Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə işğalçı Ermənistana unudulmaz dərs verdi

 

Cənubi Qafqazın lider dövləti olan və dünya arenasında həm etibarlı tərəfdaş, həm də qüdrətli dövlət kimi tanınan müstəqil Azərbaycan Respublikasının inkişafını təmin edən mühüm amillərdən biri qarşıya qoyulan hədəflərin uğurla reallaşdırılmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun ən mühüm üstünlüklərindən biri onun bütün milli məqsədlərə çatmağa xidmət etməsidir. Ölkəmizdə sabitlik, inkişaf və tərəqqinin təmin olunması bu kontekstdə xüsusi vurğulanmalıdır. Digər milli strateji hədəf isə Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə, yəni ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına nail olmaqdır ki, bu istiqamətdə də həm uğurlu hücum diplomatiyası həyata keçirilir, həm də məqsədyönlü iş aparılır.

 

Xüsusi vurğulamaq gərəkdir ki, daim milli maraqlardan çıxış edən Prezident İlham Əliyev Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial yanaşma sərgiləyir. Azərbaycanın ədalətə və tarixi faktlara söykənən dəyişməz mövqeyini nəzərə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır və ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Azərbaycan xalqının səbrinin həddi var. Ona görə danışıqlar mahiyyət üzrə aparılmalıdır. Əgər biz görsək ki, bu danışıqlar əhəmiyyətsizdir, onda buna uyğun şəkildə öz addımlarımızı da atacağıq və bəyanatlarımızı da verəcəyik”, - deyə dövlətimizin başçısı bildirib. Eyni zamanda, Azərbaycanın dövlət başçısı bütün beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyini diqqətə çatdırır, erməni yalanlarını ifşa edir, Ermənistanın işğalçılıq siyasətini, bu dövlətin faşist mahiyyətini qətiyyətlə dünya birliyinin nəzərinə təqdim edir. Təkcə son vaxtlarda biz bir neçə mühüm beynəlxalq tədbirdə dövlətimizin başçısının Ermənistanın baş nazirini əsaslandırılmış faktlar qarşısında çıxılmaz vəziyyətdə qoyduğunun, ona tarix, siyasət və diplomatiya dərsi keçdiyinin şahidi olmuşuq. “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsil mahiyyətinə, Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə diqqət çəkib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur, yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”, - deyə bildirib. Türkmənistanın paytaxtı Aşqabad şəhərində baş tutan MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdə də eyni mənzərənin şahidi olmuşuq.

 

Azərbaycan öz ərazi bütövlüyünun təmin olunması məsələsində prinsipiallıq nümayiş etdirir

 

Qeyd etdiyimiz kimi, Azərbaycan dövləti Dağlıq Qarabağın və ətraf 7 rayonun işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirir. Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində qurğu ilə tanışlıqdan sonra Azərbaycan Televiziyasına müsahibəsində ölkəmizin prinsipial mövqeyini bir daha nəzərə çatdıraraq vurğulayıb ki, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! “Əminəm ki, Azərbaycan öz doğma torpağına, Qarabağ torpağına qayıdacaq”, - deyə dövlətimizin başçısı bildirib.

 

Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması Azərbaycan Respublikasının xarici siyasət strategiyasının əsas prioritetlərindəndir. Ölkəmizin qəti – konkret mövqeyi ondan ibarətdir ki, Ermənistanın təcavüzkar silahlı birləşmələri işğal edilmiş Azərbaycanın torpaqlarından çıxmalı, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız öz tarixi torpaqlarına geri qayıtmalıdırlar. Prezident İlham Əliyev bir qədər bundan əvvəl Balakən regional “ASAN xidmət” mərkəzinin açılışından sonra ASAN könüllüləri ilə görüşdəki çıxışında bunu nəzərə çatdıraraq deyib: “Erməni xalqı nəhayət başa düşməlidir ki, əgər onlar normal ölkədə yaşamaq istəyirlərsə, erməni silahlı qüvvələri mütləq bizim torpaqlarımızdan çıxmalıdır. Bu, bizim tarixi, əzəli torpağımızdır. Biz heç vaxt işğalla barışmayacağıq. Ərazi bütövlüyümüzün bərpası bizim üçün bir nömrəli məsələdir”.

 

Ümumiyyətlə, tarixi faktlar və beynəlxalq hüquq normaları əsasında qəbul edilmiş sənədlər, konvensiyalar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Azərbaycanın mövqeyini gücləndirən çox mühüm amillər qismində çıxış edir. Dağlıq Qarabağda Ermənistanın işğalına qədər mövcud olan toponimlər, məişət ənənələri, dini və tarixi abidələr bu yerlərin aborogen sakinlərinin məhz azərbaycanlılar olduğunu təsdiqləyir. Eyni zamanda, tarixi sənədlərdən də görünür ki, ermənilər bu yerlərə sonralar müəyyən siyasi səbəblərə görə köçürülüblər. Bunlarla yanaşı, BMT-nin 822, 853, 874 və 884 saylı qətnamələri, Avropa Şurası, İƏT, Avropa İttifaqı və digər təşkilatların qətnamələrində Azərbaycanın ərazi bütövlüyünə tam dəstək ifadə olunması ölkəmizin haqlı və ədalətli mövqeyinin konkret ifadəsidir. Dövlət başçısı bildirib ki, son illər görülmüş tədbirlər nəticəsində bütün beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı öz mövqeyini ortaya qoyublar. Onun sözlərinə görə, əgər münaqişə getdiyi dövrdə BMT Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edibsə, ondan sonrakı dövrdə bütün digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul ediblər: “ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı, NATO və digər təşkilatlar. İki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış “Tərəfdaşlıq Prioritetləri” sənədində də ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığı ilə bağlı xüsusi bənd var. Yəni, hüquqi baza tam təmin edilib”.

 

Azərbaycanın hərb tarixinin növbəti parlaq səhifəsi

 

Ermənistan isə qeyri-konstruktiv mövqe ilə yanaşı, təxribatçı hərəkətlərini davam etdirir, sülh danışıqlarının pozulması istiqamətində bütün vasitələrdən istifadə etməyə çalışır. Son olaraq iyulun 12-də dövlət sərhədinin Tovuz rayonu istiqamətində işğalçı dövlətin hərbi təxribata cəhd etməsi və bu təxribatın qarşısının Azərbaycan Ordusu tərəfindən layiqincə alınması deyilənlərin bariz nümunəsidir.

 

Ümumiyyətlə, Azərbaycan özünün ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Respublikamız bizim üçün bir nömrəli milli məsələ olan Dağlıq Qarabağ probleminin həllində belə prinsipial yanaşma sərgiləyərkən ilk növbədə özünün milli gücünə, iqtisadi və hərbi potensialına, o cümlədən qüdrətli ordusuna arxalanır. Sirr deyil ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri davamlı olaraq güclənir, öz döyüş qabiliyyətini artırır. Son illərdə qoşunların təmas xəttində düşmən ölkənin törətdiyi təxribat cəhdlərinin qətiyyətlə dəf edilməsi də bu reallığın bariz nümunəsidir. Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə işğal altındakı torpaqları məhz ordusunun gücü ilə azad edəcək. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində işğalçı dövlətin hərbi bölmələrinin iyulun 12-də və sonrakı günlərdə törətdikləri təxribatların qarşısının qətiyyətlə alınması silahlı qüvvələrimizin zəfər tarixinə növbəti şanlı səhifə kimi yazılıb.

 

Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir

 

Bu məqamda xüsusi vurğulamaq yerinə düşər ki, Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadir olduğunu bir daha nümayiş etdirdi. Ümumiyyətlə, son 17 ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi sayəsində ordumuzun maddi-texniki və kadr təchizatı əhəmiyyətli dərəcədə möhkəmlənib. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə əsasən, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Ordumuzun güclənməsi öz növbəsində qoşunların təmas xəttində üstünlüyün ölkəmizə keçməsini təmin edib. Bunu, qeyd etdiyimiz kimi, son illərdə düşmən qüvvələrinin təxribat cəhdlərinin ordumuz tərəfindən qətiyyətlə alınması, döyüş meydanlarında qazanılan qələbələr də təsdiqləyir. Xatırladaq ki, 2016-cı və 2018-ci illərdə keçirilən hərbi əməliyyatlar nəticəsində böyük ərazilər işğalçılardan azad olunub. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində 10 min hektardan çox ərazi düşmən qüvvələrindən təmizlənib. Hazırda Ermənistandan Dağlıq Qarabağa gedən yola nəzarət olunur.

 

Azərbaycan Ordusunun Tovuz istiqamətində düşmənə vurduğu cavab zərbəsi işğalçılara növbəti dərs oldu. Belə ki, silahlı qüvvələrimiz dövlət sərhədinin Tovuz istiqamətində düşmən ölkənin hərbi birləşmələrinin növbəti təxribatının qarşısını qətiyyətlə aldı. Təxribat törədən düşmən qüvvələriinin niyyəti bəlli idi - onlar mövqelərimizi ələ keçirmək istəyirdilər. Ancaq onların istəyi baş tutmadı. Ordumuz bu dəfə də verilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirdi. İtkilərimiz olsa da, düşmən geri otuzduruldu. Bütövlükdə, vurğuladığımız kimi, Tovuz istiqamətində düşmənin növbəti təxribat cəhdlərinin qarşısının qətiyyətlə alınması göstərdi ki, Azərbaycan Ordusu ona verilən istənilən döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirməyə qadirdir.

 

Yüksək vətənpərvərlik ruhuna malik olan Azərbaycan cəmiyyəti öz dövlətinə, Ali Baş Komandanına və qüdrətli ordusuna güvənir

 

Sevindirici haldır ki, yüksək vətənpərvərlik ruhuna malik olan Azərbaycan cəmiyyəti öz dövlətinə, Ali Baş Komandanına və qüdrətli ordusuna güvənir. Xüsusilə də, gənclərimiz dövlət sərhədinin Tovuz istiqamətində düşmən təxribatının qarşısını rəşadətlə alan ordumuza qətiyyətli dəstək göstərirlər. Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulan gənclərimiz bu günlərdə könüllü olaraq cəbhəyə getmək və düşmənə qarşı vuruşmaq istəklərini bildirir, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq qaydada müraciət edirlər. Qurumdan verilən məlumata əsasən, bütövlükdə indiyədək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada müraciət ünvanlayıb və onlar müvafiq formada qeydiyyata alınıblar. Prezident İlham Əliyev “Bildiyiniz kimi, Azərbaycanın düşmənə layiqli cavab verməsi və beynəlxalq ekspertlərin ümumi rəyinə görə qələbənin qazanılması cəmiyyətdə ruh yüksəkliyini daha da artırdı. Yenə də ön sıralarda gənclər olub”, - deyə vurğulayıb.

 

Nəticə etibarilə, Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə işğalçı Ermənistana unudulmaz dərs verdi. Bu isə bir daha belə bir əminlik yaratdı ki, işğal altında olan torpaqlarımız tezliklə azad olunacaq.

 

Kərimova Tamilla Hüseynbala qızı

 

Yeni Azərbaycan.- 2020.- 5 sentyabr.- S.7.