Ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlər pandemiya dövründə də davam etdirilib

 

Regionlarda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə yeni məktəb binaları inşa olunur, yaxud əsaslı təmir edilir

 

Artıq bir neçə aydır ki, dünya ölkələri yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə aparır. İlk olaraq Çində baş qaldıran bu infeksiyanı mütəxəssislər haqlı olaraq “gözəgörünməz düşmən” adlandırırlar. Çünki yeni növ koronavirus infeksiyası təkcə insanların sağlamlığına təhlükə törətmir, eyni zamanda, ölkələrin səhiyyə sisteminə və iqtisadiyyatına da zərbə vurur. Pandemiya nəticəsində iqtisadiyyatı mənfi təsirə məruz qalan əksər ölkələr maliyyə yardımı üçün müvafiq beynəlxalq qurumlara müraciət ediblər. Lakin həmin ölkələrin sırasında Azərbaycan yoxdur. Çünki ölkəmiz pandemiyanın yaratdığı bütün çətinlikləri öz iqtisadi imkanları hesabına dəf edə bilir. Heç şübhəsiz, bu imkanları əldə etmək məhz düşünülmüş və məqsədyönlü siyasət, o cümlədən regionların sosial iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində həyata keçirilən işlər nəticəsində mümkün olub.

 

Məlum olduğu kimi, 2004-cü ildən etibarən respublikamızda regionların sosial-iqtisadi inkişafına dair üç Dövlət proqramının icrası yüksək səviyyədə təmin edilib və Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il tarixində imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqlənib. Hazırda bəhs olunan bu proqramın da icrası yüksək səviyyədə təmin edilir. Məhz müvafiq Dövlət proqramlarının icrası Azərbaycanın bölgələrində yeni müsbət reallıqlar yaradıb. Bu məqamda qeyd etmək yerinə düşər ki, bundan öncəki proqramlar kimi, sayca dördüncü Dövlət Proqramının icrası istiqamətində də şəhər və rayonlarda yeni məktəb binaları inşa edilir, yaxud əsaslı təmir edilir.

 

Ümumiyyətlə, təhsil sahəsi hər zaman dövlətin diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bəyan etdiyi kimi son illərdə bu sahədə çox böyük işlər görülüb.

 

Ölkəmizdə təhsilin inkişafından danışarkən heç şübhəsiz təhsilin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində atılan davamlı addımları da vurğulamaq lazımdır. Məlum qəbulda bu məqama da toxunan Prezident İlham Əliyev deyib ki, son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3500-dən çox məktəb ya yenidən tikilib, ya da ki, əsaslı təmir edilib: “Azərbaycanda ali məktəblərin mütləq əksəriyyəti müasir standartlara cavab verir, yeni binalar, korpuslar tikilib, yeni ali məktəblər yaradılıb. Hesab edirəm ki, bu sahədə işlərin böyük hissəsi görülüb. Ancaq həllini gözləyən məsələlər də həyatda öz həllini tapmalıdır və burada vaxt itirmək olmaz. Xüsusilə, dağ kəndlərində və ucqar kəndlərdə modul tipli məktəblərin tikintisi layihəsi də yaxın iki il ərzində başa çatmalıdır. İndi bir çox ucqar kəndlərdə bu layihə icra edilir. Kənd sakinləri də, uşaqlar da bundan çox razıdırlar. Bu proqram dövlət büdcəsinin xətti ilə icra edilir və ona görə yenə də deyirəm, bunun tamamlanması 2021-2022-ci ildə başa çatmalıdır”.

 

Respublikamızda təhsil infrastrukturunun yenilənməsindən söhbət açarkən bu sahədə Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulamaq lazımdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi reallaşdırılır. İndiyədək bu layihə üzrə ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yaxud əsaslı şəkildə yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxanalar, idman zalları və geniş meydançalar, eləcə də avtonom istilik sistemi yaradılıb. Fond həmçinin “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları çərçivəsində də ölkəmizdə təhsil infrastrukturunun müasir standartlar səviyyəsində yenidən qurulmasına özünün sanballı töhfələrini verir.

 

Yeri gəlmişkən, ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi istiqamətində işlər pandemiya dövründə də davam etdirilib. Bunu ayrı-ayrı rayonların timsalında görülən işlər də təsdiqləyir. Qeyd etmək yerinə düşər ki, son illər Prezident İlham Əliyev tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğı sayəsində həyata keçirilən məqsədyönlü tədbirlər Qazaxda da uğurla icra olunur. “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınması da bunun əyani sübutudur. Bu, Qazaxın timsalında bölgələrimizdə təhsil sahəsinə olan qayğının daha bir bariz nümunəsidir.

 

Bu barədə verilən məlumatda deyilir ki, rayonda təmiri nəzərdə tutulan məktəblərdən biri də Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbidir. Əsaslı təmirinə ötən il iyul ayının ortalarından başlanılan məktəbdə son tamamlanma işləri aparılır. Məktəbin ümumi sahəsi 25 min kvadratmetr, bina sahəsi isə 5500 kvadratmetrdir. Məktəb binası 2 korpusdan ibarətdir. Birinci korpus üçmərtəbəli, ikinci korpus isə ikimərtəbəlidir.

 

Birinci mərtəbədə 10 sinif otağı, kimya və laboratoriya otağı, hərbi sinif otağı, qarderob yerləşir. İkinci mərtəbədə sinif otağlarının sayı 8-dir. Burada fizika və laboratoriya otaqları, müəllimlər otağı, tibb otağı-psixologiya otağı yerləşir. Üçüncü mərtəbədə 9 sinif otağı var. Biologiya və laboratoriya otaqları, iki informatika otağı, uşaq birliyi otağı da bu mərtəbədə yerləşir. Qeyd edək ki, hər mərtəbədə müəllim və şagirdlər üçün ayrıca sanitar qovşaq var.

 

İkinci korpusun birinci mərtəbəsində idman zalı, oğlan və qızlar üçün soyunub geyinmə otağı, oğlan və qızlar üçün əmək otağı, müəllim və şagirdlər üçün yeməkxana, mətbəx, əl-üz yuma otağı yerləşir. İkinci mərtəbədə isə 3 sinif otağı, 140 nəfərlik akt zalı, kitabxana, elektron kitabxana, musiqi otağı, xarici dil müəllimlərinin otağı, arxiv var. Həmçinin məktəb binası daimi isti və soyuq su, elektrik və istilik sistemi ilə təmin edilib. Binanın daxilində və ərazidə videomüşahidə kameraları quraşdırılıb.

 

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, həyətə asfalt döşənib, müasir işıqlandırma sistemi ilə təmin olunub.

 

Məktəbdə 608 nəfər şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 59 nəfər müəllim məşğul olacaq.

 

Ölkənin Dağlıq Şirvan iqtisadı rayonu ərazisində yerləşən Ağsu rayonunda da təhsil infrastrukturunun yenilənməsi diqqət mərkəzindədir. Belə ki, rayonun Musabəyli kəndində tam orta məktəb üçün 132 yerlik ikimərtəbəli bina tikilir. Artıq ikinci mərtəbənin dam örtüyü vurulub. Şəhid Mahmud Rəhimov adına Musabəyli kənd tam orta məktəbi üçün təzə bina müasir standartlar səviyyəsində tikilir və burada tədrisin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait olacaq. Binada sinif otaqları, fənn kabinetləri, kompüter otağı, idman zalı, tibb otağı, həyətdə isə 2 idman meydançası, 2 su anbarı, qazanxana, transformator, sanitar qovşaqlar, yaşıllıq zolağı yaradılacaq. Məktəb binasının ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

 

Həmin bölgədə yerləşən Şamaxı şəhər 2 saylı tam orta məktəb üçün inşa edilən yeni korpusda isə son tamamlama işləri görülür. Təzə tədris binası yeni dərs ilində öz qapılarını şagirdlərin üzünə açacaq. Məktəb üçün yeni korpus 2019-cu il fevralın 5-də baş vermiş zəlzələ zamanı Şamaxı, İsmayıllı və Ağsu rayonlarında ziyan dəymiş yaşayış evləri, sosial və infrastruktur obyektlərinin tikintisi və bərpası işlərinin aparılması üçün dövlətimizin başçısının imzaladığı Sərəncamın icrası çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən tikilib.

 

Xatırladaq ki, ötən il baş verən zəlzələ 2 saylı tam orta məktəbin binasına ciddi zərər vurmuşdu. Məktəbin ziyan görən korpusu 1961-ci ildə tikilmişdi. Tədris ocağının keçmiş binası üç mərtəbədən, iki korpusdan ibarət olub.

 

Keçən ilin noyabr ayından tikintisinə başlanan yeni korpusda işlər artıq yekunlaşmaq üzrədir. Təzə tikilən tədris ocağı 960 şagird yerlikdir. Dörd mərtəbədən və dörd korpusdan ibarətdir. Müasir standartlara uyğun inşa olunan tədris ocağında təhsilin yüksək səviyyədə təşkili üçün hər cür şərait var. Sinif otaqları, laboratoriya və texnologiya otaqları, kitabxana, hərbi kabinet, akt və idman zalları, yeməkxana zəruri avadanlıqlarla təchiz olunub.

 

Bölgənin digər rayonu İsmayıllıda isə Natiq Behdiyev adına 6 nömrəli tam orta məktəbin qəzalı binası sökülərək yenisi inşa olunur. 1984-cü ildə tikilən məktəb 360 yerlik olub. Şəhərdə şagird sıxlığı nəzərə alınaraq yeni bina üçmərtəbəli, 720 yerlik olacaq. Müasir layihə əsasında inşa edilən təhsil ocağının tikintisinə bu ilin iyul ayında başlanılıb.

 

Layihəyə əsasən məktəbdə təhsilin yüksək səviyyədə təşkili üçün lazımi şərait yaradılacaq. Geniş və işıqlı sinif otaqları, akt zalı, fənn kabinetləri, kompüter otaqları, laboratoriyalar, idman zalı, yeməkxana, istilik sistemi və sair olacaq, eləcə də idmanın müxtəlif növləri üzrə açıq meydançalar inşa ediləcək. Yeni təhsil ocağının bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.

 

Mərkəzi Aran regionunda yerləşən Bərdə rayon Qaradəmirçi kənd tam orta məktəbi üçün də 624 şagird yerlik yeni bina inşa edilir. Üçmərtəbəli yeni məktəb binası sinif otaqları, fənn kabinələri, kimya, biologiya və fizika laboratoriyaları, idman və akt zalları, kitabxana, oxu zalı, bufet, yeməkxana və digər otaqlardan ibarətdir. Hazırda binanın üçüncü mərtəbəsində dəmir-beton və hörgü işləri aparılır.

 

 

 

(davamı növbəti sayımızda)

 

Nadir AZƏRİ

Yeni Azərbaycan.- 2020.- 12 sentyabr.- S.7.