Azərbaycançılıq
ideologiyası milli vətənpərvərliyin gücləndirilməsində
mühüm rol oynayır
“Yeni Azərbaycan” qəzetində
“Azərbaycançılıq ideologiyasının milli vətənpərvərlik
ruhunun yüksəldilməsindəki rolu” mövzusunda onlayn
formatda keçirilən “dəyirmi masa”da da bildirildiyi kimi, gənclərin
sağlam, milli vətənpərvərlik ruhunda, azərbaycançılıq
ideologiyasını dərindən dərk edərək
yetişməsi olduqca vacibdir
(əvvəli ötən sayımızda)
Eyni zamanda, 1993-cü il 2 noyabr
tarixində Ümummilli Liderimizin xalqa müraciətindən
sonra Azərbaycan gəncləri Vətənin müdafiəsi
və torpaqlarımızın işğaldan azad edilməsi
uğrunda döyüşə qalxdı. Qısa müddətdə
həyata keçirilən Horadiz əməliyyatı ilə
bir sıra torpaqlarımız düşmən
işğalından azad edildi.
Emin Həsənli onu da əlavə
edib ki, müstəqillik dövründə də ordu
quruculuğu məsələsi hər zaman ön planda olub və
1993-cü ildən sonra da gənclərimizin dünyanın
aparıcı hərbi məktəblərində təhsil
almaları üçün imkanlar yaradılıb. Eyni
zamanda, ölkə daxilində gənclərin dövlətin
idarəçiliyində rol alması məsələsi
aktuallaşıb, gənclərin forumları keçirilib.
Emin Həsənli bildirib ki, Ulu Öndər Heydər Əliyev
tərəfindən yaradılan Gənclər və İdman
Nazirliyi gənclərimizin koordinasiyalı fəaliyyətinə
imkan verdi. Həmçinin həmin dövrdə Milli Olimpiya
Komitəsi gənc nəslin sağlam yetişməsində əsaslı
rol oynadı: “Beləliklə, dövlət tərəfindən
hərtərəfli diqqət və qayğı ilə əhatə
olunan Azərbaycan gəncliyi bir çox sahələrdə
böyük nailiyyətlər əldə etdi. Həm idman, həm
mədəniyyət sahəsində uğurlar qazanıldı,
bir sıra təhsil olimpiadalarından ölkəmizə
medallar gətirildi. Bütün bunlar isə gənclərimizin
milli vətənpərvərlik ruhunun daha da güclənməsinə
yol açdı”.
Müasir dövrə gənclərimizin
milli vətənpərvərlik ruhunda yetişməsinin fonunda
ordumuzun düşmənə sarsıdıcı zərbələr
vurmasına da toxunan Emin Həsənli “Azərbaycan cəmiyyəti
hər zaman deyirdi ki, bizim güclü ordumuz və vətənpərvər
gəncliyimiz var. 2016-cı ilin aprel hadisələrində
isə bunu bütün dünya gördü. Düşmən
bir daha əmin oldu ki, Azərbaycan ordusu torpaqlarını
işğaldan azad etməyə qadirdir. Və Azərbaycanda elə
bir vətənpərvər gənclik yetişib ki,
torpaqlarımızı düşmən işğalından
azad etmək üçün hər an döyüşə
atılmağa hazırdı”, - deyib.
O, əlavə edib ki, 2016-cı ilin aprel hadisələrində
Azərbaycan xalqı səfərbər oldu, bütün Azərbaycan
gəncliyi ayağa qalxdı və döyüşə getməyə
hazır olduğunu bildirdi. Biz eyni halı 2020-ci ilin iyulunda da
müşahidə etdik. Belə ki, Azərbaycan-Ermənistan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində
baş verən erməni təxribatı zamanı da ölkəmizdə
gənclər səfərbər oldular. Cənab
Prezidentimizin bir müraciəti ilə qısa müddət ərzində
50 mindən artıq Azərbaycan gənci müvafiq dövlət
strukturlarına müraciətlər etdilər ki, onlar
könüllü olaraq cəbhədə döyüşməyə
hazırdırlar: “Bu, Ulu Öndərin əsasını
qoyduğu və cənab Prezidentimizin davam etdirdiyi siyasətin
nəticəsidir. Artıq Azərbaycan gəncliyi 1990-cı
illərin əvvəlindəki ümidsiz gənclik deyil. Bu
gün Azərbaycan yerləşdiyi regionun lider dövlətidir
və gənclərimiz bu güclü dövlətə,
öz Prezidentinə arxalanır”.
Emin Həsənli onu da qeyd edib
ki, bu gün yalnız hərbi sahədə
çalışan, hərbi mundir daşıyan gənclər
deyil, digər sahələrdə fəaliyyət göstərən
gənclər də Vətəninə, dövlətinə
bağlı, vətənpərvərdirlər: “Ümummilli
Liderimiz Heydər Əliyev hər zaman deyirdi ki, kim hansı
peşə ilə məşğul olursa, o peşəni
yüksək səviyyədə bilməlidir. Bu mənada, azərbaycançılıq
ideologiyası həm də gənclərimiz üçün
qarşıya qoyulan hədəfləri sistemləşdirmiş
oldu. Təbii ki, Vətən uğrunda əldə silah
canından keçmək olduqca qürurvericidir. Bu gün Azərbaycan
cəmiyyəti şəhidlərimizin ruhuna böyük
ehtiram nümayiş etdirir və bu da olduqca böyük
amildir. Şəhidlərimizin izdihamlı dəfn mərasimləri
dediklərmizə sübutdur. Gənclər öz dədə-babalarının
bu torpaqlar uğrunda apardığı mübarizəni davam
eitdirirlər. Təmsil etdiyim qeyri-hökumət
təşkilatının xətti ilə keçirilən, eləcə
də digər tədbirlərdə tez-tez gənclərlə
görüşürük və müzakirələr
aparırıq. Əminliklə deyə bilərəm ki, bu
gün gənclərimizin idealı, simvolu məhz Mübariz
İbrahimov, Polad Həşimov, Murad Mirzəyev, Samit
İmanov, Raquf Orucov və digər qəhrəmanlarımızdır”.
“Mən bir məsələyə xüsusi
toxunmaq istəyirəm ki, 2016-cı ilin Aprel döyüşlərində
cəbhənin ön xəttində əsgərlərlə
yanaşı zabit-gizir heyətimiz də qəhrəmanlıqla
döyüşdü və şəhid oldu. Eyni zamanda, Tovuz
hadisələri zamanı general-mayor Polad Həşimovun səngərdə
əsgəri ilə çiyin çiyinə dayanması
dünyaya bir mesaj idi ki, milli vətənpərvərlik ruhu
budur. Bu gün sosial şəbəkələrdə gənclərimiz
məhz bizim şəhidlərimizin şəkillərini
paylaşır, onlar haqqında məlumatlar yayır və
onları özləri üçün ideal seçirlər. Bu Vətənə bağlılıqdır və
çox sevindiricidir ki, gənclərimizin seçimi məhz
Polad Həşimov kimi qəhərəmanlardır”, - deyən
E.Həsənli onu da vurğulayıb ki, azərbaycançılıq
ideologiyası milli birliyimizin ən əsas
konsepsiyasıdır. O qeyd edib ki, Azərbaycan çoxmillətli
ölkədir və ölkəmizdə yaşayan bütün
xalqların nümayəndələri bu torpaq uğrunda
canlarını qurban verməyə hər an hazırdırlar.
Emin Həsənli onu da bildirib ki, Azərbaycan gəncliyi
Dağlıq Qarabağı, digər işğal altında
olan torpaqlarımızı unutmayıblar: “2016-cı ilin Aprel
döyüşləri və son Tovuz hadisələri bunu bir
daha sübut etdi. Azərbaycanın düşmənləri, eləcə
də içimizdəki bəzi düşmən qüvvələr
iddia edirdilər ki, gənclik Dağlıq Qarabağı,
işğal altındakı digər torpaqlarımızı
unudur, laqeydlik, biganəlik yaranır. Bu, yalandır. Baxsaq,
görərik ki, Dağlıq Qarabağda son döyüşlərdə
şəhid olanların böyük əksəriyyəti məhz
müstəqillik dövründə, 1994-cü ildən sonra
anadan olan gənclərdir. Bu, o deməkdir ki, Azərbaycan gəncliyi
Dağlıq Qarabağı unutmayıb və heç bir zaman
unutmayacaq. Düşmənlərimizin bu çirkin iftirası
bir daha ifşa olundu. Eləcə də iddia
edirdilər ki, Dağlıq Qarabağ azad olunsa belə, oraya
heç kim qayıtmayacaq. 2016-cı ildə Cocuq Mərcanlı
qəsəbəsi tam şəkildə Azərbaycan Silahlı
Qüvvələrinin nəzarətinə keçdikdən
sonra orada qısa zaman ərzində abadlıq-quruculuq işləri
görüldü və bu qəsəbədə həyat
yenidən canlandı. Oraya qayıdanlar arasında böyük
çoxluq təşkil edən məhz gənclərdir.
Çünki Azərbaycan gəncliyi öz torpağına, Vətəninə
bağlıdır. Bu düşmənə bir mesajdır ki,
Azərbaycan xalqı, Azərbaycan gəncliyi öz dədə-baba
yurduna, Dağlıq Qarabağa, Şuşaya, Xankəndinə
və digər işğal altında olan rayonlarımıza
qayıdacaq”.
“Dəyirmi masa”dakı
çıxışında digər bir vacib məqama da
toxunan Milli Məclisin deputatı Azər Badamov isə qeyd edib
ki, azərbaycançılıq ideologiyasının təməlində,
eyni zamanda, Azərbaycanda yaşayan bütün etnik
qrupların, xalqların bir ideya ətrafında birləşməsi
dayanır. Millət vəkili 1990-cı illərin əvvəllərində
ölkəmizin XX əsrdə ikinci dəfə qazandığı
müstəqilliyinə ən böyük təhdidin ölkənin
daxilindəki parçalanmalar olduğunu xatırladıb. O qeyd edib ki, məhz Ulu Öndər Heydər
Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi
ilə yenidən hakimiyyətə qayıdışı və
azərbaycançılıq ideologiyasının əsasını
qoyması, qısa zaman kəsiyində bu ideologiyanın təməl
şərtlərinin milli Kontitusiyamızda öz əksini
tapması ölkədaxili sabitliyin təmin olunmasına
yol açdı: “Ölkəmizdə yaşayan bütün
milli azlıqlar, dinindən, dilindən asılı olmayaraq hər
kəs vahid Vətənimiz-Azərbaycan uğrunda birləşdi.
Bu gün Azərbaycanda yaşayan bütün xalqların
nümayəndələri səngərlərdə
xalqımızın vahid düşməninə
qarşı-ermənilərə qarşı
çiyin-çiyinə mübarizə aparır, qəhrəmanlıq
göstərirlər. Onların hər biri Vətənimiz
uğrunda canlarını verməyə hazırdırlar. Biz
bunun həm 2016-cı ilin Aprel döyüşlərində, həm
də 2020-ci ilin iyul döyüşlərində şahidi
olduq. Bizim milli birliyimiz ölkəmizin yenilməzliyini,
müstəqilliyimizin əbədiliyini təmin edir”.
Öz növbəsində, YAP Hacıqabul rayon
təşkilatının sədri Hafis Bəşirov da vətənpərvərlik
mövzusunun hər zaman öz aktuallığını
qoruduğunu və təbliğinə zərurət
olduğunu deyib. Onun sözlərinə görə, artıq
yüz illərdir ölkəmizə qarşı erməni təcavüzü,
işğalçı siyasət, xalqımıza qarşı
törədilən soyqırım cinayətləri davam edir. Bu mənada gənclərimizin milli vətənpərvərlik
ruhunda yetişməsinin, tərbiyə almasının olduqca
vacib şərt olduğunu söyləyən H.Bəşirov
deyib ki, gənclərimiz arasında bu mövzuda geniş
maarifləndirmə işləri aparılmalıdır.
“Gənclərimiz dədə-baba yurdumuz olan Dağlıq
Qarabağın tarixi keçmişi ilə bağlı məlumatlarını
daha da zənginləşdirməlidirlər. Bu gün
texnologiyanın verdiyi imkanlardan maksimum istifadə olunmalı və
sosial şəbəkələrdə Azərbaycan tarixi ilə
bağlı müxtəlif dillərdə mühüm
paylaşımlar edilməlidir. Hazırki pandemiya
dövründə gənclər arasında onlayn formatda
konfranslar təşkil etmək, müzakirələr
açmaq, geniş disskusiyalar aparmaq mümkündür. Azərbaycan gəncliyi son dərəcə fəal gənclikdir
və bu gün səngərdəki əsgərlərimizlə
yanaşı sosial şəbəkələrdə də
düşmənə layiqli cavablar verilir, onların
yalanları ifşa edilir”, - deyən H.Bəşirov əlavə
edib ki, bununla yanaşı, gənclərimiz hər an əldə
silah Vətənimizi düşmən
işğalından azad etməyə hazırdır. O bildirib ki, bu ilin iyulunda Azərbaycan-Ermənistan sərhədinin
Tovuz rayonu istiqamətində baş verən hadisələr
zamanı bütün bölgələrdə orduya, ölkə
Prezidentinə dəstək aksiyaları keçirildi və bu
aksiyalarda gənclər birmənalı olaraq ölkənin Ali
Baş Komandanın əmrinə hər an hazır
olduqlarını bildirdilər. Bu, olduqca qürurvericidir:
“Düşmən ölkədə bu gün hərbi xidmətdən
yayınma, o cümlədən ordu daxilində hərc-mərclik
halları baş alıb gedir. Azərbaycan gəncliyi isə Vətəni
uğrunda canından keçməyə hazır olduğunu
bildirir. Təbii ki, bu məsələdə milli vətənpərvərlik
tərbiyəsi olduqca önəmli yer tutur.
Düşünürəm ki, Azərbaycan gəncliyi hər
zaman sağlam, Vətəni uğrunda dövləti uğrunda
mübarizəyə hazır bir gənclikdir. Bu, Azərbaycanda
həyata keçirilən uğurlu gənclər siyasətinin
nəticəsidir. Hər birimiz gənclərimizin
dövlətimizin yaratdığı şəraitdən daha
da yaxşı istifadə etməsi, həyatda düzgün
mövqe tutması, vətənpərvər, sağlam
düşüncədə böyüməsi
üçün hər cür köməyimizi göstərməliyik”.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan .-
2020.- 2 sentyabr.- S.7.