Azərbaycan-Yaponiya münasibətləri uğurla inkişaf edir

 

İki ölkə arasında müxtəlif sahələri əhatə edən əlaqələr əməkdaşlığın daha da dərinləşməsinə təkan verir

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının milli maraqlar üzərində qurulan və xoş mərama əsaslanan ardıcıl xarici siyasəti beynəlxalq miqyasda ölkəmizə böyük hörmət və nüfuz qazandırıb. Respublikamızın dünyanın ayrı-ayrı dövlətləri ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Azərbaycanın müstəqillik illərində sıx münasibətlər qurmağa nail olduğu dövlətlərdən biri də gündoğar ölkə sayılan Yaponiyadır. Hazırda iki ölkə arasında münasibətlər müxtəlif sahələrdə uğurla inkişaf edir. Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vadanın etimadnaməsini qəbul edib. Qəbulda Prezident İlham Əliyev və səfir Cuniçi Vada ölkələrimiz arasında çoxtərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə ediblər. Qəbulda Yaponiya və Azərbaycan arasında münasibətlərin çox uğurla inkişaf etdiyi, əməkdaşlığımızın kifayət qədər geniş gündəliyi olduğu xüsusilə nəzərə çatdırılıb. Vurğulanıb ki, iki ölkə arasında siyasi dialoq da çox fəaldır.

 

Bu məqamda xatırlatmaq yerinə düşər ki, Yaponiya Azərbaycan Respublikasının müstəqilliyini 28 dekabr 1991-ci ildə tanıyıb. Ölkələrimiz arasında diplomatik münasibətlər 7 sentyabr 1992-ci ildə qurulub. 21 yanvar 2000-ci il tarixində Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyi təsis edilib. 2005-ci il oktyabrın 12-də isə Azərbaycan Respublikasının Yaponiyadakı səfirliyi fəaliyyətə başlayıb.

 

İki ölkə arasında fəal siyasi dialoq isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gündoğar ölkəyə səfərindən sonra başlayıb. Mütəxəssislərin də bildirdikləri kimi, 1998-ci il fevralın son ongünlüyündə baş tutan bu səfər ikitərəfli əlaqələrin dərinləşməsində, Azərbaycanla Yaponiya arasında siyasi dialoqun intensivliyinin artmasında xüsusi rol oynayıb.

 

Bildirmək yerinə düşər ki, Ulu Öndərimizin gündoğar ölkəyə sözügedən səfəri kifayət qədər məhsuldar keçib. Belə ki, Azərbaycan Prezidenti Heydər Əliyev fevralın 24-dən 27-dək yüksəksəviyyəli rəsmilərlə 38 görüş keçirib. Ulu Öndərin Özü bu görüşlərin hamısını çox faydalı, maraqlı və Onda xoş təəssürat yaradan görüşlər kimi səciyyələndirib. O cümlədən səfər çərçivəsində Azərbaycan Prezidenti Heydər Əliyev Yaponiya İmperatoru Əlahəzrət Akixito tərəfindən qəbul edilib, Baş nazir Haşimoto, Yaponiya hökumətinin üzvləri -  xarici işlər, nəqliyyat, ticarət nazirləri ilə danışıqlar aparıb. Ulu Öndər həmçinin Yaponiyanın parlamentində olub, Yaponiya-Azərbaycan dostluğu assosiasiyasını təmsil edən bir qrup parlament deputatı ilə görüşüb.

 

Əksər ekspertlərin də vurğuladıqları kimi, bəhs olunan səfər zamanı Yaponiya ilə Azərbaycan arasında hökumətlərarası, dövlətlərarası sənədlərin imzalanması xüsusi əhəmiyyətə malikdir. Xatırladaq ki, həmin səfər çərçivəsində Azərbaycan Prezidenti və Yaponiyanın Baş naziri iki mühüm sənəd - Yaponiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq haqqında birgə bəyanat və Yaponiya ilə Azərbaycan arasında ticarət və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında birgə bəyanat imzalayıblar. Bu sənədlərdə iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin əsas prinsipləri və istiqamətləri öz əksini tapıb. Bundan başqa, səfər çərçivəsində qarşılıqlı məsləhətləşmələr haqqında Yaponiyanın və Azərbaycanın xarici işlər nazirlikləri arasında saziş, "Şimal" elektrik stansiyasının tikintisi üçün 20,7 milyard iena məbləğində ölkəmizə kredit verilməsi haqqında Yaponiya Xarici İşlər Nazirliyi ilə Azərbaycan hökuməti arasında saziş, Azərbaycana təmənnasız olaraq 400 milyon iena məbləğində yardım verilməsi haqqında notalar imzalanıb. Bəhs olunan səfər zamanı, həmçinin "Azərikimya" Dövlət Şirkətində etilen istehsalı zavodunun tikintisi üçün Azərbaycan hökumətinin təminatı altında kredit ayrılması haqqında Yaponiyanın "Eksimbank"ı ilə saziş imzalanıb. Səfərin uğurlu nəticələrini dəyərləndirən Ulu Öndər vurğulayıb: “Biz Yaponiya ilə əlaqələrə və xüsusən onunla iqtisadiyyat sahəsində əməkdaşlığa böyük əhəmiyyət veririk. Şadam ki, səfərim zamanı bu baxımdan yaxşı zəmin yaratmaq mümkün oldu”.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı ilin mart ayında Yaponiyaya baş tutan rəsmi səfəri isə çox doğru olaraq iki ölkə arasında əməkdaşlığın dərinləşməsində yeni səhifənin açılması kimi dəyərləndirilir. Bu səfər də keçirilən görüşlərin və aparılan müzakirələrin zənginliyi ilə yadda qalıb. Səfər çərçivəsində Tokionun “İmperial” mehmanxanasında Azərbaycan-Yaponiya iqtisadi forumu keçirilib. Forumda müxtəlif sahələri təmsil edən Azərbaycandan 30-dək, Yaponiyadan isə 100-ə yaxın şirkətin nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycanın dövlət başçısı Yaponiya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrə böyük həcmlərdə sərmayələr yatırdıqlarını məmnuniyyətlə diqqətə çatdırıb, eyni zamanda, ölkəmizin yeni investisiya imkanlarını təqdim edib. Öz növbəsində foruma qatılan Yaponiya şirkətlərinin təmsilçiləri də Azərbaycanda sərmayə qoyuluşunu artırmaqda maraqlı olduqlarını bildiriblər.

 

Səfər çərçivəsində martın 8-də Tokioda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yaponiyanın İmperatoru Akihitonun təkbətək görüşü baş tutub. Görüşdə Əlahəzrət Akihito ölkələrimiz arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinin faydalı olduğunu bildirib.

 

Xoş sözlərə, göstərilən qonaqpərvərliyə görə Əlahəzrət Akihitoya təşəkkürünü bildirən Prezident İlham Əliyev Yaponiyaya ilk rəsmi səfər etməsindən çox məmnun olduğunu söyləyib, ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində görülmüş işlərdən danışıb. Dövlətimizin başçısı deyib ki, müstəqil Azərbaycan Respublikası Yaponiya ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə böyük maraq göstərir və indiki səfər ikitərəfli münasibətlərdə yeni mərhələ açacaqdır.

 

Səfər çərçivəsində digər sənədlərlə yanaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yaponiyanın Baş naziri Cuniçiro Koizumi Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və tərəfdaşlığın daha da inkişaf etdirilməsi haqqında birgə Bəyanat imzalayıblar. Sənəddə 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulandan bəri Azərbaycan Respublikası və Yaponiya arasında dostluq münasibətlərinin davamlı inkişafından məmnunluq ifadə edilib. Bütövlükdə sözügedən Bəyanatda müxtəlif istiqamətlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm müddəalar öz əksini tapıb.

 

Azərbaycanla Yaponiya arasında iqtisadi sahədə əməkdaşlığın təməli isə hələ keçmiş sovet dönəmində qoyulub. Həmin dövrdə gündoğar ölkənin “Mitsui” şirkəti Bakıda Kondisonerlər Zavodunun inşasında fəal şəkildə iştirak edib. Azərbaycan müstəqillik qazandıqdan sonra hər iki tərəfin siyasi iradəsi əsasında ölkələrimiz arasında iqtisadi əlaqələr keyfiyyətcə yeni müstəviyə yüksəlib. Liberal iqtisadiyyat quruculuğunda çox mühüm transformasiya proseslərinin müşahidə edildiyi Azərbaycan Yaponiyanın timsalında özünün etibarlı tərəfdaşını görür. Yaponiya tərəfi isə Azərbaycandakı uzunmüddətli sabitliyi sərmayələrin qorunmasının mühüm şərti kimi dəyərləndirərək ölkəmizə investisiya qoyuluşunu getdikcə artırır. Prezident İlham Əliyev yuxarıda bəhs olunan qəbulda ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın ilbəil genişlənməsindən məmnunluğunu bildirərək “Biz iqtisadi sahədə çox yaxşı nəticələr görürük. Çox şadıq ki, yapon şirkətləri Azərbaycanda iş qurmaqda maraqlıdırlar. Onlar yaxşı investorlardır. Onlar Azərbaycanın neft və qaz sektoruna çoxlu vəsait yatırıblar”, - deyə vurğulayıb.

 

Bildirmək yerinə düşər ki, Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi sahətə əməkdaşlığın mühüm bir qolunu da enerji sektoru təşkil edir. Məlumdur ki, Azərbaycan zəngin neft-qaz resurslarına malik olan ölkədir. Yaponiya isə karbohidrogen mənbələrinin kəşfiyyatına, enerji resurslarının işlənməsinə geniş texniki və maliyyə dəstəyi vermək imkanına malik olan ölkədir. Hər iki dövlətin siyasi maraqlar balansının uzlaşdırılmasını şərtləndirir. Qeyd edək ki, Yaponiyanın ITOCHU şirkəti respublikamızın Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq”. “Günəşli” yataqlarının işlənməsi ilə bağlı transmilli şirkətlərlə imzaladığı “Əsrin müqaviləsi”nə qoşulub. Gündoğar ölkənin digər nüfuzlu şirkətləri də Azərbaycanın enerji sektorunda uğurla təmsil olunurlar.

 

Məmnunluq hissi ilə vurğulamaq yerinə düşər ki, Yaponiya şirkətləri Azərbaycanda infrastruktur quruculuğunda da yaxından iştirak edirlər. Bu ölkənin şirkətlərinin respublikamızda “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının tikintisinə verdikləri texniki və maliyyə dəstəyini xüsusi qeyd etmək istərdik. Beləliklə, 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub və 2019-cu ildə işlər tamamlanıb. Stansiyada Yaponiyanın “Mitsubishi” şirkətinin istehsalı olan 138 MVt gücündə buxar, 267 MVt gücündə qaz turbinləri, 560 MVA gücündə elektrik generatoru və onların köməkçi sistemləri quraşdırılıb.

 

İki ölkə arasında ticarət dövriyyəsi də getdikcə genişlənir. Yaponiyadan Azərbaycana idxalda qara metaldan borular və profillər, qaz və buxar turbinləri, minik avtomobilləri, mexaniki kürəklər, ekskavatorlar, birçalovlu yükləyicilər, nasos – kompressor boruları, audio – video disklər üstünlük təşkil edir. Azərbaycandan isə Yaponiyaya spirtli içkilər, meyvə şirələri, xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları, kimyəvi məhsullar və preparatlar, alüminium ərintiləri və digər məhsullar ixrac olunur.

 

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2020.- 5 sentyabr.- S.7.