağlı Azərbaycan
Respublikasının Baş prokuroru Kamran Əliyev tərəfindən
Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik-təşkilat
tərəfindən qəsdən adam öldürmə),
120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli
üsulla qəsdən adam öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik
niyyəti ilə qəsdən adam öldürmə), 100.2-ci
(təcavüzkar müharibəni aparma) və digər maddələri
ilə cinayət işi başlanaraq ibtidai istintaqın
aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə
həvalə edilib. Hazırda prokurorluq əməkdaşları
tərəfindən mövcud şəraitdə mümkün
olan istintaq-əməliyyat tədbirləri həyata
keçirilir. Azərbaycan Respublikasının
Baş Prokurorluğu bəyan edib ki, Ermənistanın
işğalçı və təcavüzkar mahiyyətinin
beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, beynəlxalq
və milli qanunvericiliyə əsasən, təqsirkar şəxslərin
məsuliyyətə cəlb edilməsi və sanksiyaların tətbiq
olunması məqsədilə beynəlxalq qurumlara
müraciət edilməklə mümkün olan bütün tədbirlər
görüləcək.
Oktyabrın 29-da Azərbaycan
Prezidentinin köməkçisi Hikmət Hacıyevin və
Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyovun
müşayiəti ilə ölkəmizdə fəaliyyət
göstərən diplomatik korpusun nümayəndələri
hadisə yerində olub, erməni vəhşiliyini öz
gözləri ilə görüblər. Eləcə də
hadisə yerində olan xarici jurnalistlər də Bərdə
qətliamını beynəlxalq mediada təkzibolunmaz faktlarla
işıqlandırıblar. Hətta “Human Rights Watch” və
“Amnesty İnternational” təşkilatları da Bərdədə
mülki əhaliyə qadağan olunmuş silahlarla hücum
edildiyini bəyan edib.
Ümumilikdə, bu cinayətlər
işğalçı Ermənistanın humanitar atəşkəsə
riayət etmədiyinin, hərbi təcavüzü və Azərbaycan
ərazilərinin qanunsuz işğalını davam etdirmək
niyyətinin növbəti bariz təzahürüdür. Amma
belə qanlı əməllər Bərdə əhalisini qətiyyən
qorxutmur. Tarixən qəhrəmanlar yurdu olan Bərdənin
sakinləri bu dəfə də düşmənin
qarşısında mərdliklə dayanırlar.
Ermənistanın terror aktı barədə məlumatlar
dünya ictimaiyyətinə çatdırılır, erməni
yalanları ifşa olunur
Məsələ ilə bağlı Yeni Azərbaycan
Partiyasının (YAP) Bərdə rayon təşkilatının
sədri Fəqət Şadlinskaya bildirib ki, Ermənistanın
faşist hakimiyyəti məqsədinə çata bilmədi.
Onun sözlərinə görə, Bərdə sakinləri
düşmən terrorundan, təxribatından çəkinmədən
öz işinə-gücünə davam edir, şanlı
ordumuzun uğurlarından daha da ruhlanır və əmindirlər
ki, tezliklə Azərbaycan haqq mübarizəsində qalib
olacaq: “Sentyabrın 27-dən başlayaraq erməni
silahlı birləşmələrinin təxribat əməllərinə
tutarlı cavab verən Azərbaycan Ordusunun Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə yağı
tapdağı altında qalan torpaqlarımızı
işğaldan azad etməsi xalqımızda ruh yüksəkliyi
yaradıb. Artıq bir aydan çoxdur ki,
güclü Azərbaycan Ordusunun, rəşadətli əsgərlərimizin
şücaəti nəticəsində hər gün cəbhədən
sevindirici xəbərlər alırıq. Ölkə Prezidentinin
hər zaman vurğuladığı kimi, “Bizim işimiz haqq
işidir. Azərbaycan Ordusu hazırda öz torpaqları
uğrunda döyüşür”. Ermənistanın
təbliğat maşını nə qədər yalan
informasiyalar yaysa da, cəbhənin bütün istiqamətlərində
Azərbaycan Ordusu düşməni darmadağın edərək
irəliləyir. İndiyə kimi 200-ə yaxın
yaşayış məntəqəsi işğaldan azad olunub.
Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun
uğurları ilə davam edir. Hər gün cəbhədən
aldığımız sevindirici xəbərlərlə
yanaşı, ölkə Prezidenti, Ali Baş Komandan İlham
Əliyev işğalçı Ermənistanı
siyasi-diplomatik müstəvidə də məğlubiyyətə
uğradır”.
Rayon təşkilatının sədri bildirib
ki, Azərbaycana qarşı törədilən bu terror
aktını - hərbi cinayəti, onun mahiyyətini dövlətimiz
dünya ictimaiyyətinə lazımınca təqdim edə
bildi: “Erməni vəhşiliyinin beynəlxalq mediada
işıqlandırılmasına nail olduq. Bütün
kanallarla - həm Prezident Administrasiyası, həm XİN, həm
Baş Prokurorluq, həm də Milli Məclis xətti ilə
bütün diplomatik korpuslara, beynəlxalq təşkilatlara gərəkli
informasiyalar çatdırıldı. Dünyanın erməni
vəhşiliyi haqqında ətraflı məlumatlandırılması,
beynəlxalq mediada Azərbaycan həqiqətlərinin
daha çox yayılması baxımından ciddi addımlar
atılır. Gələcəkdə də
dünya ictimaiyyətinin baş verənlər haqqında dəqiq
və qərəzsiz məlumat alması üçün
Respublika Prokurorluğu ermənilərin yaşayış məntəqələrində
törətdiyi terror aktı ilə bağlı fransız,
ispan, alman, rus, ingilis dillərində video hazırlayıb.
Ermənilərin bu terror aktının dünya ictimaiyyətinə
çatdırılması nəticəsində beynəlxalq
birlik əsl həqiqətləri görür”.
“Gözün arxada qalmasın, igid əsgər!”
F.Şadlinskayanın
sözlərinə görə, işğalçı
Ermənistan hakimiyyətinin silahlı qüvvələrinin Bərdə
şəhərini ağır artilleriya və raketlərdən
atəşə tutmasına baxmayaraq, şəhər sakinləri
arasında heç bir ruh düşkünlüyü yoxdur. Bərdə
sakinləri erməni təxribatından qorxmur, raket zərbələri
nəticəsində xəsarət alanlara maddi və mənəvi
dəstəklərini nümayiş etdirirlər. O deyib ki, bu
işdə rayon sakinləri ilə yanaşı, YAP Bərdə
rayon təşkilatının əməkdaşları, fəalları,
könüllü gəncləri fəallıq göstərirlər:
“Belə ki, sentyabrın 27-də erməni
işğalında olan torpaqlarımızın azad olunması
ilə əlaqədar əks-hücum əməliyyatlarının
başladığı gündən gənclərimiz sinəsini
düşmənə sipər etmək üçün
könüllü olaraq ordu sıralarına yazıldılar.
YAP Bərdə rayon təşkilatının əməkdaşları,
fəal gəncləri hadisə baş verən gündən
etibarən terror aktından ziyan görmüş mülki vətəndaşların
yanında olaraq onlara dəstək göstərməyə
çalışırlar. Rayon təşkilatının
təşəbbüsü ilə fəal gənclər Ermənistan
silahlı qüvvələri tərəfindən rayonda
törədilən vandalizm aktının baş verdiyi məkanın
yaxınlığında yerləşən mənzillərə
baş çəkiblər. Terrordan zərər
görmüş insanlara hərtərəfli dəstək
göstərilir, şəhid ailələri daim ziyarət
olunur. Eyni zamanda, “Gözün arxada qalmasın,
igid əsgər!” layihəsi ilə çıxış edən
YAP Bərdə rayon təşkilatı mənfur düşmənin
təcavüzünə qarşı əks-hücum əməliyyatları
başlanan ilk gündən ön cəbhədə
döyüşlərə atılmış əsgər ailələri
ilə görüşlərini davam etdirir”.
Qeyd etdiyimiz kimi, Bərdə şəhərinin
Ermənistan silahlı qüvvələri tərəfindən
raket atəşinə tutulması nəticəsində
yaralananlar arasında məktəblilər də var. YAP Bərdə
rayon təşkilatının gənc fəalları həmin
məktəblilərə, azyaşlılara da baş çəkirlər.
Bərdə sakinləri böyük ruh yüksəkliyinə
malikdir
Əlbəttə ki, bu itkilər nə qədər
ağır, ağrılı olsa da, xalqımızın
mübarizlik ruhunu qıra bilməz. Vətəndaşlar
yüksək vətənpərvərlik, həmrəylik, qətiyyət,
mübarizə əzmi və sarsılmaz iradə
nümayiş etdirir, milli ordumuzun uğurlarına və zəfər
yürüşünə hərtərəfli dəstək
göstərirlər. İnsanlar Ali Baş Komandan, Azərbaycan
Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək
Onun qəbul etdiyi qərarları tam dəstəkləyir,
ölkə Prezidentinin arxasında durduqlarını bəyan
edirlər.
Bu gün Ermənistan tərəfindən
hərbi cinayətə və dövlət səviyyəsində
həyata keçirilən terror siyasətinə məruz
qalmış Bərdə əhalisi, ümumilikdə,
bütün xalqımız heç vaxt olmadığı kimi
nikbindir, torpaqlarımızın azad olunması uğrunda
aparılan hərbi əməliyyatların
məntiqi sonluğadək davam etdirilməsini istəyir.
Əminliklə demək olar ki, bu gün qədim mədəniyyət
mərkəzi olan, zəngin tarixi keçmişi ilə fərqlənən
Bərdə Ermənistanın dövlət terroruna
qarşı mübarizədə mərdliklə dayanır.
Şübhə yoxdur ki, Ermənistanın hərbi-siyasi
rəhbərliyi törətdiyi hərbi cinayətlərə
görə cavab verməlidir və verəcək. Azərbaycan
xalqına qarşı törədilmiş hərbi cinayətlərə
görə Ermənistan döyüş meydanında
böyük itkilərə məruz qalır, mülki əhalimizə
qarşı qatı qəddarlığın qisası
düşməndən alınır. Hazırda Ermənistan
Ordusu bütün müqavimət imkanlarını itirib,
nizamsız dəstələrə parçalanıb, şəxsi
heyət arasında böyük ruh
düşkünlüyü, inamsızlıq hökm
sürür. Ermənistan hakimiyyəti və ordu rəhbərliyi
prosesi idarə etmək imkanında deyillər.
Bütün bunların fonunda beynəlxalq
ictimaiyyət Ermənistanın Azərbaycanın mülki əhalisinə
qarşı törətdiyi cinayətlərə laqeyd
qalmamalı, bu ölkənin cinayətkar rəhbərliyi məsuliyyətə
cəlb olunmalı və törətdiyi qəddar əməllərə
görə cavab verməlidir.
Beləliklə, ölkə Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin qətiyyətli
addımları, rəşadətli ordumuzun uğurları cəmiyyətimizi,
dünyanın harasında yaşamağından asılı
olmayaraq qəlbi Azərbaycanla döyünən hər kəsi
böyükdən kiçiyə daxilən səfərbər
edib. 30 ildir ki, düşmən tapdağında qalan
torpaqların azadlığı uğrunda mübarizəyə
qalxmış xalqımız bu haqq savaşında öz
Prezidentinə inanır, arxalanır, Ondan güc alır. Bu
baxımdan, Bərdə ictimaiyyətində də
böyük ruh yüksəkliyi var.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.- 2020.- 31 oktyabr.-
S.5.