Azərbaycançılıq
ideologiyası milli vətənpərvərliyin gücləndirilməsində
mühüm rol oynayır
“Yeni Azərbaycan” qəzetində
“Azərbaycançılıq ideologiyasının milli vətənpərvərlik
ruhunun yüksəldilməsindəki rolu” mövzusunda onlayn
formatda keçirilən “dəyirmi masa”da da bildirildiyi kimi, gənclərin
sağlam, milli vətənpərvərlik ruhunda, azərbaycançılıq
ideologiyasını dərindən dərk edərək
yetişməsi olduqca vacibdir
Məlum olduğu kimi, əsası Ulu Öndər
Heydər Əliyev tərəfindən qoyulan və bu gün
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilən dövlət siyasəti nəticəsində
ölkəmizdə milli birlik təmin edilib. Eyni zamanda, məhz
azərbaycançılıq ideologiyası qısa zaman kəsiyində
dünyanın bütün nöqtələrində
yaşayan soydaşlarımızın vahid milli amal uğrunda
birləşməsini təmin edib. Onu da qeyd edək ki, azərbaycançılıq
ideologiyası gənc nəslin tərbiyəsində, Vətənə
bağlılığında, milli maraqlarımızın təmin
olunmasında və qorunmasında da əsaslı əhəmiyyətə
malikdir.
Yeri gəlmişkən, “Yeni Azərbaycan” qəzetinin
KİVDF-nin elan etdiyi müsabiqə üzrə keçirdiyi növbəti
onlayn formatda “dəyirmi masa”da da bu məqamlar xüsusi olaraq
vurğulanıb. “Azərbaycançılıq
ideyasının təbliği” istiqaməti üzrə
keçirilən “Azərbaycançılıq
ideologiyasının milli vətənpərvərlik ruhunun
yüksəldilməsindəki rolu” mövzusundakı onlayn “dəyirmi
masa”da Milli Məclisin deputatı Azər Badamov, Yeni Azərbaycan
Partiyası (YAP) Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov və Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis
Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə
İctimai Birliyinin sədri Emin Həsənli iştirak ediblər.
“Dəyirmi masa”da çıxış edən
Milli Məclisin deputatı Azər Badamov bildirib ki, azərbaycançılıq
ideologiyası və milli vətənpərvərlik mövzusu
olduqca aktualdır. Dövlətimizin daha da
güclənməsində azərbaycançılıq
ideologiyasının mühüm rol oynadığını
diqqətə çatdıran millət vəkili
vurğulayıb ki, vahid milli məfkurəmiz Azərbaycanın
müasir və gələcək inkişafının da əsas
şərtlərindəndir: “Biz bilirik ki, dünyada
beş mindən çox xalq var və bu xalqların yalnız
iki yüzdən bir az çoxunun müstəqil dövləti
var. Azərbaycan da bu dövlətlərin arasındadır və
bu, xalqımızın ən böyük nailiyyəti,
uğurudur. Təbii ki, müstəqilliyimizin ilk illərində
baş verən hadisələr, 1991-1993-cü illərdə
respublikada hökm sürən ağır iqtisadi-siyasi vəziyyət
hər kəsin yaddaşındadır. Həmin
illərdə müstəqilliyimiz təhdid altında idi və
məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin
iyununda xalqın təkidli tələbi ilə yenidən
hakimiyyətə qayıdışı müasir, müstəqil
Azərbaycanımızın əsasını qoydu.
Müstəqilliyimizin, süverenliyimizin təmin edilməsinin əsasında
dayanan başlıca amillərdən biri isə məhz azərbaycançılıq
ideologiyası oldu. Məlum olduğu kimi həmin dövrdə
istər ölkə daxilində, istərsə də xaricdə
müstəqilliyimizə qarşı müəyyən təhdidlər
var idi. Məhz belə bir çətin dövrdə
azərbaycançılıq ideologiyası Azərbaycanın
bütün vətəndaşlarının bir milli amal
uğrunda birləşməsini təmin etdi və ilk növbədə
ölkədə daxili sabitlik əldə olundu. 1995-ci ildə
qəbul edilmiş ilk milli Konstitusiyamız isə azərbaycançılıq
ideologiyasının inamla təbliğ edilməsində,
dünyaya çatdırılmasında, ölkə daxilində
bütün vətəndaşların həmrəyliyinin təmin
olunmasında əsas rol oynadı”.
Millət vəkili vurğulayıb ki, Ulu
Öndərin əsasını qoyduğu siyasət bu gün
də Prezidentimiz cənab İlham Əliyev, Birinci
vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən
uğurla davam etdirilir. Müasir dövrdə
dövlətlər və xalqlar qarşısında yeni
çağırışların meydana gəldiyini deyən
A.Badamov qeyd edib ki, əgər ötən əsrin 90-cı illərinin
əvvəlində azərbaycançılıq
ideologiyası əsasən ölkə daxilində sabitliyin
yaradılmasına, Azərbaycan Respublikası vətəndaşlarının
vahid amal uğrunda birləşməsinə xidmət
edirdisə, müasir dövrdə artıq bu ideologiya həm də
ölkəmizə qarşı olan xarici təhdidlərə
inamla cavab verilməsinə və dünya azərbaycanlılarının
vahid məqsəd ətrafında birləşməsinə
xidmət göstərir: “Təbii ki, müasir dövrdə
bu ideologiyanın əsas daşıyıcıları ölkəmizin
gələcəyi hesab edilən gənclərimizdir. Gənclərin milli vətənpərvərlik
ruhunda tərbiyə olunması, ölkəmizin tarixini dərindən
öyrənməsi, dilimizi, mədəniyyətimizi, adət-ənənələrimizi
yüksək səviyyədə qavraması, bir sözlə
azərbaycançılıq ideologiyasını dərindən
dərk edərək böyüməsi olduqca vacibdir. Bu, bir həqiqətdir ki, ötən illər ərzində
dövlətə, Vətənə bağlı, vahid məfkurə-azərbaycançılıq
ideologiyası əsasında tərbiyə olunan gənclərimiz
ölkəmizin inkişafı üçün bütün
gücünü səfərbər edib. Gənclərimiz
dövlətimizin gələcəyidir və bu gün dövlət
strukturları onlara etibar edilir. Onlar bu gün
dünyada bayrağımızı dalğalandırırlar, sərhədlərimizi
ayıq-sayıq qoruyurlar. Ölkəmizdə bilikli,
bacarıqlı, vətənpərvər gənc nəslin
yetişməsi onu deməyə əsas verir ki, Azərbaycanın
gələcəyi etibarlı əllərdədir və
qazandığımız müstəqillik əbədi
olacaq”.
Millət vəkili onu da əlavə edib ki, bu
gün ölkəmizdə müharibə davam edir,
torpaqlarımız işğal altındadır. Azərbaycan
dövləti öz haqq səsini dünyaya çatdırmaq
üçün bir sıra tədbirlər həyata
keçirir. Bu istiqamətdə gənclərimizin fəaliyyəti
xüsusi qeyd edilməlidir. Xüsusi olaraq vurğulanıb ki,
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın rəhbərliyi ilə aparılan “Xocalıya
ədalət” kampaniyası dünya ictimaiyyətini bu
soyqırımla bağlı əsl həqiqətlərlə
tanış edir. Eləcə də, xarici ölkələrdə
təhsil alan gənclərimiz bu istiqamətdə həyata
keçirilən layihələrdə iştirak edir,
yaşadıqları ölkələrdə Azərbaycanın
fəal təbliğatçılarına çevrilirlər. Yeri gəlmişkən, Ermənistanın iyul
ayında Tovuz rayonu istiqamətində həyata keçirməyə
cəhd etdiyi hərbi təxribatlara cavab olaraq xaricdə
yaşayan soydaşlarımızın öz səslərini
ucaltmaları, erməni təxribatlarına qarşı vahid
mövqedən çıxış etmələri ölkəmizin
haqq işinə verilən böyük dəstəkdir.
Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın
soydaşlarımıza müraciəti isə dövlətimizin
öz soydaşlarına hər yerdə sahib
çıxdığını bir daha dünyaya
nümayiş etdirdi. Azər Badamov deyib ki, bu müraciət həmrəyliyimizin
daha da möhkəmləndirlməsində əsaslı rol
oynadı: “Bu müraciətdə düşmənlərimizə
qarşı informasiya mübarizəsi ilə bağlı
mühüm tezislər də yer alırdı. Məlum
olduğu kimi, bu gün düşmənlərimiz yalnız cəbhə
xəttində deyil, həm də texnologiyanın
imkanlarından yararlanmaqla ölkəmizə qarşı təxribatlar
həyata keçirməyə çalışır,
sosial şəbəkələrdə yalan informasiyalar yaymaqla
dünya ictimaiyyətini çaşdırmaq istəyir. Bunun
qarşısı Azərbaycan gəncliyi tərəfindən
alınır və onların cavabı layiqli şəkildə
verilir”.
“Dəyirmi masa”da
çıxış edən Yeni Azərbaycan Partiyası
Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov
isə dövlət siyasətimizin əsas istiqamətlərindən
birinin məhz milli vətənpərvərlik ruhunun yüksəldilməsi
olduğunu diqqətə çatdırıb. Hafis Bəşirov
bildirib ki, müasir Azərbaycan gəncliyi milli ruhda
böyüyür, onlar torpaqlarımızın erməni
işğalından azad edilməsi uğrunda döyüşməyə
hər zaman hazır olduqlarını bildirirlər. YAP Hacıqabul rayon təşkilatının sədri
vurğulayıb ki, bu ilin iyul ayında cəbhədə
baş verən düşmən təxribatı Azərbaycan
Ordusu tərəfindən layiqli şəkildə
cavablandırıldı. Onun sözlərinə görə, həmin
vaxt Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi milli
birlik, həmrəylik düşmənə daha böyük
sarsıntı yaşatdı: “YAP Hacıqabul rayon təşkilatında
da milli vətənpərvərlik ruhunun yüksəldilməsi,
gənclər arasında təbliğat işlərinin
aparılması istiqamətində mühüm addımlar
atılır. Birinci vitse-prezident Mehriban xanım
Əliyevanın xalqa müraciəti bütün cəmiyyətimiz
kimi bizim rayon təşkilatı üçün də bir
proqram xarakteri daşıdı. Bizim gənclərimiz Mehriban
xanım Əliyevanın da qeyd etdiyi kimi sosial şəbəkələrdə
özlərini ön cəbhədə olan əsgər kimi
hiss edir və fəaliyyətlərini düşmənlə
mübarizə istiqamətində qururlar. Hər bir gəncimiz
dövlətimizin mənafeyini qorumaq üçün səfərbər
olub. Rayon təşkilatında milli vətənpərvliyin təbliği
istiqamətində tədbirlər keçirilir,
görüşlər təşkil edilir. Bu yaxınlarda rayon
Gənclər və İdman idarəsi ilə birgə “Vətən
bizim varlığımız, qürurumuz, fəxrimizdir”
mövzusunda gənclərlə onlayan konrans təşkil
etdik. Fikrimcə, milli vətənpərvərlik mövzusu bu
gün hər kəs üçün prioritet əhəmiyyət
kəsb etməli, bununla bağlı davamlı tədbirlər
təşkil olunmalıdır”.
Çıxış edən Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət dəstəyi Şurasının üzvü, Tərxis
Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə
İctimai Birliyinin sədri Emin Həsənli öncə qeyd
edib ki, azərbaycançılıq ideologiyasının əsasını
Ulu Öndərimiz Heydər Əliyev hələ sovetlər
dövründə qoymuşdu. O dövrdə
Konstitusiyamızda Azərbaycan dilinin dövlət dili kimi
öz əksini tapdığını deyən Emin Həsənli
Ulu Öndərin sovet dönəmində respublikamızda
hakimiyyətə gəlişi ilə bütün sahələrdə
milli kadrlara üstünlük verdiyini diqqətə
çatdırıb. 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasının
qoyulduğunu bildirən Emin Həsənli onu da
vurğulayıb ki, məhz o lisey və həmin dövrdə
SSRİ-nin ayrı-ayrı hərbi məktəblərinə
göndərilən kadrlar müasir Silahlı Qüvvələrimizin
güclənməsində əsaslı rol oynayıb. Belə ki, bu gün Silahlı Qüvvələrimizin
yüksək zabit heyətinin böyük əksəriyyəti
vaxtı ilə Ulu Öndərin şəxsi səyi ilə
yaradılan Naxçıvanski adına hərbi liseydə və
ya SSRİ-nin ayrı-ayrı hərbi məktəblərində
təhsil alıblar.
Vurğulanıb ki, Ulu Öndər
Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi
ilə yenidən hakimiyyətə
qayıdışının ardından bu proses davamlı hal
aldı. Hər halda bəhs edilən dövrdə Azərbaycan
gəncləri ilə keçirilən görüşlər,
ordu quruculuğunun proritet məsələyə
çevrilməsi bunu deməyə əsas verir.
(davamı növbəti sayımızda)
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2020.- 1 sentyabr.- S.7.