Azərbaycanda həyata keçirilən uğurlu siyasət regionların dinamik inkişafını təmin edib

 

Kurort şəhəri olan Naftalanda da son illər ərzində mühüm infrastruktur və sosial layihələr müvəffəqiyyətlə reallaşdırılıb

(əvvəli ötən sayımızda)

 

Turistlərdən Rusiya, Qazaxıstan, Özbəkistan, İsrail, Ukrayna, Belarus, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveyt, Litvadan olan qonaqlar üstünlük təşkil edib. Bununla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Bəhreyn, Qətər, İran, Çin, Estoniya, Almaniya, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Qırğızıstan və Kanadadan olan turistlər də buradakı kurort və sanatoriyaların xidmətlərdən istifadə ediblər.

Vurğulayaq ki, hazırda Naftalanda 12 turizm obyekti fəaliyyət göstərir və burada bir gündə 2500-dən çox turist müalicə ala və istirahət edə bilər. Şəhərdə tikintisi davam etdirilən turizm obyektləri də istifadəyə verildikdən sonra Naftalanda gün ərzində, ümumilikdə, 3500-ə yaxın turistə otel və müalicə xidmətləri göstərmək imkanı olacaq. Həmçinin bu turizm obyektlərində hazırda 1000 nəfərədək insan işlə təmin olunub. Yeni turizm obyektləri istifadəyə verildikdən sonra isə əlavə 400 yeni iş yeri yaradılacaq.

Turizmin inkişafı istiqamətində bu ilin arxada qalan ayları ərzində də müvafiq addımlar atılıb. Məsələn, bu ilin yanvar ayında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Naftalanda fəaliyyət gostərən sanatoriya-kurort müəssisələrinin rəhbərləri ilə görüş keçirib. İcra başçısı görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı üçün həyata keçirilən işlərdən ətraflı danışıb və sahibkarların fəaliyyətinə daim diqqət və qayğı göstərilməsinin vacibliyini qeyd edib. Bu səbəbdən də sahibkarlarla görüşməyi, təklif və arzularını dinləməyi vacib olduğunu vurğulayıb.

Görüşdə çıxış edənlər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ölkədə, o cümlədən Naftalan şəhərində də münbit şəraitin olduğunu və sahibkarlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər. Görüşə yekun vuran Şəhər İcra Hakimiyyətinin başçısı bildirib ki, Naftalan neftinin dünya brendi kimi tanınması və şəhərin turizm mərkəzi kimi daha da inkişaf etməsi üçün hər cür dəstək göstəriləcək: “Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Naftalanın keçmiş şöhrəti bərpa edilir. Naftalan vaxtilə ümumittifaq turizm mərkəzi idi. Bu gün bunu beynəlxalq turizm mərkəzinə çeviririk. Göründüyü kimi, şəhərimiz özünün inkişafının yeni mərhələsinə qədəm qoyub. Burada aparılan hər bir tikinti, quruculuq işi Naftalan kurortunun şöhrətini özünə qaytarır, müasir kurort şəhərinə çevirir”.

Turizmin inkişafına yönələn addımlardan söz düşmüşkən, bildirək ki, görülən işlərlə yanaşı şəhərdə turistlərin rahatlığı üçün innovativ addımlar da atılır. Məsələn, yanvar ayında Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının təşəbbüsü və şəhərdə fəaliyyət göstərən “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”nin dəstəyi ilə şəhərə gələn turistlərin məmnunluğunu və onların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Naftalan - Goran dəmiryolu stansiyası - Naftalan istiqamətində müasir standartlara cavab verən Toyota markalı sərnişin daşıyan nəqliyyat vasitəsi istifadəyə verilib. Turistlərin bu istiqamətdə daşınması “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Gəncə-Bakı istiqamətində yeni sürətli sərnişin qatarının hərəkət cədvəlinə, sürət qatarının Goran stanasiyasına çatma vaxtına uyğun olaraq həftənin hər günü həyata keçiriləcək və göstərilən xidmət ödənişsiz qaydada göstəriləcək. Gələcəkdə bu xidmətdən istifadəyə tələbat artarsa həmin marşurut xətti üzrə nəqliyyat vasitələrinin sayı artırılacaq.Bu marşurutun açılmasının əsas səbələrindən biri də Bakı-Gəncə-Bakı yeni sürətli sərnişin qatarının istifadəyə verilməsi və bu qatardan istifadə edərək Naftalana gələn yerli və xarici turistlərin sayında artım müşahidə olunmasıdır.

Eyni zamanda, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun təşəbbüsü ilə şəhərdə fəaliyyət göstərən “Gözəl Naftalan” MMC-nin dəstəyi ilə şəhərə gələn turistlərin məmnunluğunu təmin etmək üçün fevral ayında daha bir yeni layihə - Azərbaycanda ilk pilot-layihə “Naftalan 24/7” satıcısız mağazanın təqdimatı keçirilib. Bu tip layihələr artıq xaricdə bir neçə ölkədə mövcud olsa da Azərbaycanda ilk dəfə Naftalan şəhərində həyata keçirilir. Mağazada turistlərin daha çox ehtiyac duyduğu 20-yədək ilk tələbat malları satışa çıxarılıb. Həmçinin “Naftalan məlhəmi” MMC-nin diş pastaları, kremləri, yağları, şampunları, sabunları və digər məhsulları da satışa çıxarılan mallar arasında yer alıb. Mağazanın uzun müddətli fəaliyyət göstərməsi və gələcəkdə Naftalanın bir neçə yerində açılması nəzərdə tutulub. Bu ilin fevralında həmçinin Naftalan Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə “Naftalan brendinin/markasının ilkin hazırlığı” ilə bağlı seminar keçirilib. Seminarda Naftalan şəhər turizm brendinin yaradılması ilə bağlı geniş müzakirələr aparılıb və gələcək addımlar barədə qərarlar qəbul edilib.

Turist məmnunluğu istiqaməində daha bir addım isə iyun ayınd atılıb. Əsasən Avropa və Amerika qitələrində müxtəlif yaş kateqoriyalarında böyük oxucu kütləsi qazanmış “Little Free Library” artıq Naftalanda şəhər əhalisinin və şəhərimizə təşrif buyuran yerli və xarici turistlərin ixtiyarına verilib. Kitabxana www.littlefreelibrary.org Kitabxanalar reyistrinə düşərək unikal #100833 nişanı altında fəaliyyət göstərir və ölkəmiz həmin saytın xəritəsində ölkələr sırasında yer alıb. Əsas məqsəd əhali arasında kitaba daha çox bağlı olmaq və maarifləndirməkdir. Mini kitabxana pulsuz fəaliyyət göstərir və günün istənilən saatında hər bir nəfər üçün nəzərdə tutulub.

Xatırladaq ki, “İ Love Naftalan” adlanan həmin bölmə Regionda ilk kəs məhz Azərbaycanda - kurort şəhəri Naftalanda açılıb. Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılan bu kitabxananın fəaliyyətinə şəhərdə fəaliyyət göstərəcək “Park Hotel Naftalan” dəstək olub. Burada hər bir oxucunun mütaliəsi üçün lazım olan kitabların məqsədyönlü şəkildə seçilməsinə kömək göstərilir. Kiçik kitabxanada Azərbaycan dili ilə yanaşı Rus, İngilis və Türk dillərində hər yaşa uyğun kitablar sərgilənir.

Avqustun 5-də isə Naftalan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə təşkilatçılığı ilə Naftalan neftinin sertifkatlaşdırılması ilə bağlı video konfrans keçirilib. Konfransda Naftalan neftinin beynəlxalq sertifkatlaşdırmadan keçməsi üçün atılan ilk addımların vacibliyi bildirələrək, aparılacaq müzakirələrin, veriləcək təkliflərin Naftalan kurortunun gələcək inkişafı baxımından müsbət və faydalı olacağı diqqətə çatdırılıb. Həmçinin bunun müalicəvi neftin daha geniş miqyasda tanınmasına və Naftalana uzaq xaricdən turist axınına təkan verəcəyi bildirilib.

Qeyd olunub ki, Naftalan nefti respublikamızın ən qiymətli təbii sərvətlərindən biridir və müalicəvi əhəmiyyətinə görə dünyanın hər yerində məşhurdur. Şəfa mənbəyi sayılan bu neft sayəsində 70-dən artıq xəstəliyin uğurlu müalicəsi mümkündür. Elə bu baxımdan Naftalan şəhərinin iqtisadi əsasını təşkil edən müxtəlif sanatoriya mərkəzlərinə turist axını davamlı olaraq artır. Bununla əlaqədar olaraq ölkə başçısı cənab İlham Əliyev müvafiq qurumlara ölkədə ixtisaslaşmış turizm sənayesinin, xüsusi ilə sağlamlıq turizminin inkişafına xüsusi diqqət yetirməyə göstəriş verib.

Standartlaşdırma üzrə milli qurum olaraq Azərbaycan Standartlaşdırma İnstitutunun əsas məqsədi də ölkədə tibbi turizmi inkişaf etdirməkdən və ölkəyə müalicə üçün gələn turistlərə keyfiyyətli və təhlükəsiz xidmət göstərməkdən ibarətdir. Bununla əlaqədar olaraq qurum tərəfindən Naftalan şəhəri ərazisindəki tibb, balneoterapiya və kosmetologiya sahəsində geniş istifadə edilən müalicəvi Naftalan neftinə dair normativ sənədin işlənib hazırlanması bu günün tələbi olaraq çox mühüm məsələrdəndir.

Daha sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib, AZS və İSO sertifkatının alınması üçün atılacaq növbəti addımlar müəyyənləşib. Bu konteksdə atılan addımlardan danişarkən onu da bildirək ki, Azərbaycan Standartlaşdırma İnstitutunun 29 iyul 2020-ci il tarixli 202323400049 saylı əmri ilə “Naftalan nefti və ondan alınan məhsullar” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 29) yaradılıb, əsasnaməsi və strukturu təsdiq edilib.Texniki Komitənin yaradılmasında əsas məqsəd Naftalan nefti və ondan alınan məhsullarının stimullaşdırılması, bu sahə üzrə beynəlxalq standartlar əsasında yeni normativ sənədlərin layihələrinin işlənib hazırlanmasının və ekspertizasının təşkilindən, bu sahədə mövcud olan standartların yenilənməsindən və sonrakı istifadəsi ilə bağlı təhlillərin aparılmasından, eyni zamanda müvafiq beynəlxalq və dövlətlərarası texniki komitələrin işində iştirak etməkdən ibarətdir.

Avqustun 11-də Texniki Komitənin videokonfrans formatında ilk iclası keçirilib və Naftalan nefti sahəsində texniki komitə ilə tanışlıq, fəaliyyəti strategiyası, fəaliyyət planı və Nativ Naftalan nefti üçün normativ sənəd müzakirə olunub. Dövlət standartının layihəsi Naftalan Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Naftalan Müalicə və Sağlamlıq Mərkəzi və digər aidiyyəti qurumlar ilə razılaşdırılmaqla Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən 13 avqust 2020-ci il tarixli Əmrlə təsdiq edilib. Naftalan neftinə dair dövlət standartının qəbul olunması Naftalan kurortunun gələcək inkişafı baxımından və dünyada daha geniş miqyasda tanınmasında böyük əhəmiyyətə malikdir.

Beləliklə, həm ümumilikdə görülən işlər, həm də yuxarıda sadalanan konkret faktlar onu deməyə əsas verir ki, müalicəvi Naftalan nefti ilə sağlamlıq turizmi istiqamətində inkişaf etmiş şəhəri müasir kurort mərkəzinə çevirmək və beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək qarşıdakı əsas vəzifələrdəndir. Yəni Prezident İlham Əliyevin bununla bağlı imzaladığı Fərman və sərəncamlar, həmçinin dövlət başçısının müvafiq tapşırıq və tövsiyələrinə əsasən turizmin inkişafı istiqamətdə işlər Naftalanda da davamlı xarakter daşıyır.

 

Nadir AZƏRİ

 

Yeni Azərbaycan.- 2020.- 4 sentyabr.- S.7.