Azərbaycanda həyata keçirilən
uğurlu siyasət regionların dinamik inkişafını təmin
edib
Kurort şəhəri olan Naftalanda da son illər
ərzində mühüm infrastruktur və sosial layihələr
müvəffəqiyyətlə reallaşdırılıb
Cənubi Qafqaz regionunun lider dövləti olan
Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasında
uğurla reallaşdırılan genişmiqyaslı siyasət
dayanır. Məhz bu siyasətin, o cümlədən
bu vaxta kimi üçünün icrası başa çatan,
dördüncüsünün icrası isə davam etdirilən
regionların sosial-iqtisadi inkişafına dair müvafiq
Dövlət proqramları çərçivəsində həyata
keçirilən işlərin nəticəsində həm
ümumilikdə ölkəmizdə, həm də
ayrı-ayrı regionlarda bütün sahələrdə
uğurlar əldə edilib. Bu uğurlardan
hazırda ölkəmizdə həm də sağlamlıq
turizminin əsas məkanlarından biri kimi xarakterizə edilən
Naftalana da pay düşüb. Əsasını sanatoriya -
kurort infrastrukturu təşkil edən Naftalanda turizmin
inkişafı istiqamətində görülən işlər
və əldə edilən uğurlar barədə bir qədər
sonra... Hələlik isə məlumat
üçün bildirək ki, Naftalan şəhəri 1967-ci
ilə kimi Goranboy və Yevlax rayonlarının tərkibində
qəsəbə kimi fəaliyyət göstərib. 28 aprel
1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət
Heyətinin 48 nömrəli Qərarı ilə Naftalana
Respublika tabeli şəhər statusu verilib. Ərazisi
3572.63 hektardır. Naftalan şəhəri ilə Bakı
şəhəri arasındakı məsafə 330 kilometrdir.
Naftalan şəhəri 1 şəhər 2 kənddən ibarətdir.
Azərbaycan müstəqillik əldə etdikdən
sonra, xüsusən də son illər respublikanın
bütün şəhərləri kimi, Naftalan da öz
inkişafının yeni mərhələsini yaşayır.
Bu inkişafın təməlində Ulu Öndər Heydər
Əliyev tərəfindən əsası qoyulan, cənab
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət
dayanır. Bildirildiyi kimi, müvafiq Dövlət proqramları
çərçivəsində Naftalanda da genişmiqyaslı
layihələr həyata keçirilib, həmçinin
tikinti-quruculuq və abadlıq işləri görülüb,
eyni zamanda bu istiqamətdə davamlı addımlar
atılmaqdadır. Məsələn, “Azərbaycan
Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrası ilə
əlaqədar şəhərdə 25 çarpayılıq
Əlillərin Bərpa Mərkəzinin, Maliyyə şöbəsinin,
Dövlət Sosial Müdafiə Fondunun şəhər
şöbəsinin, Su-Kanal idarəsinin, Əmək və
Əhalinin Sosial Müdafiə Mərkəzinin
yeni inzibati binaları tikilib və şəhər Mərkəzi
Xəstəxanasında, şəhərin 1 və 2 saylı
orta məktəblərində, Qaşaltı Qaraqoyunlu kənd
orta məktəbində, şəhər futbol
meydançasında və Heydər Əliyev parkında əsaslı
təmir işləri aparılıb. Həmçinin,
“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”na uyğun olaraq şəhərin bütün
infirastrukturlarının inkişafına diqqət
artırılıb, eyni zamanda sonrakı dövrdə də bu
istiqamətdə işlər davam etdirilib.
Beləliklə, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə
uyğun olaraq kurort şəhəri Naftalanda son illər ərzində
mühüm infrastruktur və sosial layihələr uğurla həyata
keçirilib. Hazırda bu istiqamətdə davam
etdirilən işlər nəticəsində, demək olar ki,
Naftalan tamamilə yenidən qurulur. Şəhərin
ayrı-ayrı küçələrində, çoxmənzilli
yaşayış binalarının qarşısında, yol kənarlarında
səliqə-səhman yaradılması, abadlıq və
yaşıllaşdırma işləri xüsusi diqqət
mərkəzində saxlanılır.
Yeri gəlmişkən,
respublikamızın bəzi şəhər və
rayonlarında karantin rejiminin yumşaldılmasından sonra,
Naftalan şəhərinin estetik gözəlliyinin bərpası
və kurort iqliminin yaxşılaşdırılması ilə
əlaqədar genişmiqyaslı yaşıllaşdırma
işlərinə başlanılıb. Bu
barədə verilən məlumata əsasən, may ayının
əvvəlində Naftalan Şəhər İcra Hakimiyyətinin
başçısı Vüqar Novruzov və aparatın
işçiləri tərəfindən şəhərin
Bayraq Meydanında, Şirvan prospektində oleander və eldar
şamı ağacları, çoxillik bəzək gülləri,
ümumilikdə 1000-ə yaxın ağac,
kol və güllər əkilib. Şəhər sakinlərinin,
həmçinin şəhərə gələn yerli və
xarici turistlərin məmnunluğunun təmin edilməsi
üçün şəhər ərazisində, parklarda
yaşıllaşdırma işləri mütəmadi olaraq
davam etdiriləcək.
İyul ayının əvvəlində isə
Naftalanda hərəkət məhdudiyyəti olanlar və
uşaq arabalarının rahat hərəkətini təmin etmək
üçün pandusların quraşdırılmasına
başlanılıb. Belə ki, Naftalan Şəhər
İcra Hakimiyyətinin təşəbbüsü və Milli
Məclisin deputatı Anar Məmmədovun dəstəyi ilə
şəhər ərazisində, o cümlədən Heydər
Əliyev, Səməd Vurğun, Nəriman Nərimanov və Qələbə
parklarında, səkilərdə fiziki imkanları məhdud və
xüsusi qayğıya ehtiyacı olan insanların,
yaşlıların və uşaq arabası ilə olan şəxslərin
rahat hərəkəti üçün standarta uyğun 53
pandus quraşdırılıb. Bundan sonra 52-dək pandus
quraşdırılacaq. Görülmüş işlər
şəhərin ümumi inkişafına, vətəndaş
məmnunluğuna, yerli və xarici turistlərin, eləcə
də uşaq arabası ilə gəzənlərin maneəsiz
gəzə bilmələrinə xidmət edir.
Ümumiyyətlə, yuxarıda sadalananlar da
onu deməyə əsas verir ki, son illər kurort şəhəri
Naftalanda turizmlə bərabər şəhərin
bütün infrastrukturunun inkişafına diqqət
artırılıb. O cümlədən həyata
keçirilən tədbirlər nəticəsində vətəndaşların
kommunal sahədə mövcud olan bir sıra problemləri
öz həllini tapıb. Şəhərdəki 31 çoxmənzilli
yaşayış binasının fasadı aqlay daşla
üzlənib, işıqlandırılıb, dam
örtükləri xüsusi dizaynla əsaslı təmir
olunub, plastik pəncərlər quraşdırılıb,
girişlərə dəmir qapılar qoyulub, girişlərin
qarşısına dekorativ tamet daş döşənib.
Binadaxili və şəhərdaxili bütün kommunikasiya xətləri
yenilənib.
Qeyd edildiyi kimi, Naftalanda aparılan tikinti,
abadlıq-quruculuq, təmir-bərpa və yenidənqurma
işləri hazırda da davam etdirilir. Həmçinin
aparılan abadlıq-quruculuq işləri çərçivəsində
şəhərdəki çoxmənzilli yaşayış
binalarının blokları da əsaslı təmir olunur. Bloklarda aparılacaq təmir işlərində, həmçinin
elektrik enerjisinə qənaət üçün foto-relelərdən
istifadə edilməsi nəzərdə tutulub. Şəhər
İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov
bloklarda təmir işləri aparılması nəzərdə
tutulan digər binalara baxış keçirib, aidiyyəti
üzrə tapşırıq və tövsiyələrini
verib. Naftalan Şəhər İcra Hakimiyyətindən verilən
məlumata əsasən, bu işlər mərhələli
şəkildə şəhərin bütün
binalarını əhatə edəcək.
Bu məqamda xüsusi olaraq
vurğulamaq yerinə düşər ki, ölkəmizdə
yeni növ koronavirus (COVİD-19) infeksiyası qeydə
alınan ilk gündən bütün şəhər və
rayonlarda olduğu kimi Naftalanda da əhalinin
sağlamlığının və təhlükəsizliyinin
qorunması, həmçinin sanitar-gigiyenik qaydalara əməl
edilməsi istiqamətində müvafiq işlər
görülüb. Hazırda da bu istiqamətdə işlər
davam etdirilir. Bununla bağlı verilən məlumatda
deyilir ki, Naftalan şəhərində COVID-19-a qarşı həyata
keçirilən profilaktik dezinfeksiya tədbirləri ilə
yanaşı, əhali arasında maarifləndirmə işlərinin
gücləndirilməsi və sosial məsuliyyət tədbirləri
də həyata keçirilir. Şəhərdə koronavirus
pandemiyasına qarşı mübarizə aparmaq
üçün aidiyyəti strukturların əməkdaşlarından
ibarət hər birində 4 nəfər olmaqla, 5 mobil qrup fəaliyyət
göstərir. Mütəmadi olaraq şəhər
ərazisində, ticarət, ictimai-iaşə və xidmət
obyektlərində, banklarda sosial davranış qaydalarına və
sanitar-epidemioloji tələblərə əməl edilməsinə
nəzarətin gücləndirilməsi məqsədilə
mobil qrupların üzvləri tərəfindən müvafiq ərazi
bölgüsü əsasında reydlər keçirilir,
əhalinin sıx toplaşdığı ərazilərdə
sakinlərlə fərdi qaydada izahetmə işləri
aparılır. Reyd keçirilən
bütün obyektlərdə işçi heyətinə
canlı təmas zamanı tənəffüs yollarını
qoruyan fərdi vasitələrdən (tibbi maska, əlcək,
spirt və sair məhlullardan) istifadənin, sosial məsafənin
gözlənilməsinin zəruri olduğu bildirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə
zidd fəaliyyət göstərən obyekt sahiblərinə xəbərdarlıq
edilərək, müvafiq strukturlar tərəfindən inzibati
qaydada tədbirlər görülür. Mobil qruplar tərəfindən
fəaliyyətinə icazə verilmiş obyektlərdə
reydlər və əhali arasında maarifləndirmə işləri
gündəlik olaraq davam etdirilir.
Şəhərdə turizmin
inkişafı istiqamətində görülən işlərə
gəlincə, respublikamızda qeyri-neft sektorunun ən
çox inkişaf edən sahələrindən olan turizm bir
çox bölgələrin, xüsusən də müalicəvi
nefti ilə məşhur olan Naftalan şəhərinin
iqtisadiyyatının əsasını təşkil edir.
Son illərdə ölkəmizdə
görülmüş bütün işlər, o cümlədən
beynəlxalq arenadakı mövqe, keçirilmiş beynəlxalq
tədbirlər, ölkəmizdə hökm sürən
sabitlik və əmin-amanlıq respublikamızda, eləcə də
Naftalanda turizmin inkişafına böyük təkan verib.
Ümumiyyətlə,
Naftalanın kurort şəhəri kimi keçmiş
şöhrətini qaytarmağın və yeni məzmunda
inkişafını təmin etməyin əsasını
Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlar,
qəbul edilən proqramlar və qarşıya qoyulan vəzifələrin
icrası təşkil edir. Məhz bunların nəticəsidir
ki, bu gün Naftalanda turizmin inkişafı üçün əlverişli
şərait yaradılıb və Naftalan son illərdə
beynəlxalq turizm mərkəzinə çevrilib. Hazırda
da şəhərdə geniş abadlıq-quruculuq işləri
və müasir səviyyəli sanatoriyaların tikintisi davam
etdirilir.
Yeri gəlmişkən, ötən ilin
dekabrında Naftalan Şəhər İcra Hakimiyyəti,
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun
birgə təşkilatçılığı ilə
Naftalan şəhərinin turizm inkişaf planı təqdim
olunub. Naftalan Şəhər İcra Hakimiyyətinin
başçısı Vüqar Novruzovun, Dövlət Turizm
Agentliyinin sədri Fuad Nağıyevin, Azərbaycan Turizm
Bürosunun sədri Floraian Sengstschimidin və məsul şəxslərin
iştirak etdiyi tədbirdə Naftalanın turizm potensialı və
şəhərdə fəaliyyət göstərən
sağlamlıq və istirahət mərkəzləri barədə
ətraflı məlumat verilib. Bildirilib ki, hazırda şəhərdə
üçü 5 ulduzlu olmaqla 12 sanatoriya fəaliyyət
göstərir. Eyni zamanda tikintisi başa
çatdırılmış yeni Avtovağzal Otel Kompleksi,
“Naftalan Hotel & Spa” və tikintisi dəvam etdirilən 3 yeni
hotel-sanatoriya yaxın vaxtlarda şəhərin turizm
potensialına öz töhfəsini verəcək. Naftalan
turizmdən gələn gəlirlər hesabına 2016-ci ildən
öz gəlirləri hesabına ödənilən 6 rayon və
şəhərlərin siyahısına daxil edilib. Yeri gəlmişkən,
qeyd edək ki, 2019-cu ildə Naftalana olan turist səfərləri
rekord həddə çatıb - şəhərə 40 min
turist gəlib. Onlardan 40 faizi dünyanın 61 ölkəsindən
gələnlər olub.
(davamı növbəti sayımızda)
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2020.- 3 sentyabr.- S.7.