Teatr  sənətinin  İftixarı

 

Milli teatr mədəniyyətimizin orijinal bir səhifəsini yazan, öz sənəti və parlaq yaradıcılıq yolu ilə seçilən görkəmli incəsənət xadimlərimizdən biri də İftixar Piriyevdir. İ.Piriyevin səhnədə əbədiləşən sənəti onun əbədi eksponatıdır. Onun bu əbədi eksponatında həm həyatı, həm də taleyi yaşayır. O, müasir Azərbaycan teatrı prosesinin uğurlarını yenilikçi axtarışları ilə təmsil edən  simalardan biridir. İlk dəfə səhnədə İlyas Əfəndiyevin “Xurşudbanu Natəvan” əsərində səssiz bir rolu oynamaqla özünə bünövrə tapmağa başlayıb. Sonralar onun yeni teatr fəaliyyəti “Billur sarayda”, “Bizim qəribə taleyimiz”, “Şeyx Xiyabani”, “Gecə döyülən qapılar”, “Mənsiz dünya”, “Lənkəran xanının vəziri”, “Torpağa sancılan qılınc”, “İblis”, “Bəxtsiz cavan”, “Medeya”, “Vaqif”, “Sokratı anma gecəsi”, “Kral Lir”, “Yayda qartopu oyunu” və s. əsərlərdə oynadığı rollarda öz əksini tapıb.

 

Onun oynadığı hər bir rolda öz məxsusi, təkrarsız fərdiyyətini tapmağa, bədii idrak və ifadə üsulunun yeni formalarını axtarmağa, bədii-estetik cəbhəxanasını genişləndirməyə çalışdığı və buna nail olduğu qabarıq şəkildə təzahür edir. Bu cəhətlər İftixarın sənətdə özünəməxsus orijinal mövqeyini göstərməklə yanaşı, həm də onun sənətə sədaqətindəki sabitliyini təsdiq edir. İftixarın şair, publisist, dramaturq kimi bədii istedadının sənətinə güclü təsiri də öz bəhrələrini verə bilmişdi.İftixar teatr sənətində öz istedadının fərdiliyini təmin etməklə həm də təsdiq etmişdir.

 

Belə ki, mədəniyyət tarixində özlərinə məxsus fərdi xüsusiyyətlərinə görə seçilən, görkəmli teatr xadimləri İsmayıl Dağıstanlı, Rza Təhmasib, Əliabbas Qədirov kimi qüdrətli sənətkarlardan aldığı sənət dərsləri onun bütün yaradıcılığına güclü təsir etməklə yanaşı, həm də İftixarı səhnə sənətimizin ən fəal yaradıcılarından birinə çevirmişdir.

 

İ.Piriyevin təkcə aktyor kimi deyil, həm də dramaturq, publisist, şair, alim kimi çoxcəhətli yaradıcılığı ilə də ədəbi-mədəni mühitdə özünəməxsus mövqeyi və xüsusiyyətləri vardır. Bu istedadlı sənətkar eyni zamanda bir dramaturq kimi də diqqəti cəlb edir. Onun dramaturq kimi pyesləri Azərbaycan dramaturgiyasının ənənələri və teatr prosesinin tarixi ilə də möhkəm bağlıdır. Onun “Dan yeri söküləndə”, “Körpü”, “Məngənə və ya kor aşığın işığı”, “Eşqin tikan dairəsi”, “Qarışqalar yuvasını dəyişmir”, “Arı yuvası”, “Canavar dişi”, “Süsən və Osman”, “Qurtuluşa gedən yol”, “Kəlbəli xan Kəngərli” və s. pyesləri özünəməxsusluq təşkil edən əsərlərdir.

 

Onu bir dramaturq kimi səciyyələndirən ən parlaq xüsusiyyətlərindən biri də “Haqq mənəm” pyesindəki müdrik fəlsəfi düşüncə təzahürüdür. Müəllifin uğurlu sənət əsərlərindən biri olan pyesin sonunda Əmir Teymur üzünü tərəfdarlarına tutub, Nəsimi ideya və fəlsəfəsini təsdiq edərək deyir: “Gün gələcək bütün bəşəriyyət Nəsiminin qəzəllərini söyləyəcək, ancaq sizlərin heç birinin adını xatırlayan belə olmayacaq. İnsanlar bir kərə mənim fatehliyimi dilə gətirəndə, min kərə Nəsiminin qəzəllərini dilə gətirəcəklər. Unutmayın, həşərat ölərkən, həşərat kimi ölür, insan insan kimi. Siz hamınız həşərat kimi gəbərəcəksiniz. Nəsiminin ölümü də yaranışa bərabər bir möcüzə kimi tarixdə qalacaq, itilin gözümdən... Yolun açıq olsun, Nəsimi!...”

 

Pyesdəki bu obraz həm də Əmir Teymurun xarakterini vermək səciyyəsi baxımından da olduqca maraqlıdır. İ.Piriyevin müəllifi və rejissoru olduğu ən uğurlu səhnə əsərlərindən biri də “Soyqırım tarixinin dastan”dır. O, tarixin inkaredilməz və danılmaz həqiqətlərini zəngin faktlar və eyni zamanda yaşadığımız dövrün gerçək hadisələri əsasında erməni şovinizminin əsl mahiyyətini açmaqla, həm də öz vətəndaşlıq mövqeyini ifadə edir. Əsərin uğurlu xəttini təşkil edən digər bir cəhət isə Nuru paşanın türk bayrağı altında öz qoşunu ilə Azərbaycanı xilas etməyə gəlişi səhnəsidir ki, bu da öz növbəsində əsərin ideya məzmununu zənginləşdirir. İrəvan Dövlət Azərbaycan Dram Teatrı bu tamaşa ilə qardaş Türkiyənin bir sıra şəhərlərində qastrol səfərlərində olmuş və çox böyük coşğu ilə qarşılanmışdır.

 

İ.Piriyevin qırx ilə yaxın bir dövrünü əhatə edən ədəbi-mədəni fəaliyyətində teatr və sənət pozulmaz vəhdət təşkil edir. Bu xüsusiyyət onun aktyorluq sənəti üçün də səviyyəvidir. Onun “Xilaskar” (A.Babayev), “İşıqlı, nurlu sabah” (İftixar), “Qurtuluş dastanı” (İftixar), “Burdan min atlı keçdi” (Hidayət), “İrəvanda xal qalmadı” (Hidayət) və s. əsərlərində ictimai məsuliyyəti, ağır bədii yükü olan obrazları səhnəmizdə uğurla ifa etməsi bunu bir daha təsdiq edir. Sənətkarı bir tərəfdən sənətinin zirvəsinə yüksəldən oynadığı obrazların daxili aləminə nüfuz edib bütün varlığı ilə yaşamasıdırsa, digər tərəfdən isə oynadığı surətin nitqinin öz xarakterinə uyğun aydın, ifadəli və canlı olmasıdır.  İftixarın da Azərbaycan səhnəsinin simaları sırasında özünə yer almasına zəmin yaradan da məhz bu keyfiyyətlərdir. İ.Piriyev özü bu barədə yazır: “Əgər aktyor oynadığı rolları məharətlə canlandıra bilmirsə, obrazları tamaşaçının hafizəsində uzun müddət yaşamırsa, tamaşaçını yenidən onu görmək üçün intizarda saxlaya bilmirsə, deməli aktyor məharət və ustalıq göstərə bilməmişdir”.

 

Bu fikirlər bir prinsip kimi, həm də İftixarın teatr sahəsindəki ümumi fəaliyyətinin əsas motividir.

 

İftixarın teatr sənətindəki özünəməxsusluq, onun ədəbi-bədii yaradıcılığında da özünəməxsus səciyyəvi xüsusiyyətləri ilə seçilməkdədir. Onun nəşr olunmuş “Yaşadığım bir ömür” (1998), “Nə qəribə yuxuymuş” (2004), “Böyük Turanın himni” (2004), “Bağımsız vətənin mimarı” (2013), “Sevgilim” (2014) və s. bədii əsərləri İftixarın geniş yaradıcılıq potensialına malik olduğunu, kamil bədii nümunələr yaratmaq bacarığını, həmçinin şeirlərində fikir aydınlığının, təravətliliyin, səmimiliyin, poetik hisslərin nəzərə çarpdığı qabarıq şəkildə özünü göstərir.

 

Görkəmli sənətkarımızın ədəbi-bədii yaradıcılığını əhatə edən, onun həyat və yaradıcılıq yolu barədəki yazılan məqalələri sənətkarın altmış illik yubileyi ərəfəsində bir daha diqqətlə nəzərdən keçirdim. Məndə belə qənaət hasil oldu ki, o teatr sənəti və bədii yaradıcılıqla məşğul olmasaydı belə bir alim kimi də onun elmi sferada siqlətinə söz ola bilməzdi. İ.Piriyev bu sahədə də yorulmaq bilmədən coşğun və uğurlu fəaliyyət göstərir. O, 2012-ci ildə “Müstəqillik dövrü teatrının inkişafında Elçin dramaturgiyasının mövqeyi” adlı namizədlik dissertasiyasını uğurla müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Sənətşünaslıq sahəsində müstəqil mövqeyi, özünəməxsus üslubu ilə seçilən alimin “Hidayət və teatr” adlı monoqrafiyası da İ.Piriyevin gərgin yaradıcılıq axtarışının bəhrəsidir. O “Hidayət və teatr” adlı əsərində görkəmli ictimai-siyasi xadim, şair-dramaturq Hidayətin parlaq şəxsiyyəti, ədəbi-mədəni fəaliyyəti, vətəndaşlıq mövqeyi, indiki “Ermənistan” adlanan qədim yurdumuzda onun milli və siyasi iradəsi sayəsində erməni şovinizmi əhatəsində fəaliyyət göstərən Azərbaycan teatrının inkişafı haqqında dolğun təsəvvür yaradır. Hidayətin teatr-estetik görüşləri, dramaturgiyası və yaradıcılığının sənətkarlıq məziyyətləri tədqiq və təhlil olunur.

 

“İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixi”, “Müstəqillik dövründə teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi” adlı fundamental tədqiqat əsərləri, “Qeyri-səlis məntiq nəzəriyyəsinin teatr sənətində sinergetik adaptasiyası” istiqamətində apardığı ardıcıl və sistemli araşdırmaları yuxarıda qeyd etdiyimiz fikirlərin əyani ifadəsidir. Dərin elmi təfəkkür, yetkin qələm sahibinin ərsəyə gətirdiyi həmin əsərlər həm də onun zəngin və çoxcəhətli fəaliyyət arealını göstərir. İ.Piriyevin ədəbi-bədii fəaliyyəti publisist, dramaturq, teatr və səhnə sənəti və s. yaradıcılığı barədə müxtəlif vaxtlarda professor İlham Rəhimli, professor Qurban Bayramov, professor Məryəm Əlizadə, professor Rüstəm Kamal, professor Gülşən Əliyeva Kəngərli, xalq artisti, professor Ağakişi Kazımov, dosent Azad Şükürov, filologiya elmləri doktoru Vaqif Yusifli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Ağayeva, əməkdar mədəniyyət işçisi Rafiq Salmanov və başqa tanınmış elm və mədəniyyət xadimləri fikir və mülahizələrini, öz qənatələrini bildirmiş, onun elmi və bədii yaradıcılığı təqdir olunaraq yüksək dəyərləndirilmişdir.

 

İ.Piriyev həm də bacarıqlı teatr təşkilatçısıdır. O iyirmi ildir ki, vaxtilə Ermənistanda fəaliyyət göstərən, burada yaşayan azərbaycanlıların ruhi-mənəvi və mədəniyyət mərkəzinə çevrilən, eyni zamanda erməni şovinizmi əhatəsində soydaşlarımızın yaşadığı taleyi, aqibəti, zülmü yaşayan sənət məbədinə ləyaqətlə rəhbərlik edir.  İ.Piriyev vaxtilə İrəvanda 1968-1984-cü illərdə bu sənət ocağına rəhbərlik etmiş, erməni şovinizmi əhatəsində milli teatrımızın yaşaması üçün, onu xəbis və məkrli düşmənlərimizdən milli və dönməz iradəsi ilə qoruyan, teatrın sütunu olmuş, onu keçmiş ittifaqın nümunəvi teatrları sırasına yüksəldən görkəmli ictimai-siyasi xadim, şair-dramaturq Hidayətin vətəndaşlıq mövqeyini əsl sənət fədaisi kimi uğurla davam etdirir. İrəvan Dövlət Azərbaycan Dram Teatrının bu uğurlu fəaliyyətinə görə İ.Piriyev dövlətimiz tərəfindən Əməkdar mədəniyyət işçisi və Prezident təqaüdünə layiq görülmüşdür.

 

İftixarın istər səhnə, istərsə də yaradıcılıq fəaliyyətinə diqqətlə nəzər saldıqda görürük ki, onun sənəti mahiyyətcə vətəndaşlıq mövqeyinin bədii ifadəsi olmaqla yanaşı, yüksək milli ideallara xidmət edir. Milli ideallara xidmət edən sənət isə ölməzdir, əbədidir.

 

 

 

Cəlal Allahverdiyev

 

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

Yeni Azərbaycan.- 2020.- 5 sentyabr.- S.7.