Dağlıq Qarabağ münaqişəsinin
həll yolu Azərbaycanın ərazi bütövlüyünə
əsaslanır
Prezident İlham
Əliyev: Azad edilmiş şəhər və kəndlərimizdə
artıq Azərbaycan bayrağı ucaldılıbdır
Cari il sentyabrın 27-də
işğalçı Ermənistanın hərbi birləşmələrinin
cəbhə xəttində törətdiyi növbəti
genişmiqyaslı təxribata cavab olaraq Silahlı Qüvvələrimizin
əks-hücum əməliyyatlarına başlamasından bir
aydan artıq vaxt ötür. Ötən bir ayda müzəffər
Ordumuzun əks-hücum əməliyyatlarını
uğurla həyata keçirməsi və
torpaqlarımızın xeyli hissəsini
işğalçılardan təmizləməsi bir daha təsdiqləyir
ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
həlli məsələsində tarixi ədalətin və
beynəlxalq hüququn təmin olunmasında
israrlıdır və bunu öz gücü ilə
reallaşdırmaq iqtidarındadır. Yeri gəlmişkən,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son
vaxtlarda etdiyi çıxışlarda, dünyada böyük
populyarlığa malik KİV-lərə, televiziya
kanallarına verdiyi müsahibələrində Ermənistanın
işğalçılıq siyasəti nəticəsində
yaranan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normaları çərçivəsində həlli
ilə bağlı ölkəmizin ədalətli və
prinsipial mövqeyini əsaslandırılmış şəkildə
diqqətə çatdırıb. Müstəqil Azərbaycanın
Dağlıq Qarabağ da daxil olmaqla ərazi
bütövlüyü, suverenliyi dünya dövlətləri
və beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən
tanınıb. Azərbaycan münaqişənin həllində
prinsipial mövqedən çıxış edərkən bu
amilə istinad edir. Prezident İlham Əliyev bu
günlərdə Amerika Birləşmiş
Ştatlarının “Fox News” televiziya kanalına verdiyi
müsahibədə Dağlıq Qarabağ münaqişəsinin
nizamlanma prosesi ilə bağlı ölkəmizin prinsipial
mövqeyini bir daha nəzərə çatdıraraq bildirib
ki, həll yolu Azərbaycanın ərazi
bütövlüyünə əsaslanır. “Bizim
etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və
biz Azərbaycanın beynəlxalq səviyyədə
tanınan ərazilərini erməni işğalından azad
edirik”, - deyə dövlətimizin başçısı
vurğulayıb.
Azərbaycan Ordusu döyüş meydanında
öz üstünlüyünü sübut edib
Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin həllində qəti siyasi
iradə ortaya qoyarkən ölkəmizin iqtisadi qüdrəti,
cəmiyyətimizin bəhs olunan məsələdə vahid
mövqedən çıxış etməsi, əksər
siyasi partiyaların, vətəndaş cəmiyyəti təsisatlarının
yüksək həmrəylik göstərmələri
kimi fundamental amillərə, o cümlədən də
Ordumuzun gücünə istinad edir. Bu gün müzəffər
Silahlı Qüvvələrimiz Azərbaycanın
Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində
mövqeyini gücləndirən və özünəinam
hissini artıran çox mühüm faktor qismində
çıxış edir. Məlum olduğu
kimi, müharibə şəraitində yaşayan Azərbaycanda
son 17 ildə Silahlı Qüvvələrin maddi-texniki
bazasının möhkəmləndirilməsi, ordunun peşəkar
kadrlarla təchizatı, döyüş
hazırlığının artırılması dövlət
siyasətinin prioritet istiqamətini təşkil edib və hər
il büdcədən qeyd olunan məqsədlər
üçün böyük həcmlərdə vəsait
ayrılıb. Qürurverici haldır ki, bu gün Azərbaycanın
Silahlı Qüvvələri dünyanın ən
güclü 50 ordusu sırasında yer alır. Sentyabrın
27-dən etibarən genişmiqyaslı əks-hücum əməliyyatlarına
başlayan Azərbaycan Ordusu xilaskarlıq missiyasını
yerinə yetirərək hər gün yeni hərbi uğurlara
imza atır. Azərbaycan Ordusu doğma torpaqlarda vuruşur,
doğma torpaqlarda şəhidlər verir. Xilaskarlıq
missiyası yerinə yetirməsi Silahlı Qüvvələrimizin
şəxsi heyətində döyüşlərə daha
inamla atılmaq üçün əlavə stimul yaradır.
Hazırda Azərbaycanın Silahlı Qüvvələri
yüksək təchizata malik olan ordudur. Ordumuz
döyüş meydanlarında bir sıra innovativ həlləri
məharətlə tətbiq etməklə, taktiki və
strateji əməliyyatları düzgün əlaqələndirməklə
dünya hərb tarixinə yeniliklər bəxş edir. Lakin Prezident İlham Əliyevin müxtəlif
çıxışlarında və müsahibələrində
də bildirdiyi kimi, Ordumuzun qələbələrinin əsas
qəhrəmanları Vətəni çox sevən,
torpaqlarımızın hər qarışı uğrunda
canından, qanından keçməyə hazır olan əsgərlərimiz
və zabitlərimizdir. Şanlı qələbələr
tariximizin bugünkü qürur doğuran səhifələrini
Ali Baş Komandanın rəhbərliyi ilə məhz onlar
yazırlar.
Cəbhə xəttində əks-hücum əməliyyatlarının
başlamasından az vaxt keçməsinə baxmayaraq,
Ordumuzun qazandığı qələbələrin miqyası
kifayət qədər böyükdür. Prezident İlham
Əliyevin bu günlərdə Rusiyanın “İnterfaks”
agentliyinə verdiyi müsahibədə bildirdiyi kimi, Azərbaycan
Ordusu döyüş meydanında özünün
üstünlüyünü sübut etdi. Artıq
düşmənin öyündüyü “güclü ordu”
mifi dağılıb, 30 il ərzində işğal
altındakı ərazilərdə qurulan istehkamlar keçilib.
Əks-hücum əməliyyatlarının
başladığı gündən bəri bir sıra strateji
yüksəkliklər, Suqovuşan, Hadrut qəsəbələri,
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri,
çoxlu sayda kəndlərimiz işğaldan azad edilib. Zəngilanın Ağbənd qəsəbəsinin
işğalçılardan təmizlənməsi ilə Azərbaycanın
İranla dövlət sərhədini tam nəzarətə
götürməsi mühüm tarixi hadisə, ölkənin ərazi
bütövlüyünün, suverenliyinin təmin olunması
istiqamətində növbəti strateji qələbədir.
Yeri gəlmişkən, dövlətimizin
başçısı oktyabrın 25-də Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə
Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində
Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə
bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən
operativ müşavirədəki çıxışında
Silahlı Qüvvələrimizin qələbələrindən
böyük qürur hissi ilə bəhs edərək bildirib
ki, Azərbaycan Ordusu böyük rəşadət göstərir,
peşəkarlıq göstərir. “İşğal olunmuş
torpaqlarımızın bir hissəsi bu müddət ərzində
işğalçılardan azad edilibdir, 100-dən çox
yaşayış məntəqəsi - şəhərlər,
kəndlər işğalçılardan azad edilibdir. Azad
edilmiş şəhər və kəndlərimizdə
artıq Azərbaycan bayrağı ucaldılıbdır”, -
deyə Prezident İlham Əliyev vurğulayıb.
Onu da qeyd edək ki, aktiv hərbi əməliyyatların
gedişi zamanı düşmən minlərlə canlı
qüvvəsini itirib. Eyni zamanda, işğalçı Ermənistanın
iqtisadiyyatına və ordusuna dəyən ziyan bir neçə
milyard dollara bərabərdir. Düşmən
dövlətin KİV-lərinin verdiyi məlumata əsasən,
artıq forpost ölkədə ciddi resurs qıtlığı
müşahidə edilir. Əsgəri qüvvə
çatışmadığına görə, qadınlar,
yaşlı insanlar, hətta uşaqlar belə məcburi
qaydada səfərbər edilərək birbaşa
döyüş meydanlarına göndərilir.
Son bir ayda döyüş meydanlarında
qazanılan uğurlar digər ərazilərimizin də tezliklə
işğaldan təmizlənəcəyinə böyük
ümidlər yaradıb. Prezident İlham Əliyev Rusiyanın
“İnterfaks” agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan
Ordusunun uğurlu fəaliyyəti, uğurla irəliləməsi
davam edir. Beləliklə, üç onillik ərzində
ağır şəraitdə qaçqınlıq, məcburi
köçkünlük həyatı yaşayan insanların həsrətinə
son qoyulacaq, onlar doğma yurd yerlərinə qayıtmaq
imkanı qazanacaqlar.
Cəbhə bölgəsində müharibənin
alovlanmasının bütün məsuliyyəti
işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin
üzərinə düşür
Sülhsevər ölkə olan Azərbaycan hər
zaman müharibənin əleyhinə olub və Dağlıq
Qarabağ münaqişəsinin həllinə cəlb olunan
ATƏT-in Minsk qrupu formatında aparılan
danışıqlarda fəal iştirak edib. Torpaqlarının
20 faizinin işğala məruz qalmasına baxmayaraq,
üç onillik ərzində danışıqlar prosesində
iştirak etməsi Azərbaycanın sülhə nə qədər
böyük önəm verdiyini əyani şəkildə təsdiqləyir.
Ölkəmiz sülh prosesində daim o mövqedən
çıxış edib ki, danışıqlar substantiv nəticələrə
hesablanmalıdır.
Bütün bunları münaqişənin digər
tərəfi - işğalçı Ermənistan barəsində
söyləmək mümkün deyil. Ermənistan
indiyədək danışıqlar prosesinə müxtəlif
pozucu əməllərlə pəl vurmaqla əslində,
işğal məhsulu olan status-kvonu sonsuzadək davam etdirmək
niyyəti güdürdü. Bunu son vaxtlarda Ermənistan rəhbərlərinin
təhrikedici hərəkətləri və
açıqlamaları bir daha təsdiqləyir. Ermənistandan
“yeni torpaqlar uğrunda yeni müharibə” iddiaları
eşidilirdi. Cari ilin iyul ayında heç bir səbəb
olmadan iki ölkə arasındakı dövlət sərhədinin
Tovuz rayonu istiqamətində mövqelərimiz, dinc sakinlər
və mülki infrastruktur erməni hərbi birləşmələri
tərəfindən qəfil artilleriya atəşinə
tutulub. Avqust ayında işğalçı dövlət
respublikamıza diversiya qrupu göndərib. Bu
ölkənin baş naziri Nikol Paşinyanın “Dağlıq
Qarabağ Ermənistandır və nöqtə” deməsi, onun
işğal altındakı torpaqların heç vaxt Azərbaycana
qaytarılmayacağını bildirməsi, əvvəlcədən
müəyyənləşdirilən formatı dəyişdirməyə
cəhdlər göstərməsi danışıqlar
prosesini bütünlüklə mənasız edib. Prezident
İlham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibəsində
buna diqqət çəkərək “Yeri gəlmişkən,
mən 17 ildir ki, bu prosesin içindəyəm. Mən Ermənistanın
iki əvvəlki prezidenti ilə işləmişəm və
biz böyük olmasa da, irəliləyiş əldə
etmişdik. Biz mütəmadi olaraq
görüşürdük. Moskvada, Parisdə, Vaşinqtonda
mütəmadi görüşlər olurdu. Lakin Paşinyan
hakimiyyətə gələndən sonra o, təkcə bəyanatları
ilə deyil, həm də hərbi təxribatları ilə
danışıqlar prosesini pozmaq üçün faktiki olaraq
hər şeyi etdi. Artıq hakimiyyətə gələndən
2 il və daha artıq müddətdə proses yoxdur”, - deyə
vurğulayıb.
Sentyabrın 27-də cəbhə
xəttində bu dəfə daha genişmiqyaslı təxribatlar
törətməklə Ermənistan üç onillik ərzində
davam etdirdiyi işğalçılıq siyasətini
kuliminasiya nöqtəsinə çatdırdı. Beləliklə,
cəbhə xəttində müharibənin
alovlanmasının, ağır silahların işə
düşməsinin bütün məsuliyyəti
işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin
üzərinə düşür. Ermənistan rəhbərliyinin
təxribat əməllərini hazırda da davam etdirməsinin
heç bir məntiqi izahı yoxdur. Qeyd edək ki,
düşmən ölkə sentyabrın 27-dən bəri
Rusiyanın, Fransanın və ABŞ-ın səyləri ilə
əldə olunan atəşkəs
razılaşmalarını birtərəfli qaydada pozub.
Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə
müsahibəsində Ermənistanın atəşkəs
razılaşmalarına əməl etmədiyinə diqqət
çəkərək vurğulayıb: “Bu bir ay ərzində
mən dəfələrlə demişəm ki, biz bu
münaqişənin nizamlanmasının hərbi mərhələdən
siyasi mərhələyə keçməsini istəyirik.
Lakin təəssüf ki, erməni tərəfi atəşkəs
rejimini artıq üçüncü dəfə kobud şəkildə
pozaraq, bizim azad etdiyimiz əraziləri yenidən işğal
etməyə cəhd göstərərək
qarşıdurmanı davam etməyə doğru yönəldir.
Buna görə sizin sualınıza bir daha cavab verirəm - hərbi-siyasi
nizamlama yeganə mümkün yoldur. Biz istərdik ki, hərbi
faza danışıqlar masası arxasında başa
çatsın, Azərbaycan ərazilərinin bundan sonra da
işğaldan azad olunması məsələləri həll
edilsin”.
Xatırladaq ki, sentyabrın 27-dən
bəri döyüş meydanlarında məğlubiyyətlə
üzləşən düşmən ölkənin
silahlı qüvvələri Azərbaycanın münaqişə
bölgəsindən kənarda yerləşən Gəncə,
Bərdə, Tərtər, Ağcabədi, Mingəçevir və
digər yaşayış məntəqələrini
artilleriya atəşinə tutub. Nəticədə,
aralarında uşaqlar və qadınlar da olmaqla 100-dək
mülki şəxs həyatını itirib, 400-dək vətəndaşımız
isə bu və ya digər dərəcədə xəsarət
alıb.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.- 2020.-31 oktyabr.-
S.2.